Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti

Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti

08.06.2016 [10:00]

Dünyanın müxtəlif regionları arasında informasiya və əmtəə mübadiləsinin artdığı, nəqliyyat sisteminin inkişaf etdiyi müasir dövrdə turizm əksər ölkələrdə real, yaxud potensial gəlir mənbəyi kimi ilk sıralarda dayanır. Ümumdünya Turizm Təşkilatına görə, istirahət, iş və digər məqsədlərlə öz daimi yaşayış məkanlarının hüdudlarından kənara səyahət edən və ya 1 ilədək başqa mühitdə yaşayan insanlar turist hesab olunurlar. Dünyada il ərzində beynəlxalq turizm səyahətlərinə sərf olunan vəsait 1 trilyon ABŞ dollarından çoxdur. Daxili turizmə sərf olunan səyahət xərclərini də nəzərə aldıqda turizm sektorunun çox böyük həcmdə maliyyə axınlarına təkan verdiyi aydın olur.
Turizm sektoru kifayət qədər həssas sahədir, yəni ölkələrarası və daxili proseslər, təbii fəlakətlər, müharibələr, iqtisadi böhranlar və s. turist axınlarının həcminə və istiqamətinə xeyli dərəcədə təsir göstərə bilir. Bununla belə, turizm həm də kifayət qədər cəlbedici sahədir, çünki özünün turizm potensialından düzgün yararlanan və onu beynəlxalq miqyasda təbliğ edən, özünün müsbət imicini formalaşdıra bilən ölkələr qısa müddətdə bu sahədən böyük həcmdə gəlir əldə edir. Xarici turist axını ölkə iqtisadiyyatına külli miqdarda maliyyənin cəlb olunması, daxili turizmin inkişafı isə maliyyə vəsaitlərinin ölkənin müxtəlif regionları arasında daha geniş paylanması, regionlarda iş yerlərinin artması, iqtisadi münasibətlərin canlanması deməkdir.
Azərbaycan geniş turizm imkanlarına malikdir
İqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması siyasətinin həyata keçirildiyi Azərbaycanda turizmin inkişafı böyük perspektivlər vəd edir. Ölkəmizdə turizmin bir çox sahələrinin inkişafı üçün geniş resurslar mövcuddur.
Azərbaycan təbiət turizminin inkişafı üçün çox əlverişli məkandır. Xəzər dənizi sahilində yerləşən, Böyük və Kiçik Qafqaz dağları ilə əhatə olunan ölkə ərazisinin yarıya qədəri dağlıq zonalar, qalan hissəsi geniş düzlər, ovalıqlar, çökəkliklərdir, ölkədə 1250-dək çay, 250-dək göl vardır. Landşaftın müxtəlifliyi nəticəsində dünyada mövcud olan 13 iqlim tipindən 9-na ölkəmizdə rast gəlinir, bu isə flora və faunanın zənginliyi deməkdir. Ölkədə 12 minədək heyvan, 4500-dən artıq bitki növü vardır. Dağlıq ərazilər qış turizmi, dağ idman növləri, ekstremal turizmin inkişafı üçün münasib məkandır. Bundan əlavə, Azərbaycan təbiətinin palçıq vulkanları, Yanardağ kimi nadir nümunələri də turistlərin marağını cəlb edir.
Şirvan, Mil, Muğan düzlərinin landşaftı və faunası burada safari turizmi, yəni ovçuluq və ya foto ovçuluq, balıqçılıq, təbii məkanda heyvanları müşahidə etmək məqsədilə təbiətə, qoruqlara səyahət üçün əlverişlidir.
Həmçinin ölkəmizdə müalicəvi termal suların, palçığın, neftin, duz mağaralarının olması sağlamlıq turizminin inkişafı üçün önəmli bazadır.
Təbiət zənginlikləri ilə yanaşı, qədim yaşayış məskəni və böyük tarixi keçmişə malik olan Azərbaycanda arxeoloji turizmin inkişafına imkan verən müxtəlif dövrlərə aid yerli, ölkə və dünya əhəmiyyətli 7 minədək maddi-mədəniyyət abidələri mövcuddur. Arxeoloji abidələrlə yanaşı, çoxsaylı muzeylər, incəsənət qalereyaları, zəngin milli musiqimiz, milli mətbəximiz, şəhərlərimizin, o cümlədən paytaxt Bakının özünəməxsus memarlıq üslubu, parklar, xüsusən də Dənizkənarı bulvar da mədəni turizmin inkişafı baxımından əvəzsiz sərvətdir.
Azərbaycanın zəngin mədəniyyəti mədəni və əyləncə turizmi üçün geniş imkanlar yaradır. Bu baxımdan, turizm obyektlərində mütəmadi olaraq milli musiqimizi, rəqslərimizi, geyimlərimizi, eləcə də xalq rəvayətlərini, adət-ənənələrini və s. təbliğ edən kiçik konsertlərin, şouların təşkili də turistlərin marağına səbəb ola bilər.
Qədim yaşayış xüsusiyyətlərini müəyyən dərəcədə qoruyub saxlayan Xınalıq, Nic, İvanovka və digər kəndlərimiz etnoturizmin inkişafı üçün gözəl məkanlardır.
Sadalananlar Azərbaycanın turizm imkanlarının yalnız bir hissəsidir və əsasən istirahət turizmini əhatə edən istiqamətlərdir. Bununla belə, ölkəmizin biznes mühitinin və xarici iqtisadi əlaqələrinin inkişafı ilə əlaqədar, həmçinin irimiqyaslı layihələrin, eləcə də Avroviziya, Avropa Oyunları, qarşıdan gələn “Formula-1” yarışları, İslam Həmrəylik Oyunları kimi beynəlxalq miqyaslı müsabiqələrin təşkilində iştirak məqsədilə hər il Azərbaycana minlərlə biznes turisti də səyahət edir.
Turizmin inkişafı Azərbaycanda dövlət siyasətidir
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycandakı ümumi siyasi-iqtisadi böhran turizm sektoruna da ağır zərbə vurmuşdu. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyevin sayəsində ölkə daxilində sabitliyin bərqərar olması, Ermənistanın hərbi təcavüzünün dayandırılması və atəşkəsə nail olunması, təbiətin və tarixi abidələrin qorunması, xarici şirkətlərin ölkəyə dəvət olunması, Azərbaycanın xarici əlaqələrini genişləndirməsi, beynəlxalq təşkilatlara üzv olması, dünyada müsbət imicini formalaşdırması turizmin dirçəlməsinə və inkişafına təkan verdi.
Bununla yanaşı, birbaşa olaraq turizmin inkişafına yönələn siyasət həyata keçirilməyə başlandı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edildikdən sonra Ulu öndər 27 iyul 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
Azərbaycan turizminin daha bir uğuru respublikamızın 2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında bu beynəlxalq təşkilata üzv seçilməsi oldu. Bu isə respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və əməli yardım edilməsinə imkan yaratdı.
2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ edən “Welcome to Azerbaijan” adlı xüsusi disk hazırlandı və ÜTT-nin Baş Assambleyasına təqdim olundu. Bununla yanaşı, diskin “Turizm in Azerbaijan” adlı veb səhifəsi yaradıldı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Bütün bunlar Azərbaycanın dünyada turizm məkanı kimi tanınmağa və qəbul olunmağa başlanmasından xəbər verirdi.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu, 2003-cü ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident Fərmanı imzalandı. Artıq 21-ci əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi.
Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında Fərmanı ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addım oldu. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” isə ölkəmizdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə normativ zəmin yaratdı.
Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu ilin aprelində “Baku Expo Center”də turizm biznesinin peşəkarları üçün nəzərdə tutulan, 29 ölkədən 330 şirkətin qatıldığı 15-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF 2016) sərgisi keçirildi. Ölkəmiz isə Londonda (WTM), Berlində (ITB), Moskvada (MITT), İstanbulda (MTE) və digər şəhərlərdə keçirilən 20-dək ən nüfuzlu beynəlxalq turizm forumlarında iştirak edir.
Turizm sərgilərinin təşkili və beynəlxalq sərgilərdə iştirak, Azərbaycanı təbliğ edən reklam çarxlarının və nəşrlərin hazırlanması, xarici ölkələrdə konsert və tədbirlərin keçirilməsi ilə yanaşı, ölkəmizdə son illərdə baş tutan nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələri, humanitar forumlar da Azərbaycana marağı artırıb. Son 10 ildə ölkəyə gələn turistlərin sayı 5 dəfə artıb, il ərzində ölkəyə 2 milyona yaxın turist gəlir.
Turist axınının artması sayəsində ölkənin müxtəlif regionlarını əhatə edən 250-dən çox turizm şirkəti xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, respublikamızda 600-ə yaxın mehmanxana fəaliyyət göstərir. Paytaxtımızdakı ən məşhur brend şəbəkəli mehmanxanalardan Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Bulvar Hotel, Hilton Baku, Kempinski Hotel Badamdar, Intourist, Fairmont və digərlərini göstərmək olar. Azərbaycanın regionlarında fəaliyyət göstərən iri mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri sırasında Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, “Tufandağ” qış turizm kompleksini, Qusar rayonundakı “Şahdağ” turizm mərkəzini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini göstərmək olar. Təsadüfi deyil ki, sadalanan obyektlərin böyük əksəriyyətinin açılışında dövlət başçısı da iştirak edərək sahibkarların turizm sektorundakı fəaliyyətinə dəstəyini nümayiş etdirib.
Turizmin inkişafı yönündə önəmli addımlardan biri də 2016-cı ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi imkanının yaradılmasıdır. Bunun sayəsində artıq Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. Belə ki, BƏƏ-dən 2015-ci ilin ilk 4 ayı ərzində ölkəyə gələn turistlərin sayı 363 nəfər olduğu halda, 2016-cı ilin eyni dövrü ərzində bu göstərici 6 624 nəfər təşkil edib.
Beləliklə, qeyri-neft sektorunun inkişafı fonunda əhəmiyyəti artan turizm sektoru iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla xırda və orta sahibkarlıq üçün möhkəm baza formalaşdırır. Bundan əlavə, bölgələrdə turizmin inkişafı yeni iş yerlərinin açılmasına, region infrastrukturunun formalaşdırılması və təkmilləşdirilməsinə əlverişli şərait yaradır. Bütün bunlar Azərbaycanın yeni inkişaf hədəflərinə çatması yönündə dövlətin qarşıya qoyduğu vəzifələrin icrasına xidmət edir və ölkəmizin düzgün inkişaf yolunda irəlilədiyini təsdiqləyir.
Zahid İLHAMOĞLU,
Yazı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud
vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti”
mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

Paylaş:
Baxılıb: 4782 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30