Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan üçün maraqlı, cəlbedici maddələr var...

Azərbaycan üçün maraqlı, cəlbedici maddələr var...

28.04.2023 [11:23]

...Odur ki, ən iri beynəlxalq təşkilatlardan biri kimi NATO-ya prinsipial münasibətimizi, öz mövcudluğu ərzində Avropada və bütün dünyada vəziyyətin sabitləşməsi üçün çox yaxşı iş görmüş olan NATO-ya hörmətimizi əsas tutaraq biz “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmağı mümkün və vacib hesab etdik

03.05.1994

Aslan Aslanov

...Mayın 3-də Ulu Öndərin Brüsselə səfəri başladı. O, Binə hava limanında jurnalistlərə müsahibəsində səfərin məqsədini açıqlayaraq dedi: “Brüsseldə dövlət başçıları ilə görüşlərim olacaqdır. Eyni zamanda, həmin ölkənin işgüzar dairələrinin nümayəndələri mənimlə görüşmək istədiklərini bildiriblər. İş adamları ilə görüşlərimiz olacaqdır. Bilirsiniz ki, Avropa İqtisadi Birliyinin iqamətgahı Belçikadadır. Orada bu birliyin Azərbaycana yardım göstərməsi barədə məsələləri müzakirə edəcəyik. Səfərimin əsas məqsədi bundan ibarətdir. Şübhəsiz ki, orada Azərbaycandakı indiki vəziyyət, Azərbaycanla Ermənistan arasında gedən müharibə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün bu gün də davam etməsi məsələləri də müzakirə olunacaqdır. Həm NATO-nun qərargahında, həm də başqa görüşlərimdə bu barədə söhbətlər aparacağam və Azərbaycanın mövqeyini bildirəcəyəm”.

Cəbhədəki vəziyyət barədə sualı cavablandıran Prezident təcavüzkar Ermənistana kömək edən qüvvələrin olduğunu vurğulayaraq dedi ki, erməni silahlı birləşmələri aprelin 10-dan indiyə qədər Azərbaycan torpaqlarına müntəzəm olaraq hücum edirlər. Onlar Azərbaycanın Silahlı Qüvvələri tərəfindən zərbələr alsalar da, hücumlara ara vermirlər. Bu hücumlarda da onlar tək deyillər, təcavüzkarlara kömək edən qüvvələr var.

Dövlət başçısı atəşkəslə bağlı Azərbaycanın mövqeyini bir daha açıqlayaraq məlumat verdi ki, aprelin 28-də Rusiyanın Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyi atəşin dayandırılması təklifi ilə çıxış edib. Azərbaycan bu təklifə müsbət cavab versə də, Ermənistan tərəfi bununla razılaşmayıb.

“Bu müddətdə cənab Mosberqin başçılığı ilə ATƏM-in Minsk qrupunun böyük bir heyəti Azərbaycana gəlmişdi. Bu heyətin tərkibində Amerika generalları da olmuşdur, Rusiyanın, İtaliyanın və Minsk qrupuna daxil olan dövlətlərin nümayəndələri də var idi. Bu heyət, cənab Mosberq mənimlə çox geniş söhbətlər apardı. Sonra onlar Xankəndidə və Yerevanda oldu və yenə də Bakıya qayıdaraq mənimlə görüşdülər, atəşin dayandırılması barədə bizə bir saziş layihəsi təqdim etdilər. Mən bu layihə ilə də razı oldum. Onlar buradan Yerevana getdilər, Ermənistan Prezidenti Levon Ter-Petrosyanla görüşdülər. Ermənistan tərəfi bu sazişin imzalanmasına razılıq vermədi, bəyan etdi ki, onlar atəşin dayandırılmasına hazır deyillər. Guya atəşin dayandırılması üçün xüsusi mexanizm hazırlanmalıdır. Biz də bilirik ki, atəşin dayandırılmasına, ona nəzarət edilməsinə xüsusi mexanizm lazımdır. Ancaq atəş dayandırıldıqdan sonra bu mexanizm hazırlana bilər. Əgər indi biz oturub mexanizm üzərində işləsək və eyni zamanda, hər gün atəş davam etsə, o tərəfdən də, bu tərəfdən də insanlar qırılsalar, bu, şübhəsiz ki, nə Ermənistan tərəfi üçün, nə də bizim üçün faydalı olmayacaqdır”, - deyə Prezident təfərrüatları da jurnalistlərin diqqətinə çatdırdı.

Brüssel hava limanında rəsmi qarşılanma mərasimindən sonra Heydər Əliyev Belçikada yaşayan və onu qarşılamağa gələn Azərbaycan icmasının nümayəndələri ilə qısa görüş keçirdi. O, respublikamızdakı ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Milli Ordumuzun uğurlu döyüş əməliyyatları barədə danışdı və soydaşlarımızı maraqlandıran suallara cavab verdi.

Mayın 3-də Azərbaycan Prezidentinin Belçikanın Baş naziri Jan Lük Dean ilə görüşü oldu. Liderlər iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı məsələləri ətraflı müzakirə etdilər. Görüşün nəticələri barədə jurnalistlərin suallarına cavab verən Heydər Əliyev qeyd etdi ki, münasibətlərin inkişafının yaxşı perspektivləri var. Belçikanın Baş naziri isə dövlətlər arasında mövcud sərhədlərin zor gücünə dəyişdirilməsinin əleyhinə olduğunu vurğulayaraq diqqətə çatdırdı ki, onun ölkəsi Qarabağ probleminin ATƏM çərçivəsində dinc vasitələrlə aradan qaldırılmasına tərəfdardır.

Azərbaycan Prezidenti daha sonra NATO-nun Brüseldəki iqamətgahına getdi. Heydər Əliyevi NATO baş katibinin birinci müavini Serco Balantsino və blokun digər rəhbərləri qarşıladılar. Heydər Əliyevin Serco Balantsino ilə görüşündə tərəfləri maraqlandıran bir çox məsələlər müzakirə edildi. Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” haqqında Şimali Atlantika İttifaqının proqramına qoşulmasına dair yeni sazişin imzalanması bu görüşün əsas yekunu oldu.

Sonra Azərbaycan Prezidenti NATO Şurasının iclasında çıxış etdi. Səmimi qəbula görə minnətdarlığını bildirən Prezident Heydər Əliyev NATO baş katibinin müavini və NATO Şurası üzvlərinin arasında olmaq imkanını Azərbaycan Respublikası üçün mühüm hadisə adlandırdı. Dövlətimizin başçısı daha sonra dedi: “Azərbaycan Respublikası öz müstəqilliyini möhkəmləndirmək yolu ilə gedir, o, daxili siyasətdə demokratik, hüquqi dövlət quruculuğu yolu tutur. Bəşəriyyətin nail olduğu demokratik dəyərlərdən istifadə etməklə şəxsiyyət azadlığı və insan hüquqlarının müdafiəsi, çoxpartiyalı sistem, siyasi plüralizm üçün şərait yaradır. İqtisadiyyat sahəsində respublika iqtisadi islahatların həyata keçirilməsi və bazar iqtisadiyyatının, azad sahibkarlığın, azad təşəbbüskarlığın bərqərar olması yolunu tutmuşdur. Biz belə hesab edirik ki, bütün bunlar Azərbaycanın dünya birliyinə sıx inteqrasiyası üçün yaxşı zəmindir”.

Respublikamızın hazırda ağır iqtisadi böhran keçirdiyini diqqətə çatdıran Prezident Heydər Əliyev bunun səbəblərindən danışdı. Bildirdi ki, bu böhran bir tərəfdən 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovet İttifaqının dağılması, Sovet İttifaqının bütün başqa respublikaları arasında sıx inteqrasiya əlaqələrinin pozulması, bir iqtisadi sistemdən başqasına keçidlə əlaqədardır. Digər tərəfdən isə Azərbaycanın Ermənistan Respublikası ilə müharibə vəziyyətində olması, hərbi təcavüzə məruz qalması böhranı daha da dərinləşdirmişdir.

Sonra Prezident Heydər Əliyev iclas iştirakçılarını Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri barədə də məlumatlandıraraq dedi: “Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədi güdən Ermənistanın hərbi təcavüzü nəticəsində erməni silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. Müharibə nəticəsində 20 mindən çox adam həlak olmuşdur, təxminən 4 min nəfər əsir düşmüş və girov götürülmüş, Azərbaycan ərazisinin minlərlə yaşayış evi, xəstəxana, məktəb, sosial obyekt, sənaye və kənd təsərrüfatı müəssisələri məhv edilmişdir və Azərbaycana milyardlarla dollar zərər vurulmuşdur. Ən dəhşətlisi odur ki, işğal olunmuş rayonların sakinləri - bir milyondan çox adam yaşayış yerlərini itirərək öz ölkəsində qaçqına çevrilmişdir”.

Prezident daha sonra diqqəti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə yönəldərək təəssüflə bildirdi ki, erməni işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını qəti şəkildə tələb olunduğu bu sənədlərin heç biri Ermənistan tərəfindən yerinə yetirməmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü il mayın 4-də Brüsseldə Beynəlxalq Mətbuat Mərkəzində çıxış edərək səfərinin yekunlarından danışdı. KİV nümayəndələrinə Belçikanın Baş naziri ilə görüşü,  apardığı danışıqlar, imzalanmaq üçün təqdim edilmiş bir sıra layihələr, o cümlədən əməkdaşlıq haqqında Memorandum, ticarət, iqtisadi əməkdaşlıq haqqında, turizm sahəsində əməkdaşlığa dair sazişlərin layihələri haqqında məlumat verdi.

Belçikaya səfərinin əsas hissəsinin NATO iqamətgahında keçdiyini diqqətə çatdıran Heydər Əliyev bunu Azərbaycanın alyansla əməkdaşlığa olan marağı ilə izah etdi: Bilirsiniz ki, 1992-ci ildən NATO Şimali Atlantik Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul etmişdi. Digər ölkələrlə yanaşı, keçmiş Sovet İttifaqının respublikaları, o cümlədən Azərbaycan da bu sıraya daxil olmuşdu.

NATO-ya üzv olan ölkələrin dövlət başçıları “Sülh naminə tərəfdaşlıq” proqramı haqqında qərar çıxarmış və Şərqi Avropa ölkələrini və keçmiş Sovet İttifaqının ərazisində yaranmış yeni müstəqil dövlətləri bu proqrama qoşulmağa çağırmışlar. Biz Azərbaycanda bu sənədi ətraflı öyrəndik, orada Azərbaycan Respublikası üçün maraqlı, cəlbedici maddələr var. Odur ki, ən iri beynəlxalq təşkilatlardan biri kimi NATO-ya prinsipial münasibətimizi, öz mövcudluğu ərzində Avropada və bütün dünyada vəziyyətin sabitləşməsi üçün çox yaxşı iş görmüş olan

NATO-ya hörmətimizi əsas tutaraq biz “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmağı mümkün və vacib hesab etdik”.

1994-cü il mayın 4-də NATO-nun Brüsseldə yerləşən iqamətgahında “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədinin imzalanma mərasimində bəyanat qəbul olundu. Ölkəmizin demokratik cəmiyyət qurmaq əzminin yüksək qiymətləndirildiyi bəyanatda deyilirdi ki, zəngin və çoxəsrlik tarixə malik olan, böyük inkişaf yolu keçən Azərbaycan Respublikası üç il bundan əvvəl sovet totalitarizminin süqutu nəticəsində öz milli istiqlaliyyətini bərpa edib və BMT-də, ATƏM-də və digər beynəlxalq təşkilatlarda təmsil olunduğuna görə bu gün NATO üçün dünya birliyinin tamhüquqlu üzvüdür. Dünya inkişafının bugünkü qanunauyğunluqlarını nəzərə alaraq indiki mərhələdə Azərbaycan dünya birliyində öz layiqli yerini tutmağa çalışır və demokratik cəmiyyət yaratmaq əzmindədir. Elə bir cəmiyyət ki, bəşər sivilizasiyasının öz inkişafının bütün mərhələlərində yaratdığı fundamental prinsiplərə və dəyərlərə sadiqdir. Azərbaycanda dövlət siyasətinin əsasını sülhsevərlik, siyasi plüralizm, şəxsiyyət azadlığının və insan hüquqlarının tanınması və təmin olunması prinsipləri təşkil edir. Respublikada siyasi partiyalar, dini etiqad azadlığı, milli azadlıqların müdafiəsi və sair haqqında normativ sənədlər qəbul edilmişdir və işləyir.

Bəyanatda, həmçinin vurğulanırdı ki, Azərbaycan ərazilərinin işğalı faktı və bu ərazilərdən işğalçı Ermənistan silahlı qüvvələrinin dərhal tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində öz əksini tapmışdır. Lakin Ermənistan indiyədək müxtəlif bəhanələrlə həmin qətnamələri yerinə yetirməkdən imtina edir, öz davranışı ilə dünya birliyinə açıq-aşkar meydan oxuyaraq münaqişənin dincliklə, siyasi yollarla aradan qaldırılması üçün göstərilən bütün cəhdləri kökündən pozur. Azərbaycanın ərazi bütövlüyünü tanımır, işğal olunmuş Azərbaycan ərazilərini tərk etməkdən boyun qaçırır.

Sənəd Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramına bəslədiyi ümidləri əks etdirməsi baxımından da maraq doğururdu. NATO-nun o vaxt da, indi də kollektiv təhlükəsizlik nöqteyi-nəzərindən oynadığı müstəsna rolu nəzərə alaraq bəyanatdakı bir neçə məqamı xatırlatmaq, zənnimcə, yerinə düşər:

- Bazar iqtisadiyyatı olan müstəqil, demokratik dövlət qurmaq yolu seçən gənc Azərbaycan Respublikası bu yolda böyük müvəffəqiyyətlər qazanmış dövlətlərə böyük ümidlə baxır və onlardan kömək və yardım gözləyir. Buna görə də bir çox digər ölkələr kimi biz də NATO-nun “Sülh naminə tərəfdaşlıq” təşəbbüsünü böyük ruh yüksəkliyi ilə qarşılayırıq...

- Şimali Atlantika İttifaqı özlüyündə bizim üçün elə bir təhlükəsizliyə istiqamətdir ki, bu təhlükəsizliyi o, NATO-nun üzvü olan ölkələrin dövlət və hökumət başçılarının bu il yanvarın 10-da keçirilmiş görüşündə NATO-nun baş katibi Manfred Vernerin dediyi kimi, öz üzvləri üçün təmin edir. Çünki bu, kollektiv təhlükəsizlik sahəsində daha səmərəli fəaliyyət göstərən təşkilatdır...

- Ümidvarıq ki, Azərbaycan Respublikasının “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması bizə Avropada kollektiv təhlükəsizliyin etibarlı sisteminin yaradılmasında iştirakımızı fəallaşdırmağa imkan verəcəkdir.

( Ardı var )

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31