Azərbaycan və Mərkəzi Asiya: Qitələri birləşdirən strateji körpü
19.11.2025 [11:59]
Orta Dəhliz və Zəngəzur xətti fonunda yeni qlobal inteqrasiya modeli
İlham Əliyev: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. Bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək
Avrasiyanın logistik arxitekturası dəyişir: Azərbaycan + Mərkəzi Asiya regionun strateji qovşağına çevrilir
2020-ci ildən sonra yaranan yeni geosiyasi mühit təkcə regionun siyasi xəritəsini yeniləmədi, həm də qlobal logistika sistemində tamamilə yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan bu mərhələnin mərkəzində dayanan ölkələrdən birinə çevrildi. Uzun illərdən bəri Şərqlə Qərb arasında tranzit missiyasını yerinə yetirən Bakı, Zəngəzur dəhlizi ideyasını irəli sürməklə yalnız ölkənin deyil, bütövlükdə Avrasiya məkanının logistika arxitekturasını dəyişdirən mühüm təşəbbüs ortaya qoydu. Artıq formalaşmaqda olan yeni strateji xəritədə Azərbaycan Orta Dəhlizin aparıcı keçid ölkəsi olmaqla yanaşı, həm də yeni geoiqtisadi nizamın layihəçisi və qovşağıdır. Xəzər ötürücülüyü, Orta Dəhlizin genişlənməsi, Transxəzər yükdaşımalarının dinamik artımı, Bakı-Tbilisi-Qars xəttinin modernləşdirilməsi və ən əsası, Zəngəzur dəhlizinin regional əlaqələri tamamilə yenidən qurması Azərbaycanın rolunu daha da artırır.
Bu reallıq Mərkəzi Asiya ölkələri üçün də strateji əhəmiyyət daşıyır. Artıq Azərbaycanla Mərkəzi Asiya demək olar ki, eyni regional reallıqları bölüşən, iqtisadi baxımdan bir-birini tamamlayan vahid bir məkan kimi formalaşır. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə tamhüquqlu üzv qismində qoşulması isə bu reallığı siyasi, diplomatik və institusional səviyyədədə təsdiqləyir. Bu, Azərbaycanın regionun ayrılmaz hissəsinə çevrilməsi, həm tarixi, həm mədəni, həm də iqtisadi inteqrasiyanın yeni mərhələyə qədəm qoyması deməkdir. Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür.
Nəticə etibarilə, Azərbaycanın yeni logistik siyasəti, nəqliyyat infrastrukturu, rəqəmsal və enerji layihələri ölkəni təkcə regionun deyil, Avrasiyanın əsas inteqrasiya mərkəzlərindən birinə çevirir. Qarşıdakı dövrdə həm Orta Dəhliz, həm Zəngəzur dəhlizi Azərbaycanın qlobal ticarətdə rolunu daha da gücləndirəcək.
Yeni regional inteqrasiya mərhələsinin əsası
Mərkəzi Asiya - Azərbaycan əməkdaşlığının iqtisadi mahiyyətini müəyyən edən əsas faktor yükdaşımaların optimallaşdırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və rəqəmsallaşdırma proseslərinin sinxron aparılmasıdır. Bu gün tranzit bazarında rəqabət dayanıqlı, çevik və rəqəmsal sistemlər tələb edir. Azərbaycan da, Mərkəzi Asiya ölkələri də bu istiqamətdə paralel proseslər həyata keçirir və bu onların əməkdaşlığını daha da asanlaşdırır. Dövlət başçısı deyib ki, Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.
Bəli, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin daşıma qabiliyyətinin artırılması, Ələt Beynəlxalq Dəniz Limanının genişləndirilməsi, Transxəzər marşrutları üzrə vahid logistik pəncərənin tətbiqi böyük həcmdə yüklərin daha sürətli və təhlükəsiz daşınmasına imkan yaradır. Mərkəzi Asiya ölkələrinin - Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın bu potensiala qoşulması isə Orta Dəhlizi qlobal tranzit bazarının ən dinamik xətti edir. Gömrük prosedurlarının harmonizasiya edilməsi, birgə tarif siyasəti, elektron sənədləşmə və rəqəmsal tranzit sistemləri, e-TIR və e-CMR kimi mexanizmlər yükdaşımaların vaxtını və xərcini ciddi şəkildə azaldır. Bu isə həm regional ticarəti artırır, həm də Orta Dəhlizi Avropanın və Asiyanın ən rəqabətli marşrutlarından birinə çevirir. Prezident İlham Əliyev bildirib ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb: “Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir”.
Artan yükdaşıma həcmi təkcə iqtisadi mənfəət deyil, həm də siyasi əməkdaşlığın dərinləşməsi deməkdir. Çünki nəqliyyat layihələri ölkələri fiziki olaraq birləşdirməklə paralel şəkildə onların siyasi və strateji maraqlarını da sinxronlaşdırır. Bu baxımdan Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat-logistika sinerjisi regionun gələcək onilliklərdə sabitliyini və inkişafını təmin edən fundamental dayaqlardan birinə çevrilir.
Vaşinqton razılaşmaları: Mərkəzi Asiya üçün yeni, geniş tranzit xəritəsi
Bu ilin avqustunda Vaşinqtonda aparılan danışıqlar, sülh sazişi layihəsinin paraflanması və eləcə də, Zəngəzur dəhlizi (TRİPP) layihəsinin reallaşması ilə bağlı əldə edilən tarixi razılaşma Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya xətlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Paralel olaraq bu razılaşma Azərbaycanla yanaşı, bütün region üçün strateji dönüş nöqtəsi sayılır. Çünki nəzərdə tutulan yeni xətlər, əlaqələr ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin formalaşdırılması ilə yanaşı, həm də Avrasiya tranzit xəritəsini yenidən qurur. Açılacaq bu xətt həm də Azərbaycan vasitəsilə Mərkəzi Asiyanın Qərbə, Aralıq dənizinə və qlobal cənuba daha sərfəli, daha təhlükəsiz çıxış əldə etməsinə imkan verir. Bu marşrut Mərkəzi Asiya ölkələrinin yüklərinin bir hissəsinin Naxçıvan üzərindən Türkiyəyə və oradan Avropaya daşınması kimi tamamilə yeni ticarət sxemlərini gündəmə gətirir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmaların beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib: “Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir”.
Beləliklə, Vaşinqton razılaşmaları yeni geoiqtisadi və geostrateji konsepsiya kimi ön plana çıxır - bu konsepsiya:
- Mərkəzi Asiya ölkələrinin Qərblə birbaşa ticarət əlaqələrini gücləndirir;
- Azərbaycanın tranzit ölkə yox, logistik qovşaq kimi statusunu möhkəmləndirir;
- Türkiyə-Azərbaycan-Mərkəzi Asiya üçbucağını iqtisadi blok halına gətirir;
- Avropanın enerji və nəqliyyat təhlükəsizliyi üçün yeni alternativ yaradır.
Bu xəttin tam işə düşməsi Orta Dəhlizin yük payını artıracaq, Transxəzər dəhlizinə əlavə dinamika gətirəcək və nəticədə Mərkəzi Asiyanın qlobal ticarətdə çəkisini daha da yüksəldəcək. Qısacası, bu layihə regionu yalnız coğrafi baxımdan yox, siyasi və iqtisadi baxımdan da yenidən formalaşdıran tarixi addımdır.
Azərbaycanın və Mərkəzi Asiyanın yeni enerji ixracı mərhələsi...
Azərbaycan müasir texnoloji inkişaf konsepsiyasını regional əməkdaşlığın əsas istiqamətlərindən birinə çevirib. Rəqəmsal transformasiya, süni intellektin tətbiqi, smart-logistika və yeni texnologiyaların nəqliyyat sisteminə inteqrasiya olunması tranzit xətlərinin gələcəyini müəyyən edən faktorlardır. Mərkəzi Asiya ölkələri ilə bu istiqamətdə həm enerji, həm də rəqəmsal əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Xüsusilə bərpaolunan enerji sahəsi artıq ortaq strateji prioritetə çevrilib. Azərbaycan 2030-cu ilə qədər yaşıl enerjinin payını ciddi şəkildə artırmağı hədəfləyir. Xəzər dənizində külək enerjisi, Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisi layihələri, həmçinin yaşıl hidrogen istehsalı üzrə planlar Mərkəzi Asiya ölkələri üçün böyük əməkdaşlıq imkanları yaradır. Eyni zamanda, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə geniş günəş və külək potensialı mövcuddur və bu enerji Avropaya ötürülməsi baxımından Azərbaycan üzərindən keçəcək. Bundan əlavə, rəqəmsal rabitə layihələri, fiber-optik əlaqələr, Xəzəraltı data-ötürücü xətlər və elektron ticarət platformalarının sinxronlaşdırılması təkcə iqtisadiyyatları deyil, bütövlükdə regionun texnoloji gələcəyini birləşdirir. Dövlət başçısı çıxışında deyib ki. rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir. “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir. Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır”.
Beləliklə, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı artıq yalnız ticarət və nəqliyyat yox, həm də rəqəmsal iqtisadiyyat, kiber təhlükəsizlik, bərpaolunan enerji, yüksək texnologiyalar kimi yeni strateji sahələrə keçir. Bu əməkdaşlıq regionu Avrasiyanın innovasiya xəritəsində daha güclü və nüfuzlu mövqeyə çıxaracaq.
Dostluğu, qardaşlığı daha da möhkəmləndirən qərar...
Azərbaycan ilə Mərkəzi Asiya respublikalarını birləşdirən münasibətlər təkcə siyasi maraqlara deyil, daha dərin tarixi köklərə dayanır. Coğrafiyamıza məxsus ortaq irs və mədəniyyət yaxınlığı, tarixi İpək Yolunun əsrlərdir qurduğu humanitar körpülər bu əlaqələri möhkəmləndirən əsas amillərdir. Orta əsrlərdən bu günə qədər Azərbaycanın və Mərkəzi Asiyanın alimləri, sənətkarları, ticarət xətləri, hətta ədəbiyyat və memarlıq nümunələri bir-birini tamamlayan böyük mədəni vahidlik yaradıb. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Məclisinə tamhüquqlu şəkildə qoşulması bu tarixi bağların rəsmi, institusional təsdiqi oldu. Bu addım həm diplomatik münasibətləri, həm də humanitar inteqrasiyanı gücləndirir. Təhsil, elm, mədəniyyət, idman və sənət sahələrində yeni birgə layihələr üçün geniş imkanlar açılır. Prezident İlham Əliyev bildirib ki, bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir.
Yeni Avrasiya arxitekturasında Azərbaycan-Mərkəzi Asiya birliyi
Azərbaycan və Mərkəzi Asiya ölkələri bu gün artıq yalnız əməkdaşlıq etmir, vahid strateji format daxilində birləşir. Orta Dəhliz, Zəngəzur dəhlizi, rəqəmsal və enerji layihələri bu birliyin geoiqtisadi əsasını yaradır. Məşvərət Məclisinə Azərbaycanın tamhüquqlu qoşulması isə onu siyasi və diplomatik çərçivədə təsdiqləyir.
Bu birlik:
- Avrasiyanın geoiqtisadi xəritəsini yenidən formalaşdırır;
- Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən yeni qlobal körpü yaradır;
- Regionu dayanıqlı, inteqrasiyanı hədəf kimi müəyyənləşdirən rəqəmsallaşmış iqtisadi məkan kimi formalaşdırır;
- Enerji, nəqliyyat və texnologiya sahələrində yeni inkişaf mərhələsinin önünü açır.
Azərbaycan üçün bu proses yeni nizama verdiyi töhfələrin daha da genişlənməsi, Mərkəzi Asiya ölkələri üçün isə daha güclü qlobal inteqrasiya, daha təhlükəsiz və rəqabətli tranzit imkanları, həmçinin yeni iqtisadi diversifikasiya istiqamətləri yaradır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
19 Noyabr 13:29
YAP xəbərləri
19 Noyabr 12:21
Dünya
19 Noyabr 12:08
YAP xəbərləri
19 Noyabr 12:01
Gündəm
19 Noyabr 11:59
YAP xəbərləri
19 Noyabr 11:58
Gündəm
19 Noyabr 11:43
İqtisadiyyat
19 Noyabr 11:25
Siyasət
19 Noyabr 11:17
İqtisadiyyat
19 Noyabr 10:53
Siyasət
19 Noyabr 10:37
İqtisadiyyat
19 Noyabr 10:33
Analitik
19 Noyabr 10:14
MEDİA
19 Noyabr 09:58
İqtisadiyyat
19 Noyabr 09:32
Analitik
19 Noyabr 09:15
Sosial
19 Noyabr 08:53
Sosial
19 Noyabr 08:30
Sosial
19 Noyabr 08:19
YAP xəbərləri
18 Noyabr 23:51
YAP xəbərləri
18 Noyabr 23:18
YAP xəbərləri
18 Noyabr 22:35
İdman
18 Noyabr 22:10
İqtisadiyyat
18 Noyabr 21:50
YAP xəbərləri
18 Noyabr 21:19
Siyasət
18 Noyabr 20:57
Siyasət
18 Noyabr 20:34
YAP xəbərləri
18 Noyabr 20:32
Dünya
18 Noyabr 20:19
Siyasət
18 Noyabr 19:56
Diaspor
18 Noyabr 19:45
Siyasət
18 Noyabr 19:41
YAP xəbərləri
18 Noyabr 19:30
Dünya
18 Noyabr 19:18
Sosial
18 Noyabr 19:06
Xəbər lenti
18 Noyabr 18:57
YAP xəbərləri
18 Noyabr 18:43
YAP xəbərləri
18 Noyabr 17:31
YAP xəbərləri
18 Noyabr 17:14
Siyasət
18 Noyabr 16:53
YAP xəbərləri
18 Noyabr 16:20
Xəbər lenti
18 Noyabr 16:17
İqtisadiyyat
18 Noyabr 16:16
Sosial
18 Noyabr 16:16
YAP xəbərləri
18 Noyabr 16:06
YAP xəbərləri
18 Noyabr 16:02
YAP xəbərləri
18 Noyabr 16:01
YAP xəbərləri
18 Noyabr 16:00
Dünya
18 Noyabr 15:39
YAP xəbərləri
18 Noyabr 15:18
Dünya
18 Noyabr 15:18
Dünya
18 Noyabr 15:17
Xəbər lenti
18 Noyabr 15:06
YAP xəbərləri
18 Noyabr 14:52
Dünya
18 Noyabr 14:43
Dünya
18 Noyabr 14:19
YAP xəbərləri
18 Noyabr 14:17
Dünya
18 Noyabr 13:21
Dünya
18 Noyabr 12:48
Dünya
18 Noyabr 12:16
İqtisadiyyat
18 Noyabr 12:08
İqtisadiyyat
18 Noyabr 11:47
Hadisə
18 Noyabr 11:47
Gündəm
18 Noyabr 11:45
Siyasət
18 Noyabr 11:13
MEDİA
18 Noyabr 10:59
İqtisadiyyat
18 Noyabr 10:41
Siyasət
18 Noyabr 10:25
İqtisadiyyat
18 Noyabr 10:14
Ədəbiyyat
18 Noyabr 09:58

