Bəhruz üçrəngli bayrağımızı Şuşada, Kəlbəcərdə dalğalandıracaqdı...
15.02.2013 [02:46]
Şəhid leytenantın atası Novruz Zeynalov: Amma mən inanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Bəhruzun cəhbə yoldaşları, əsgər yoldaşları o bayrağı Şuşada, Laçında, Ağdamda dalğalandıracaqlar. Onda Bəhruzun da ruhu şad olacaq
Həftə heç də yaxşı xəbərlə başlamadı. Gündəlik iclasımızdan sonra bilgisayarı işə salıb informasiya saytlarına göz gəzdirəndə qarşıma çıxan ilk xəbərdən sarsıldım. Bütün Azərbaycan yeni iş həftəsinə bu dəhşətli xəbərlə başlamışdı: Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Bir neçə saatdan sonra artıq hərbi helikopterin ekipaj üzvləri haqqında da məlumat yayıldı: “Kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar”.
Dünən şəhidlərimizin torpağa tapşırılmasından 3 gün keçdi. Hər gün yüzlərlə insan şəhidlərimizin kədərli ailələrinə başsağlığı vermək üçün şəhid zabitlərin yas mərasimlərinə gəlirlər. Biz də helikopter qəzasında şəhid olan 3 şəhidimizdən biri - leytenant Bəhruz Zeynalovun 3 gün əvvəl yaşadığı ünvana baş çəkdik. Onların həyətlərində iki böyük yas çadırı qurulmuşdu. Hamının üzündə ağır bir kədər, dərin niskil vardı. Bu kədərli üzlər arasından şəhidimizin ailə üzvlərini seçmək həqiqətən çox çətin oldu. Çünki hamı eyni qədər məyus, ağrılı, kədərli, amma eyni qədər də qürurlu və vüqarlı idi. Biz qəhrəmanımızı belə yola salmışdıq...
20 illik intizarın 1 illik vüsalı...
Bəhruz Zeynalov 1989-cu ildə Ağdamda dünyaya gəlib. Bir çox həmyaşıdları kimi onun da uşaqlıq illəri oyun oynamaqla deyil, həqiqi müharibənin dəhşətlərini yaşamaqla keçib. Doğma rayonu ermənilər tərəfindən işğal olunanda onun 4 yaşı vardı. Elə pilot olmaq, səmaları fəth etmək arzusu da həmin yaşında başlayıb. Yeriyərək çıxdığı Ağdama qanad açıb gələcəkdi. Atası Novruz Zeynalov deyir ki, 4 yaşında olanda bizə pilot paltarı aldırmışdı. Ən sevimli paltarı idi. Yatanda da yanından götürməyə qoymurdu. Bu böyük arzusu Bəhruzu əvvəlcə Naxçıvanski adına hərbi liseyə, daha sonra isə Ali Hərbi Məktəbə gətirib çıxardı. Ötən il Ali Hərbi Məktəbi bitirib nəhayət, pilot olmuşdu. 20 il ürəyində gəzdirdiyi arzunun vüsalını isə heç bir il də doya-doya yaşaya bilmədi. Tale onun həyatının yarımçıqları sırasına bunu da yazdı...
Şəhid pilotumuzun atası ilə söhbətə də buradan başladıq. Bəhruzu onu anlatdıqlarından anlamağa, bu gənci qəhrəmana çevirmiş ömür yoluna nəzər salmağa çalışdıq. Bəli, onlar qəhrəmancasına şəhid oldular. Əgər, həmin helikopter Şıxov çimərliyinə deyil, cəmi bir neçə yüz metr aralıda yerləşən və insanların sıx olduğu əraziyə düşmüş olsaydı, bu gün bəlkə də başqa mövzularda diskussiyalar aparardıq. Amma şəhid pilotlarımız ömürlərinin son anında da hərbi andlarına və ürəklərindəki Vətən sevgisinə, hərbçi məsuliyyətinə sədaqətlərini göstərdilər. Daha böyük faciəyə imkan vermədilər...
Sən göydə, mən də yerdə...
Bəhruz bütün keyfiyyətləri, maraq dairəsi, öz dünyası ilə çoxlarından fərqlənib. Uşaqlığının hər bir arzusunu, hər bir xatirəsini bu gününə daşıyıb. Atası onu bu cür xarakterizə edir: “Fevralın 11-dən bir müddət öncə ona 15 günlük məzuniyyət vermişdilər. Dedi ki, necə gedim istirahət edim? Dedim nə eliyirsən elə, çalış şəhərdən çıxasan. Əmisigilə zəng elədi. Onlar İmişlidə yaşayırlar. Təsərrüfat işləri ilə məşğuldurlar. Əmisindən soruşdu ki, neçə tüfənginiz var? Onlar da demişdilər ki, siz neçə nəfər gəlirsiniz gəlin, lazımi qədər təşkil edərik. Bakıdan dostlarını və hərbçi yoldaşlarını yığıb İmişliyə getdilər. Orada hər dəfə ov ovladıqca mənə zəng edirdi, deyirdi ata, turac vurduq, ördək vurduq. Yoldaşları ilə at sürüblər. Yadımdadır, o, uşaq olanda çox yaxşı at sürürdü. Hətta bir şəkli də var, atı şaha qaldırıb. Anası deyirdi ki, bu uşaq yıxılacaq, qoyma onu belə şeylərə. Mən də deyirdim ki, o, kişidir, kişi də at belində gəzər, tapança, tüfəng gəzdirər. Onu kişi kimi böyütmüşdük, Vətənə xidmət üçün yetişdirmişdik. Mən özüm də döyüşdə olmuşam, əmisi də, dayısı da. Həmişə bizdən döyüş xatirələrini soruşardı, saatlarla suallar verərdi. Heç vaxt özünü uşaq kimi aparmayıb. Həmişə böyüklərlə yoldaşlıq edirdi, mənim də həm qardaşım, həm də dostum idi. Onun komandiri dünən bura gəlmişdi. Mənim sizə dediklərimin hamısını o, mənə danışırdı. Bir dəfə uçuşda olanda komandiri onun kürəyinə bir dümsük vurub. Bilmirəm, nəyisə düz etməyibmiş. Sonra böyük uğurla uçuşu tamamlayıb yerə düşəndə soruşub kimi, niyə vurursan? Deyib vururam ki, bir də yadından çıxmasın. Aradan bir neçə gün sonra futbol oynayırlarmış. Bəhruz yaxşı futbol oynayırdı. Bir epizodda komandirinin ayağına vurub, bilmədən. Komandirinə yaxınlaşıb üzr istəyəndən sonra deyib ki, sən göydə vurursan, mən də yerdə...”.
“Xarı bülbül” xatirəsi...
Qarabağlılar yaxşı bilirlər. Xarı bülbülün nisgil bir rəvayəti var. Ayrılıq, həsrət rəmzidir. Bundan sonra Bəhruzun ailəsində də bu ayrılıq həsrəti, nisgil həmişə olacaq. Aprelin 21-də Bəhruzun toyu olacaqdı. Nişanlısının ailəsi ilə toy hazırlıqlarını ən xırda detallarına qədər razılaşdırıblarmış. Əvvəlcə iki gəncin toyunu bir yerdə etmək haqda düşünüblər. Sonra hərə ayrılıqda bir toy etmək istəyib. Novruz dayı deyir ki, Bəhruzun qonaqları çox olacaqdı. Həm də hörmətli adamlar toyuna gələcəkdilər. Biz də hazırlığımızı ona görə elədik. Bəhruzun toyu “Xarı bülbül” restoranında olacaqdı... Amma olmadı. Daha doğrusu, daha çox 21 aprellər olacaq, amma Bəhruzun toyu olmayacaq... Əvəzində hər il çox böyük kədərlə xatırlanacaq daha bir unudulmaz tarix kimi onu sevənlərin təqvimində olacaq.
“Ürəyim yaman sıxılırdı, nəsə pis bir hadisənin baş verəcəyini bilirdim”
Novruz dayı bu dəhşətli qəzadan öncəki günü qızı ilə birgə Təbrizdə olub. Uzun müddətdir təzyiqdən şikayət edirmiş. Qızını da ora həkimə aparıbmış. Bəhruz deyib ki, ata, getmişkən, özünü də müayinə etdir, dava-dərman yazsınlar, yaxşıca müalicə al.
Gecə elə bir ürəklərinə damıbmış. Novruz dayı səhərə qədər yatmayıb. Deyir, ürəyim möhkəm sıxılırdı. Nəsə pis bir hadisənin baş verəcəyini bilirdim. Amma bu qədərini heç gözləmirdim. Fevralın 11-i günorta saat 12-1 radələrində isə sərhəddi keçib Vətən torpaqlarına ayaqlarını basıblar. Amma... bu, heç də xoş olmayan, hətta dəhşətli bir günün başlanğıcı olub. Sərhəddə başlayan ümid dolu yolçuluq məsciddə Azərbaycan bayrağına bürünmüş cənazənin qarşısında bədbin bir sonluqla tamamlanıb...
“Eşidirəm ata”...
İranla sərhəddən Bakıya qədər olan yolu ən geci 3-4 saata gəlirsən. Amma Novruz dayı üçün bu yol bir ömür qədər uzun olub. Astarada olarkən, radioda helikopter qəzası ilə bağlı xəbəri eşidib. Həyəcanlanıb, möhkəm qorxub, amma özünü bu əbədi ayrılığa inandırmayıb. Dərhal Bəhruza zəng edib. Deyir ki, həmişə Bəhruza zəng edəndə o, ən geci 2-ci zəngdə telefona cavab verirdi. Özü də bir hərbçi intizamı və danışıq tonu ilə. Novruz dayı da bu ikicə kəliməni ümidlə gözləyib, “eşidirəm ata”. Amma... eşitməyib...
“Bildim, o helikopterdə qəzaya uğrayanın Bəhruz olduğunu. Amma inanmaq istəmədim. Çünki oğul itirmək, həm də Bəhruz kimi oğlu itirmək çox dəhşətlidir. Dərhal Bəhruzun hərbçi yoldaşlarına yığdım. Onlar da cavab vermədilər. Yəqin ki, mənə xəbəri vermək istəmirdilər”. Novruz dayı isə böyük qardaşına zəng edib, ondan aldığı cavab isə belə olub. “Qardaşım dedi ki, Bəhruz da qəzaya uğrayıb, amma sağdır. Hərbi Hospitalda əməliyyat olunur. Reanimasiyadadır”.
Deyirlər, ata öz oğlunu hamıdan yaxşı tanıyır, onun başına bir hadisə gəlsə, bunu hiss edir. Novruz dayı da hiss edib. Özü də bir gecə əvvəldən. Ona görə də, bu günə qədər hər sözünə inandığı, güvəndiyi qardaşına bu dəfə inanmayıb, sözünə etibar etməyib, onun yalan danışdığını düşünüb. Hospitalda çalışan həkim tanışlarına zəng edib. Onlar da Bəhruzun ölmədiyini deyəndə, bir az sakitləşib. Amma deyib ki, nə olursa olsun, o, Bakıya çatana kimi, Bəhruzu ölməyə qoymasınlar. Son nəfəsi də olsa, Bəhruzu atasının gəlməsinə qədər yaşatsınlar: “Son nəfəsində də olsa, yanında olmaq istədim. Bilmirəm, niyə belə dedim, amma yəqin ki, bir ümid yaranmışdı. Fikirləşirdim ki, mən yanında olsam, Bəhruzu qoymayacam ölməyə. O da məni görüb ölməyəcək. Bakıya çatana kimi, telefondan asılı qaldım. Nə vaxt soruşdum, dedilər, hələ əməliyyatdadır. Dedim, axı mən də həkiməm, əməliyyat bu qədər çəkə bilməz. Dedilər ki, ağır əməliyyatdır, ciddi yaraları var. Bakıya girdik, telefonuma zəng gəldi. Bir qohumumuz var, o, idi. Soruşdu ki, hardasan, dedim, artıq şəhərə çatmışam. Dedi ki, mən də adam var idi onu gətirmişdim şəhərə, özüm də Bəhruzun yanına gedəsiyəm, hardasansa gözlə elə bir yerdə gedək. Mənə yaxın bir yerdə olduğunu, çatdığını deyəndə onu gözlədim”.
Niyə Göy məscid?
Onunla söhbətdə məni çox maraqlandıran bir başqa məqam da görüş yerinin Göy məscidin yanına təyin edilməsi oldu. Çünki şəhərin girişindən Hərbi Hospitala getmək üçün Göy məscidin yanından keçib gedən yol, bəlkə də ən uzağıdır. Başqa qısa yollar olduğu halda, niyə məhz burada? Bu sualı Novruz dayının özünə verməyə nə mən cəsarət etdim, nə də o, özü bu barədə danışdı. Amma anlaşılan o oldu ki, qohumu üçün də onu Göy məscidin yanında qarşılamaq gözlənilməz olub. Amma “plan” işləməyə davam edib. Qızı Günayı başqa maşınla yola salan ata, qohumuna tez sürməyi və özünü Bəhruza çatdırmağı söyləyib. Qohumu isə bir az təsəlli verəndən sonra acı, o qədər də dəhşətli xəbəri Novruz dayıya deyib.
“Onun söhbətlərindən tutmuşdum, çünki mənə dindən, peyğəmbərdən, itkidən danışırdı. Amma “Bəhruz şəhid oldu” sözləri elə bil ki, həyatımın sonu oldu. Həmin an nə düşündüyümü, nə hiss etdiyimi xatırlamıram. Mən çox itkilər vermişəm. Qardaşım, qardaşım oğlu, yaxın qohumlar, cavan dost - tanışlar, valideynlərimi itirmişəm. Həmişə də möhkəm, əyilməz, sarsılmaz olmuşam. Əksinə, həmişə hamıya təskinlik vermişəm. Amma oğul itirmək çox ağırdır, elə bildim ki, mənim də dünyam bitdi. Bəhruz, məni də özü ilə birlikdə öldürdü...”, deyən Novruz dayı böyük faciəsinə rəğmən, yenə də məğrurluğunu itirmir. Çünki o, şəhid atasıdır. “Mən belə bir oğlu itirmişəm, bu, böyük dərddir. Amma başım həmişə dik olacaq. Bəhruz kişi kimi yaşadı, kişi kimi Vətəninə, dövlətinə xidmət etdi, canını da kişi kimi tapşırdı. Onun yasına bütün dostları, tanışları gəlirlər, bütün Azərbaycan xalqı bu igid övladlarımızın şəhid olmasına ağlayır, üzülürlər. O, təkcə mənim oğlum deyildi, Azərbaycanın övladı idi. Bu, hər adama qismət olmur. Mənim oğlum ən yüksək zirvəyə-şəhidlik zirvəsinə ucaldı. Bütün zirvələri fəth etmişdi, indi də bu zirvəyə qalxdı. Amma çox üzülürəm ki, o, ən böyük arzusunu gerçəkləşdirə bəlmədi”.
Bəhruzun ən böyük arzusu...
Bəhruzun ən böyük arzusu Azərbaycan bayrağını Şuşada, Laçında dalğalandırmaq idi. Amma olmadı... Həmişə uca tutduğu, canından dəyərli bilib qoruduğu bu üçrəngli bayraq onun hüzür mərasimində, yaşadığı binanın önündə dalğalanır. Novruz dayı isə Bəhruzun arzusunun çin olacağından əmindir: “Amma mən inanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Bəhruzun cəhbə yoldaşları, əsgər yoldaşları o bayrağı Şuşada, Laçında, Ağdamda dalğalandıracaqlar. Onda Bəhruzun da ruhu şad olacaq”.
General ola biləcək ikən...
Əmisi Əjdər Zeynalov da Bəhruzundan gözdolusu və ağızdolusu danışır. O, deyir ki, Bəhruz hamımızın Bəhruzu idi. O, bizim dostumuz, qardaşımız idi. Nə vaxt evə gəlirdi, zəng vurub hal-əhval soruşardı. Zarafatlar edirdi, bir dost kimi dərdləşirdik. Amma həmişə hərbçi intizamı ilə davranırdı: “Uşaq vaxtından deyirdi ki, mən general olacam. Onun xarakterində belə bir cəhət var idi ki, nəyi istəyirdi, ona nail olmaq üçün sonacan mübarizə aparırdı. Qorxmaq, cəsarət etməmək ona xas xüsusiyyətlər deyildi. Lap uşaq vaxtlarından çətinliklər görməsi, həyatın hər üzünü yaşaması onda möhkəm xarakter formalaşdırmışdı. Biz inanırdıq ki, o, bu arzusuna çatacaq. Amma həyat, tale bizi yanıltdı. O general olacaq ikən, indi məzarında uyuyur”.
Son saatlar...və Bəhruzun evi...
Atası dedi ki, Bəhruz bu faciəvi hadisədən qabaqkı günü evində öz ailəsi ilə olub. Axşamtərəfi isə əmisi oğlu Elnayla birlikdə gəzməyə çıxıb. Elnay da olub-bitənlərə inanmırdı. Söhbətə, Bəhruzun son saatlarını necə keçirdiyini, dilindən süzülən sonuncu sözləri Elnaydan dinləməyə necə körpü salacağımı düşünərkən, özü başladı söhbəti. “Dərdimiz, sirrimiz bir idi. Mən onun “balacası” idim. Axşam da gəldi, dedi ki, balaca gedək çay içək. Dostumuz Rəşad və bir-iki nəfər başqa ağdamlı uşaqlar var idi, bir yerdə oturmuşduq. Dedi Kürdəmirə getməliyəm. Gedim gəlim uşaqlara da deyək toyqabağı yığışaq. Saat 12-yə qədər oturduq, sonra evə gəlirdik. Yolda xeyli söhbət elədik. İndi xatırlamıram nə danışırdıq, amma kövrəlmişdik. Çox arzuları var idi. Həmişə deyirdi ki, Ağdama qayıdacam. Bir də deyirdi ki, ev almaq istəyirəm. Özü də iş yerimə yaxın olsun”.
İndi Bəhruzun evi var, bilmirəm iş yerinə nə qədər yaxındır. Amma onun evinin haqqın dərgahında olduğuna şübhəm yoxdur. Qonaq-qarası da çoxdur. Hətta heç vaxt görmədiyi, tanımadığı adamlar, onun evinin ilk qonaqları oldu. Əminik ki, həmişə də qonaqlı-qaralı olacaq. Axı şəhidlər ölmür. Bəhruzlar, rüstəmlər, yaşarlar həmişə var olacaqlar, hər qələbəmizdə, hər uğurumuzda onlar mütləq olacaqlar, xatırlanacaqlar, xatırlandıqca da əbədi yaşayacaqlar.
Allah rəhmət eləsin!
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58
