Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Avqustun 31-dək...

Avqustun 31-dək...

17.07.2025 [10:17]

Rəsmi Tbilisiyə vaxt qoyuldu

Ayrı-ayrı Avropa təsisatları ilə Gürcüstan arasında çatlar  dərinləşməkdə davam edir. Son bir ildə Avropa Şurası Parlament Assambleyası rəsmi Tbilisinin siyasi kursunu hədəfə alan bir neçə qərəzli qətnamə qəbul edib. Eyni zamanda, bir vaxtlar Gürcüstana yanaşmada xüsusi həssaslıq sərgiləyən, bu ölkəni öz sıralarına qatmaq vədləri verən Avropa İttifaqı (Aİ) indi tamam əks mövqedən çıxış edir. Qurum indiyədək Gürcüstan-Aİ yaxınlaşmasında əldə olunan razılaşmalardan geri çəkilir, etimad bağları bir-birinin ardınca qırılır.

Vizasız gediş-gəlişin ləğvi gündəmdə

Kollektiv Qərbin milli dövlətləri ram etmək siyasətində cəmiyyətlərin şirnikləndirici vasitələrlə ələ alınması xətti xüsusi yer tutur. Gürcüstan üçün belə “şirin qoğallardan” biri Avropa İttifaqı məkanının qapılarının bu ölkə vətəndaşlarının üzünə açılması oldu. Xatırladaq ki, Aİ və Gürcüstan arasında vizasız rejim 2017-ci il martın 28-də qüvvəyə minib.

Aradan illər ötəndən sonra isə vizasız rejim Gürcüstan üçün sözün əsl mənasında dəyənəyə, hakim komanda təmsilçilərinin də bildirdikləri kimi şantaj vasitəsinə çevrilib.Hazırda Aİ ilə Gürcüstan arasında vizasız gediş-gəlişin ləğvi gündəmdə olan məsələlər sırasındadır. Bu günlərdə Avropa İttifaqı Gürcüstan hakimiyyətinə xəbərdarlıq edib ki, əgər Brüsselin irəli sürdüyü bir sıra şərtlər, o cümlədən etiraz aksiyalarında iştirak etdiklərinə görə həbsə alınmış şəxslərin azad olunması tələbi yerinə yetirilməzsə, Gürcüstan Avropa İttifaqı ölkələri ilə mövcud vizasız gediş-gəliş hüququndan məhrum edilə bilər.

Bununla bağlı iyulun 15-də Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında geniş müzakirələr aparılıb. Lakin iclasda Aİ Xarici İşlər Nazirləri Şurası hər hansı bir qərar qəbul edə bilməyib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra bildirib ki, nazirlər Gürcüstanla bağlı vizasız rejimin, assosiasiya haqqında sazişin dayandırılması və sanksiyalar daxil olmaqla müxtəlif variantları müzakirə ediblər. Ali nümayəndə qeyd edib ki, “Gürcü Arzusu”nun demokratiyaya hücumları daha da şiddətlənir və Gürcüstanın demokratiyadan uzaqlaşmasının nəticələri olacaq. Aİ-də hesab edirlər ki, vizasız rejim qurum tərəfindən verilmiş bir imtiyazdır və onun davam etməsi konkret şərtlərin icrasından asılıdır.

Aİ Gürcüstan hakimiyyətinə verilən tövsiyələrin yerinə yetirilməsi üçün cari il avqustun 31-dək vaxt verib.

İki qanuna görə açıq müstəviyə keçən ixtilaf

Qonşu Gürcüstanda Aİ ilə açıq müstəviyə keçən ixtilaf ötən il bu ölkədə qəbul olunan iki qanunla bağlıdır. Ölkədə həmin qanunlara etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirilib və bəzi  fəallar həbs olunub. Aİ bu prosesləri demokratik dəyərlərə zidd hesab edir və həbsə alınanları “siyasi məhbuslar” adlandıraraq onların azadlığa buraxılmasını tələb edir

Bəhs olunan qanunlardan biri “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Gürcüstan hakimiyyəti bu qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Bu nəzarət mexanizmi isə ilk növbədə şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi daşıyır. Fəaliyyətlərini qanunla müəyyənləşdirilən prosedurlara uyğun qurmayan təsisatları ciddi cərimələr gözləyir.

Qərb isə bunu istəmir və bəhs olunan qanunu başqa izahlar altında təqdim edir. Qərb o qənaətdən çıxış edir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın siyasi oriyentasiyasını Avropadan Rusiyaya doğru dəyişmək məqsədilə qəbul olunub. Halbuki belə bir izahın əsası yoxdur. Bu, Qərbin növbəti riyakarlığıdır. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, oxşar qanunlar, həmçinin Fransada, ABŞ-da və digər ölkələrdə də qəbul olunub. Ancaq həmin ölkələrə irad tutulmur, Gürcüstan isə total ittihamlarla üzləşib. Xatırladaq ki, Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun fəaliyyətinin dayandırılması ilə bağlı ölkənin sabiq  prezidentinin və müxalifətin vəsatətini təmin etməyib.

Qərb dairələri, həmçinin Gürcüstan parlamentinin ötən il sentyabr ayının 17-də qəbul etdiyi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Arqumentləri də budur ki, yeni qanunvericilik ölkədə “LGBT+ mövzusunda sərbəst reportaj hazırlamaq imkanlarını məhdudlaşdırır”. Maraqlıdır, Gürcüstan öz ərazisində ailə institutunu qorumağa yönəlmiş addımlar atırsa, Avropa nə üçün bu qədər narahat qalır?

Gürcüstan Avropa strukturlarına, o cümlədən Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT), yaxud Avropa Şurasına ona görə üzv olmayıb ki, gəlib burada “LGBT+” hərəkatını, yaxud, “Radikal feminizm”i stimullaşdırsınlar, ailə institutunu dağıtsınlar. ATƏT-ə, AŞ-na üzv olmaqda məqsəd ölkənin təhlükəsizliyinə təminat almaqdır, demokratik inkişaf yolunda dəstək qazanmaqdır. Bu gün ərazisi param-parça olmuş Gürcüstanın suverenliyinin təmin edilməsi üçün ATƏT və AŞ hansı real addımları atıblar? Avropa instituları “LGBT+” icmasının hüquqlarını qorumaq üçün göstərdikləri qətiyyəti Gürcüstanın ərazi bütövlüyünün, suverenliyinin bərpası məsələsində nə üçün sərgiləmirlər?

Ərazi bütövlüyü, suverenliyi pozularkən ATƏT-dən, Avropa Şurasından real əməli dəstək görməyən Gürcüstanın indi də daxili sabitliyi pozulursa, cəmiyyətin dayağı olan ailə institutu yad təmayüllü cərəyanlar vasitəsilə çökdürülürsə, dövlət bu təhlükənin qarşısını almaq üçün addım atmalı deyilmi? Cəmiyyətin sabitliyini, sağlamlığını qorumaq yönündə addımlar atdığı üçün Gürcüstan ittihamlara və sanksiyalara məruz qalmalıdırmı?

Qrantlarla ələ alınan QHT-lər

Ötən il qonşu Gürcüstanda milli maraqların qorunmasını hədəfləyən qanunların qəbulu, həmçinin parlament və prezident seçkiləri zamanı baş verənlər ölkədə xarici dairələrə bağlı olan geniş agentura şəbəkəsinin formalaşdığını və bunun dövlətçilik üçün ciddi təhdidlər yaratdığını bütün ciddiliyi ilə ortaya qoydu. Qərbdə  “yumşaq güc” - qrantlar müqabilində ələ alınan qeyri-hökumət təşkilatları üzərindən formalaşdırılan “beşinci kolon” vasitəsilə milli dövlətlərə təsir göstərmək, oyuncaq rejimlər qurmaq uzun tarixə malik bir ənənədir.

Faktlar təsdiqləyir ki, qonşu Gürcüstan da bu pis ənənədən kənarda qalmayıb və hətta demək mümkündür ki, Cənubi Qafqaz coğrafiyasında Qərbin məkrli planlarının mərkəzində dayanıb. Son seçkilərdə ardıcıl olaraq inamlı qələbələr qazanan “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qurduğu hökumət anlayır ki, milli dövllətçiliyi xilas etmək, real müstəqilliyə nail olmaqdan ötrü vəziyyəti köklü şəkildə dəyişmək zərurətdir və bunu nəyin bahasına olursa olsun, etmək lazımdır.

Vəziyyətin ciddiliyini bütün miqyası ilə göz önündə canlandırmaqdan ötrü qonşu ölkənin vətəndaş cəmiyyəti sektoruna nəzər salaq. Mənzərə həqiqətən heyrət doğurur. 2024-cü ilin məlumatına əsasən, burada aktiv fəaliyyət göstərən 25 min qeyri-hökumət təşkilatı var. Gürcüstanın 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir, yəni hər 148 Gürcüstan vətəndaşına, demək olar ki, bir QHT düşür. Narahatlıq yaradan ən mühüm məqam ondan ibarətdir ki, ölkədə qeydiyyata alınan QHT-lərin təxminən  90 faizi xaricdən maliyyələşir.

Donor təşkilatlarının siyahısında yenə də dünyanın ayrı-ayrı ölkələrində rəngli inqilablar və milli hökumətlərə qarşı digər pozuculuq əməlləri törətmiş təşkilatlar  -  Avropa İttifaqı, ABŞ-ın keçmiş administrasiyası, Soros Fondu kimi müxtəlif qurumlar yer alırlar. İndiyədək 100-dən çox ölkədə şəbəkə qurmağa nail olan,  D.Trampın bir qədər bundan əvvəl ifşa etdiyi və artıq ləğv olunan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də burada “aktivliyini” xüsusi qeyd edə bilərik. Verilən məlumatına görə, Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 41 milyon dollardan çox vəsait alıblar.

Adları çəkilən donorlar digər ölkəllər kimi, Gürcüstanı da xüsusi məqsədlər naminə, necə deyərlər, özününküləşdirməyə çalışıblar və müəyyən mənada buna nail olublar. Qısa müstəqillik tarixində qonşu ölkə bir neçə rəngli inqilab dalğasından keçib və onların nəticələri milli dövlətçilk üçün kifayət qədər ağır olub. Belə ki, ölkə ərazi itkilərinə məruz qalıb. İndi hakim komanda dövlət quruculuğunda buraxılmış səhvləri nəzərə almaqla ölkənin real müstəqilliyinə və tam suverenliyinə nail olmaq istəyir və bu istiqamətdə qətiyyətli addımlar atır. Həmin addımlar Qərbin xoşuna gəlməsə də!

MÜBARİZ

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30