İsmayıllı rayonu günü-gündən inkişaf edir, abadlaşır
31.01.2013 [01:19]
Ötən il rayonda bir sıra sahələrdə yüksək irəliləyişlər əldə olunub, yeni iş yerləri açılıb
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bu isə şübhəsiz, qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, iki mərhələdə həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bu proqramın birinci mərhələsinin başa çatmasından sonra Azərbaycanın bütün rayonları inkişaf edib, dövlətimizin iqtisadi potensialı artıb. Artıq proqramın ikinci mərhələsi icra olunur və bu il başa çatacaq. Beləliklə həyata keçirilən siyasət regionların inkişafını təmin etməklə yanaşı, işsizlik probleminin aradan qalxmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına, o cümlədən, sahibkarlığın inkişaf etdirilməsinə yol açıb. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunur. Bu rayonlar sırasında İsmayıllının da adını çəkmək olar.
İsmayıllı tarixi dağ-kurort mərkəzi kimi...
Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1934-cü ildə inzibati ərazi vahidi kimi qeydiyyata alınıb. Mərkəzi İsmayıllı şəhəri olan, dağ-kurort mərkəzi sayılan rayon Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi 3629 m, Əsəddağ 3471 m, Qaraburğa 3345 m, Şahnəzərdağ 2874 m zirvələridir.
Gil yatağı, mineral bulaqları, istirahətə yararlı əraziləri var. Rayonda 109 yaşayış məntəqəsi mövcuddur. Onlardan 1-i şəhər (İsmayıllı), 2-si şəhər tipli qəsəbə (Lahıc, Basqal) 106-sı isə kəndlərdir. Basqal qəsəbəsi oz kəlağayıları ilə məşhurdur. Lahıc qəsəbəsi isə qədimliyi ilə seçilir və dünya misgərlik incilərindən ayılır. XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olan Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Rusiyada, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.
1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda məhəllə məscidləri, su kəməri və dünyanın ən qədim kanalizasiya sistemlərindən sayılan kürəbənd, Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. İsmayıllı Azərbaycanın ən aparıcı turizm məkanlarından sayılır. Rayonun ərazisi 2074 kv.km, əhalisinin sayı 79144 nəfərdir.
Quruculuq-abadlıq işləri, yeni yolların çəkilişi 2012-ci ildə də davam etdirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqların icra edilməsi istiqamətində İsmayıllı rayonunda 2012-ci ildə tikinti və abadlıq işləri davam etdirilib. Rayonun respublika və yerli əhəmiyyətli yollarında xeyli işlər görülüb. 10 saylı Yol İstismar idarəsi tərəfindən 971 min manat dəyərində təmir işləri aparılıb. İsmayıllı-Lahıc avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Artıq yolun 10 km-ə qədər hissəsinə asfalt örtük vurulub. Qalınçaq kəndinin giriş yolunda 38 metr uzunluğunda və Göyçay çayının İstisu kəndindən keçən hissəsində, Qalaçıq, Çayqovuşan, İstisu kəndlərinə gedən yolda 68 metr uzunluğunda 4 aşırımlı dəmir-beton konstruksiyalı körpülər tikilib istifadəyə verilib. Kənd yollarının tikintisinə diqqət artırılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulmasına başlanıb. Sumağallı kəndində su-elektrik stansiyasında, “Cavanşir Qala” hotelində, İvanovka çörək zavodunda, rayon Polis Şöbəsinin inzibati binasında tikinti işləri davam etdirilib. Şəhərin Nizami küçəsində irimiqyaslı abadlıq işlərinə başlanıb. Ə.Mahmudov küçəsində piyadaların təhlükəsiz hərəkət etməsi üçün səkilər yenidən qurulub, Cavanşir küçəsində abadlıq işləri, Qala divarlarının tikintisi davam etdirilərək avtomobil dayanacağı yaradılıb.
İsmayıllı şəhəri ilə bərabər, iri yaşayış məntəqələrində də sosial problemlərin həlli istiqamətində işlər davam etdirilib. Qalınçaq, Qoşakənd, Tubukənd, Yenikənd, Şükürçü, Sulut kəndlərinə gedən avtomobil yolları təmir edilib, İvanovka kəndində 34 min kv.metrdən çox asfalt örtük salınıb, mini futbol meydançası tikilərək istifadəyə verilib.
Rayonda yeni iş yerləri açılıb, “əmək yarmarkaları” keçirilib...
Ötən ilin doqquz ayında rayonda faktiki qiymətlərlə ümumi məhsul buraxılışı 89 milyon 660 min manat olub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 795 min manat çoxdur. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsulda 8 faiz, sənayedə 3.5 faiz artım əldə olunub. Müqayisə olunan dövrdə pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 2,5 faiz, bir işçiyə hesablanan nominal orta əməkhaqqı 9,8 faiz artıb. Rayon büdcəsinin gəlirlər hissəsi ümumilikdə 12 milyon 838 min manata qarşı 12 milyon 943 min manat və ya 101 faiz, xərclər 12 milyon 838 min manata qarşı 11 milyon 708 min manat və ya 91 faiz icra olunub.
Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin uçotunda 13596 nəfər pensiyaçı var. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 9 ayda ödəniş müəssisələrinə 17 milyon 118 min manat məbləğində vəsait köçürülüb. Vəsaitin 14 milyon 618 min manatı Respublika DSMF-dən daxil olub ki, bu da ödənilmiş pensiya və müavinət məbləğinin 86,6 faizini təşkil edir. 2012-ci ilin doqquz ayında DSMF tərəfindən sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarının toplanması vəziyyəti qənaətbəxş olub, proqnoz tapşırıq 100,3 faiz icra olunub.
“Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər planının icrası davam etdirilib. Ötən ilin sentyabrında rayonda növbəti “Əmək yarmarkası” təşkil olunub. “Əmək yarmarkası”nda idarə, müəssisə və təşkilatlar tərəfindən 215 boş iş yeri təqdim edilib, həmin iş yerlərinə 99 nəfər qeyri-məşğul vətəndaş işə göndərilib. Ötən il İsmayıllı rayon Məşğulluq Mərkəzinə 474 nəfər qeyri-məşğul vətəndaş iş axtarmaq məqsədi ilə müraciət edib. Onların 303 nəfəri və ya müraciət edənlərin 67 faizi işlə təmin olunub. Hazırda Rayon Məşğulluq Mərkəzində 508 nəfər işsiz statusu alan vətəndaş rəsmi qeydiyyatdadır, ötən ilin 9 ayı ərzində rayon üzrə 398 yeni iş yeri açılıb.
Elektrik, qaz və içməli su təchizatının yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb
Rayonun elektrik enerjisi ilə təminatında da yüksək irəliləyişlər əldə olunub. Belə ki, İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən ötən ilin 9 ayında istehlakçılara 36 milyon 152 min kilovat/saat enerji verilib, ödəniş 82,6 faiz icra olunub. 9 ayda 564 ədəd elektron tipli, 35 ədəd smart tipli sayğac quraşdırılıb, yararsız dayaqlar dəyişdirilib, 21 ədəd müxtəlif güclü transformator təmir edilib və transformator yarımstansiyalarında cari təmir işləri görülüb. 3,2 km hava xətti SİP kabellə əvəz olunub.
Rayonun qaz təchizatında da bir sıra yeniliklər müşahidə olunub. İsmayıllı Qaz İstismar sahəsi tərəfindən 11083 abonentə xidmət göstərilməklə 2012-ci ilin doqquz ayında istehlakçılara 16,1 milyon kub metr təbii qaz verilib. 2012-ci ildə bir sıra yaşayış məntəqələrinin daşıyıcı və paylayıcı qaz kəmərlərində təmir-bərpa işləri aparılıb. 4748 qaz sayğacı həyətlərdən küçə şəraitinə çıxarılaraq yenisi ilə əvəz olunub, abonentlər üçün 587 ədəd məişət-qaz sayğacı quraşdırılıb. May ayında Topçu kəndinə təbii qazın verilməsi bərpa olunub.
Bununla yanaşı, İsmayıllı şəhərində yeraltı qaz kəmərlərinin yerin səthinə çıxarılması və İvanovka kəndində qaz təsərrüfatının yenidən qurulması davam etdirilir. Şəhərdə diametri 200 mm olan polietilen borularla 3200 p/m daşıyıcı qaz xətti çəkilib. Basqal qəsəbəsi və Tircan kəndlərinin qazlaşdırılması üçün diametri 315 mm olan polietilen borularla daşıyıcı qaz kəmərinin tikintisinə başlanıb.
Ötən il əhalinin içməli su təminatının yaxşılaşdırılmasına da diqqət artırılıb. Xanagah-İsmayıllı su xəttində, şəhərdaxili su və kanalizasiya xətlərində təmir işləri görülüb. İsmayıllı şəhərində iki ədəd sub-artezian quyusunun enerji transformatoru və su nasosu təmir olunub. “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində Dünya Bankının vəsaiti hesabına İsmayıllı şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Artıq 71 km kanalizasiya, 28 km uzunluğunda su xətti çəkilib.
Kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb...
Rayonda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi yönündə əsaslı addımlar atılıb. Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi tərəfindən tədbirlər davam etdirilir. Ötən il əlavə olaraq 17 ədəd iritutumlu metal zibil qutusu hazırlanaraq İsmayıllı şəhərinin küçələrinə qoyulub. Mərkəzləşdirilmiş bölgüyə əsasən rayona Çin Xalq Respublikasının istehsalı olan məişət tullantıları daşıyan avtomobil verilib. Ötən ilin 9 ayı ərzində Mənzil İstismar Sahəsi tərəfindən Natəvan küçəsində 2 ədəd 16 mənzilli, M.F.Axundov küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilmiş 27 mənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib, Vahab Osmanov küçəsində yerləşən 36 və Natəvan küçəsində 16 mənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə başlanılıb. Bundan başqa, Heydər Əliyev prospekti 107, Ərəstun Mahmudov 14 ünvanında yerləşən binaların dam örtüyündə əsaslı təmir işləri aparılıb.
2012-ci ilin doqquz ayında əhaliyə göstərilən rabitə və poçt xidmətlərinin səviyyəsi də yaxşılaşıb. Belə ki, 2012-ci ilin üçüncü rübündə Quşencə, Qalınçaq, Ruşan, Göytəpə, Talıstan və Diyallı elektron ATS-lərin birləşdirici xətləri yeni fibrooptik kabellə əvəz olunub, abonentlərin yüksək sürətli, genişzolaqlı internet xidmətlərindən istifadə etmək imkanı yaranıb. İsmayıllı Poçt filialında poçt və maliyyə xidmətlərinin keyfiyyəti artıb, kütləvi ödənişlərin əhalidən qəbulunda və kompüter şəbəkəsi vasitəsilə abonentlərin hesabına işlənməsində irəliləyişə nail olunub. Rayonda 9 ayda 55 milyon 244 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 72 min manat və ya 8 faiz çoxdur.
Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində əsaslı yeniliklər müşahidə olunmaqdadır...
2012-ci ildə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən bu sahələr üzrə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman və sərəncamların, həmçinin dövlət başçısının digər tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı xeyli işlər görülüb. Ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin yüksəldilməsinə, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə diqqət artırılıb. Cari ildə Kürdeldarbəyli kənd tam orta, Talış və Sərdahar ümumi orta məktəblərinin hər biri üçün 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. İsmayıllı şəhər 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 6 nömrəli, Lahıc, Basqal qəsəbə, Topçu, Təzəkənd, Talıstan kənd tam orta, Gəndov kənd ümumi orta məktəblərində cari təmir işləri aparılıb. Müdrü, Pirəbilqasım, Mücü və Yeniyol kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılıb. Məktəblərin inventar-avadanlıqlarla təminatı yaxşılaşdırılıb.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, şagirdlərin fənn olimpiadalarında və digər müsabiqələrdə iştirakı təmin olunub. Ötən ilin mart ayında keçirilən fənn olimpiadalarının respublika mərhələsində rayonun 9 nəfər şagirdi uğurlu nəticələr əldə edib və respublika rayonları arasında ən yaxşı nəticəyə nail olublar.
Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi və idmanın inkişafı diqqət mərkəzində saxlanılıb, “Cəsurlar” hərbi-idman və turizm yarışlarının respublika mərhələsində Təzəkənd tam orta məktəbinin komandası, “Şahin” hərbi-idman yarışlarında isə Diyallı kənd tam orta məktəbinin komandası II yeri tutublar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində şəhər 2 saylı, Qubaxəlilli və Tircan kənd tam orta məktəbləri “Ən yaxşı ümumtəhsil müəssisəsi” adını qazanıb. Bundan başqa, şəhər 1 saylı tam orta məktəbin müəllimi Pərvanə Piriyeva, Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev və Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Samir Ağabalayev isə “Ən yaxşı müəllim” adına layiq görülüblər. Məktəbi bitirən məzunlardan 262 nəfəri ali məktəblərə, 110 nəfər orta ixtisas məktəblərinə qəbul olunublar. Qəbul olunmuş məzunlardan 11 nəfəri 600 baldan çox, 44 nəfəri isə 500-dən çox bal toplayıblar.
2012-ci ilin ötən dövrü ərzində rayonda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və əhaliyə göstərilən tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması üçün əhəmiyyətli tədbirlər görülüb, Lahıc qəsəbəsində və İvanovka kəndində 15 çarpayılıq yeni xəstəxana binalarında, həmçinin, Tircan və Topçu kəndlərində yeni həkim məntəqələrində tikinti işləri davam etdirilib. Xəstəxananın Poliklinika şöbəsində cari təmir işləri aparılıb. 2012-ci ilin III rübündə Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işlərinə başlanılıb. Bu il rayon Mərkəzi Xəstəxanası cərrahi əməliyyatlar aparmaq üçün cərrahi alət dəsti, tibbi mebel dəsti və digər müasir avadanlıqlarla təmin olunub.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə sanitar-epidemioloji briqadalar yaradılıb, vaxtaşırı kəndlərə göndərilməsi təmin edilib və infeksiya ehtimalı olan yaşayış məntəqələrində dezinfeksiya işləri həyata keçirilib. Görülmüş işlərin nəticəsidir ki, 2012-ci ildə yoluxucu xəstəliklərin sayı 2011-ci ilin eyni dövrü ilə müqayisədə xeyli azalıb.
Ötən il mədəni-maarif müəssisələrinin fəaliyyətində dönüş yaradılıb. Rayon Mədəniyyət evinin bazasında Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaradılıb, kənd Mədəniyyət evi və klublar isə həmin mərkəzin filialları olub. Maddi-texniki bazası zəif olan və kifayət qədər oxucusu olmayan kitabxanalar birləşdirilərək kitabxanaların sayı 60-dan 49-a endirilib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, mədəniyyət evləri və klubların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülüb. Diyallı kənd mədəniyyət evində, İvanovka kənd kitabxanasında, Uşaq İncəsənət məktəbində, muzeylərdə cari təmir işləri aparılıb.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəni-kütləvi tədbirlərin keçirilməsinə diqqət artırılıb, tarixi günlər və bayramlar yüksək səviyyədə qeyd olunub. Ötən il “İsmayıllı günü” münasibəti ilə avqust ayının 31-də keçirilmiş tədbir xüsusən qeyd olunmalıdır. Rayonun Qala divarları qarşısında möhtəşəm bayram təntənəsi yaşanıb. Qala divarları qarşısında təşkil edilmiş tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin ayrı-ayrı mədəni-maarif müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, milli azlıqların folklor qruplarının çıxışları olub, misgərlərin, turizm, kitab, xalçaçı və ipəkçi toxucuların əl işlərinin sərgiləri təşkil edilib və milli mətbəx nümunələri nümayiş olunub. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Yaponiyanın və Rusiya Federasiyasının ölkəmizdəki səfirləri, Belarus Respublikasından nümayəndə heyəti, Milli Məclisin deputatı Novruzəli Aslanov və digər qonaqlar iştirak ediblər. Böyük əhali kütləsinin qatıldığı “İsmayıllı günü”ndə rayonun qədim tarixi, zəngin folkloru, xalq sənətkarlığı, müasir sosial-iqtisadi inkişafı, xüsusilə təhsil, mədəniyyət və turizm sahələrində qazanılan yüksək nailiyyətləri nümayiş olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

