Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şuşadakı 28 illik dəftərin sahibi: Orada yazılan beş qiymətləri sanki mənə elə bu gün verilmişdi...

Şuşadakı 28 illik dəftərin sahibi: Orada yazılan beş qiymətləri sanki mənə elə bu gün verilmişdi...

06.08.2022 [11:27]

Günel ABBASOVA

Bu günlərdə Şuşaya pəncərə qrupunda 30 il əvvəl atılmış əşyaların, torpaq qatının altında qalmış və Şuşanın özü kimi öz sahibini gözləyən dəftər və gündəlik haqqında məlumat paylaşılmışdı. Maraqlı və olduqca təsirli olduğundan bu xəbər ictimaiyyətin diqqətini çəkdi. Axtarışlardan sonra bəlli oldu ki, dəftərin sahibi Əhmədov Nəsimi Vaqif oğludur. N.Əhmədov 1978-ci il iyunun 6-da Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1984-cü ildə Şuşa şəhər Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbin birinci sinfinə başlayıb. Birinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərinin işğalı ailənin yolunu Qax rayonuna salıb. Nəsimi Əhmədov 8-ci sinifdən sonra təhsilini burada davam etdirib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasını bakalavr və magistratura pillələri üzrə fərqlənmə diplomu ilə bitirib. Sonra AMEA-nın əyani aspiranturasına daxil olub. Hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində İqtisadiyyat İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır, İqtisad üzrə fəlsəfə doktoru, dosentdir.

- Nəsimi bəy, məktəb illərini, ümumiyyətlə uşaqlığınızın o çağlarını necə xatırlayırsınız?

- Məktəb illəri və həmin illərdə bizə dərs keçən müəllimlərin hər biri çox gözəl yadımdadır. O zamanlar bizim ən qayğısız illərimiz idi. Sinif yoldaşlarımızla bir yerdə müxtəlif tədbirlərdə iştirak edir, yarışlara qatılırdıq. Cıdır düzündə tanınmış pəhləvanlara tamaşa edirdik. İsa bulağına, Qırxpilləkənə, Üzeyir Hacıbəyovun və Bülbülün ev muzeyinə gedirdik. Şuşa tarixi abidələrdən ibarət açıq muzey idi. Orada gözəl günlərimiz çox olub. Ancaq onlardan birini xüsusi qeyd etmək istərdim. Bir dəfə yadımdadır ki, igidlərimizin Şuşanı azad edərkən dırmandığı  Daşaltı kəndindən keçən Daşaltı çayında babamla bir yerdə çimmişdik. Bu hadisə mənim xatirimdə özünəməxsus yer tutur. 

- Şuşada günləriniz necə keçirdi, o yerlərin təbiəti, insanların məşğuliyyəti ilə bağlı xatirinizdə nələr qalıb?

- Şuşanın iqlimi çox nadirdir. Qışı mülayim, yayı xoş keçirdi. Yadımdadır ki, xüsusilə yay aylarında turistlər Şuşaya gəlirdilər. Cıdır düzündə Xarıbülbül festivalı keçirilirdi, biz o konsertlərə çox maraqla tamaşa edirdik. Həmin dövrdə məşhur maestro Niyazi də orada iştirak etmişdi. Hətta onun dirijorluğu mənə o qədər təsir etmişdi ki, həyətdə çubuq tapıb onu təqlid etməyə çalışırdım.

- Şuşalılar musiqiyə bağlı olur, yəqin musiqi təhsiliniz də var...

- Bəli, musiqini həm sevmişəm, həm də yaxından məşğul olmuşam. Tar ifaçılığı üzrə musiqi təhsili də almışam.

- Ailə üzvləriniz də ziyalı idi, onlar haqda da məlumat verərdiniz...

- Babam Yunis Əhmədov Şuşanın tanınmış ziyalılarından idi. O məktəb direktoru, eləcə də Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərirdi. Atam Vaqif Əhmədov isə Azərbaycan dili və ədəbiyyatı müəllimi, həm də Şuşa qəzetində məsul katib vəzifəsində çalışırdı. Şuşa ilə bağlı bədii əsərlər, publisist yazılar yazmışdı. Anam Əhmədova Məhsəti Azərbaycan dili və ədəbiyyatı müəllimi, həm də Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinin Natəvan adına Qarabağ filialının elmi işçisidir.

- Şuşadan ayrıldığınız gün xatirinizdə necə qalıb, həmin günlə bağlı ən çox nəyi xatırlayırsınız?

- Şuşada son illərdə işğalçıların o yerləri top, raket atəşinə tutması ilə bağlı olaraq çətin günlər keçirirdik. 1991-ci illərin sonu, 1992-ci illərin əvvəllərində insanlar demək olar ki, müharibə şəraitində yaşayırdı. Şuşa hər gün top, raket atəşinə tutulurdu. Belə bir dövrdə orta məktəblər də fəaliyyətini davam etdirə bilmirdi. İnsanların təhlükəsiz yerə köçürülməsi vacib idi. Şuşadan ayrıldığımız gün çox yaxşı yadımdadır. Həmin gün küçələr səssiz idi, sanki Şuşa da öz durumuna kədərlənirdi. Şuşadan ayrılanda düşünmürdük ki, işğal olunacaq. Tarım, velosipedim, kitablarım, eləcə də böyüklərimizin əşyaları da orada qaldı. Çünki biz tezliklə Şuşaya qayıdacağımıza inanırdıq.

- Bəzi adamlar Şuşada öz evlərini asanlıqla tapır. Evinizin yerləşdiyi yerlə bağlı məlumatınız varmı?

- Bizim Şuşadakı evimiz qədim abidədir. Ev XIX əsrin memarlıq abidəsi sayıla bilər. Ulu babamız Məşədi Əkbər tərəfindən tikilib. O da Şuşada tanınmış həkim olub, özünün Nüsxəbəndlər məktəbi fəaliyyət göstərib. İşğaldan sonra məlum olmuşdu ki, işğal dövründə burada rəssam yaşayıb. Evin birinci mərtəbəsində emalatxana kimi yer düzəldib şəkillər çəkib, ikinci mərtəbədə nümayiş etdirirmişlər. Guya burada sənət nümayiş etdiriblər. Hazırda evimiz Quyuluq məhəlləsi deyilən bir yerdə, Gövhər ağa məscidindən beş dəqiqə məsafədə yerləşir.

- Azad ediləndən sonra Şuşaya getmisiniz?

- Bəzi səbəblərdən hələ Şuşaya gedə bilməmişəm, ancaq yaxın günlərdə səfər etməyi düşünürəm. Oradan doymaq olmaz, nə qədər getsən də adamı özünə çəkir, yenidən getmək istəyirsən.

- Şuşaya köç başlayanda gedib o yerlərdə qalmağı seçənlərdən olacaqsınız?

- Biz 28 illik işğal dövründə Şuşa həsrətilə yaşamışıq. Atam 2010-cu ildə Şuşa həsrətilə dünyasını dəyişdi. Babam isə 1991-də dünyasını dəyişib, Cıdır düzü yaxınlığında qəbiristanlıqda dəfn olunub. Amma ermənilər o qəbirləri  elə dağıdıblar ki, hələ qəbri tapa bilməmişik. İndi nəinki Şuşaya qayıtmaq barədə düşünürük, eləcə də ömrümüzün Şuşasız keçən illərinə heyifsilənirik. Mütləq Şuşaya qayıtmalıyıq. Ailə üzvlərim də hesab edir ki, orada sönən ocağımızı yenidən, əbədi yandırmalıyıq.

- Dəftərinizin tapıldığını sizə kim xəbər verdi, həmin an hansı hissləri keçirdiniz?

- Əvvəlcə bibim öyrəndi və bizə xəbər etdi. Feysbukda məni axtardıqlarını gördüm. Mənim üçün çox qeyri-adi hadisə idi. Sanki bir anlıq həmin illərə qayıtdım və qəribə hisslər keçirdim. Orada yazılan beş qiymətləri sanki mənə elə bu gün verilmişdi.

- Şuşada aparılan bərpa-quruculuq işləri bir şuşalı kimi sizdə hansı təəssüratları yaradır?

- Bu gün Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlər dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərinin birini təşkil edir. Hesab edirəm ki, bu işlər Şuşada iqtisadiyyatın bərpasına, gələcəkdə iş yerlərinin açılmasına, insanların həyat səviyyəsinin, rifahının yüksəlməsinə, incəsənətin inkişafına təkan verəcək. Hazırda çalışdığım İqtisadiyyat İnstitutunda aparılan elmi tədqiqatlar da gələcəkdə bu ərazilərdə bərpa-quruculuq işlərinə böyük töhfə verəcək. Biz hamımız bunun üçün əlimizdən gələni etməyə hazırıq.

- Şuşa hamımız üçün əzizdir. Ancaq şuşalılar özləri bu şəhərə başqa duyğular bəsləyir...

- Şuşa hər bir Azərbaycan vətəndaşının əziz şəhəridir. Şuşanın azad olunduğu gün bütün xalqımız bu xəbəri sevinc göz yaşları ilə qarşıladı. Bu onu göstərir ki, Şuşa bütün Azərbaycanın ürəyindədir. Ancaq təbii ki, orada doğulub, boya-başa çatanların hissləri bir qədər də fərqlidir. Mənim üçün Şuşa doğma şəhər və həyatımın hərəkətverici qüvvəsidir.

Paylaş:
Baxılıb: 151 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31