Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

23.10.2025 [09:31]

Mərkəzi Bankın (MB) oktyabrın 22-də qəbul etdiyi qərara əsasən, uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8 faiz səviyyəsində dəyişməz saxlanılıb. Qərar ölkədəki mövcud inflyasiya hədəfləri dəhlizinə və gözləntilərə, eləcə də valyuta bazarında vəziyyətə əsasən qəbul edilib. Beləliklə, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü uçot siyasətində əvvəlki sabit rejimin saxlanılmasını şərtləndirib.

Qlobal mühit əlverişli, inflyasiya idxalı məhduddur

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. MB bildirir ki, inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5,7 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,9 faiz, ödənişli xidmətlər üzrə 5,3 faiz, qeyri-qida məhsulları üzrə isə 2,4 faiz təşkil edib. İllik baza inflyasiya 4,9 faiz olub.

Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Dünya əmtəə, xüsusilə də ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, ticarət tərəfdaşları arasında həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib. Belə ki, qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb. Təhlillərə əsasən, son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb.

MB bildirir ki, beynəlxalq mühitdə qeyri-müəyyənliklərin hələ də qalması qlobal əmtəə qiymətlərində də dalğalanmalara səbəb olur. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin sentyabrında əmtəə qiymətləri indeksi illik 3,3 faiz artıb,  ərzaq və içki qiymətləri indeksi isə 2,6 faiz azalıb. BVF oktyabrda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu dəyişməz saxlayıb (4,2 faiz), 2026-cı ilə dair proqnozu isə cüzi artırıb (3,7 faiz).

Valyuta bazarında təklif tələbi üstələyib

Qeyd edilən amillər Azərbaycanı xarici inflyasiya təzyiqlərindən neytrallaşdırır və Mərkəzi Bankın arxayınçılığı da məhz budur. Ona görə də uçot dərəcəsinin sabit saxlanılması konservativ və təmkinli siyasətin nəticəsi hesab edilə bilər. Aparılan dəyərləndirmələr göstərir ki, cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla, ümumilikdə, valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1,8 faiz bəndi azalaraq sentyabrda 29 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1,8 milyard dollar təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.

Qlobal ərzaq bahalaşması gözlənilmir

Ehtimallara görə, xarici faktorlarda əsas rol oynayan mal və əmtəələrin, xüsusilə də qlobal ərzaq bahalaşması gözlənilmir. Baza ssenarisinə əsasən, illik inflyasiyanın hədəf daxilində olacağı, 2025-ci ilin yekununda 5,7 faiz olacağı gözlənilir. İnflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır. Ancaq bununla yanaşı, qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə davam etdiriləcək. Qiymət indeksində təsiredici amillərdən biri olan daxili faktor inflyasiya ilə mübarizə tədbirlərinin bir hissəsi kimi diqqətdə saxlanılacaq.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il dekabr ayının 10-da ictimaiyyətə açıqlanacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Yeni texnologiyalar

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31