Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycan: iqtisadi inkişafın İlham Əliyev modeli fəaliyyətdədir

Azərbaycan: iqtisadi inkişafın İlham Əliyev modeli fəaliyyətdədir

10.09.2013 [09:41]

Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə iqtisadi tərəqqinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və institusional islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına möhkəm əsaslar yaratdı.
1994-cü il sentyabrın 20-də Ulu öndərin gərgin əməyinin və qətiyyətinin nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının əsası qoyuldu. Əslində, yeni neft strategiyasının gənc ölkəmizə nələr bəxş etdiyini sadalamağa ehtiyac yoxdur. Təkcə bütün sahələr üzrə 10 il qabaqkı vəziyyətlə bu günümüzü müqayisə etmək kifayətdir ki, həmin strategiyanın xalqımız və ölkəmiz üçün dəyərini qiymətləndirək. Belə ki, 2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə artmış, ÜDM-nin ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatmışdır. 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 873 manat olmuşdusa, 2012-ci ilin yekununda 5885 manat təşkil etmişdir. Başqa sözlə, adambaşına ÜDM 7 dəfəyə yaxın artmışdır. Beynəlxalq Valyuta Fondunun hesabatında Azərbaycan son 10 ildə ən sürətlə inkişaf edən ölkədir. Respublika ÜDM-nin artım tempinə görə, MDB-də 4-cü yeri tutur. Son 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfədən çox artaraq, 48 milyard dolları ötmüşdür.
Şübhəsiz ki, yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş, xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır.
Yeni keyfiyyət mərhələsinə qədəm qoyan, özündə modernləşdirmə və rifah amillərini birləşdirən Azərbaycanın inkişafı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: Dünya İqtisadi Forumunun “Rəqabətlilik Hesabatı 2013-2014” nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. 2012-2013 hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. MDB məkanında isə Azərbaycan ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir.
On il ərzində Azərbaycanda orta aylıq əməkhaqqı 5 dəfədən çox artaraq, 77 manatdan 398 manata çatmışdır. Maaşların səviyyəsinə görə, Azərbaycan MDB məkanında Rusiya və Qazaxıstanla birlikdə ilk üçlükdədir. Pensiya və müavinətlər də artmışdır: əgər 2003-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği 24 manata yaxın (təxminən 30 dollar) idisə, ölkədə həyata keçirilmiş pensiya islahatları nəticəsində 2012-ci ilin yekununda bu göstəricini 152 manata (200 dollara yaxın) çatdırmaq mümkün olmuşdur. Hazırda orta aylıq pensiya orta əməkhaqqının 38 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.
Ötən 10 il ərzində əhalinin hər nəfərinə düşən gəlirin məbləği 5,4 dəfə artaraq, 3784 manata çatmışdır. Bu artımda əhalinin SSRİ dövründən qalmış əmanətlərinin qaytarılması da müəyyən rol oynamışdır. Dövlət büdcəsindən bu məqsədlə 1 milyard manata yaxın vəsait ayrılmışdır ki, bu da postsovet məkanında əmanətlərin ən əlverişli şərtlərlə qaytarılmasına imkan vermiş və vətəndaşların bank sektoruna inamını gücləndirmişdir.
Banklara etimadı artıran amillərdən biri də Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun yaradılmasıdır. Artıq ölkə vətəndaşları heç bir narahatlıq keçirmədən banklara əmanət yatırır. Əgər 2003-cü ildə əhalinin əmanətlərinin ümumi məbləği 252 milyon manat təşkil etmişdisə, 2012-ci ilin yekununda bu göstərici 5,113 milyard manat olmuşdur.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı beynəlxalq dəniz ticarət limanının, müasir gəmiqayırma müəssisəsinin tikintisi, Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında yeni aerovağzal kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidən qurulması və genişləndirilməsi kimi layihələrin icra olunması ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.
Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən, Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabət qabiliyyətli məhsul istehsalına təkan verəcək, iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.
ÜDM-nin tərkibində ən böyük paya malik olan sənaye sahələrində bu ilin 7 ayı ərzində 19,6 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən çoxdur. Yanvar-iyul aylarında məhsul istehsalının mədənçıxarma bölməsində 0,8 faiz aşağı düşməsi fonunda emal sektorunda 8 faiz, o cümlədən, qida məhsulları istehsalında 8,3 faiz, dəri və dəri məmulatları istehsalında 36,5 faiz, kimya sənayesində 12,7 faiz, kompüter və digər elektron avadanlıqları istehsalında 43,1 faiz, tikinti materialları istehsalında 22,5 faiz, metallurgiyada 11,4 faiz, elektrik avadanlıqları istehsalında 14,7 faiz, mebel istehsalında 4,2 faiz, eləcə də avtomobil və qoşquların istehsalında 1,9 dəfə, digər nəqliyyat vasitələrinin istehsalında 2,2 dəfə artım qeydə alınmışdır.
Məlumdur ki, qeyri-neft sektorunun əsas hissəsini inşaat kompleksi təşkil edir. Son illər Azərbaycanda bu sahədə kifayət qədər böyük layihələrin həyata keçirildiyi göz qabağındadır. Təbii ki, bütün bunlar külli miqdarda vəsait qoyuluşunun nəticəsində mümkün olmuşdur. Belə ki, ilin əvvəlindən bəri ötən 7 ay ərzində inşaat kompleksində 8,8 milyard manat vəsaitdən istifadə olunmuşdur ki, onun da 66,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin icrasına yönəldilmişdir. Ötən ilin eyni dövrünə nisbətən inşaat işlərinə sərf edilən vəsaitin həcmi 23,3 faiz, tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin miqdarı 37,9 faiz artmışdır. Həm də əsas kapitala xərclənən vəsaitin 74,7 faizi daxili investisiyalardır və bu göstərici keçən ilin müvafiq dövründəkindən 17,3 faiz çoxdur.
İnşaat kompleksində istifadə olunan vəsait hesabına ərsəyə gələn tikinti obyektlərinin böyük əksəriyyəti qeyri-neft sektoruna aiddir.
Bütün bunlar həm də əhali üçün yüksək maaşlı və etibarlı iş yerləri deməkdir. Elə 2013-cü ilin 6 ayında ölkədə 44,7 mini daimi olmaqla, 58,7 min iş yeri açılmışdır ki, bunun da 73 faizə yaxını regionların və 95,5 faizi qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorunun inkişafını göstərən digər fakt: cari ilin 7 ayında ölkədə daşınan qeyri-neft yüklərinin həcmi 5,2 faiz artaraq, 84,6 milyon tona çatmışdır. Bu gün ümumilikdə daşınan yüklərin 73 faizi qeyri-dövlət bölməsinə aiddir.
Yeri gəlmişkən, 2003-2012-ci illər ərzində respublika dünyada əhalinin sayı və insan inkişafı indeksi göstəriciləri üzrə sürətlə irəli getmişdir. Məsələn, əgər 10 il bundan əvvəl ölkədə təxminən 8,35 milyon nəfər yaşayırdısa, 2008-ci ildə bu göstərici 8,9 milyon nəfərə yaxın olmuş, 1 yanvar 2013-cü il tarixinə isə 9,356 milyon nəfəri keçmişdir. Bu isə 10 il ərzində 1 milyondan çox və ya 12,1 faizlik artım deməkdir. Bu, həm də Qarabağ münaqişəsi nəticəsində ölkənin genofondunun üzləşdiyi itkinin artıqlaması ilə kompensasiya edilməsidir. Belə ümidverici dönüş yalnız təminatlı şəraitdə baş verə bilərdi.
Eyni zamanda, bütövlükdə ötən 10 il ərzində reallaşdırılan daxili dövlət siyasətinin əsas istiqamətləri qismində aşağıdakıları qeyd etmək olar:
* qloballaşmanın bütün pozitiv səmərəsindən istifadə etmək və milli özgünlüyü, dövlət suverenliyini və rəqabət qabiliyyətliliyini qoruyub saxlamaq;
* dövlət idarəetməsinin açıqlığı, məsuliyyətliliyi və əxlaqiliyi;
* ölkənin inkişafının innovasiyalı modelinə keçid;
* milli sərvətlərin (büdcə, dövlət fondları, dövlət mülkiyyəti, intellektual resurslar və s.) ağılla idarə olunması;
* insan kapitalının inkişafı və biliklərə geniş tələbat üçün şəraitin yaradılması; insana investisiya qoyuluşu - biliklərə əsaslanan iqtisadiyyata keçid;
* insan və vətəndaş hüquqlarına təminatdan kasıblıq və yeknəsəklikdən azad iqtisadi imkanlara və sosial hədəflərə doğru;
* güclü dövlət: onun funksiyalarının diapazonunu genişləndirmək yox, işinin səmərəliliyini yüksəltmək;
* düzgün ənənə və “modern” balansını qoruyub saxlamaqla, ölkənin inkişafının uğurlu trayektoriyasını cızmaq və özünün milli identikliyini qoruyub saxlamaq;
* iqtisadiyyatın “xammal-ixrac” modelindən “postsənaye innovasiyalı iqtisadiyyat” modelinə keçid;
* korrupsiya ilə mübarizə və şəffaflıq: məmuru cəmiyyətin - dövlət xidmətləri “istehlakçı”larının nəzarəti altına almaq;
* iqtisadi müstəqillik və risklərin idarə edilməsi;
* Azərbaycanı etibarlı tərəfdaşa çevirmək;
* xalqın iradəsinə arxalanmaq, milli maraqları qorumaq və dövlət müstəqilliyini möhkəmləndirmək!
Ölkə Prezidentinin 2004-cü il 11 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və 2009-cu il 14 aprel tarixli Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bölgələrin davamlı və tarazlı inkişafı istiqamətində aparılan dövlət siyasətinin bariz ifadəsidir. Belə bir mühüm Dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi, habelə sonralar regional inkişafın daha konkret ünvanları və məsələləri üzrə imzalanan Fərman və sərəncamlar regionların inkişafındakı fərqi aradan qaldırmaqla, sabit, tarazlı inkişafa şərait yaratmışdır: son 10 il ərzində bölgələrdə sahibkarlıq fəaliyyəti xeyli genişlənmişdir; regionlarda dünya standartlarına cavab verən istehsal müəssisələrinin yaradılması nəinki məşğulluq problemini əsasən həll etmiş, həm də əhalinin yüksək maaşlı işlə təmin olunması, qazanc naminə paytaxta axınının qarşısının alınması üçün ciddi imkanlar yaratmışdır. Yeni iş yerlərinin açılması, əhalinin elektrik enerjisi, qaz, su ilə təchizatında, nəqliyyat-kommunikasiya sistemində uzun illərdən bəri mövcud olmuş problemlərin aradan qaldırılması vətəndaşlarımız tərəfindən müsbət dəyərləndirilməkdədir.
2003-cü ildən bəri qeyri-neft sektorunda ümumi daxili məhsul 2,4 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmışdır. Bu, daha çox regional inkişaf üzrə 2004-cü və 2009-cu illərdə qəbul edilmiş iki Dövlət Proqramının uğurla yerinə yetirilməsinin nəticəsidir. Bu proqramlarda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, təkcə keçən il 117 min yeni iş yeri açılmışdır ki, bunlardan da 93 mini daimi iş yeridir. Ümumiyyətlə, regional inkişafla bağlı proqramların əvvəlindən bəri respublikada 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində, işsizliyin əhəmiyyətli dərəcədə azaldılmasına xidmət etmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər də aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. Həyata keçirilmiş sosial siyasət nəticəsində 2003-cü ildən bəri Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Bununla da ölkə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə vaxtından əvvəl əməl etmişdir.
Səmərəli sahibkarlıq fəaliyyəti üçün hüquqi-normativ təminatın verilməsi iqtisadiyyatda dözümlülüyün və sabitliyin möhkəmləndirilməsi yolu ilə iqtisadi təhlükəsizliyə zəmin yaradır. Məhz buna görə də son illərdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri özündə ehtiva edən müvafiq Dövlət Proqramının, silsilə qanun, fərman və sərəncamların qəbul edilməsi və onların icrası ölkəmizdə özəl bölmənin vüsətli tərəqqisinə yol açmış, ÜDM-də onun payının 81 faizə qədər yüksəlməsinə səbəb olmuşdur.
Qazanılan böyük uğurlara baxmayaraq, Azərbaycanda sahibkarlığın və biznesin inkişafına mane olan müdaxilələrin mövcudluğu dövlət başçısının daimi mübarizə apardığı sahədir. Dövlət başçısının qanunvericilik təşəbbüsü qaydasında bu il iyulun 2-də Mİlli Məclis tərəfindən qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu bilavasitə Azərbaycan Respublikasında sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.
İqtisadi təhlükəsizliyin inkişaf və tərəqqi yönümünün gücləndirilməsi yolları, o cümlədən istehsalın müntəzəm olaraq modernləşdirilməsi, səmərəli investisiya və innovasiya siyasətinin aparılması, intellektual mülkiyyətin inkişafı və ölkənin əmək potensialından səmərəli istifadə edilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir (yeni iş yerlərinin açılması, informasiya texnologiyası bölməsinin inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin yaradılması və s.). Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə də xüsusi həssaslıqla yanaşmışdır. Əgər 2003-cü ildə ölkədə 1,45 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmişdisə, 2012-ci ilin yekunlarına görə, aqrar istehsalın həcmi 4,845 milyard manata yaxın olmuş, adambaşına düşən kənd təsərrüfatı məhsulu göstəricisi isə 177 manatdan 528 manata çatmışdır.
Dünya praktikası göstərir ki, iqtisadi təhlükəsizlik hakimiyyətin bütün qollarının və səviyyələrinin birgə fəaliyyətindən, vətəndaş cəmiyyətinin formalaşma dərəcəsindən birbaşa asılıdır. Bu, ilk növbədə, onunla əlaqədardır ki, iqtisadi təhlükəsizliyin obyektləri sırasına dövlətlə yanaşı, həm də cəmiyyət, ailə, ayrı-ayrı vətəndaşlar, müəssisələr, təşkilatlar, ərazi vahidləri daxildir. Xüsusi qeyd etmək lazımdır ki, son illərdə ölkə başçısı tərəfindən vətəndaş cəmiyyətinin bərqərar olması, ailə və qadın problemləri, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə böyük miqyaslı tədbirlər sistemi həyata keçirilməkdədir.
Demokratikləşmə prosesləri, ümumilikdə dövlətin sütunlarının möhkəm olması, ilk növbədə, iqtisadi inkişaf proseslərinin səviyyəsindən və çevikliyindən asılıdır. Sabitlik və iqtisadi inkişafın olmadığı şəraitdə demokratiya və vətəndaş cəmiyyəti barədə hər hansı bir söhbət gedə bilməz. İqtisadiyyat elə bir bünövrədir ki, istənilən tərəqqi və sabitlik onun üzərində bərqərar olur. İqtisadi inkişaf cəmiyyətin tədricən demokratikləşməsi üçün başlıca zəmindir. İstənilən dəyişikliklərin demokratikliyini bəşər tarixi həmişə iqtisadi planlaşdırmada və iqtisadiyyatın təşkili üsullarında dəyişikliklər əsasında qiymətləndirmişdir.
Başqa sözlə, demokratiya və iqtisadiyyat birgə inkişaf etməlidir. Onlardan hər hansı birinin azacıq ləngiməsi, istər-istəməz, qeyri-sabitliyə və balansın pozulmasına gətirib çıxarır.
Ötən 10 il ərzində də demokratiya pərdəsi altında Azərbaycana təzyiq və təsir cəhdləri zaman-zaman özünü qabarıq göstərmişdir.
Azərbaycanda iqtisadi inkişafı səciyyələndirən xüsusiyyətlərdən biri də idarəetmə sistemində ardıcıl struktur islahatlarının aparılması və makroiqtisadi sabitliyin əldə olunmasıdır. Belə bir şəraitdə iqtisadi təhlükəsizliyin təmin edilməsi və mövcud imkanlardan daha səmərəli istifadə olunması, idarəetmədə nəzarət amilinin təkmilləşdirilməsi və gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu onunla əlaqədardır ki, demokratiyanın inkişafı, əhalinin hüquqi müdafiəsinin artırılması şəraitində hər bir ölkədə maliyyə resurslarından istifadənin şəffaflığını təmin etmək iqtidarında olan səmərəli maliyyə nəzarəti sistemi iqtisadi demokratiyanın mühüm ünsürlərindən birinə çevrilir. Digər tərəfdən, bazar münasibətlərinin inkişafı, bazar iqtisadiyyatına xas olan strukturların (səhmdar cəmiyyətləri, kommersiya bankları, fond və maliyyə birjaları, investisiya təsisatları və s.) meydana gəlməsi maliyyə nəzarəti sisteminin köklü surətdə yenidən qurulmasını tələb edir. Məhz nəzarətin “məhsulu” olan şəffaf informasiya iqtisadiyyatın idarə olunmasında və səmərəli qərarların qəbul edilməsində, dövlətin, sahibkarların və əhalinin mənafelərinin qorunmasında mühüm rol oynayır.
Ölkəmizin sürətli iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası beynəlxalq mühasibat uçotu standartlarının və beynəlxalq audit standartlarının tətbiqini zəruri etmişdir. Artıq bu istiqamətdə də uğurlu nəticələr mövcuddur.
Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən xüsusiyyətlərdən biri də idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsidir. Çox səciyyəvidir ki, şəffaflıq və korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuş, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir.
Müasir mərhələdə cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən məqsədyönlü işlər ölkəmizdə nəzarət sistemini də təkmilləşdirməyi, onun tam qüvvə ilə fəaliyyət göstərməsinə nail olmağı, başlıcası isə elə bir sistem qurulmasını tələb edir ki, bu sistem daha çox maliyyə şəffaflığını təmin etməyə, iqtisadi demokratiyanın hüdudlarını genişləndirməyə və iqtisadi inkişafın perspektivlərini aşkarlamağa yönəlsin.
2006-cı ilin dekabr ayınadək - korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icra müddəti başa çatanadək ölkədə əhəmiyyətli qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış təsisatlar fəaliyyətə başlamış, dövlət orqanlarında islahatlar aparılmış, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq qurulmuşdur; Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulmuşdur. İqtisadi və sosial sahədə, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması və sosial rifahın gücləndirilməsi sahəsində əsaslı nailiyyətlər əldə edilmişdir; iqtisadiyyat yüksək sürətlə inkişaf etməkdə davam etmiş, ümumi daxili məhsulun artımına görə Azərbaycan dünyada lider dövlət olmuşdur; maliyyə intizamının möhkəmlənməsi və aparılan iqtisadi islahatlar nəticəsində dövlət büdcəsi əsaslı surətdə artmışdır. Həmçinin, beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirmələr aparılmış, həyata keçirilən tədbirlər və əldə edilmiş nəticələr müsbət qiymətləndirilmişdir.
Belə bir sual yarana bilər ki, şəffaflığın artırılması zərurəti nədən irəli gəlir? Beynəlxalq təcrübə göstərir ki, şəffaflığı yüksək olan maliyyə sisteminin səmərəliliyi şəffaf olmayan sistemdən qat-qat yüksək olur, iqtisadiyyatın idarə olunmasında səmərəli qərarların qəbul edilməsi, təkcə dövlətin deyil, eyni zamanda, sahibkarların və əhalinin mənafelərinin qorunması sahəsində real zəmin yaranır.
Son illərin çox mühüm dövlət sənədləri olan “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun icrası üzrə Fəaliyyət Planı (2007-2011-ci illər), “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”, habelə Azərbaycan Prezidentinin son illərdə imzaladığı silsilə fərman və sərəncamlar dövlət siyasətində şəffaflıq amilinə ardıcıl olaraq verilən yüksək önəmin konkret təzahürüdür.
Maliyyə-mühasibat, audit və maliyyə nəzarəti sistemlərinin təkmilləşdirilməsi istiqamətində son illər ölkədə həyata keçirilən məqsədyönlü işlər, o cümlədən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının yeni qanununun tətbiq edilməsi, “Beynəlxalq mühasibat uçotu standartlarına keçmək məqsədilə milli mühasibat uçotu standartlarının 2003-2007-ci illərdə hazırlanması və tətbiqi üzrə Proqram”, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)”, “Daxili audit haqqında” qanun və digər normativ aktlar maliyyə nəzarəti sahəsində mövcud normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsinə və nəzarət sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda icrası nəzərdə tutulmuş problemlər də mühüm əhəmiyyət kəsb edir və cəmiyyətdə böyük maraq doğurmuşdur.
Bütün bunlar ona dəlalət edir ki, maliyyə şəffaflığının təmin edilməsi, maliyyə nəzarətinin müasir dövrün tələblərinə uyğun olması istiqamətində yüksək hüquqi bazaya malik ölkələr arasında Azərbaycanın layiqli yer tutmasına baxmayaraq, möhtərəm Prezident bu sahədə işlərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulmasına xüsusi önəm verir.
Həyata keçirilən bütün tədbirlər idarəetmənin mühüm bir istiqaməti kimi, maliyyə nəzarətinin aktuallığını artırmaqla bərabər, optimal idarəetmə məsələlərinin işlənib hazırlanması və qəbul edilməsi sahəsində onun rolunun yüksəldilməsi zərurətindən irəli gəlir. Şübhə yoxdur ki, Ulu öndər Heydər Əliyevin iqtisadi siyasətində mühüm yer tutan, həmçinin, dövlət başçısının imzaladığı Fərman və sərəncamlarda, söylədiyi proqram xarakterli nitqlərdə həlli vacib mühüm vəzifə kimi qarşıya qoyulan maliyyə nəzarəti və şəffaflıq problemləri ilə bağlı məsələlərin tam həcmdə yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcəkdir.
Ayaz Orucov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Paylaş:
Baxılıb: 1839 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31