Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İstanbul danışıqları...

İstanbul danışıqları...

04.06.2025 [09:11]

Rusiya tələb edir, Ukrayna geri çəkilmir...

İyunun 2-də İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının növbəti raundu mühüm maraq kəsb edirdi - xüsusilə, son hadisələr tərəflər arasında razılaşmanın çətin baştutma ehtimalını ortaya çıxarırdı. Xatırladaq ki, son bir neçə gündə Rusiya və Ukrayna bir-birinin ərazisindəki strateji obyektlərə, hərbi bazalara və şəhərlərə intensiv raket və dron hücumları həyata keçiriblər. Rusiyanın Murmansk, İrkutsk və Ryazan vilayətlərindəki hərbi aerodromlara qarşı həyata keçirilən dron əməliyyatı, Ukraynanın Jitomir bölgəsində yerləşən hərbi bazaya, o cümlədən Kiyev və Nikolayev bölgələrində enerji obyektlərinə raket zərbəsi endirilməsi müharibənin təhlükəli fazaya keçidi ehtimalını gücləndirirdi. Belə bir vəziyyətdə münaqişə tərəflərinin masa arxasında razılıq əldə etməsi mümkünsüz görünürdü - iyunun 2 -də İstanbulda baş tutan danışıqlarda müharibənin dayandırılması və dayanıqlı atəşkəsi təmin etmək üçün tərəflər bir-birinə şərtləri ehtiva edən memorandum təqdim ediblər.

Şərtlər nədən ibarətdir?

Rusiya və Ukraynanın memorandumundakı şərtlərin əksəriyyəti, demək olar ki, bir-biri ilə ziddiyyət təşkil edir. Bu baxımdan görüşdən öncə də bir çox siyasi mütəxəssislər yaxın zamanlarda hər hansı önəmli məsələ üzərində ortaq məxrəcə gəlinməsini qeyri-real sayırdılar. Paralel olaraq həm Rusiya, həm də Ukrayna öz tələblərində israrlıdır. Hazırda nə Moskvanın, nə də Kiyevin güzəştə gedəcəyi gözlənilmir. Şərtlərə gəlincə isə, Rusiyanın şərtləri belədir:

- Krım, Donetsk, Luqansk,  Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil olmasının beynəlxalq-hüquqi tanınması, bu ərazilərdən Ukrayna Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrin tam çıxarılması,

- Ukraynanın neytral statusu: hərbi ittifaqlara və koalisiyalara daxil olmamaq, ərazidə üçüncü dövlətlərin hərbi qüvvələrini yerləşdirməmək, gələcəkdə Qərb ölkələri ilə hərbi müqavilələr və sazişlər imzalamamaq,

- Nüvə və digər kütləvi qırğın silahlarından imtina etmək və ərazisində onların yerləşdirilməsinə, tranzitinə və qəbuluna imkan verməmək,

- Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin, silahların və hərbi texnikanın sayını məhdudlaşdırmaq, eyni zamanda Ukrayna SQ və Milli Qvardiyasında millətçi birləşmələri buraxmaq,

- Rus və rusdilli əhalinin hüquq və azadlıqlarını tam təmin etmək, rus dilinə rəsmi status vermək,

- “Nasizmin” və “neonasizmin” təbliğatına imkan verməmək, millətçi təşkilatlar və partiyaları ləğv etmək,

- Səfərbərlikdən imtina etmək və demobilizasiya prosesinə başlamaq, Ukraynaya xarici hərbi texnika, silah və yardımın, o cümlədən peyk rabitəsi və kəşfiyyat məlumatlarının verilməsini dayandırmaq,

Ukraynanın şərtləri isə budur:

- Quruda, dənizdə və havada tam atəşkəs,

- “Hamını hamıya” prinsipi üzrə əsir mübadiləsi,

- Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanətləri,

- Danışıqlarda beynəlxalq ictimaiyyətin iştirakı,

- Kiyevin neytral statusdan imtinası,

- 2014-cü ildən Ukraynanın itirdiyi ərazilərin Rusiya ərazisi kimi tanınmaması,

- Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılması və onların təkrar tətbiq olunması imkanının saxlanılması,

- Dövlət başçılarının görüşünün təşkili.

Növbəti əsir mübadiləsi

İstanbulda Türkiyə, Rusiya və Ukrayna heyətləri arasındakı görüşdən sonra tərəflər toplantının nəticələrinə dair açıqlama veriblər. Ukraynanın müdafiə naziri Rustem Umerov jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə Ukrayna tərəfi bütün əsirlərin azad edilməsini və əsir düşən uşaqların geri qaytarılmasını tələb edib. Eyni zamanda Umerov atəşkəs, humanitar yardım və liderlərin ikitərəfli görüşü ilə bağlı məsələlərin də əsas müzakirə mövzusu olduğunu qeyd edib. “Birinci məqam atəşkəsdir. İkincisi, insanlarımızın, məhbusların, oğurlanmış uşaqların azad edilməsidir. Üçüncüsü, liderlərin görüşüdür,” - deyə R.Umerov vurğulayıb. Lakin o, yalnız əsirlərin mübadiləsi məsələsində müsbət irəliləyişin əldə olunduğunu bildirib. Onun sözlərinə görə, tərəflər 18-25 yaş arası bütün hərbi qulluqçuların mübadiləsi və 6000-6000 prinsipi ilə ölü cəsədlərin qaytarılması barədə razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə bildirib ki, Rusiya tərəfi meyitlərin toplanması üçün Ukrayna ilə 2-3 günlük cəbhənin müxtəlif istiqamətlərində atəşkəsə hazırdır.

Görüş nə ilə yadda qaldı?

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu görüşdə hər iki tərəf diplomatik manevrlərə əl atıb. “Budəfəki görüşdən əsas gözlənti tərəflərin atəşkəs məsələsində ortaq məxrəcə gəlməsi idi. Ancaq bu, o qədər də asan deyil. Çünki nə Rusiya, nə də Ukrayna öz tələblərindən geri çəkiləcək. Bir məqamı da qeyd edim ki, bu görüş ötən İstanbul görüşündən, eləcə də fevral-mart aylarında Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya görüşlərindən kifayət qədər fərqlənir. Ər-Riyad və Ciddə şəhərində ABŞ-Rusiya görüşləri məhz Tramp administrasiyasının təşəbbüsü ilə baş tutub. Bu görüşlərdə Ukraynanın mövqeyi nəzərə alınmayıb. Mayın 16-dakı İstanbul görüşü isə məhz prezident Vladimir Putinin təşəbbüsüdür. Sözsüz ki, Kremlin belə bir təşəbbüsü irəli sürməkdə məqsədi İstanbul protokollarını yenidən aktivləşdirmək və Qərbin 30 günlük atəşkəs təklifini sıradan çıxarmaq idi,” - deyə A.Nərimanlı vurğulayıb. Ekspert əlavə edib ki, ikinci İstanbul görüşündə tərəflər danışıqlar masasında öz mövqeyini gücləndirmək üçün diplomatik manevrlərə əl atıblar. “Görüşdə Rusiya və Ukrayna tərəfi hərbi əsirlərin dəyişdirilməsi və meyitlərin qarşılıqlı təhvili məsələlərində razılığa gəliblər. Hesab edirəm ki, bu ayın sonunda İstanbulda növbəti görüş də keçirilə bilər. Rusiya və Ukraynanın diplomatik masa arxasında atəşkəs və sülh məsələlərində anlaşması çətin görünsə də, hər iki tərəf danışıqları davam etdirməkdə maraqlıdır”.

Mövqeyini gücləndirmək üçün...

Ukraynanın Rusiyada son dron əməliyyatının İstanbuldakı görüşün nəticələrinə təsirinə gəlincə, A.Nərimanlı deyib ki, bu addım Ukraynanın masada mövqeyini gücləndirmək üçün atılıb: “Rusiya və Ukrayna öz şərtlərini qəbul etdirmək üçün daha çox sərt və təhlükəli tədbirlərə əl atacaqlar. Rusiya Ukraynanın, Ukrayna isə Rusiyanın ərazisinə kütləvi dron və raket hücumları təşkil edəcək. Ukraynanın Rusiyada geniş əks-səda doğuran dron əməliyyatında başlıca hədəf Rusiyanı öz maksimalist tələblərindən geri çəkməyə vadar etmək və Qərbə, xüsusilə də ABŞ-a öz gücünü nümayiş etdirmək idi”.

Yunis ABDULLAYEV

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30