Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Zəngəzur dəhlizinin yaradılmasını...

Zəngəzur dəhlizinin yaradılmasını...

29.11.2022 [10:16]

Heç bir ölkə əngəlləyə bilməz

Prezident İlham Əliyev:

Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla özünün əsas məqsədinə çatmağa-üç onillik ərzində davam edən işğala son qoymağa və ölkənin ərazi bütövlüyünü təmin etməyə nail oldu. Qalib Azərbaycan postmüharibə dövründə yaratdığı reallıqlara uyğun olaraq regionda davamlı sabitlik və təhlükəsizlik mühitinin formalaşmasına, əməkdaşlığın genişləndirilməsinə nail olmaq istəyir. Nəhayət, Cənubi Qafqazda müharibə səhifəsi bağlanılmalı və bölgəyə sülh gəlməlidir. Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda ölkəmizin postmüharibə dövrünün gündəliyində dayanan bir sıra aktual məsələlərə diqqət çəkib. Belə məsələlərdən biri də Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır.

Ortaq maraqlar naminə

Zəngəzur dəhlizi barədə danışarkən onun həm Azərbaycan, həm də bütövlükdə region dövlətlərinin ortaq maraqları üçün önəminə diqqət çəkmək lazımdır. Bu dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq. Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatda qalib Azərbaycanın təkidi ilə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunmasını özündə ehtiva edən müddəa yer alıb. Sonradan Prezident İlham Əliyev bəhs olunan marşrutu onun keçəcəyi ərazinin tarixi adına uyğun olaraq Zəngəzur dəhlizi adlandırdı və bu termin beynəlxalq səviyyədə qəbul olundu. Yeni dəhliz üç onillik ərzində təcrid olunmuş vəziyyətdə qalan Naxçıvanın blokadasına son qoymaqla yanaşı, həm də Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaratdığı imkanları da nəzərə alsaq, belə qənaətə gələ bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və  respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük fayda görəcək.

Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yolları Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Mərkəzi Asiyada yerləşən türkdilli ölkələr isə Transxəzər (Orta Dəhliz) marşrutu üzərindən Zəngəzur dəhlizinə birbaşa çıxış qazanacaqlar. Bu, faktiki olaraq tarixi Türk birliyinin bərpa olması deməkdir.

Zəngəzur dəhlizinin yaradılması region dövlətləri üçün də yaxşı perspektivlər vəd edir. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq.

Azərbaycanın fəal rolu

Müharibənin qalib tərəfi olan Azərbaycan məsuliyyətli dövlət kimi Zəngəzur dəhlizinin yaradılmasını güclü şəkildə təşviq edir. Respublikamız müharibədən sonrakı mərhələdə yeni dəhlizin yaradılması ilə bağlı danışıqların səmərəliliyinin artırılması və praktiki müstəvidə işlərin sürətləndirilməsi istiqamətində israrlı yanaşma sərgiləyir. Zəngəzur dəhlizi avtomobil və dəmir yolu kimi iki seqmentdən ibarət olacaq. Ölkəmizin ərazisində yeni dəhlizin həm avtomobil, həm də dəmiryolu seqmentləri üzrə layihələrin icrası intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur. Dəmir yolu xəttinin inşası 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə Horadiz, Mərcanlı, Mahmudlu stansiyaları daxil olmaqla 30 km, ikinci mərhələdə Soltanlı, Qumlaq stansiyaları daxil olmaqla 55 km, üçüncü mərhələdə isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km yol çəkilməsi nəzərdə tutulub. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğunun tikintisi planlaşdırılır. Artıq Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin icrası istiqamətində böyük iş həcmi yerinə yetirilib. Hətta nəqliyyat bağlantısının müəyyən hissələri istifadəyə verilib. Hazırda istifadəyə verilən həmin hissələrdə yük qatarlarının hərəkəti təmin edilir və işğaldan azad olunan ərazilərə yüklər daşınır. Eyni zamanda Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə də işlərə start verilib. Belə ki, ötən il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir. Bununla da Zəngəzur dəhlizinin yaradılmasında növbəti mərhələ başlayıb.

Məğlub Ermənistanın regionda hər hansı bir üstünlüyü yoxdur

Bəhs olunan marşrutun yaradılmasına, əslində, üçtərəfli Bəyanata imza atan hər üç ölkə-Azərbaycan, Rusiya və Ermənistan məsuliyyət daşıyırlar. Müharibənin başa çatmasından təxminən iki il vaxt ötməsinə baxmayaraq, məğlub Ermənistan dəhlizin yaradılması ilə bağlı Azərbaycanın və vasitəçi dövlət olan Rusiyanın çağırışlarına adekvat cavab vermir və öhdəliklərindən yayınmaq üçün müxtəlif manipulyasiyalara əl atır. Təəssüf doğuran haldır ki, ötən dövrdə məğlub ölkənin ərazisində Zəngəzur dəhlizinin yaradılması istiqamətində hər hansı bir iş görülməyib. Bu ölkə indiyədək avtomobil yolunun keçəcəyi optimal marşrutu belə müəyyənləşdirməyib. Ermənistan qəbul edilməsi mümkün olmayan variantlar təklif etməklə, əslində, prosesləri yubatmağa çalışır.

Ancaq Ermənistanın manipulyasiya cəhdlərinin heç bir əhəmiyyəti yoxdur. Üçtərəfli Bəyanatın şərtləri təmin edilməlidir. Məğlub ölkə regionda başlayan proseslərin qarşısını almaq iqtidarında  deyil. Prezident İlham Əliyevin konfrans­da sualları cavablandırarkən bildirdiyi kimi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. “Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq. Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmaslarım zamanı biz Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Beləliklə, əgər biz bütün iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək. Beləliklə, bu, əlbəttə ki, bizim tərəfdaşlarımızla qarşılıqlı əlaqələrimizdən asılı olacaq. Lakin yenə də Azərbaycan bu layihənin coğrafi mərkəzi olaraq və artıq qeyd etdiyim kimi, tam infrastruktura malik ölkə və müxtəlif beynəlxalq iştirakçılarla yaxşı əlaqələri olan ölkə olaraq bu məsuliyyəti başa düşür. Biz bu layihəni irəli aparmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30