Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Rüstəmin ən böyük arzusu torpaqlarımızın düşmən işğalından azad olunğunu görmək idi

Rüstəmin ən böyük arzusu torpaqlarımızın düşmən işğalından azad olunğunu görmək idi

19.02.2013 [01:07]

Şəhid baş leytenant Rüstəm Rüstəmovun qardaşı Elməddin Rüstəmov: O, hər zaman dostlarına deyirdi ki, kaş mən şəhid olaraq, sizin çiyninizdə gedim
Odlar yurdu Azərbaycan həm də qəhrəmanlar diyarı kimi tanınır. Zaman-zaman bu torpaqda böyüyüb, boya-başa çatan oğul və qızlarımız Vətənimiz üçün canlarını fəda etməkdən belə çəkinməyiblər. Şəhid baş leytenant Rüstəm Rüstəmov da belə mərd, igid, torpağına və xalqına bağlı oğullardan biri idi. Yaşadığı 34 il ərzində hər kəs Rüstəmi məhz bu cür tanıdı-mərd, qorxmaz, qayğıkeş və vətənsevər.
Uşaqlıq yaşlarından hərb sənətinə marağı olan Rüstəm böyüyəndə bacarıqlı bir hərbçi kimi xalqına xidmət etmək istəyirdi. Bunun üçün də Hərbi Hava Qüvvələrini seçmişdi. Lakin qəfil ölüm onun bütün arzularını yarımçıq qoydu...
Şəhid olan üç zabitdən biri...
Biz Cəlilabada çatanda Gülhüseyn Rüstəmovun evini tapmaqda heç də çətinlik çəkmədik. Çünki artıq bir neçə gündür istər rayon sakinləri, istərsə də Bakıdan gələn qonaqlar qarşısında üç rəngli Azərbaycan bayrağı dalğalanan evə axın edir, bu evin sakinlərinə azacıq da olsa təsəlli verməyə çalışırlar. Məlumat üçün bildirək ki, ötən həftənin əvvəlində Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində şəhid olan üç zabitimizdən biri Rüstəm Rüstəmov məhz bu ailənin böyük oğlu olub. Məlum olduğu kimi, fevralın 11-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Qəza nəticəsində hərbi helikopterin ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.
“Rüstəm bir ailənin deyil, bütün Azərbaycanın övladı olduğunu təsdiqlədi”
Bir sözlə, dövlətimiz və xalqımız Vətənimizin qəhrəman övladlarının xatirəsini əziz tutduğu kimi, onların ailəsinə də hər zaman qayğı ilə yanaşır. Biz Cəlilabadda olarkən bir daha bunun şahidi olduq. Hüzr mərasiminə insan axını davam edirdi. Mərhum Rüstəm Rüstəmovun ailəsinə başsağlığı vermək, dərdlərinə şərik olmaq üçün gələnlər arasında Cəlilabad rayonunun rəhbərliyi ilə yanaşı, millət vəkilləri Mirkazım Kazımov, Malik Həsənov və Fəzail İbrahimli də var idi.
Rüstəm Rüstəmovun atası Gülhüseyn dayıya, qardaşı Elməddinə təskinlik verən millət vəkilləri Vətən üçün canlarını fəda edən oğulların qəhrəmanlıq tariximizdə əbədi iz qoyduqlarını bildirdilər: “Fəxr etməlisiniz ki, Rüstəm kimi bir oğul böyütmüsünüz. Rüstəm bir ailənin deyil, bütün Azərbaycanın övladı olduğunu təsdiqlədi. Dövlətimiz hər zaman şəhid övladlarımızın xatirəsini əziz tutur”.
“Hələ də inanmaq istəmirəm ki, o, artıq yoxdur”
Oğlunun vəfatına bu gün də inanmayan, bunu qorxulu bir yuxu sayan Gülhüseyn dayı deyir ki, Rüstəm ailənin dörd övladının ən böyüyü idi: “Rüstəm ayrı oğul idi. Hər zaman bizə qayğı ilə yanaşıb. Özündən sonra iki qardaş və bir bacısına bir örnək olub. Hələ də inanmaq istəmirəm ki, o, artıq yoxdur. Mənə elə gəlir ki, bütün bunlar qorxulu bir yuxudur. Gözümü açacam və bu kabus sona çatacaq. Amma...”.
Ailəyə təsəlli verən insanların qarşısında bacardıqca dik duran ata imkan daxilində göz yaşlarını içində boğmağa çalışır. Bu da səbəbsiz deyil. Çünki o, şəhid atasıdır. Şəhid atası isə ağlamaz.
Ata həm də ona görə dik durmağa çalışır ki, Rüstəmdən yadigar qalan Sadiq və Fatiməni həyata məhz bu cür hazırlamalıdır. Çalışmalıdır ki, onlar da ataları Rüstəm kimi mətin, sınmaz, sarsılmaz və heç nədən qorxmaz olsunlar. Vətəni ataları kimi sevsinlər və lazım gələndə də torpaq, Vətən uğrunda canlarını belə fəda etməyə hazır olsunlar.
7-ci ayın 7-ci günündə...
Rüstəmin özündən kiçik qardaşlarına və bacısına bir həyan, bir örnək olduğunu deyən qardaşı Elməddin Rüstəmovun sözlərinə görə, onlar həyatda dik durmağı məhz Rüstəmdən öyrəniblər: “Rüstəm 1979-cu il 7-ci ayının 7-ci günündə anadan olub. 1985-ci ildə Cəlilabad şəhər 1 nömrəli orta məktəbin birinci sinfinə gedib. Kiçik yaşlarından idmanla məşğul olub. Eyni zamanda, dərslərini də yaxşı oxuyub. Müəllimlərin ondan heç bir şikayəti olmayıb. Əksinə, Rüstəm həmişə müsbət mənada yaşıdlarından fərqlənib. Onu deyim ki, Rüstəmin uşaqlığı tamamilə fərqli keçib. Yəni, Rüstəm hələ uşaq yaşında olarkən böyüklərə xas təmkinliklə bizə yol göstərər, məsləhət verərdi”.
Qardaşı deyir ki, Rüstəmin hərbi sahəyə marağı uşaqlıq illərindən olub: “Hər zaman deyirdi ki, böyüyəndə hərbçi olacaq. Ermənilərin torpaqlarımızı işğal etməsi isə onun hərbiyə marağını daha da artırmışdı. Hələ məktəbdə oxuyarkən deyirdi ki, hər kəs torpaqlarımızın düşmən tapdağından azad olunması üçün üzərinə düşən işin öhdəsindən layiqincə gəlməlidir. Bizi də bu cür tərbiyələndirirdi. Ona görə də, 1996-cı ildə 8 nömrəli orta məktəbi bitirdikdən sonra məhz Hərbi Aviasiya Məktəbinə daxil oldu. Oranı bitirən kimi leytenant rütbəsi aldı”.
“O, Vətənə xidmət etməkdən şərəf duyurdu”
Qardaşının sözlərinə görə, Rüstəm Azərbaycan Respublikasına xidmət etməkdən çox şərəf duyurdu. Son olaraq Qala qəsəbəsində yerləşən Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində çalışırdı: “Mən özüm polis baş leytenantıyam. Hər dəfə mənə də deyirdi ki, Vətənə xidmət bir şərəf məsələsidir. Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmaq onun böyük arzusu idi. Rüstəm hər zaman dostlarına deyirdi ki, kaş mən şəhid olaraq, sizin çiyninizdə gedim”.
Elməddin Rüstəmov deyir ki, Rüstəm ölkəmizin ən bacarıqlı hərbi kadrlarından biri olmaq üçün daima öz üzərində çalışırdı: “Bunun üçün hər zaman çalışır, öz üzərində işləyirdi. Məhz bu fəallığının, keçirilən imtahanda yüksək bal toplaması nəticəsində o, Hərbi Hava Qüvvələrindən ABŞ-da ixtisasını artırmaq üçün göndərilib. Birillik bu təhsilin ardınca yenidən Vətənə dönən Rüstəm, eyni zamanda, müxtəlif zaman kəsimlərində ayrı-ayrı ölkələrdə keçirilən qısamüddətli təlimlərdə də iştirak edib. Öz peşəkarlığını daha da artırıb”.
Elməddin Rüstəmov onu da əlavə etdi ki, o və kiçik qardaşı da torpaqlarımızın düşmən tapdağından azad olunması üçün hər an döyüşə getməyə hazırdı: “İnanırıq ki, tezliklə Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad edəcək. Biz də bir əsgər kimi hər zaman Ali Baş Komandanın hücum əmrini yerinə yetirməyə hazırıq”.
“Əmi atam niyə gəlmədi?”
Qeyd edək ki, Rüstəm Rüstəmov ailəli olub. Bu gün 7 yaşlı oğlu Sadiq və 6 yaşlı qızı Fatimə hələ də atalarının şəhid olduğunu bilmirlər. Əmisi deyir ki, kimsə ürək edib uşaqlara bu xəbəri deyə bilmir. Balacaların tez-tez verdiyi “Baba bu insanlar bura niyə yığışıb?”, “Nənə niyə ağlayırsınız?”, “Əmi atam niyə gəlmədi?” sualları isə böyüklərin ürəyini parça-parça edir: “Düzdür, hər dəfə bir bəhanə ilə suallardan yayınırıq. Amma bu nə qədər davam edəcək bilmirik. Axı, əvvəl-axır bu xəbəri kimsə verməlidir onlara...”.
Təki Vətən sağ olsun!
Nə qədər çətin olsa belə Xanımqız ananın da oğlu Rüstəmlə bağlı xatirələrini öyrənmək istədik. Şəhid anası öncə “Rüstəm də digər igid övladlarımız kimi canını Vətənə fəda etdi. Biz analar övladlarımızı məhz Vətən üçün, torpaqlarımızın işğaldan azad olunması üçün böyüdürük. Təki Vətən sağ olsun! Təki Prezidentimiz sağ olsun! Əminik ki, Prezidentimizin rəhbərliyi ilə ordumuz tezliklə torpaqlarımızı işğaldan azad edəcək. Qoy hamı bilsin ki, o müharibə başlayanda digər övladlarım da, mən də cəbhəyə getməyə hazırıq” dedi.
“Oğlumu doyunca görə bilmədim”
Xanımqız ana onu da dedi ki, rəhmətlik Rüstəm sonuncu dəfə ölümündən təxminən 10 gün əvvəl gəlibmiş Cəlilabada. Lakin hər dəfə olduğu kimi, bu dəfə də çox qalmayıb: “Mən oğlumu doyunca görə bilmədim. Hər dəfə Bakıya gedəndə yalnız gecələr bir-iki saat onu görə bilirdim. Deyirdim bala niyə belə gec gəlirsən. Cavab verirdi ki, “Ana Vətənin yolunda canımızı da verməyə hazırıq. Sabah müharibə olsa birinci mən gedəcəm. Təyyarəmlə birinci mən gedəcəm düşmənin üstünə”. Sonuncu dəfə isə o, özü gəlmişdi Cəlilabada. Bu dəhşətli hadisədən təxminən 10 gün əvvəl. Mən xəstələnmişdim deyə gəlmişdi. Amma qalmadı. Məni müalicə edən həkimlə danışıb, gecə geri qayıtdı. Nə qədər yalvardım ki, qal, “ana vacib işimiz var. Gedim gəlim. Sonra anacanı bir həftə gəlib yanında qalacam” dedi”.
Rüstəm verdiyi sözə əməl edir. Lakin bir qədər fərqli. Belə ki, anasına söz verdiyi kimi, o Cəlilabada gəlir. Ancaq bu gəliş bir həftəlik deyil, əbədilik olur...
Üçüncü övladını görə bilmədi
Anası deyir ki, Rüstəmin arzuları çox idi: “Oğlumun arzuları çox idi. Təhsilini davam etdirmək istəyirdi. Sonra Hərbi Hava Qüvvələrində çoxlu uğurlar qazanmaq istəyirdi. İstəyirdi ki, daha bilikli, daha peşəkar hərbçi kimi Vətənə xidmət etsin. Amma balam arzularına çata bilmədi. Qismət belə imiş”.
Xanımqız ananın sözlərinə görə, bir çox arzularına çatmayan Rüstəm dörd aydan sonra dünyaya gələcək üçüncü övladını da görə bilmədi: “Lakin inanıram ki, atasının yarımçıq qalan arzularını məhz Sadiq həyata keçirəcək. Çünki Sadiq də atası kimi hərbçi, pilot olmaq istəyir. Hər dəfə deyir ki, təyyarəçi olacam. Düşmənlərimizi məhv edəcəm. İnanıram ki, Rüstəm öz qardaşlarına və bacısına böyük, arxa dayaq olduğu kimi, Sadiq də bacısı Fatiməyə və dünyaya gələcək üçüncü uşağa dayaq olacaq”.
Torpaqlarımızı azad edib, şəhidlərimizin ruhunu şad etməliyik
Beləliklə, şəhid baş leytenant Rüstəm Rüstəmovun ailəsi ilə sağollaşıb ayrılırıq və bu zaman Xanımqız ana bir sözüm də var, bunu da yazın deyir: “Arzu edirəm ki, torpaqlarımız tezliklə erməni işğalından azad edilsin. Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndidə, bütün Qarabağda dalğalansın. İnsanlarımız öz yurd-yuvalarına qayıtsın. Oğlum Rüstəmin də arzusu bu idi. İnanıram ki, o zaman şəhidlərimizin ruhu şad olacaq”.
Allah rəhmət eləsin!
Nadir AZƏRİ
Bakı-Cəlilabad-Bakı

Paylaş:
Baxılıb: 1856 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30