Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ATƏT PA və MM-in birgə konfransında...

ATƏT PA və MM-in birgə konfransında...

23.05.2023 [10:42]

“Yaşıl enerji”yə keçid ortaq hədəfdir

Günel ABBASOVA

Mayın 22-də Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib. Konfrans  Parlament Assambleyası (PA) və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri Sahibə Qafarova, deputat və xarici rəsmi şəxslər iştirak edib.

Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçirilib.

Daha sonra konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər. Tədbirin rəsmi bağlanış mərasimi Bakıda olacaq.

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev bildirib ki, həm Azərbaycan parlamenti, həm də ATƏT PA-nın ikinci komitəsi iqtisadi bərpa, “yaşıl” iqtisadiyyata keçid və ətraf mühitin mühafizəsi məsələlərini fəal şəkildə dəstəkləyir: “İndi hər zamankındən daha çox nümunə göstərməliyik. Bir çox üst-üstə düşən və bir-biri ilə əlaqəli təhlükəsizlik problemləri, iqlim böhranının getdikcə kəskinləşməsi və dağıdıcı pandemiyanın hələ də davam edən sosial-iqtisadi nəticələri ilə “mükəmməl fırtına”nın ortasındayıq. Vətəndaşlarımız hər zamankı kimi, yaşayış xərclərinin artması, artan enerji və qida qeyri-sabitliyi, artan sosial gərginlik və radikallaşma, tez-tez əlaqə kəsintiləri və s. ilə qarşılaşdıqları bu kimi mənfi hadisələr üçün ən yüksək qiyməti ödəyirlər. Ancaq hər böhranda bir sıra imkanlar da var. Ona görə də biz parlamentarilər bu yeni imkanları müəyyənləşdirməli və onlardan vətəndaşlarımız üçün daha yaxşı gələcək qurmaq üçün istifadə etməliyik”.

Milli Məclisin sədri Sahibə Qafarovanın sözlərinə görə, yaşıl texnologiya ekoloji mühafizə tədbirləri istiqamətində yeni üfüqlər açacaq: “Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə atılmış addım deməkdir. Yaşıl iqtisadiyyat və ətraf mühitin təhlükəsizliyi qəbul edilən dövlət strategiyasının 5 mühüm prioritetlərdən biri kimi müəyyənləşib”. S.Qafarova əlavə edib ki, Azərbaycan tərəfindən mühüm nəqliyyat layihələri Azərbaycanı ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək.

Qeyd edək ki, Ermənistan Azərbaycanda Milli Məclis və ATƏT PA tərəfindən təşkil edilən konfrans iştirakçılarını Zəngilana səfər etməməklə bağlı nümayəndə heyətlərinə məktub göndərib. Spiker konfrans iştirakçlarına səslənərək bildirib ki, siz ora getsəniz, ermənilərin Azərbaycan ərazilərində törətdiyi dağıntıları öz gözlərinizlə görəcəksiniz. Eyni zamanda siz Azərbaycan tərəfindən həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin şahidi olacaqsınız: “İşğal dövründə ermənilər Azərbaycan ərazilərini dağıdıb, bütün infras?rukturu məhv edib, ekoloji terror törədib, meşələrimizi, təbii qoruqlarımızı məhv edib, təbii resurslarımızı istismar edib, çayları çirkləndirib”.

“Ermənistan BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri icra etmədi. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinə əsasən, beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi”, - S.Qafarova əlavə edib.

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt bildirib ki, bu vacib konfransda iştirak etməyə şaddır: “Biz hər gün xatırlayırıq ki, Yer planetinin resursları bəşəriyyət üçün bir hədiyyədir və biz onu qorumalı, gələcək nəsillərə ötürməliyik. Azərbaycana bu vacib konfransa ev sahibliyi etdiyi üçün təşəkkür edirəm”. O, konstruktiv müzakirələrin, təmasların dayanıqlı inkişaf üçün vacib olduğunu xatırladıb: “Bizim bu konfrans çərçivəsində fikir mübadilələrimizin nəticələrini, öyrəndiklərimizi öz ölkələrimizə aparmaq məsuliyyətimiz var. Dünyamız bu gün bir-birinə bağlı çətinliklərlə - enerji böhranı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və s. üzləşir”.

ATƏT PA-nın Prezidenti Marqarita Sederfelt Rusiyanın Ukraynadakı müharibəsinə də toxunub: “Bu müharibə Ukraynanın ətraf mühitinin təhlükəsizliyini, biomüxtəlifliyini təhdid edir, məhv edir”. O bildirib ki, sülh, etimad bu gün dünyada vacib məsələlərdəndir: “Sülh yalnız insanlar üçün deyil, ətraf mühit üçün ?? vacibdir”. ATƏT PA Prezidenti qeyd edib ki, qlobal çətinliklərin həlli istiqamətində milli səviyyədə addımlar atmaq, resursları cəlb etmək vacibdir: “Eyni zamanda, ölkələr arasında ən yaxşı təcrübələrin mübadiləsi vacibdir. Əlaqələnmə, yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf gündəliyimizin əsasında olacaq. Biz qlobal böhranlarla mübarizə üçün dialoq və əməkdaşlığı təşviq etməliyik, bu prosesdə parlamentlərin rolu vacibdir. Biz ATƏT regionunda ən yaxşı təcrübələrimizi mübadilə edə bilərik”.

ATƏT PA-nın Baş katibi Roberto Montella isə COVID-19 zamanı da ATƏT parlamentarilərinin onlayn formatda müzakirələr apardıqlarını xatırladıb.

“İqlim dəyişikliyi zamanımızın ən böyük təhdididir. Eyni zamanda, onun həlli istiqamətində atılacaq addımlar, yaşıl iqtisadiyyata keçid yolları da bəllidir. Biz Azərbaycan nümayəndə heyətinin töhfəsini, aktiv fəaliyyətini də qeyd etməliyik. Bu göstərir ki, ölkələr individual olaraq təşəbbüslərin irəli sürülməsində necə aktiv rol oynaya bilərlər”, - o vurğulayıb.

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt deyib ki, biz regionda münaqişələrin sülh yolu ilə həlli üzərində işləyirik: “Müzakirələr, danışıqlar vacibdir. Bizə məlumdur ki, münaqişələr və müharibələr dayanıqlı inkişafa mane olur. Biz ATƏT PA parlamentariləri olaraq Helsinki Yekun Aktını dəstəkləyir və onu izləyirik, sülhü, stabilliyi, parlament diplomatiyasını təşviq edirik”.

ATƏT PA-dakı Albaniya nümayəndə heyətinin rəhbəri, Albaniyanın keçmiş enerji naziri Damian Gjiknuri bildirib ki, Albaniya “yaşıl iqtisadiyyat” sahəsində uğurlu addımlar atıb. “Bu gün ölkənin enerjisinin 38 faizi bərpaolunan enerji mənbələrindən təmin olunur ki, bu da yaxşı göstəricidir. “Yaşıl enerji” ortaq hədəfdir, hesab edirəm ki, siyasi ideoloji fərqlərə baxmayaraq ölkələr bu hədəf üzərində birgə işləyə bilər”, - o vurğulayıb.

Litva Seyminin spikerinin müavini Yonas Yarutis isə panel müzakirəsində çıxış edib. O, Litvanın enerji böhranının qarşısını almaq üçün atdığı addımlar, “yaşıl iqtisadiyyat”a keçidi sürətləndirmək üçün görülən işlər barədə məlumat verib.

Beləliklə, konfransın I və II panelləri yekunlaşıb.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31