Azərbaycanın vətəndaş cəmiyyətinin Avropaya yolunu kimlər kəsir?
26.05.2012 [14:35]
2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasəti, 2009-cu ildə isə Şərq Tərəfdaşlığı Proqramına daxil edildikdən sonra bu istiqamətdə yeni əməkdaşlıq formatları və üsulları tətbiq olunmağa başlayıb. Bunlardan biri də yuxarıda adı çəkilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumudur (VCF).
Qeyd etmək lazımdır ki, Şərq Tərəfdaşlığı Proqramı Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu əhatə edir. Forum bu ölkələrin və digər Aİ ölkələrinin QHT-lərinin nümayəndələrindən təşkil olunur. Forum Şərq Tərəfdaşlığı Proqramının səlahiyyət dairəsinə aid olan 4 əsas istiqamət (demokratiya, yaxşı idarəetmə, stabillik; iqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə yaxınlaşma; ətraf mühit, iqlim dəyişkənliyi və enerji təhlükəsizliyi; insanlar arasında əlaqələr) üzrə fəaliyyət göstərməlidir.
Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun yaradılmasından sonra proqrama daxil edilmiş ölkələrdə, o cümlədən Azərbaycanda həmin forumun milli platformaları formalaşdırılıb. Milli Platformanın məqsədi Vətəndaş Cəmiyyətinin Şərq Tərəfdaşlığı Proqramının inkişafı sahəsində fəaliyyətini Azərbaycanda populyarlaşdırmaq, bu istiqamətdə atılacaq addımlar və təşəbbüsləri koordinasiya etməkdən ibarətdir. Bunun üçün Milli Platforma Vətəndaş Cəmiyyəti Forumu səviyyəsində fəaliyyəti əlaqələndirməli, VCF-nin gördüyü işləri təbliğ etməli, VCF-də müzakirə olunan məsələ və qəbul olunan qərarları yerlərdə reallaşdırmalı, rəylər və təkliflər toplamalı, Platformanın inkişafı ilə bağlı ölkə üzrə istiqamətləri müəyyən etməli, Forumda iştirak etmək üçün vətəndaş cəmiyyətini həvəsləndirməli və yeni üzvlərin cəlb olunmasına çalışmalıdır.
Lakin Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən qurum və şəxslərin belə mühüm bir prosesdə iştirakı müəmmalarla doludur və bir sıra maneələrlə müşayiət olunur. Əvvəla ondan başlayaq ki, Forumun 2009-cu ilin noyabrında Brüsseldə keçirilən ilk iclasında iştirak etmək üçün Azərbaycandan dəvət olunan 21 qeyri-hökumət təşkilatının seçilməsi ictimaiyyətə gec məlum olub. Hətta, QHT-lərin ən böyük koalisiyası olan Milli QHT Forumu kimi geniş əlaqəli və fəal bir qurum bu barədə sonradan xəbər tuta bilib. Deməli, bəzi məlum QHT “peşəkarlar”ı öz əlaqələrindən istifadə edərək əvvəlcədən tədbir görüb və Aİ-nin bu mühüm formatını gizlicə nəzarətə götürməyə müvəffəq olublar. Ona görə də, həmin toplantıda təmsil olunmuş 21 təşkilatın çoxu müxalifətyönlü QHT-lərdən ibarət olub. Bu hal onlara Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənovu asanlıqla Forumun Azərbaycan üzrə koordinatoru təyin etməyə və sonradan Milli Platformada rəhbərliyi ələ keçirərək bu vəzifəni istədikləri adama ötürməyə imkan verib.
İctimai sektorun bir sıra nümayəndələri bildirirlər ki, Milli Platforma Azərbaycan QHT-lərinin Avropaya çıxışını asanlaşdırmaq əvəzinə, buna mane olur. Məsələn, Forumun 2010-cu ildə Berlində keçirilən ikinci iclasında iştirak etmiş 25 təşkilat içərisində müstəqil və hakimiyyətə loyal olanlar növbəti ildə Polşanın Poznan şəhərində keçirilən toplantıya dəvət olunmayıblar. Maraqlıdır ki, sözügedən təşkilatlar ikiqat diskriminasiyaya məruz qalırlar. Bir tərəfdən, Forumun rəhbərliyində təmsil olunmuş ermənilər, digər tərəfdən isə Milli Platformanın Forumla əlaqələri inhisara almış rəhbərliyi Azərbaycan gerçəkliklərini təbliğ edən, onun mənafelərini müdafiə etməyə çalışan təşkilatların (onlar bir qayda olaraq müstəqil və rəsmi siyasəti müdafiə edən qurumlar olur) qarşısına sipər çəkirlər. Onlar hər vəhclə çalışırlar ki, hakimiyyəti tənqid edən, Azərbaycanın imicinə zərbə vurmağa can atan Rəsul Cəfərov, İlqar İbrahimoğlu, Mirvari Qəhrəmanlı, Zöhrab İsmayılov və s. kimi insanların Forumun tədbirlərinə qatılmasını təmin etsinlər.
Narazılıq yaradan başqa bir məsələ Milli Platformanın idarə heyətinin və əlaqələndiricisinin seçilməsi ilə bağlıdır. Bir çox QHT-lər haqlı olaraq bildirirlər ki, siyasiləşmiş bir qrupun Milli Platformanı öz mənafeyinə uyğun şəkildə yönləndirməsi heç də vətəndaş cəmiyyətinin inkişafına xidmət etmir. Koordinator vəzifəsini mənimsəyən Əvəz Həsənov əvvəlcə onu dostu, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramova, o isə qardaşı, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğluna ötürür. Milli Platformanın İdarə Heyətinin üzvlərinin çoxu (“Azad İqtisadiyyata Yardım” Mərkəzinin sədri Zöhrab İsmayıl, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, Avropaya İnteqrasiya Proqramının ölkə üzrə əlaqələndirici İlqar Həsənli) müxalif siyasi partiyalarla yaxın əlaqələri olan və QHT pərdəsi altında hakimiyyətə qarşı əks mövqe tutan şəxslərdir. Anar Məmmədlinin təşkilatı isə heç dövlət qeydiyyatına belə alınmayıb. Şübhə yoxdur ki, bu şəxsin Forumun strukturlarında rəhbərliyə “seçilməsi” birbaşa onun siyasi mövqeyi və kiminsə sifarişi ilə baş tutub. Onu da söyləmək lazımdır ki, Vüqar Bayramov və Qubad İbadoğlu həm də Forumun İdarə Heyətinin üzvləridir. Onlar İdarə Heyətinin iclaslarında da ölkəmizdəki vəziyyətə dair xoşagəlməz rəy yaradırlar.
Sözsüz ki, belə bir vəziyyət Milli Platformada təmsil olunan, lakin azlıqda qalan digər QHT-lər tərəfindən razılıqla qarşılana bilməzdi. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının 2011-ci il dekabrın 28-də bəyanat verərək müxalif siyasi partiyalarla bağlı olan şəxslərin Forumun Milli Platformasında fəaliyyətlərini legitim hesab etməməsi və qurumdan çıxması yaranmış narazılığın göstəricisi idi. Təsadüfi deyil ki, hazırda cəmiyyətdə Aİ-nin Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasına müxalifyönlü QHT-lərin klubu kimi baxılır.
Qeyd edilən problemlərə yol açan səbəblərdən biri də şəffaflığın olmamasıdır. Forumun və Platformanın işinə daha çox QHT-nin cəlb edilməsi, tədbirlərə qatılmaq üçün lazımi məlumatlar kütləvi informasiya vasitələrində kifayət qədər yayılmır, Platformanın və Platformaya “nəzarət paketini” əlində saxlayan bəzi təşkilatların saytlarında elan verməklə gözdən pərdə asmağa çalışılır. Yaxşı olardı ki, Aİ-nin Bakıdakı Ofisi bu məsələni diqqətdə saxlasın və vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığı Proqramına yaxından cəlb olunması üçün üzərinə düşən vəzifələri yerinə yetirsin.
Azərbaycan QHT-ləri analoji problemlə Aİ-nin ayırdığı qrantların bölüşdürülməsi zamanı da üzləşirlər. Məlum olduğu kimi, Avropa İttifaqı Nümayəndəliyi Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti (DİHAA) və Qeyri-Dövlət İştirakçıları (QDİ) proqramları çərçivəsində bir sıra istiqamətlər üzrə (qanunvericiliyin təkmilləşdirilməsi, demokratiya və insan hüquqları, davamlı inkişaf və s.) QHT-lərin layihələrini maliyyələşdirir. 2007-ci ildən indiyə qədər bu proqramlar çərçivəsində 9 milyon manata yaxın vəsait ayrılıb. Lakin nədənsə Azərbaycan QHT-lərinin əksəriyyəti qrant müsabiqələrinin keçirilməsi barədə çox gec xəbər tutur. İctimaiyyət bu müsabiqələrin şərtləri və nəticələri haqqında səthi məlumatlandırılır. Məsələn, bu yaxınlarda Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi tərəfindən yuxarıda göstərilən proqramlar çərçivəsində QHT-lərin 16 layihəsi üçün 2,7 milyon manat vəsaitin verilməsi haqqında mətbuatda məlumat gedib. Nə qədər cəhd etsək də, nə yazılı mətbuatda, nə də internet resurslarında, o cümlədən Aİ-nin Azərbaycan Nümayəndəliyinin saytında qalib gəlmiş təşkilatların siyahısına rast gəlmədik. Maraqlıdır, nəyə görə belə məlumatlar ictimaiyyətdən gizlədilir? Görəsən əvvəlki illərdə sərf olunmuş milyonlarla vəsait hesabına həyata keçirilmiş layihələrin ölkəmizə və cəmiyyətimizə faydası nədən ibarət olub?
ümidvarıq ki, Aİ-nin Bakıdakı Ofisi Azərbaycanda gördükləri mühüm və nəcib işlərə kölgə sala biləcək bu məsələlərə diqqət ayıracaq və yaranmış suallara aydınlıq gətirəcək.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxİdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34

