Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Çin Azərbaycanın yaxın tərəfdaşıdır...

Çin Azərbaycanın yaxın tərəfdaşıdır...

20.05.2026 [11:52]

Pekin - Bakı münasibətləri hərtərəfli xarakter daşıyır

Azərbaycan ilə Çin arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənir - üst-üstə düşən maraqlar, uzlaşan mövqelər yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri bu məsələdə mühüm rol oynayır. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirir və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırır. Bu isə dinamik və işgüzar xarakter daşıyan əlaqələrin yeni mərhələdə də inkişaf xəttini davam etdirməsinin mühüm ştrixlərindəndir. Eyni zamanda, dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edərkən bu məqamlar müzakirə mövzusu olub. Qonaq, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdıraraq qeyd edib ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.

Bakı qlobal məsələlərin müzakirə ünvanıdır...

Azərbaycan sözün əsl mənasında yeni dövrün aparıcı aktoru kimi ön plana çıxıb. Qlobal təhlükəsizliyin təmininə verdiyi töhfələr, yeni iqtisadi nizamın inkişafındakı səylər, ekosistemin qorunmasında fəal iştirak, yaşıl enerji siyasətindəki irəliləyişlər, o cümlədən, müasir inkişaf istiqamətlərinin mənimsənilməsi - süni intellektin inkişaf etdirilməsi və bu kimi əsaslı addımlar Bakını diqqət mərkəzinə salır. Ölkəmizdə keçirilən beynəlxalq statuslu tədbirlər Azərbaycanın sürətli inkişafının mühüm təqdimatına çevrilir. Bu mənada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirəsi də təsadüfi sayıla bilməz - Bakı yeni mərhələdə qlobal gündəlikdə yer alan əsas məsələlərin həlli ilə bağlı vacib proqramlar təqdim etməkdədir. Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçin də tədbirdə iştirak etməkdən şərəf duyduğunu deyib və ölkəsində bu foruma mühüm əhəmiyyət verildiyini vurğulayıb. O, ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Qonaq, həmçinin forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox məzmunlu olduğunu bildirib. Prezident İlham Əliyev Çinin bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirib.

İkitərəfli əlaqələr...

Qeyd edək ki, 2024-cü ilin iyulunda və ötən ilin aprelində imzalanmış strateji əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı bəyanatlar ikitərəfli münasibətlərə yeni nəfəs, yeni şəkil qazandırıb. İmzalanan sənədlər, müzakirə edilən məsələlər, o cümlədən, proqnozlaşdırılan geniş əməkdaşlıq sferası mühüm bir regionda gələcək onilliklərin iqtisadi xəritəsini müəyyənləşdirir. Ötən il aprelin 23-də imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” isə ikitərəfli əməkdaşlıqda yeni səhifə açıb. Bu sənəd strateji tərəfdaşlıq səviyyəsinin ən yüksək səviyyədə inkişafına -  Azərbaycan və Çinin genişmiqyaslı layihələr həyata keçirməsinə, vizasız rejimin tətbiqinə yol açıb, əməkdaşlıq isə siyasət və iqtisadiyyatdan humanitar mübadiləyə qədər getdikcə daha çox sahəni əhatə edir.

İkitərəfli əlaqələrdə lider amili isə xüsusi əhəmiyyətə malikdir - qarşılıqlı hörmət və etimad Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Qəbul zamanı Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçin Azərbaycan-Çin əlaqələrində sürətli artımını məmnunluqla qeyd edib və dövlət başçılarının görüşlərini xatırlayıb. Qonaq münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib.

Bakı “vahid Çin” prinsipini dəstəkləyir...

Azərbaycan və Çin dövlətləri ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət prinsipini daim yüksək dəyərləndiriblər. Bunun nəticəsidir ki, Bakı hər zaman “vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır - Azərbaycan istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. Çin tərəfi də öz növbəsində Azərbaycan tərəfinin Cənubi Qafqazın inkişafı üçün təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir. Qeyd edək ki, “Tayvan problemi” uzun illərdir ki, davam edir və məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır - Bakı “vahid Çin” siyasətini dəstəkləyib.  Səfir də müsahibəsində bu məqama toxunaraq qeyd edib ki, siyasi qarşılıqlı etimad daim möhkəmlənir. Prezident İlham Əliyev Çin hökumətinin milli birliyə yönəlmiş bütün səylərinə dəstəyini aydın şəkildə bildirib.

Çinli qonaq da görüş zamanı ölkəsinin Tayvan regionu ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirib. Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğulanıb ki, Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir.

Siyasi əlaqələrin inkişafında iqtidar partiyalarının rolu...

Görüşdə Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələr qeyd olunub, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Bəli, Çin ilə Azərbaycan arasında ictimai həyatın ən müxtəlif sahələri üzrə əməkdaşlıq yüksək səviyyədədir - iki ölkənin aparıcı siyasi gücü sayılan iqtidar partiyaları arasında çoxşaxəli əlaqələr mühüm inkişaf tempinə malikdir. Qarşılıqlı səfərlər, təşkil olunan beynəlxalq səviyyəli partiyalararası konfrans və tədbirlər, partiyaların ayrı-ayrı strukturlarının əlaqələndirilməsi yönündə atılan addımlar müsbət nəticələr verir. Xüsusilə, son bir neçə ildə bu əlaqələrin daha da güclənməsi diqqəti cəlb edir. Yeri gəlmişkən bu ay Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çinə səfər edib. Səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjen Tszyanban, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Partiya Məktəbinin birinci prorektoru, nazir Si Çuntao, Çin Kommunist Partiyası (ÇKP) Şensi vilayət təşkilatının katibi, Şensi vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao İde ilə görüşüb.

Qeyd olunmalıdır ki, YAP və ÇKP arasında əməkdaşlıq münasibətləri uzun illərdir davam edir. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin rəhbərliyinin 1999-cu il dekabrın 20-21-də Yeni Azərbaycan Partiyasının ilk qurultayında iştirak etmək üçün ölkəmizə səfəri ilə əsası qoyulan partiyalararası əməkdaşlıq əlaqələri ən güclü və intensiv formada davam etdirilir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31