Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Soyuq müharibə”nin ilk isti toqquşması

“Soyuq müharibə”nin ilk isti toqquşması

25.06.2022 [10:24]

72 ildir bitməyən Koreya müharibəsi yenidən alovlanacaqmı?

Pərviz SADAYOĞLU

Tarix təkrar olunur. Bu gün qlobal miqyasda baş verənlər də tarixin ən gərgin dövr­lərinin fərqli rakursdan təkrarı sayıla bilər. İstər Avropa, istərsə də Asiya regionunda baş verən siyasi kataklizmlər, hərbi toqquşmalar qlobal sülhə və sabitliyə qarşı yönəlməklə yanaşı bəşəri cinayətlərin yenidən təkrarlanmasını şərtləndirir. Məsələn, Rusiya-Ukrayna müharibəsi və təəssüf ki, başlama perspektivi olduqca yüksək dəyərləndirilən Uzaq şərq müharibəsi dünyaya yeni nizam gətirməklə yanaşı, faciəvi sonluqlara, kütləvi insan ölümünə yol açır. Bu gün Uzaq şərq sularında, Yapon dənizində reaktiv raketlər, hətta nüvə başlıqları səviyyəsində verilən “sözsüz mesajlar” regionda 72 il sonra yenidən döyüş təbillərini çalır. Amma budəfəki savaşın daha ağır və faciəvi sonluqla nəticələnməsi ilə bağlı heç bir sığorta yoxdur.

“Soyuq müttəfiqlər birliyi” Koreya adasında dəfn olundu

Tarixin təkrar olması məsələsinə gəldikdə isə, bu gün, iyunun 25-i Koreya müharibəsi adlanan Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişənin ildönümüdür. Maraqlıdır ki, 72 il öncə başlamış və 3 ildən sonra atəşkəslə dayanmış bu müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb. Bəzən bu konfliktə “Soyuq müharibə” dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi də baxılır. Başqa sözlə, Koreya müharibəsi “Soyuq müharibə”nin ilk isti hərbi toqquşmasıdır. Qeyd edək ki, o dövrdə də Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, rəsmən elan edilməsə belə Çin ordusu (Çinin nizami ordusu formal olaraq “Çin Xalq Könüllüləri” adlanan birləşmə hesab olunub) daxil idi. SSRİ də rəsmən müharibədə iştirak etməsə belə Şimal koalisiyasının maliyyələşdirilməsini və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdü. Çoxsaylı sovet hərbi məsləhətçi və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdi. Cənub koalisiyasında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmçinin BMT Sülhməramlı Qüvvələri tərkibində bir sıra başqa ölkələr iştirak etmişdilər.

Vurğulayaq ki, Koreya 1910-cu ildən İkinci Dünya müharibəsinin sonuna qədər Yaponiya imperiyasının koloniyası olub. 5 aprel 1945-ci il tarixdə Sovet İttifaqı Yaponiya ilə aralarında o vaxta qədər qüvvədə olmuş hücum etməmək haqqında Paktı birtərəfli qaydada ləğv etdi. 8 avqustda isə ABŞ ilə bağlanmış müqavilənin tələblərinə uyğun olaraq Yaponiya İmperiyasına müharibə elan olundu. Sovet qoşunları Koreyaya şimaldan, amerikalılar isə Koreya yarımadası?ın cənubundan daxil oldu. 10 avqust 1945-ci il tarixdə yapon kapitulyasiyasının qaçılmaz olması ilə əlaqədar, “soyuq müttəfiqlər” - ABŞ və SSRİ öz aralarında Koreyanı 38-ci paralel üzrə bölməyə, yapon ordusunun isə 38-ci paraleldən şimalda Qırmızı Orduya, cənubda isə ABŞ-a təslim olmasını razılaşdılar. Beləliklə, yarımadanın şimalı sovet, cənubu isə ABŞ nəzarətində olan iki hissəyə bölündü. Bölünmə müvəqqəti şəkildə nəzərdə tutulsa da, sonradan ada bütövləşmə imkanı qazana bilmədi.

1950-ci il iyunun 25-də Sovet İttifaqının təlimatı ilə Şimali Koreya (KXDR) rəhbərliyi Cənubi Koreyaya qarşı müharibəyə başladı. 38-ci en dairəsi boyunca cəmləşdirilmiş Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Seulun işğalı ilə nəticələndi. Cənubi Koreya olduqca ağır bir duruma düşdü. ABŞ isə məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxardı, Şimali Koreya təcavüzkar elan olundu və ona qarşı mübarizə aparmaq üçün Cənubi Koreyaya BMT silahlı qüvvələrinin göndərilməsi qərarı verildi. BMT silahlı qüvvələri müxtəlif dövlətlərin əsgərlərindən ibarət olsa da, əksəriyyətini ABŞ əsgərləri təşkil edirdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu silahlı qüvvələrin sırasına Türkiyə də bir diviziya göndərmişdi. Milli istiqlal savaşından keçən müddət ərzində ilk dəfə idi ki, türk əsgəri hərbi əməliyyatlarda iştirak etdi və onun Koreyada göstərdiyi qəhrəmanlıq Türkiyənin NATO-ya üzv qəbul edilməsində mühüm bir rol oynadı.

Stalinin ölümü Koreyaya “sülh” gətirdi

1951-ci ilin iyun ayından atəşin kəsilməsi və barış danışıqlarına başlamaq haqqında razılaşma əldə edildi. Danışıqlar təklifi Şimali Koreyadan, təbiidir ki, Sovet İttifaqının təşəbbüsü və razılığı ilə gəlmişdi. Danışıqların getdiyi dövrdə hərbi əməliyyatlar hələ də davam etdirilirdi. Nəhayət, sovet lideri İ.V.Stalinin 1953-cü ilin martında ölməsi, bunun ardınca ali siyasi hakimiyyət daxilində mübarizənin güclənməsi və kəskinləşməsi səbəbindən Sovet İttifaqı təqdim olunan şərtlərə razı oldu. 1953-cü ilin iyulunda Phanmuncom kəndində (Keson şəhərinin yaxınlığında) tərəflər arasında barışıq haqqında saziş imzalandı. Qeyd edək ki, istər danışıqlarda, istərsə də barışıq haqqında sazişin imzalanması prosesində Çin də “könüllülər” adından iştirak edirdi. Sazişin şərtlərinə görə Şimali Koreya və Cənubi Koreya arasındakı sərhəd yenə də 38-ci en dairəsindən keçirdi. İki Koreyanın durumunda heç bir dəyişiklik olmadı. Yalnız Sovet İttifaqı və ABŞ-ın Koreyadan çıxmayacaqları gerçəkləşdi. Halbuki, sazişin şərtlərinə görə xarici qoşunlar 90 gün ərzində Koreyadan çıxmalı idi. Koreyanın birləşdirilməsi və bərpası üzrə BMT-nin Komissiyası ölkənin gələcəyi haqqında tədbirlər hazırlamalı və həyata keçirməli idi. 1953-cü ilin 1 oktyabrında ABŞ ilə Cənubi Koreya arasında bağlanan müqavilənin şərtləri isə ölkədə Amerika hərbi qüvvələrinin saxlanılmasına hüquqi əsas vermiş oldu.

Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Çox böyük əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər məhv edildi və yaralandı. 1 mln-a yaxın çinli əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər oldu. Ölkənin iqtisadiyyatına güclü zərər dəydi.

Ötən 72 ildə dəyişməyən yeganə fakt - təhlükə hər an aktualdır

Müasir günümüzdə 72 il öncə baş verən müharibənin Koreya adasına verdiyi bəlaların yenidən təkrarlanması qorxusu yaşanır. Bu ilin mayında ABŞ prezidenti Baydenin Cənubi Koreya və Yaponiyaya səfərinə etiraz əlaməti olaraq Yapon dənizinə “təlim raketləri” atan Şimali Koreya hələ də davam edən müharibənin hər an qızışma ehtimalı anonsunu verdi. Bu dəfə qarşı səngərlərdə - kimin harada necə yer alacağını isə öncədən proqnozlaşdırmaq çətin olacaq. Öncədən irəli sürülə biləcək yeganə iddia 72 ildir davam edən müharibənin həm Koreya yarım­adası, həm Asiya kontingenti, həm də bütövlükdə dünya üçün böyük təhdid vəd etməsidir. Nəzərə alsaq ki, ötən 72 ildə istər hərbi silah-sursat. İstərsə də texniki imkanlar fantastik şəkildə təkmilləşib, bu müharibənin sədasının digər coğrafiyalardan eşidiləcəyi də istisna oluna bilməz.

Paylaş:
Baxılıb: 348 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31