Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şərqdən Qərbə və əks istiqamətə

Şərqdən Qərbə və əks istiqamətə

24.01.2023 [10:25]

Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur

İsveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılan Davos İqtisadi Forumu (DİF) ötən dövrdə bütövlükdə dünyanın iqtisadi trendlərini müəyyənləşdirən və ölkələr arasında yeni əməkdaşlıq imkanları formalaşdıran mühüm platformaya çevrilib. Yanvarın 17-20-də DİF-in yeni növ koronavirus pandemiyasının yaratdığı ikiillik fasilədən sonra növbəti toplantısı baş tutdu. Prezident İlham Əliyevin də qatıldığı tədbirdə Azərbaycana böyük maraq ifadə olundu ki, bu da təsadüfi deyil. Respublikamız Cənubi Qafqazda bütün parametrlər baxımından lider dövlətdir. Azərbaycan indiyədək regionda reallaşdırılan bütün irimiqyaslı enerji və nəqliyyat  layihələrinin təşəbbüskarı və moderatoru qismində çıxış edib. Forum çərçivəsində çoxsaylı görüşlər keçirən və geniş müsahibələr verən dövlətimizin başçısı Azərbaycanın iqtisadi gündəliyinin aktual məsələlərini diqqətə çatdırıb.

Ölkənin tranzit imkanları

Forum çərçivəsində keçirilən tədbirlərdə Prezident İlham Əliyev, həmçinin ölkəmizin tranzit imkanlarını təqdim edib. Son vaxtlarda dünyada baş verən geosiyasi gərginliklər fonunda nəqliyyat-logistika məsələlərinin aktuallığı əhəmiyyətli dərəcədə artıb. Ölkələr və şirkətlər yüklərin təhlükəsiz və iqtisadi cəhətdən daha sərfəli marşrutlarla daşınmasına üstünlük verirlər. Uzunmüddətli sabitliyə malik olan və bu əsasda böyük uğurlar qazanan Azərbaycan məhz belə məkandır.  Ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm beynəlxalq marşrut keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizdə fəal iştirakçıdır və onların funksionallığının artmasına davamlı töhfələr verir. Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında moderatorun suallarını cavablandıraraq bildirib ki, Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.

Müxtəlif regionlardan tranzit məqsədi ilə ölkəmizə gələn yüklərin həcmi isə artır. Son bir ildə respublikamız üzərindən yük daşımaları əhəmiyyətli dərəcədə çoxalıb. Ancaq bu hələ başlanğıcdır. Ölkəmiz daha çox həcmlərdə yüklərin qəbul edilib ötürülməsinə hazır olmalıdır. Buna görə də vaxt itirilmədən mövcud infrastrukturun genişləndirilməsinə start verilib.  “Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bir neçə il bundan əvvəl Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu tikilərək istifadəyə verildi. Başlanğıcda ayrı-ayrı güc mərkəzləri layihənin reallaşdırılmasına müəyyən maneələr yaratmağa çalışırdılar. Ancaq Azərbaycan BTQ-ın inşasında israr etdi və layihə tamamlandı. İndi hər kəs başa düşür ki, yaxın perspektivdə bu marşrutla daha böyük həcmlərdə yüklərin daşınmasına ehtiyac yaranacaq. Buna görə də Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsinə də start verilib. BTQ dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır.

Hazırda Azərbaycan 53 gəmi ilə Xəzərdə ən böyük  donanmaya malikdir. Yaxın perspektivdə bu rəqəm də artırılacaq. Prezident İlham Əliyev anons edib ki, Azərbaycan yeni gəmilərlə özünün ticarət donanmasını genişləndirmək niyyətindədir.

Orta Dəhlizin perspektivləri

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına artıb. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Respublikamız 10 il bundan əvvəl Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və Orta Dəhlizin funksionallığının artmasına özünün davamlı töhfələrini verir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına  mümkün olacaq. Gələcəkdə Orta Dəhlizin funksionallığını artırmaq üçün bir sıra başqa layihələrin icrası da nəzərdə tutulub. “Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik. Buna nail olmaq üçün əlbəttə ki, əks istiqamətdə biznes mühiti də bizim hədəflərimizə uyğun gəlməlidir”, - deyə Prezident İlham Əliyev bildirib.

Qonşularla xoş münasibətlər

Tərəfdaşlarla xoş münasibətlər  çoxtərəfli layihələrdə əsas uğur formullarından biri qismində çıxış edir. Orta Dəhlizin perspektivlərinə  böyük ümidlər bəslənilməsini şərtləndirən mühüm amillərdən biri də məhz budur. Bu layihə ətrafında ümumi məqsədlərə çatmaq üçün milli səviyyələrdə qətiyyətli siyasi iradə göstərən ölkələrdən ibarət güclü bir komanda formalaşıb. Həmin ölkələrin hər biri Orta Dəhlizin inkişafı, daha funksional tranzit marşrutu kimi fəaliyyət göstərməsi, yeni coğrafiyalara doğru genişlənməsi üçün öz imkanlarını təqdim etməyə hazırdırlar və müzakirələrə məmnuniyyətlə qoşulurlar. Tərəflərin hamısı Orta Dəhliz üzrə koordinasiyalı fəaliyyət göstərilməsi,  vahid tariflərin tətbiqi, “bir pəncərə” sisteminə keçid edilməsi kimi məsələlərdə oxşar yanaşma ortaya qoyurlar. Ümumi qənaət belədir ki, beynəlxalq səviyyədə Orta Dəhlizə marağı artırmaqdan ötrü ilk növbədə dəhliz boyunca təhlükəsizlik yüksək səviyyədə təmin olunmalı və qarşılıqlı inam gücləndirilməlidir.

Burada Azərbaycanın müsbət rolu xüsusi diqqət çəkir. Biz yuxarıda Orta Dəhlizin inkişafı üçün Azərbaycanda geniş infrastruktur imkanlarının yaradıldığını və bu istiqamətdə  çalışmaların davam etdirildiyini vurğuladıq. Azərbaycan eyni zamanda layihədə yer alan əksər ölkələrlə yaxşı münasibətlərə malikdir. Respublikamız tərəfdaş ölkələrlə siyasi dialoqun  yüksək dinamikasına adekvat olaraq ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın möhkəmlənməsinə böyük səy göstərir. Prezident İlham Əliyevin məmnunluqla bildirdiyi kimi, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qeyd edək ki, indiyədək Azərbaycan regionda əksər meqa layihələri məhz Gürcüstan və Türkiyənin iştirakı ilə həyata keçirib. Üç ölkə arasında güclü qarşılıqlı inam formalaşıb. Hazırda Orta Dəhliz məhz bu üç ölkədən keçməklə Avropayadək uzanır. Azərbaycanın Xəzərin o biri sahilində yerləşən və Orta Dəhlizdə iştiraka böyük maraq göstərən ölkələrlə də münasibətləri xoş mərama əsaslanır. Ötən il Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən dövlətlərə və həmin ölkələrin yüksəksəviyyəli rəsmilərinin Azərbaycana kifayət qədər uğurlu səfərləri baş tutdu. Müzakirələrdə, həmçinin Orta Dəhlizin inkişaf perspektivləri önə çəkildi.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28