Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əzilən uşaqlıq...

Əzilən uşaqlıq...

28.02.2023 [11:22]

Məişət zorakılığına qarşı mübarizə necə aparılmalıdır?

Nicat Dilqəmli

Son illər ölkəmizdə məişət zorakılığına məruz qalan şəxslərin sayında artım müşahidə olunmaqdadır. Bunu rəsmi statistik göstəricilər də təsdiq edir. Təkcə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində 68 nəfəri uşaq olmaqla 101 şəxsə xidmətlər göstərilib. Nazirlikdən bildirilib ki, hazırda 13-ü uşaq olan 18 nəfərlə reabilitasiya işi davam edir: “Fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılıb. 2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələblərə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür”.

Göstəricilər vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Bunun üçün də həyəcan təbili çalmağın vaxtıdır. Mütəxəssislər məişət zorakılığının müxtəlif səbəblərdən baş verdiyini desələr də, yekun nəticə düzgün maarifləndirmə işlərinin aparılmamasından, eləcə də valideynlərin az və ya tamamilə yanlış məlumatlı olmasından ibarətdir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Azərbaycan” qəzetinə açıqlamasında məişət zorakılığına məruz qalan uşaqların sayının qeyd ediləndən dəfələrlə çox olmasını diqqətə çatdıraraq hər birinin kökündə ailədə formalaşmış bir tərbiyənin, davranışın, baxımsızlığın dayandığını bildirib: “Nəzərə almaq lazımdır ki, sığınacaqlar təkcə dövlət nəzdində deyil. Qeyri-hökumət təşkilatlarının da nəzdində sığanacaq-reabilitasiya-reinteqrasiya mərkəzləri var. Qeyd edilən statistik rəqəmlərin üzərinə onları da əlavə etsək, rəqəmlər artacaq. Hər il təkcə bizim sığınacaqda təxminən 200-300 uşağın yerləşdirilməsi, onların reabilitasiyası həyata keçirilir. Onların böyük əksəriyyəti məişət zorakılığına məruz qalmışlar kateqoriyasına daxildir. Qurbanlar arasında əməyin istismarı olanlar, fahişəliyə cəlb edilənlər, cinsi zorakılığa məruz qalanlar var”.

Maarifləndirmə işləri aparılmalıdır

Birlik sədri problemdən çıxış yolunu vətəndaşlar, əsasən də valideynlər arasında maarifləndirmə işlərinin aparılmasında görür: “Valideynləri bu istiqamətdə maarifləndirmək üçün ən əsas ailə modelinin necə olmasının düzgün formada təbliğatı aparılmalıdır. Qeyri-rəsmi nikahların adi olduğunu, erkən evliliyin dədə-baba qaydası olduğunu deyirik, amma bu, məişət zorakılığı faktlarının olmasına gətirib çıxarır. Yalnız fevral ayının 19 günü ərzində 9 qətl hadisəsi baş verib ki, onların da hər biri məişət zorakılığı ilə qarşılaşmış 14 və 50 yaş arasında olan qız və qadınlara şamil olunmuşdur. Düşünürəm ki, maarifləndirmə işləri aparmaq üçün səfərbər olmalıyıq. Əsasən insanlar sosial şəbəkələrdə aktiv olduqlarına görə bu platformalar vasitəsi ilə düzgün şəkildə təbliğat aparılmalıdır. Cəmiyyətdə nüfuz sahibi olan ictimai insanların dilindən bunu eşitdirməyə, düzgün məlumatlandırmaya çox böyük ehtiyac var”.

Vəziyyət gərgindir

Psixoloq Gülşən Rüstəmova isə deyir ki, birmənalı olaraq şiddətin bütün növlərinə “yox!” deməliyik: “Ailələrdə fiziki şiddətlə bərabər uşaqlara psixoloji şiddət göstərilir. Vəziyyət çox gərgindir. Travmaların alovlandığı yeniyetməlik dövründə çox böyük travmaların olduğu ortaya çıxır.  Şiddət sözünü leksikonumuzda və zehnimizdə elə bir yerə qoymalıyıq ki, ondan uzaq olaq. Çox təhlükəli və qlobal problem olaraq qarşısı alınmalıdır prinsipi ilə yanaşmalıyıq”.

“Psixoloqun yanında çox şey danışma!” tələbi

Psixoloq maraqlı, amma bir o qədər də dramatik bir mənzərədən də söz açıb: “Ailələrin, demək olar, 99 faizi övladlarını psixoloq qəbuluna gətirən zaman əvvəlcədən onları hazırlaşdırırlar. Evdə onları təlimatlandırırlar. “Hər şeyi danışma”, “evdə olanları çöldə danışmaq olmaz”, “bizim ailəyə pis gözlə baxarlar” kimi sözlərlə onları öncədən yükləyirlər. Bir neçə seans sonra isə uşaqlarda bir əminlik hissi yaranır və bütün bunları dilə gətirirlər. Onsuz da uşağın əl hərəkətlərində, ünsiyyət zamanı göz təması qurmamalarında - bədən dilindən biz bunu anlayırıq. Amma dilə gətirmək onlar üçün heç də asan başa gəlmir. Onlar kiçik zehinlərində, qəlblərində illərdir daşıdıqları bu qorxunu deyib, azad olmaq istəyirlər. Çox ağrılı bir məsələdir”.

Valideynlər bunu bilməyərəkdən edirlər

G.Rüstəmova hesab edir ki, valideynlərin əksəriyyəti psixoloji şiddət göstərdiyinin fərqində belə deyil: “Məsələn, başqalarının uşaqları ilə və ya evdə bir neçə uşaq varsa, onları bir-biri ilə müqayisə etmək, individuallığı nəzərə almamaq, öz keçmişindən nümunələr gətirmək kimi fikirlər uşağa çox böyük sarsıntı yaşadır. Uşaq düşünür ki, o, bu dünyadan deyil, burada yaşamalı deyil. Ona görə də onlar valideynləri ilə ünsiyyətdən uzaq durur, hansısa sektalara, qurumlara və ya hansısa fəaliyyət növlərinə qoşulurlar. Əminəm ki, valideynlərin əksəriyyəti bunu məhz bilməyərəkdən edir. Yaxud onlar deyirlər ki, biz də döyülə-döyülə böyümüşük. Bunu o qədər rahatlıqla, sərbəst şəkildə dilə gətirirlər ki, sanki belə də olmalıdır”.

“Qarşısını almaq üçün isə ilk növbədə valideynlər, valideyn olmağa hazırlaşanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Çünki onlar bilməlidirlər ki, gen yaddaşında şiddət haqqında yanlış informasiyalar var”, - deyə psixoloq fikirlərinə əlavə edib.

Məişət zorakılığı nədir və cəzası necə olur?

Vəkillər Kollegiyasının üzvü, vəkil Könül Yaqubova “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bu barədə danışıb: “Əvvəlcə onu aydınlaşdıraq ki, kimlər məişət zorakılığının subyektləri ola bilər. Ər-arvad, ailə üzvləri (nənə, baba, bacı, qardaş və d.), eyni zamanda, övladlığa götürən və götürülən uşaqlar, qəyyumlar və qəyyumluğa götürənlər, himayəçilər və himayədə olanlar və həmçinin nikah olmadan birgə yaşayan kişi və qadın, uşaqlarına münasibətdə hər biri məişət zorakılığının subyekti ola bilərlər. Nikahı pozulan keçmiş ər-arvad da məişət zorakılığının subyekti olur”.

“Sadaladığım şəxslər dairəsinin bir-birilərinə qarşı göstərdikləri qanunazidd hərəkətdir, yəni fiziki və psixoloji zorakılıq. Cinayət Məcəlləsində fiziki zorakılıqdırsa, bədən xəsarətlərinin dərəcələri müəyyənləşdirilir, ona uyğun olaraq, şikayət olduqda, tədbirlər görülür. Əgər xəsarətlər varsa, bu, cinayət müstəvisində araşdırılır. Amma, eyni zamanda, məişət zorakılığının qurbanları üçün nəzərdə tutulan bütün tədbirlər həyata keçirilir. Söhbət sadəcə, fiziki xəsarətlərin yetirilməsindən getmir. Yəni, qanunda konkret olaraq məişət zorakılığı hesab olunması üçün yalnız və yalnız xəsarətin olması şərt kimi göstərilmir. Buraya ən çox qadınlar və uşaqlar aid edilir. Belə olan halda onlar müvafiq icra hakimiyyətinə müraciət edirlər. Müvafiq şöbələr həmin şəxslərə “mühafizə orderi” (30 günlük qısa və daha uzun müddətli order var) verirlər”.

Hüquqşünas məişət zorakılığının qurbanları üçün nəzərdə tutulan bəzi tədbirlər haqqında da məlumat verib: “Həmin şəxslər təcrid olunurlar (yəni, artıq birgə yaşamırlar), həmin şəxslərə yaxınlaşmaq, yaşayış yerini müəyyənləşdirmək qadağan olunur, lazım olarsa, xüsusən də uşaqlar sığınacağa yerləşdirilir, lazımi qida və geyimlə təmin olunurlar. Bütün bunlar Azərbaycan Respublikasının Məişət Zorakılığı haqqında Qanunda tam şəkildə təsbit edilib. Ölkəmizdə bütün hallarda uşaqların hüquqları qorunur və istənilən dövlət orqanlarında qəbul edilən qərarlarda uşaqların mənafeyi üstün tutulur. Doğrudur, məişət zorakılığını birbaşa uşaqların üzərinə yönəltmək olmaz, amma təcrübə və statistik məlumatlar göstərir ki, əziyyət çəkənlər - qurbanlar əsasən uşaqlardır”.

K.Yaqubova məişət zorakılığına yol verən şəxslər üçün qanunda nəzərdə tutulmuş cəza tədbirləri barədə danışarkən qeyd edib ki, bu şəxslər analoji hallarda valideynlik hüququndan məhrum edilə bilərlər: “Ailə Məcəlləsində qeyd olunur ki, əgər valideyn öz valideyn səlahiyyətlərini aşarsa və övladına qarşı amansız davranarsa, onun ilkin mərhələdə həm valideynlik hüquqlarından məhrumlaşdırılması var, həm də sonrakı mərhələlərdə valideynlik hüququndan ümumiyyətlə, məhrumetmə var. Əgər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən valideynin öz övladına qarşı olan öhdəliklərini yetərincə yerinə yetirmədiyini, yaxud ona qarşı zorakılıq kimi hərəkətlərin olmasında əsaslı şübhələrin olması müəyyən edilərsə, valideynin ilk altı ay ərzində valideynlik hüquqları məhdudlaşdırılır. Bundan sonra əgər vəziyyətdə hansısa bir dəyişiklik olmazsa, həmin yerli icra hakimiyyəti özü məhkəmə qarşısında ərizəçi kimi çıxış edir. Paralel olaraq, əgər uşağa göstərilən psixoloji və fiziki şiddətdə, zorakılıqda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin tərkibi varsa, həm də cinayət məsuliyyəti daşıyır”.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Yuxumuz şirin olsun...

28 Sentyabr 11:32

MEDİA

Sosial

Son 8 ayda...

28 Sentyabr 11:10

Analitik

Xəbər lenti

İki terrorçu Ruben

28 Sentyabr 10:50

Siyasət

Fransanın “məkri”

28 Sentyabr 10:40

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30