Heydər Əliyev - müstəqil və qüdrətli Azərbaycanın memarı
11.05.2023 [10:49]
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız Ulu öndərimizin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Azərbaycanın 30 ildən çox bir dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Müasir dövlətçiliyimizin və əbədiyaşar müstəqilliyimizin baş memarı olan, misilsiz xidmətləri ilə Azərbaycan tarixinin şanlı salnaməsini yaradan, öz mənalı ömrünün böyük bir hissəsini doğma Vətəninin və canından əziz bildiyi xalqının iqtisadi tərəqqisi, səadət və xoşbəxtliyi naminə mübarizəyə həsr edən Heydər
Əliyevə olan sevgi və məhəbbət təkcə Azərbaycanda yaşayan on milyon vətəndaşımızın deyil, dünyada yaşayan 50 milyon soydaşımızın da qəlbində əbədiyyət abidəsinə çevrilib.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk 14 il ərzində respublikamız böyük inkişaf yolu keçib. Azərbaycanın zəif aqrar bir ölkədən yüksək dərəcədə inkişaf etmiş qüdrətli sənaye respublikasına çevrildiyi həmin zaman kəsiyində əldə olunmuş misilsiz nailiyyətlər respublikamızın sonrakı dinamik inkişafı üçün möhkəm baza rolunu oynayıb. Ulu öndər Heydər Əliyev ikinci hakimiyyəti dövründə məhz həmin zəngin bazaya söykənərək 70 illik imperiya əsarətindən qurtulub, müstəqillik yoluna qədəm qoymuş Azərbaycanın yüksək inkişaf platformasını müəyyən etdi. Bu gün sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına qədəm qoymuş müstəqil Azərbaycanımızın fenomenal inkişaf yolunun təməlində məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin ağır zəhmət bahasına hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinası dayanır. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi öz dövlət suverenliyini yenicə bərpa etmiş Azərbaycanda demokratik dövlət quruculuğu və institusional kompleks islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşmasına, müasir dövrün tələbləri ilə uzlaşan yeni, çoxşaxəli təsərrüfat sisteminin yaradılmasına və həyatın bütün sahələrində sıçrayışlı inkişafın təminatına möhkəm əsaslar yaratdı. Ümummilli Liderimizin ideyaları Azərbaycanın dünəninə, bu gününə və daha xoşbəxt gələcəyinə hesablanmış uğurlu fəaliyyət proqramı, əvəzolunmaz milli strategiya və müdrik bir konsepsiya idi. O dövrdə müstəqilliyimizin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və həyata keçirmək üçün hər şeydən öncə ali idarəçilik qabiliyyətinə malik müdrik bir siyasətçiyə, iç dünyası zəngin, ağıl və hikmət xəzinəsi olan bir hakimiyyət ustadına ehtiyac var idi. Dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu və dövlət atributlarını yaradıb inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublika vətəndaşlarının rifah halını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olub.
Heydər Əliyev Azərbaycan xalqının milli xilaskarı, milli ideyanın, dövlətçilik ənənələrinin yaradılmasında əvəzsiz xidmətləri olan fenomenal bir şəxsiyyət kimi həm də Azərbaycanın uzunömürlü, davamlı ideoloji-siyasi platformasını, bu platformanın təbliğati-ideoloji prinsiplərini öz məqsəd və məramı ilə həyata keçirən güclü siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının (YAP) qurucusudur. Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda ictimai-siyasi, iqtisadi-sosial vəziyyət həddindən artıq ağır idi. Ölkədə kataklizmlərin sonu görünmürdü və bu, daha ağır fəlakətlərə yol açırdı. Keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsinin aşağı düşməsi, müəssisələrin öz fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qalması, işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqı səviyyəsinin aşağı düşməsi daxili böhran resessiyalarını gücləndirmiş, inflyasiya prosesini qarşısıalınmaz problemə çevirmişdi. Sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əməkhaqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə səbəb olmuşdu. Eləcə də, respublikada ictimai-siyasi sabitlik pozulmuş, anarxiya baş alıb gedirdi. O vaxtkı səriştəsiz hakimiyyət Azərbaycanı çətinliklərdən xilas etmək iqtidarında deyildi. Azərbaycanın gələcəyini düşünən, sağlam ziyalıları xalqı belə ağır vəziyyətdən Heydər Əliyev kimi dahi şəxsiyyətin çıxara biləcəyini dərk edirdilər. O dövrdə Heydər Əliyevin ən yaxın dostlarından biri olan mərhum Əjdər Xanbabayevin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı narahatlıqlarını bu gün də unuda bilmirəm. O, Azərbaycanın bir dövlət kimi az qala tarix səhnəsindən silinmək təhlükəsi qarşısında qaldığı həmin faciəli dövrdə xalqın Heydər Əliyev kimi bütün çətinlikləri dəf etmək, onun qaranlıq yollarını öz ağıl işığı ilə nurlandırmaq, yıxılmış məmləkətimizi yenidən ayağa qaldırmaq qüdrətinə malik bir milli liderə, polad iradəli, zəngin dövlətçilik təcrübəsinə malik, məqsədyönlü iş üslubu, siyasi uzaqgörənliyi, hadisələri düzgün qiymətləndirmək və proqnozlaşdırmaq dəst-xəttinə malik müdrik bir rəhbərə ehtiyacı olduğunu dönə-dönə xatırladır, Onun Azərbaycana qayıtmasının zəruri olduğunu qətiyyətlə bildirir, heç bir təzyiqdən qorxub çəkinmədən müntəzəm olaraq Heydər Əliyevlə telefon əlaqəsi saxlayırdı. Onun danışıqlarında bir əsas məqam var idi: Heydər Əliyev mütləq Bakıya qayıtmalıdır. Əks-təqdirdə, Azərbaycan ağır faciələrlə üzləşəcək.
1989-cu ildə Əjdər Xanbabayevin Heydər Əliyevlə Moskvada görüşü zamanı Onun Azərbaycana qayıdış məsələsi bir daha geniş müzakirə olunmuşdu. 1990-cı il mayın 30-da Əjdər Xanbabayev Heydər Əliyevlə danışıb bir daha qətiyyətlə dedi ki, əgər Azərbaycanın bir dövlət kimi gözlənilən fəlakətdən qurtulub əbədi yaşam pasportu qazanmasını istəyirsinizsə, mütləq Bakıya qayıtmalısınız. Lakin Əjdər Xanbabayev sui-qəsd nəticəsində öldürüldüyü üçün Heydər Əliyevin Bakıya gəlişi bir qədər təxirə düşdü. Amma 1990-cı ilin iyun ayında Heydər Əliyev Vətənə qayıtdı.
Bu proseslərdə yaxından iştirak edən bir şəxs kimi onu da qeyd edə bilərəm ki, Heydər Əliyev Bakıya qayıdıb, buradan da dərhal Naxçıvana yola düşdükdən sonra daxili və xarici qüvvələr Ona qarşı təqib və təzyiqləri artırdılar. Amma Ulu Öndərin qətiyyəti, prinsipiallığı, əzmkarlığı və nəhəng xarizmatik şəxsiyyət olması bütün bu planları alt-üst etdi. Çünki Heydər Əliyevin arxasında Vətənin taleyini öz talelərindən üstün tutan sadə insanlar-ali vicdan sahibləri dayanmışdı. Artıq ölkədə güclü xalq hərəkatı başlamışdı və bu geniş həcmli və ölkəmiqyaslı aksiya Qurtuluş hərəkatına çevrilirdi. Yeri gəlmişkən, Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Moskvada Azərbaycan səfirliyinə gələrək çıxış etməsi xalqı onun ətrafında daha sıx birləşdirmişdi. Onun Moskvadakı həmin çıxışının, həmçinin məşhur teleaparıcı Andrey Karaulova verdiyi müsahibənin kasetləri ilə bağlı bir xatirəni də qeyd etmək istərdim. Çoxlu xahişlərdən sonra dahi rəhbər həmin kasetləri Əjdər Xanbabayevə vermişdi. Sonra biz həmin kasetləri əhali arasında yaymaqla videosu olan insanların da baxmasına nail olduq. Bunun özü də çox böyük ideoloji-təbliğati bir iş idi.
Bütün bu proseslər Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyən sadə insanların tələb və təkidini daha da artırdı. Belə bir vəziyyətdə ölkənin xalq arasında böyük nüfuzu olan tanınmış nümayəndələri, ziyalılar, elm xadimləri, cəmiyyətin bütün üzvləri və sosial təbəqələri Azərbaycanı gözləyən real təhlükələrdən, xarici təhdid və təsirlərdən, vətəndaş qarşıdurmasından və separatizmdən, üstəlik, Ermənistanın işğalçılıq siyasətinin güclənməsi nəticəsində torpaqların itirilməsindən dərin narahatçılıq hissləri keçirərək milli mənafe uğrunda vahid bir ideya bayrağı altında polad sıralarla birləşdilər. Ümummilli lider Heydər Əliyevi ölkənin xilaskarı kimi görən yüz minlərlə insan qətiyyət, iradə nümayiş etdirərək Naxçıvana üz tutdu.
Onların yeganə arzuları Heydər Əliyevin dağılmış respublikaya rəhbərlik etməyə razılıq verməsi idi. Məhz belə bir dövrdə ideoloji-siyasi konsepsiyanın hazırlanması zərurəti meydana çıxdı. 1992-ci il oktyabrın 16-da Heydər
Əliyevə sadiq olan 91 nəfər ziyalı ölkədə vahid milli birliyi və dövlətçiliyi özünün amalına çevirən güclü siyasi təşkilatın təsis olunmasının vacibliyini nəzərə alaraq Ulu Öndərə müraciət etdilər.
O günləri xatırlayanda içimdəki qürur hissi, Heydər Əliyev əzmkarlığına, dühasına olan məhəbbət, Ulu Öndərin nəhəngliyinin təcəssümü bir daha gözlərim önündə bütün zənginliyi ilə canlanır. Biz soyuq zalda palto-papaqla oturduğumuz halda Heydər Əliyev adi pencəkdə gümrah və şux bir görkəmdə əyləşib ölkəmizin düşdüyü ağır durumdan çıxış yollarını arayırdı. Onun belə bir vəziyyətdə düşündüyü yeganə məsələ Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmək idi.
Beləliklə, ümummilli liderin qətiyyəti və prinsipiallığı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) yarandı. Partiyanın strategiyasının ana xətti və başlıca məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsindən, ərazi bütövlüyünün bərpasından, sivilizasiyalı demokratik hüquqi dövlət, dinclik və əmin-amanlıq, ictimai həmrəylik, sabit və sosialyönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar, xalqın firəvan həyatı, onun hüquqlarının qorunması uğrunda mübarizə aparmaqdan ibarət idi. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının qızıl fondudur. Ulu Öndərin böyük qürür hissi ilə bəyan etdiyi kimi, “YAP- dünənin, bu günün, sabahın partiyasıdır”.
Azərbaycanın ağır günlərində 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün uğurlu manevrlər etdi. Qısa müddətdə qardaş qırğınının, ölkənin parçalanmaq təhlükəsinin qarşısı alındı. Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu. Ölkədə milli qurtuluş hərəkatı uğurla başa çatdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkə tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin vaxt Ulu öndərin Milli Məclisdəki çıxışı zamanı “Mən belə bir ağır vəziyyətdə bütün məsuliyyəti öz üzərimə götürürəm” ifadəsi xalqın dilində bir şüara çevrildi. Bu, tariximizin şanlı səhifəsidir.
Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məqsədyönlü siyasəti və gərgin fəaliyyəti müstəqil dövlətimizi və xalqımızı yenidən müstəmləkə boyunduruğu altına düşməkdən xilas etdi. Ölkədə baş verən hərc-mərclik o dahi şəxsiyyətin böyük müdrikliyi, yüksək təşkilatçılıq bacarığı və siyasi uzaqgörənliyi sayəsində qısa müddətdə aradan qaldırıldı. Dövlətçiliyin milli əsaslarının yaradılması istiqamətində köklü dəyişikliklər baş verdi. Siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara start verildi. Demokratik təsisatların təhlükəsiz şəraitdə uğurlu fəaliyyətinə, xarici ölkə şirkətlərinin, korporasiyalarının, ayrı-ayrı əcnəbi iş adamlarının respublikamıza investisiya qoyub müstəqil işləmələrinə, beləliklə də, Azərbaycanın iqtisadiyyatının, sosial həyatının tədricən inkişaf etməsinə, dünənədək aclıq və yoxsulluq məngənəsində çırpınan xalqın yaşam vəziyyətinin normallaşmasına əlverişli şərait yarandı.
Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlandı. Ümummilli liderin gərgin əməyinin və qətiyyətinin ən böyük bir nümunəsi də Azərbaycanı dünyaya bağlayan neft sazişlərinin imzalanmasıdır. Onun prinsipial mövqeyi və əzmkarlığı sayəsində Azərbaycanın maraqlarına tam cavab verən müqavilə şərtləri hazırlandı və 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsinin 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.
Beləliklə, Ulu Öndərimiz qurucusu olduğu müstəqil Azərbaycanı inkişaf yoluna çıxardı, dünyaya təqdim etdi. Prezidentimiz cənab İlham Əliyev isə dahi Heydər Əliyevin layiqli siyasi davamçısı kimi doğma Azərbaycanımızı bütün dünyaya tanıtdı, 30 il düşmən tapdağında olan torpaqları azad edərək ATA vəsiyyətinə əməl etdi. Bu gün Azərbaycanın gücü və qüdrəti hər bir vətəndaşda qürur doğurur. Azərbaycan xalqı Prezident, partiyamızın Sədri İlham Əliyevin ətrafında sıx birləşib. Biz, dövlət başçısının son dərəcə cəsarətli, müstəqil, praqmatik, Azərbaycanın parlaq gələcəyinə hədəflənmiş və milli mənafelərimizə xidmət edən siyasətini bundan sonra da qəlbən dəstəkləyəcək və dövlətimizə, ulu öndərimiz Heydər Əliyevin əbədiyaşar ideyalarına sədaqətlə, ləyaqətlə və şərəflə xidmət edəcəyik.
Rizvan VAHABOV,
Yeni Azərbaycan Partiyasının üzvü
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44

