Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Razılaşma “qapıdadır”...

Razılaşma “qapıdadır”...

07.08.2026 [10:05]

İran ilə Oman Hörmüzdə kompromis yarada biləcəkmi?

Bu ilin fevralının sonundan başlayan ABŞ-İran qarşıdurmasının ən mühüm məqamlarından biri sayılan “Hörmüz düyünü” açılır. Belə ki, İran və Oman Hörmüz boğazından keçən gəmiçilik marşrutu barədə razılığa gəliblər. İslam Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər marşrutun koordinatları ilə bağlı qarşılıqlı anlaşma əldə ediblər. XİN bəyan edib ki, iki ölkənin bununla bağlı birgə bəyanatı hazırlanır və bu bəyanat hər iki tərədən təsdiqlənəcək. “Tərəflər marşrutun coğrafi koordinatları ilə bağlı qarşılıqlı anlaşma əldə ediblər. Müəyyən üçüncü tərəflər maneə yaratmasa, İran və Oman arasında əsas razılaşdırılmış müddəaları özündə əks etdirən birgə bəyanat təsdiqlənəcək”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib. Onun sözlərinə görə, son iki ay ərzində tərəflər Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrut, eləcə də texniki, hüquqi və ekoloji aspektləri müəyyən ediblər.

Hesabatda həmçinin vurğulanıb ki, İran-Oman razılaşması ABŞ-ın bölgədəki hərəkətləri səbəbindən tranzit gəmilər üçün tam təhlükəsizliyə zəmanət vermir.

Əvvəlcə İran...

Xatırladaq ki, bir müddət əvvəl “Financial Times” (FT) mənbələrə istinadən xəbər vermişdi ki, Hörmüz boğazından sərbəst keçidin bərpası ilə bağlı razılaşma ABŞ sanksiyalarının qaldırılmasını, İran limanlarının blokadasını və İran neftinə qoyulan məhdudiyyətlərin yumşaldılmasını əhatə edir. FT mənbələrindən birinin verdiyi məlumata görə, əvvəlcə İran neft tankerlərini və digər gəmiləri boğazın qalan hissəsi dəniz minalarından təmizlənənə qədər bu marşrutdan keçirəcək, bundan sonra arteriya digər gəmilər üçün yenidən açılacaq.

“Axios” da Hörmüzlə bağlı ABŞ, İran və Omanın gəmiçiliyin bərpası üçün müvəqqəti razılığa gəlməsi xəbərini vermişdi. Nəşrin məlumatına görə, danışıqlar bir neçə həftə davam edib.

4 aylıq müqavilə...

Qeyd edək ki, Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatları barədə razılıq müvəqqəti xarakter daşıyır və cəmisi 4 ay davam edə bilər. Bunu İranın XİN-i bəyan edib. İRNA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, hazırda İran və Oman arasında müzakirə olunan Hörmüz boğazından keçən təhlükəsiz marşrutu müvəqqətidir. “Hazırda Omanla danışıqlar aparılan bu marşrut təbii olaraq iki-dörd aya qədər davam edə biləcək müvəqqəti marşrut hesab olunur”, - deyə o bildirib.

Onun sözlərinə görə, razılaşma Lark adası yaxınlığındakı şimal marşrutunu və Oman sularından keçən cənub marşrutunu bağlayacaq. Yeni marşrutun əhəmiyyətli bir hissəsi İranın ərazi sularından, bir hissəsi isə Oman sularından keçir.

“Reuters” agentliyi isə yazır ki, İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı müqavilə Tehrana dəniz yolu ilə Fars körfəzinə daxil olan gəmilərə nəzarət imkanı verəcək ki, bu da İran tərəfi üçün ən böyük güzəştlərdən biridir. “Reuters” bu barədə yüksək vəzifəli İran mənbəsinə və iki regional məmura istinadən məlumat verib. Agentlik qeyd edir ki, İranın boğazda gəmiçilik üzərində nəzarəti ilə bağlı razılaşma, fevral ayında başlayan ABŞ-İsrail hərbi əməliyyatının regional balansı Tehranın xeyrinə əhəmiyyətli dərəcədə dəyişdirdiyi anlamına gəlir. Münaqişədən əvvəl boğaz bütün gəmilərin ödənişsiz üzməsi üçün tamamilə sərbəst idi. Maraqlıdır ki, əsas müzakirə Körfəz ölkələri gəmi yoxlamalarına və rüsumların könüllü xarakterinə nəzarətlə bağlıdır - amma hər bir tərəfin özünün “nəzarət” anlayışı mövcuddur. Bildirilir ki, Tehran yükün dəyərinin 5-7 faizi, Oman isə təxminən 3 faizi məbləğində rüsumları müzakirə edir - Vaşinqton isə bu rüsumların tamamilə ləğvini tələb edir. ABŞ dövlət katibi Marko Rubio dəfələrlə bəyan edib ki, hökumətin beynəlxalq sular üzərində istənilən formada nəzarəti beynəlxalq hüquqa ziddir. “Əgər Yaxın Şərqdə bir millətin beynəlxalq su yoluna nəzarət etmək qərarına gələ biləcəyi bir presedent yaratsaq,” o, bu yaxınlarda dedi, “ödəniş tətbiq edin və onu ödəməsəniz, gəmilərinizi partladın, biz çox təhlükəli bir presedent yaratmış olarıq ki, bu, dünyanın digər yerlərində də təkrarlanacaq.”

Tramp xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp isə razılaşmanın vacibliyini önə çəkib. O,  Hörmüz boğazının “çox tezliklə” gəmiçilik üçün yenidən açılacağını və ya İranın daha çox Amerika zərbələri ilə üzləşəcəyini bildirib. ABŞ Prezidenti bunu Fox News-a verdiyi müsahibədə deyib. “Boğaz çox tezliklə açılacaq, yoxsa onlara çox ağır zərbə vurulacaq”, - deyə Tramp bildirib.

Amerika prezidentinin sözlərinə görə, hazırda Vaşinqton və Tehran arasında “çox yaxşı danışıqlar” gedir. Tramp həmçinin yeni hərbi münaqişə ilə bağlı diplomatik həllə üstünlük verdiyini vurğulayıb.

“Biz onlara çox, çox güclü zərbə vurduq. Amma ən güclü zərbə hələ qarşıdadır və ümid edirəm ki, biz bunu vurmaq məcburiyyətində deyilik. Ümid edirəm ki, biz bunu etmək məcburiyyətində deyilik - hazırda çox yaxşı danışıqlar aparırıq. Onlar sadəcə bunu etiraf etmək istəmirlər”, - deyə o bildirib.

Rüsum tətbiqi digər boğazlara neçə təsir edəcək?

Xatırladaq ki, beynəlxalq şərhçilər hələ aylar öncə Hörmüzdə baş tutacaq hansısa rüsum razılaşmasının mənfi presedent yaradacağını bəyan etmişdilər. Bildirilirdi ki, bu “presedent” dəniz daşımaçılığına ağır zərbə vura bilər. Belə ki, dünyada əsas iqtisadi əhəmiyyətə malik olan boğazlarda vəziyyət fərqlidir. Məsələn, Malayziya və İndoneziya arasındakı Malakka boğazında keçid UNCLOS çərçivəsində “tranzit keçidi” prinsipi ilə tənzimlənir. Gəmilər icazə almadan keçə bilər, amma beynəlxalq naviqasiya qaydalarına əməl etməlidir. Yəmən ilə Cibutinin arasında yerləşən Bəb əl-Məndəb boğazı da beynəlxalq boğaz hesab olunur və tranzit keçidi hüququ tətbiq edilir. Bosfor boğazı Türkiyənin nəzarətində olsa da, keçiddə hərəkət “Montrö Konvensiyası” ilə tənzimlənir. Ticarət gəmiləri üçün əsasən sərbəst keçid var - lakin təhlükəsizlik və naviqasiya qaydaları tətbiq olunur. Boğazda hərbi gəmilər üçün ciddi məhdudiyyətlər mövcuddur. Danimarka boğazlarının bəzi hissələri İsveç ilə paylaşılsa da, əsas nəzarət rəsmi Kopenhagendədir. Burada da UNCLOS çərçivəsində tranzit keçidi tətbiq olunur - gəmilər sərbəst keçə bilir, lakin sıx trafikə görə ciddi naviqasiya və təhlükəsizlik qaydaları mövcuddur. Çilinin nəzarətində olan Magellan boğazı isə tarixi müqavilələrə görə beynəlxalq gəmiçilik üçün açıqdır. Keçid azaddır, lakin Çili naviqasiya təhlükəsizliyinə nəzarət edir.

O ki qaldı, rüsuma, burada da vəziyyət fərqlidir. Bu boğazların çoxunda əsas prinsip “sərbəst tranzit”dir və birbaşa keçid rüsumu tətbiq edilmir. Düzdür, bəzi hallarda xidmət haqları və ya xüsusi rejimlər var. Ayrı-ayrılıqda diqqət yetirsək:

- Malakka boğazında birbaşa keçid rüsumu yoxdur. Yalnız pilotaj, liman xidməti və ya təhlükəsizlik xidmətləri üçün könüllü ödənişlər ola bilər;

- Bəb əl-Məndəb boğazında da rəsmi keçid rüsumu yoxdur. Praktikada bəzi hallarda təhlükəsizlik xərcləri (məsələn, müşayiət və ya sığorta xərcləri) olsa da, bu dövlət rüsumu deyil;

- Bosfor boğazı: vurğulandığı kimi keçid prinsipi “Montrö Konvensiyası” ilə müəyyən edilir və birbaşa tranzit rüsumu yoxdur - amma Türkiyə bəzi xidmət haqları tətbiq edir (məsələn, mayak, tibbi xidmət, xilasetmə). Pilotaj və yedəkləmə xidmətləri də ödənişlidir - bu ödəniş formal olaraq “məcburi” deyil.

- Danimarka boğazlarında da hazırda keçid rüsumu yoxdur. Əvvəllər bu boğazlarda “Sound Dues” adlı rüsum mövcud olub - lakin 1857-ci ildə ləğv olunub. Bu gün yalnız xidmət xarakterli ödənişləri görmək mümkündür.

- Magellan boğazında da keçid pulsuzdur. Çili beynəlxalq razılaşmalara əsasən rüsum tətbiq etmir. Burada da pilotaj və digər texniki xidmətlər üçün ödəniş tələb oluna bilər. Nəticə etibarı ilə, bu strateji boğazlarda birbaşa “keçid haqqı” demək olar ki, tətbiq edilmir.

Beləliklə, siyasi şərhçilər “rüsum təcrübəsi”ni olduqca təhlükəli bir hal kimi qeyd edirlər. Bu təhlükə isə Yaxın Şərqlə izah edilmir - digər boğazlar da bu nümunəyə “müraciət etsələr” qlobal ticarət “iflic” yaşaya bilər...

SADİQ

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31