Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / HEYDƏR ƏLİYEV TÜRK DÜNYASININ MÖCÜZƏSİDİR

HEYDƏR ƏLİYEV TÜRK DÜNYASININ MÖCÜZƏSİDİR

26.09.2023 [11:02]

XX əsrin II yarısından başlayaraq türk dünyası tarixində adı fəxrlə qeyd olunan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Heydər Əliyev qeyri-adi zəkaya, yüksək təşkilatçılıq bacarığına, hadisələri təhlil etmək sahəsində unikal qabiliyyətə malik bir şəxsiyyət idi. Heydər Əliyev dühasının şöhrəti bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığmayıb, bütün dünyaya yayılmışdır. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlətçilik fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, dünya birliyində layiqli yer tutması üçün əzmlə çalışmış və buna nail olmuşdur. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu dahi şəxsiyyət bütün dünyanın etiraf etdiyi görkəmli liderlərdəndir.

Türkdilli xalqların inteqrasiyası yolunda ulu öndərin müəllifi olduğu təşəbbüslər bu gün geniş coğrafi məkanda əməkdaşlığı genişləndirir. Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Heydər Əliyev demişdir: “Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”.

Azərbaycan-Türkiyə münasibətlərinin tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” fikirlərinə əsaslanmışdır.

Ümummilli lider Heydər Əliyev dövlətçilik fəaliyyətində Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə böyük əhəmiyyət vermiş və onun irsinin öyrənilməsini  vacib hesab etmişdir.

Ümummilli lider Heydər Əliyevə sülh uğrunda apardığı fəaliyyətinə görə beynəlxalq “Atatürk Sülh Mükafatı” təqdim olunması (1999) münasibətilə onun dediyi sözlər Atatürkün və Türkiyənin təcrübəsinin Azərbaycan üçün nə demək olduğunu çox aydın şəkildə belə qeyd etmişdir: “Mənə böyük Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatı təqdim olunubdur. Bu mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq qalacağam”. [“Respublika” qəzeti, 2 noyabr, 1999]

Atatürkün irsini öyrənmək və təbliğ etmək üçün 2001-ci ildə Bakıda ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə “Atatürk Mərkəzi” yaradıldı. Həmin mərkəzin açılışında çıxış edən Heydər Əliyev demişdir: “Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri, naməlum qalan cəhətləri aşkara çıxaracaqdır... Atatürkün ideyalarını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, lider və Prezident kimi mənim fəaliyyətimdə çox böyük yer tutur”. [“Xalq” qəzeti, 10 mart, 2001]

Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər. Heydər Əliyev sadəcə, tarix yazan yox, həm də tarix yaradan şəxsiyyət idi. Heydər Əliyev dövrü və zamanı dəyərləndirən bir dövlət başçısı kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxmasında, ümumtürk həmrəyliyinin təmin olunmasında misilsiz xidmətlər göstərmişdir. Təsadüfi deyil ki, bu gün onun adı hörmətlə anılır, türk dövlətlərinin inteqrasiyasında xidmətləri böyük məmnunluqla xatırlanır.

Heydər Əliyevin Azərbaycanın tarixi qayıdışı gəlişi ilə Türkiyə ilə münasibətlər gerçək tərəfdaşlıq, qarşılıqlı fayda üzərində təşəkkül tapdı. Təkcə bir faktı qeyd etmək yetər ki, Heydər Əliyev Azərbaycanda prezidentliyi dövründə xarici ölkələrin rəhbər şəxsləri ilə 500-dən çox görüş keçirmiş, bu görüşlərin təxminən 100-ü Türkiyənin payına düşmüşdü. Bu intensiv təmaslar, daimi məsləhətləşmələr iki ölkənin xarici siyasətini daha sıx koordinasiya etmişdir. Azərbaycan müstəqil dövlət quruculuğunda üzləşdiyi çətinliklərdə hər zaman Türkiyənin dəstəyini gördü, eyni zamanda, həyata keçirdiyi iqtisadi layihələrdə daima Türkiyə ilə təmasda həyata keçirirdi.

Heydər Əliyevin bu tərəfdaşlığa verdiyi ən böyük töhfə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Türkiyə üzərindən enerji ehtiyatlarının dünyaya açılması oldu. Əsas ixrac neft kəmərinin Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çəkilməsi Heydər Əliyevin mürəkkəb geosiyasi şəraitdə, dünya gücləri və neft nəhəngləri ilə gərgin danışıqlarda nümayiş etdirdiyi çevik diplomatiyası hesabına mümkün olmuşdur. Türkdilli dövlət başçılarının V zirvə görüşündə (1998, Astana) çıxış edən ulu öndər Heydər Əliyev dövlət başçılarının diqqətini regional inteqrasiya prosesinə təkan verəcək layihələrin hazırlanmasına yönəltmişdi. Həqiqətən də, sonrakı illərdə dünyanın siyasi mənzərəsini dəyişən “Əsrin müqaviləsi”, “Böyük ipək yolu”, TRASEKA, TASİS proqramları kimi qlobal layihələrin həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, TÜRKSOY-un, Türk Yazarlar Birliyinin yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Ümummilli lider türk xalqlarının yaxınlaşması zəruriliyindən bəhs edərək demişdir ki, mən bu gün həqiqətən qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayır, bir-birimizlə daha sıx əlaqədə saxlayır. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik. Lider Heydər Əliyevin “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni, misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir”.

Bu gün ölkəmizin Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərinə, həmin respublikaların Türkiyə ilə əməkdaşlıq mənzərəsinə, ortada olan layihələrə nəzər salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini, Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik. 1998-ci ildə Bakıda, Azərbaycanın ev sahibliyi ilə “Böyük İpək yolu” layihəsinin (Avropa-Asiya nəqliyyat dəhlizi) təməlinin qoyulması, sonrakı illərdə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyənin iştirakı ilə bu yöndə yeni təşəbbüslərin gündəmə gəlməsi və hazırda gerçəkləşən layihələr türk xalqlarının inteqrasiyasına əməli töhfələrdir.

Türk dövlətləri və toplumlarının inteqrasiyasının mühüm bir istiqamətini də mədəni əməkdaşlıq, müştərək mədəni layihələr təşkil edir. Dərin tarixi köklərə malik bağların yeni şəraitdə daha effektiv müstəviyə çıxarılmasında, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının - TÜRKSOY-un formalaşması, bu formatda bir çox layihələrin reallaşması Azərbaycanın aktiv rolu sayəsində mümkün olub. Heydər Əliyev türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində yaxından iştirak edir və xalqlarımızın ümumi mədəni sərvətinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı.

Azərbaycanın Ümummilli Liderinin türk dünyasının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası bu gün də uğurla davam etdirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev türk xalqları arasında əlaqələrin genişlənməsinə, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın artırılmasına xüsusi əhəmiyyət verir. Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə görüşündəki (2009, 2-3 oktyabr) çıxışında türkdilli ölkələr arasında iqtisadi, humanitar, mədəni əlaqələrin artırılmasının, müştərək layihələrin yaradılmasının vacibliyini önə çəkərək demişdir: “Əgər gələcəkdə bütün siyasi məsələlərdə, beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə biz bir-birimizə öz dəstəyimizi verməyə davam etsək, iqtisadi sahədə əməkdaşlığımızı konkret layihələrlə zənginləşdirsək, humanitar və mədəniyyət sahəsində TÜRKSOY vasitəsilə, konkret layihələr vasitəsilə bu birliyi daha da gücləndirsək, bizim xalqlarımız bundan ancaq fayda götürəcəkdir.

Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bügünkü vəziyyətin reallıqlarıdır”. [“Xalq” qəzeti, 4 oktyabr, 2009]

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq hər iki ölkə geniş təsir imkanları olan, qarşılıqlı fayda gətirən, regionda sülh və əmin-amanlığa xidmət göstərən bir çox layihələr üzərində işləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik” mövqeyi əməkdaşlığımızın əsas prinsiplərindəndir.

Ümummilli lider Heydər Əliyevin daha çox əhəmiyyət verdiyi türkdilli xalqlar və dövlətlərin birliyi və əməkdaşlığı məsələləri bu gün ölkə Prezidenti İlham Əliyev və müstəqil türk dövlətlərinin rəhbərləri tərəfindən uğurla davam etdirilir, Heydər Əliyev türk dünyasının tarixində möcüzə olaraq qalacaqdır.

Qoşqar Cəlal oğlu Əliyev

ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31