Bjezinski: ABŞ Ukraynadakı prosesləri yönləndirməlidir
11.04.2015 [11:32]
Ukraynada gedən müharibədə Qərbdən və Rusiyadan olan silahların qarşı-qarşıya dayanması barədə məlumatlar xeyli müddətdir yayılıb, ancaq istər Qərb, istərsə də Rusiya müharibədə iştirakını rəsmən elan etməyib. ABŞ-ın proseslərə müdaxiləsinə gəlincə, bu barədə ölkə ekspertləri arasında fikir ayrılığı mövcuddur. Təhlilçilərin bir qismi ABŞ-ın Ukraynaya birbaşa olaraq silah-sursatla yardım etməsinin vəziyyətin nəzarətdən çıxmasına, genişmiqyaslı müharibəyə gətirib çıxaracağını düşünür. Digər bir qrup isə, əksinə, passivliyin Rusiyanı hərbi addımlarını daha da genişləndirməyə həvəsləndirəcəyini bildirirlər. İkinci yanaşmanın aparıcı simalarından olan Zbiqnev Bjezinski müxtəlif geosiyasi məsələlər kimi, Ukraynada son bir ildə gedən proseslərə verdiyi şərhlərlə də gündəmə gəlir. Politoloqun bu yaxınlarda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) Ukraynadakı hadisələr fonunda Rusiya ilə münasibətlərə həsr olunan çıxışı da kifayət qədər maraq doğurur (bax: America’s Strategic Dilemma: A Revisionist Russia in a Complex World / csis.org, 9 mart 2015).
Rusiyanın birqütblü dünyaya qarşı üsyanı
Rusiyaya münasibətdə və Ukrayna hadisələri ilə bağlı sərt mövqe tərəfdarı (“hardliner”) olan Bjezinski hesab edir ki, ABŞ Ukraynada gedən proseslərə kifayət qədər fəal yanaşmır. Onun fikrincə, ABŞ artıq Ukraynadakı proseslərə, sadəcə, reaksiya verməklə kifayətlənməyib, böhranın nəticələrinin formalaşdırılmasında aktiv iştirak etməlidir: “Hadisələrə reaksiya verməklə onları yönləndirmək arasında böyük fərq var. Reaksiya ümumi qələbəyə, bizim dəyərlərimizin, gücümüzün və kəşfiyyatımızın uğuruna inamı nəzərdə tutur. Bu yanaşma qısamüddətli perspektivdə əldə oluna bilən nəticələrə köklənməyi və bizi maraqlandıran məsələlərlə yanaşı, Rusiyanın maraqlarını da nəzərə almağı tələb edir. Çünki bu cür yanaşma nəticəsində böhran tərəflərdən heç birinin tam qələbəsi ilə başa çatmayacaq”.
Rusiyanın qələbəsi 2007-ci ildə Münxen təhlükəsizlik konfransında Rusiya prezidenti Vladimir Putinin nitqindən bu vaxtadək formalaşan və yenidən qurulan rejimin qələbəsi demək olardı. Həmçinin, özünün fevral və mart aylarındakı çıxışlarında Putin Rusiyanın yeni konsepsiyasını formalaşdırıb. Bu konsepsiya təəccüb doğuracaq dərəcədə köhnə və millətçi (millət - milli dövlət anlamında) xarakter daşıyır, ölkə isə öz status və gücünə köklənib, dünyada baş verənlərdən isə narahatdır. Mahiyyət etibarilə, bu rejim Qərb dünyasını, xüsusən də Atlantik alyansını öz düşməni hesab etdiyini elan edib. Rusiyanın şovinist xarakterli planlarını maksimal şəkildə yerinə yetirməsi üçün bu düşməni istənilən yolla zəiflətmək lazımdır.
Xatırladaq ki, həmin il Münxen təhlükəsizlik konfransındakı nitqində V.Putin beynəlxalq münasibətlərdə mövcud olan ideoloji stereotiplərin, “ikili standartların”, digər bu kimi düşüncə şablonlarının “Soyuq müharibə”dən miras qaldığını deyib. Rusiya prezidenti çıxışında xüsusi yeri birqütblü dünya yaratmaq cəhdlərinə ayıraraq bir hakimiyyət, güc və qərar qəbulu mərkəzi demək olan birqütblü dünyanın bu sistemin tabeliyində olan ölkələrlə yanaşı, onun başında dayanan hegemon üçün də dağıdıcı xarakter daşıdığını bildirib. Birqütblü dünyanın qəbuledilməz olduğunu deyən V.Putinə görə, bu həm də demokratiya anlayışı ilə bir araya sığmır, çünki demokratiya azlığın maraq və fikirləri də nəzərə alınmaqla çoxluğun hakimiyyətidir (bax: Vıstuplenie i diskussiə na Mönxenskoy konferenüii po voprosam politiki bezopasnosti / archive.kremlin.ru, 10 fevral 2007). Ümumiyyətlə, həmin çıxışında Rusiya prezidenti qlobal təhlükəsizliklə bağlı bir çox məsələlərə toxunaraq Qərb dövlətlərini, xüsusən də ABŞ-ı qeyri-səmimilikdə ittiham edib.
Bu görüşdən sonra V.Putin iştirak etdiyi digər bir sıra toplantılarda da bənzər fikirlər səsləndirib, Qərbi ikiüzlülükdə, dünya ağalığı iddiasında ittiham edib. Lakin Bjezinskinin haqqında bəhs etdiyimiz çıxışı “yeni rejimin başlanğıcı” kimi səciyyələndirməsi belə bir fikir yürütməyə əsas verir ki, görünür, həmin çıxış hər hansı dövlətin birqütblü dünya yaratmaq cəhdlərinə qarşı açıq şəkildə beynəlxalq tribunadan dünyaya ünvanlanan, bəlkə də, ilk müraciətidir. Görünür, sözügedən nitqinin əvvəlində Putinin tədbir iştirakçılarının onun deyəcəyi fikirlərdən təəccüblənəcəyini, lakin ondan inciməyin lazım olmadığını bildirməsi də Rusiya rəhbərinin Qərbin dünya ağalığına qarşı açıq üsyan etdiyini dərk etməsindən xəbər verirdi. Bütövlükdə, son dövrlərin Ukrayna hadisələri tez-tez “Soyuq müharibə”nin yenidən baş qaldırması kimi səciyyələndirilir, lakin güman etmək olar ki, bu “müharibə” daha əvvəl başlayıb, yaxud iddiaların əksinə olaraq, ümumiyyətlə, heç vaxt tamamilə aradan qalxmayıb.
Bjezinski və Kissincerin Putin-Hitler müqayisəsi
Bjezinski qeyd olunan çıxışının davamında bildirib ki, əgər Rusiya hazırda müşahidə etdiyimiz üsullarla Ukraynada öz məqsədinə nail olsa, növbəti hədəf Baltikyanı ölkələr ola bilər: “Həmin ölkələr keçmiş SSRİ-nin, Putin üçün isə ən önəmlisi odur ki, çar imperiyasının tərkib hissəsi olublar. Buna görə də Kreml rəhbərinin məntiqinə görə, bu ölkələr yenə də Rusiyanın tərkibində olmalıdır. Bu isə ardınca digər ölkələrin - Azərbaycan və ya Gürcüstanın - Rusiyaya birləşdirilməsinə gətirib çıxara bilər. Əlbəttə ki, əsas məqsəd Atlantik alyansının parçalanmasıdır. Buna görə də bizim üçün risklər kifayət qədər böyükdür və məhz buna görə də bu təhlükəyə ciddi yanaşmalıyıq”.
Bjezinski Rusiya ordusunun zəif olduğunu, Qərblə nəinki genişmiqyaslı, hətta lokal müharibə belə aparmaq gücündə olmadığını düşünür: “Bugünkü Rusiya ordusunun bizimki kimi yaxşı silahlanmış orduya qarşı uzunmüddətli hərbi kampaniya apara biləcək hazırlıq səviyyəsinə çatması üçün 3-4 il vaxt lazımdır. Bu, qəribə də olsa, 1938-1939-cu illərin hadisələrini xatırladır. Həmin dövrdə Almaniya Avstriyanı özünə birləşdirdikdən sonra Hitler Çexoslovakiyanı işğal etmək qərarına gəldi. Bu vaxt Almaniya baş qərargahı ölkənin böyük müharibəyə hazır olmadığını, bunun üçün lazımi səviyyəyə təqribən 1943-cü ildə çata biləcəyini bildirmişdi. Əlbəttə, əgər Putin hərəkətə keçmək qərarına gəlsə, onu dayandıra bilməyəcəyik, bizim zəifliyimiz də elə bundadır. Ancaq biz həm də istənilən barışığın hər iki tərəfdən güzəştlər tələb etdiyini nəzərə alaraq, qarşımıza daha ciddi vəzifələr qoymalıyıq. Biz ukraynalıları müdafiə silahları ilə təmin etməyə hazır olmalıyıq”.
Burada bir məqama diqqəti yönəldək ki, Bjezinski Putini Hitlerlə müqayisə edir, onun Ukrayna ərazisinin bir hissəsinin işğalına yönələn əməllərinin başqa dövlətləri də təhlükə qarşısında qoyması mesajını verir. Maraqlıdır ki, Bjezinskinin bu çıxışından əvvəl “Der Spiegel” nəşrinə müsahibəsində Henri Kissincer vaxtilə Rusiyanın tərkibində olan Ukraynanın hər zaman bu ölkə üçün xüsusi önəm daşıdığını və bunu dərk etməməyin yanlışlıq olduğunu vurğulamışdı: “Əgər Qərb səmimidirsə, səhvlərini etiraf etməlidir. Krımın ilhaqı qlobal ağalıq naminə atılan addım deyildi. Bu, Hitlerin Çexoslovakiyaya hücumu deyildi” (bax: Interview with Henry Kissinger: ‘Do We Achieve World Order Through Chaos or Insight?’ / spiegel.de, 13 noyabr 2014).
Bjezinskiyə görə, Moskvaya xəbərdarlıq edilməlidir ki, əgər hərbi əməliyyatlar yenilənsə, ABŞ-ın özünümüdafiə vəziyyətində olan Ukrayna qoşunlarına müdafiə silahlarını verməyə başlamaqdan başqa yolu qalmayacaq. ABŞ bunu tək, yaxud müttəfiqləri ilə birlikdə edə bilər. Həmçinin, belə şəraitdə sanksiyaların sərtləşdirilməsi və dağıdıcılığı böyük olan, ayrı-ayrı sektorlara yönələn qadağalar tətbiq etmək olar.
Rusiyanın Avrasiyada hökmranlığı yalnız iqtisadi sfera ilə məhdudlaşacaq
Ekspertin fikrincə, tamamilə aydındır ki, sovet blokunu, SSRİ-ni və çar imperiyasını dirçəltmək üçün nəzərdə tutulan Avrasiya İttifaqı baş tutmayacaq. Rusiyanın ən yaxşı halda ümid edə biləcəyi məsələ Avrasiya İqtisadi İttifaqının yaradılması ola bilər. Bu yeni struktura daxil olmaq məcburiyyətində qalan Rusiyanın bəzi qonşuları məhz bu ada tərəfdar çıxıblar. Bu məsələdə Qazaxıstanın mövqeyi çox vacibdir. Digər üzvlər də siyasi birlik ideyasından çəkinərək iqtisadi ittifaq anlayışına və siyasi müxtəlifliyə üstünlük veriblər.
Bjezinski əlavə edib ki, yaxın dövrə qədər Rusiyanın “sadiq peyki” olan Belarusun müstəqilliyini mümkün qədər artırmaq üçün rəsmi Minsk kifayət qədər mürəkkəb oyun oynayır. Mərkəzi Asiyanın bəzi keçmiş sovet ölkələri Çinlə sıx əlaqələr yaradaraq bu ölkənin təsir dairəsinə daxil olurlar.
Bjezinski hesab edir ki, bu proseslərdə Rusiyanın da maraqları təhdid olunur, ona görə də ölkə rəhbərliyi bilməlidir ki, yorucu hücumlar iflasa məhkumdur.
İndiki vəziyyətdə yalnız ABŞ barışıq yaratmağa qadirdir?
Rusiyada baş verənlərə gəlincə, ekspert bildirib ki, onun dünyada iqtisadi və siyasi nüfuza iddialı olan aparıcı ölkələrdən xeyli geridə qalan iqtisadiyyatı hazırda ciddi böhran yaşayır. Tətbiq olunan sanksiyalar iqtisadiyyatın bir neçə il də böhran vəziyyətində qalacağına təminat verir.
Bjezinskinin fikrincə, Rusiya ilə münasibətləri qismən nizamlamaq üçün bir məsələni nəzərə almaq lazımdır ki, Ukraynanı Aİ-nin üzvü kimi demokratik, əsl Avropa ölkəsi kimi görmək istəyi onu NATO-ya qəbul etmək anlamı daşımır. NATO-nun Rusiya sərhədinə gəlib çıxması ciddi geostrateji nəticələrə gətirib çıxara bilər, çünki belə məqamda, təbii ki, Rusiyanın prosesləri sakitliklə izləyəcəyini gözləmək olmaz. Ukraynada son həftələrdə keçirilən ictimai sorğular da göstərir ki, əhali ölkənin Aİ-yə daxil olmasını istəsə də, NATO üzvlüyünə o qədər də maraq göstərmir. Ukraynalılar bu addımın ölkə üçün hansı mənfi nəticələrə gətirib çıxara biləcəyini başa düşürlər.
Bjezinskiyə görə, indiki vəziyyətdə yalnız ABŞ barışıq yaratmağa qadirdir, çünki Kreml NATO və Avropa ölkələri ilə diktə dili ilə danışır, məsələyə ciddi yanaşmır. Yalnız Birləşmiş Ştatlar qətiyyətlə bəyan edə bilər ki, hər hansı nizamlanma Ukrayna xalqının maraqlarına cavab verəcək, Avropanın təkamülündə irəliyə addım olacaq, həmçinin, genişmiqyaslı müharibənin qarşısını alaraq, Rusiya üçün nümunə olacaq. Belə bir barışığa nail olmaq üçün sərf olunan gücə görə təəssüflənmək lazım deyil.
Newtimes.az
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
