Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Minsk görüşü: diplomatik manevrlər və reallıq

Minsk görüşü: diplomatik manevrlər və reallıq

04.09.2014 [09:28]

Ukraynanın şərqində vəziyyət getdikcə daha da kəskinləşir. Separatçılarla apardığı silahlı mübarizədə Kiyev müəyyən mövqeləri əldən verib. Bunun fonunda P.Poroşenko ilə V.Putinin Minskdəki görüşü böyük maraq doğururdu. Burada, həmçinin, Avropa İttifaqı (Aİ) və Gömrük İttifaqının (Gİ) təmsilçiləri də iştirak edirdi. KİV-də yayılan məlumatlara görə, danışıqlarda ciddi irəliləyiş əldə edilməyib. Tərəflər öz mövqelərində qalıblar. Ekspertlər bu vəziyyəti ümumilikdə, Şərqi Avropada geosiyasi mənzərədə yeni qeyri-müəyyənliyin əlaməti hesab edirlər. Bu kontekstdə Minsk görüşünün bir sıra məqamları maraq kəsb edir.
Çətin danışıqlar: Kiyev və Moskva bir-birini başa düşmür
Ukraynanın şərqində vəziyyətin ağır olaraq qalması beynəlxalq aləmi çox narahat edir. Burada müharibə daha da şiddətlənir. Hərbi əməliyyatların getdiyi yerlərdən verilən məlumatlar ziddiyyətlidir. Gah bu, gah da digər tərəfin uğurlarından danışılır. Lakin bir şey aydındır - Ukraynada insanlar həlak olurlar, hərbi toqquşmaların genişlənməsi ehtimalı artır. Bu savaşın qalibinin olacağını düşünmək çətindir. Münaqişənin mahiyyəti də hərbi qələbədən ibarət deyil. Ukraynada müasir beynəlxalq münasibətlərin tənzimlənməsi prinsipləri sınaqdan keçirilir.
Bundan başqa, Ukraynada böyük geosiyasi güclərin ortaq mövqeyə gəlmək imkanları yoxlanır. Təəssüf ki, hələlik müsbət nəticələrə ümid çox azdır. Əvəzində, Rusiya tərəfdən hərbi texnika və döyüşçülərin Ukrayna ərazisinə yeridilməsi haqqında informasiyalar yayılmaqdadır. Kiyev bu prosesin getdikcə daha intensiv xarakter aldığını bəyan edir. Moskva isə bunu təkzib edir. Hazırda döyüşlər davam edir. Ərazilər əldən-ələ keçir.
Belə vəziyyət Ukraynada münaqişənin çox təhlükəli bir mərhələyə qədəm qoyduğunu göstərir. Rəsmi dairələr faktiki olaraq, Rusiya-Ukrayna müharibəsindən danışır. Bütün bunlara görə P.Poroşenko ilə V.Putinin Minsk görüşü beynəlxalq səviyyədə maraq doğururdu. Görüşdə prezidentlər A.Lukaşenko və N.Nazarbayev danışıqlarda Gİ-ni təmsil edirdilər. Aİ tərəfdən üç rəsmi şəxs - K.Eşton, G.Ottinger və K.de Quxt müzakirələrin iştirakçısı olublar. Mütəxəssislər bu formatı Aİ-Gİ-Ukrayna-Rusiya görüşü adlandırırlar.
Gözlənildiyi kimi, P.Poroşenko ilə V.Putin arasında danışıqlar gərgin şəraitdə keçib. Ukrayna KİV-nin məlumatına görə, prezidentlər çıxış yolu tapa bilməyiblər. Onlar Ukraynanın Aİ-yə assosiativ üzvlüyünü, Donetsk və Luqansk vilayətlərində atəşkəsə nail olmaq, iki ölkə arasındakı sərhədi bağlamaq imkanlarını müzakirə ediblər.
Lakin Rusiya prezidenti atəşkəsə nail olmaq üçün ölkəsinin məsuliyyət daşımadığını bəyan edib. Moskva hərbi toqquşmalarda tərəf deyil. Kiyev danışıqları, əslində, “DXR” və “LXR” nümayəndələri ilə aparmalıdır. Bu, faktiki olaraq separatçıları tərəf kimi göstərməkdir. Rəsmi Kiyevin iddia etdiyinə görə, Rusiya silahlı toqquşmalarda tərəfdir. Bu kontekstdə V.Putinin verdiyi təklif müəyyən suallar doğurur. Maraqlıdır ki, danışıqlardan sonra “DXR”in nümayəndəsi Ukraynanın, hətta federallaşmasına belə razı olmadıqlarını, yalnız müstəqillik variantına gedə biləcəklərini bildirib.
Ekspertlər bu bəyanatı separatçıların son günlər qazandıqları hərbi uğurlarla əlaqələndirirlər. Lakin bir sıra analitiklər bu vəziyyətin keçici olduğunu düşünürlər. Məsələn, bu hadisələrdən hələ bir neçə gün əvvəl “Rossiə v qlobalğnoy politike” jurnalının baş redaktoru F.Lukyanov Almaniyanın “Spiegel Online” nəşrinə verdiyi müsahibədə vurğulamışdı ki, döyüş meydanında qazanılan uğurlar danışıqlarda siyasətçinin əlini gücləndirə bilər, “ancaq Rusiya Ukraynaya qoşun yeritməyəcək”. Çünki münaqişənin həlli üçün “bütün tərəflərin güzəştə getməsi tələb olunur”.
Buna baxmayaraq, belə görünür ki, Ukraynanın şərqində separatçıların son günlər fəallaşması Minsk görüşü ilə əlaqəlidir. Ukrayna rəhbərliyi həmin danışıqlara Donetsk və Luqanskı terrorçulardan təmizləyərək getməyi planlaşdırırdı. Bu, alınmadı. Həmin səbəbdən, görüşdə P.Poroşenkonun mövqeyi elə də güclü olmadı.
Geosiyasi maraq qeyri-müəyyənliyə yol açır?
Rusiya prezidenti Ukraynanın Aİ-yə assosiativ üzvlüyünün baza sazişinə düzəlişlər edilməsində israr edib. Nəticədə, yeni ekspert qrupu yaradılıb və o, məsələləri nəzərdən keçirməlidir. Buna baxmayaraq, Ukrayna XİN-in rəhbəri baza sazişində heç bir düzəliş etməyəcəklərini bəyanlayıb. Moskva isə mövqeyindən dönmək istəmir. Kremlin arqumentləri azad ticarət zonasının yaradılması ilə ölkəyə iqtisadi ziyanın vurulmasının qarşısının alınmasına əsaslanır.
Maraqlıdır ki, Moskva bu məsələdə Belarus və Qazaxıstandan da gileylidir. Rəsmi dairələr bu iki müttəfiq ölkənin Avropa mallarının etiketini dəyişərək Rusiyaya keçirməyə cəhd etdiklərini vurğulayırlar. Bunu təsdiq edən faktları hətta V.Putin də nümayiş etdirib. Minsk və Astananın bundan sonra necə hərəkət edəcəyi məlum deyil. Bütün hallarda görünür ki, Gİ daxilində bu məsələyə yekdil münasibət yoxdur.
Ukrayna məsələsinin geosiyasi aspekti daha aktualdır. NATO proseslərin fonunda Şərqi Avropada yeni hərbi bazalar yerləşdirəcəyini bildirib. Ancaq o, birbaşa müharibədə iştirak etməyəcəyini də bəyan edib. Ukraynaya isə hərtərəfli hərbi dəstək veriləcəyini ifadə edib. Almaniyanın kansleri A.Merkel də Ukraynaya arxa olacaqlarını deyib. Vaşinqtonun məsələ ilə bağlı susması maraqlıdır. ABŞ son proseslərin fonunda hər hansı açıqlama verməyib.
Belə çıxır ki, Qərb Ukrayna-Rusiya münaqişəsinin uzanmasında maraqlıdır. Tərəflərin bir-birinə tam zəifləyənə qədər zərbə endirməsinə şərait yaradılır. Nədənsə, separatçıların Ukrayna ordusuna vurduğu zərbələrə qarşı Qərbdən heç bir hərbi dəstək göstərilmir. Hətta Kiyevdən döyüş bölgəsinə yeni silahların göndərilməsi prosesi belə ləng gedir. Baş nazir A.Yatsenyukun Nazirlər Kabinetinin iclasını çağırıb, təcili qərar qəbul etməsindən sonra bu məsələ həllini tapıb.
Ekspertlər problemin həllində heç bir irəliləyişin olmamasından narahatdırlar. Onların fikirlərinə görə, Kreml Kiyevə təzyiqini daha da gücləndirəcəkdir. Bunun qarşısını yalnız Qərb ala bilər. Ancaq B.Obamanın fəaliyyətsizliyi vəziyyəti yaxşılaşdırmağa imkan vermir. Buradan belə bir qənaət hasil olur ki, ABŞ-la Rusiya Ukrayna ilə əlaqədar gizli razılaşmalara gəlib. Lakin bunu təsdiq edən fakt yoxdur.
Aİ-yə gəldikdə isə, bu təşkilatın rəsmi dairələri Moskvaya qarşı səmərəli addımlar atmaqdan çəkinir. Onlar sanksiyalar tətbiq etməyə üstünlük verirlər. Rusiya isə hələlik həmin tədbirlərə qarşı dura bilir.
Bütün bunlardan belə nəticə əldə etmək olar ki, Minskdə Rusiya, əsasən, bir neçə geosiyasi məqsədinə çatıb: birincisi, özünün münaqişədə tərəf olmadığını rəsmi təsdiqləyib; ikincisi, separatçılara hərbi yardımlar göstərməklə problemin hərbi yolla həllinin mümkün olmadığını nümayiş etdirib; üçüncüsü, Gİ-ni Aİ ilə danışıqlar apara biləcək təşkilat kimi təqdim edə bilib. Nəhayət, sanksiya və təhdidlərə baxmayaraq, Moskva güzəştə getmək fikrində olmadığını göstərib.
Bununla Ukrayna məsələsi faktiki olaraq, dalana dirənmiş olur. İndi buradan çıxış yolu da bəlli deyil. Ekspertlər sentyabr ayının 15-ni gözləyirlər. Həmin müddətə qədər Ukraynanın Aİ-yə assosiativ üzvlüyü haqqında baza sazişində dəyişiklik edilib-edilməyəcəyi aydın olacaqdır. Kreml buna uyğun hərəkət edəcəkdir. Növbədə Donetsk və Luqansk məsələləridir. Ukraynalı ekspertlər hesab edirlər ki, Kreml qəsdən problemi bu vəziyyətdə saxlayıb. Moskvanın fikrincə, Ukraynanın Aİ-yə assosiativ üzvlüyünə onun Gİ-nin maraqlarını nəzərə alması kontekstində yanaşmaq lazımdır.
Göründüyü kimi, Minsk görüşündə münaqişənin həlli istiqamətində prinsipial irəliləyişə nail olunmayıb. Tərəflər mövqelərini uyğunlaşdıra bilməyiblər. Bu, ixtilafın davam edəcəyi anlamına gəlir. Rəsmi Kiyev yaranmış çətin vəziyyətdən necə çıxacağını bilmir. Ölkənin iqtisadi cəhətdən daha çətin duruma düşməsi istisna edilmir. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bir nəticə verməsə, Ukraynanın təkbaşına Rusiyaya qarşı dura bilməsi olduqca mürəkkəb məsələ olacaqdır.
Proseslərin gedişatı göstərir ki, Ukrayna ilə Rusiya arasında süründürməçi münaqişə yaratmaq strategiyası baş tutur. İndi heç kim hadisələrin nə ilə nəticələnəcəyini bilmir. Real olan tərəflərin bir-birinə güllə atmasıdır. Ən pisi isə odur ki, ukraynalılarla rusiyalılar bir-birinə düşmən kəsiliblər. Sosial şəbəkələrdə yer alan fikirlər bunu təsdiq edir. Hazırda KİV-də Ukraynada həlak olan rusiyalı əsgərlər haqqında informasiyalara geniş yer verilir. Bu da Rusiya daxilində ictimai rəyə təsir edə bilər. Eyni fikri Ukrayna haqqında da demək olar. Belə şəraitdə regionda qeyri-müəyyənliyin arta biləcəyini ehtimal etmək olar. Deyəsən, Minsk görüşü də bu prosesin qarşısını ala bilməyib.
Newtimes.az

Paylaş:
Baxılıb: 990 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30