Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 20-ci illərin xəritələri Ermənistanı çətin vəziyyətə salacaq

20-ci illərin xəritələri Ermənistanı çətin vəziyyətə salacaq

25.11.2021 [11:32]

Rusiya Ermənistana Azərbaycanla 20-ci illərin xəritələri əsasında kommunikasiyaların açılması, Zəngəzur dəhlizi və sərhədlərin tanınması ilə bağlı razılığa gəlməyi təklif edir. Ermənistan da tez-tez 20-ci illərin xəritələri barədə xatırlatmalar edir və hətta bunu az qala təzyiq vasitəsi kimi gözə soxmağa çalışır. Ermənistan tərəfinin 20-ci illərə dair xəritələr barədə bu qədər canfəşanlıq etməsinin arxasında xəritələrin saxtalaşdırılması amili dayana bilər. Çünki həqiqət  üzə çıxarsa, bu, heç də onların  xeyrinə olmayacaq.

Bu yaxınlarda Valday klubunun növbəti iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində olan xəritələr barəsində danışdı, Azərbaycan və Ermənistana dair xəritələrin saxlandığını bəyan etdi. O, sərhəd bölgüsünün bu xəritələr əsasında aparılmasının məqsədəuyğun olduğunu bildirdi. Bəs bu xəritələrdə nə var? Sualımıza professor, BDU-nun kafedra müdiri, geodeziya və kartoqrafiya sahəsi üzrə elmlər doktoru Məqsəd Qocamanov cavab verir.

“Bu xəritələrdə Cənubi Qafqaz Respublikalarının sərhəd və inzibati ərazi bölgüsü dəqiqliklə qeyd edilib, əsas arxiv  Rusiya Dövlət  Kitabxanasının Paşkov Evində yerləşən kartoqrafiya bölməsidir. Orada Azərbaycana aid 9 xəritə mövcuddur.  Xəritələrin ən qədimi 1925-ci ildə çap olunmuş Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının xəritəsidir. Bu xəritədə Azərbaycanın Ermənistan və Gürcüstanla sərhədləri, 15 mahalı, 1 muxtar vilayəti və 1 Muxtar Respublikası qeyd edilib. 1925-ci ildə çap olunmasına baxmayaraq, həmin xəritədə Dağlıq Qarabağın mərkəzi öz qədim adıyla, Xankəndi şəhəri olaraq qeyd edilib. Daha sonra arxivdə 1929 və 1931-ci illərdə tərtib edilmiş xəritələr mövcuddur.1938-ci ildə Rusiya Geoloji Fondu tərəfindən tərtib edilmiş xəritə, 1975, 1980, 1984, 1985-ci illərdə SSRİ Geodeziya və Kartoqrafiya Fondu tərəfindən nəşr olunan xəritələr mövcuddur.

1925-ci ilin xəritəsi Cənubi Qafqazda sərhədləri müəyyən edən yeganə sənəd kimi qeyd edilir. 1921-ci ildə imzalanmış Qars müqaviləsi hazırkı delimitasiya prosesləri üçün başlanğıc nöqtə rolunu oynaya bilər.

Qars müqaviləsinə daha yaxın xəritə, 1925-ci ilin xəritəsidir. Məhz bu xəritə əsasında Cənubi Qafqaz Respublikalarının inzibati ərazi bölgüsü aparılıb. 1925-ci ilin Zaqafqaziya xəritəsi əsasında   aparılacaq delimitasiya Rusiya tərəfindən ən münasib xəritə hesab olunur. 1936-cı ildə Zaqafqaziya Sovet Sosiali?t Federativ Respublikası ləğv olunandan sonra Azərbaycanın ərazisinin bir hissəsi Ermənistana verildi. Böyük Vətən müharibəsindən sonra, eləcə də ötən əsrin ortalarında Ermənistan öz ərazilərini genişləndirə bildi. Söhbət təxminən 20000 kvadrat kilometrdən gedir. Ona görə də  indi Qars müqaviləsinə əsasən və ya 1920-ci illərdəki xəritələrə qayıdış Ermənistan üçün böyük ərazi itkiləri demək olacaq. Zaqafqaziya xəritələrinə əsasən, nə Azərbaycanın Ermənistanda, nə də Ermənistanın Azərbaycanda eksklavı olmayıb. Əlimizdə kifayət qədər hüquqi əsas mövcuddur”.

Professor bildirib ki, Putinin dediyi kimi onların hərbi qərargahında həmin xəritələr mütləq var. “Onların əlində dəqiq kataloqların olmasına inanıram. Zaman-zaman iki respublikanın sərhədləri arasında dəyişmələr olub və bunlar növbətçi xəritələrdə öz əksini tapıb. Bu xəritələrin də nüsxələri mütləq şəkildə hər iki tərəfə təqdim edilib. Xəritənin dəqiqliyi 0,7 millimetr  miqyasında ölçülür. Yəni orada icmal tipli xəritələr var. Burada bir millimetr 150 metr edir. Sərhəd isə 10 metr dəqiqliklə ölçülməlidir.  Arxivlər qalır və imkan verilsə, biz öz aramızda bu məsələni danışa bilərik. Lakin onların ədalətli olmayacağını, razılaşmayacağını bildiyimiz üçün, üçüncü tərəfin iştirakı vacibdir.

Bizim üçün ən ideal variant Cümhuriyyət dövrü xəritələridir. O dövrdə bizim 114 min kv.km ərazimiz var idi. Azərbaycanın 1918-20-ci illər xəritəsində ərazimiz belə göstərilib. 1920-ci ildən sonra Azərbaycanın ərazisinin sərhəd məsələləri iki təməl müqavilə əsasında təsbit olunub. Bunlardan biri 1921-ci il 16 mart tarixli Moskva müqaviləsidir. Orada Türkiyənin Cənubi Qafqaz Respublikaları ilə ərazisi dəqiqləşdirilib. Həmin sənəd əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsində bu məsələ tənzimlənib. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti  İlham Əliyev və Türkiyə Prezidenti  Ərdoğanın Şuşada imzaladığı Bəyannamədə onlar Qars  müqaviləsinə istinad etdiklərini, bu müqaviləyə ehtiram göstərdiklərini  bildirdilər. Bu o deməkdir ki, Moskva və Qars müqavilələri ilə tənzimlənən ərazilər barədə fikirlər yerində qalır”,- deyə professor xatırladıb.

“Əgər Ermənistan Qars müqaviləsindən imtina edirsə,  əvvəlki sərhədlərə əsasən, Türkiyənin sərhəd ordusu gəlib oturmalıdır  Gümrüdə. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən, Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində Erməni vilayəti təşkil edilmişdi.  Rəsmi sənədə əsasən, o, Yeni Bəyazid, İrəvan və Aleksandropol qəzalarının hissələrindən yaradıldı”- deyə professor qeyd edib.

Maraqlı bir xatırlatma yerinə düşər ki, 1918-ci il iyulun 15-də Amerikanın Tiflisdəki konsulu Smit ölkəsinin dövlət katibinə məxfi teleqramında yazırdı:

 “Almaniya və Türkiyə tərəfindən tanınmış yeni Ermənistan dövlətinin ərazisi 12 min kvadrat kilometrə qədərdir. Halbuki, yaradılanda onun ərazisi 9000 min kvadrat kilometrdən bir qədər artıq idi. Sərhədləri Dilicandan Cənub Qərbdə Alagözə qədər, oradan Eçmiadzinin cənubundan İrəvanın şərqinə kimi, oradan da Sevan gölünə qədərdir”.

Ermənistan əlində xəritə olmasından danışır. 20-ci illərin hansı xəritəsindən söhbət gedir, o barədə susur. Xəritə və kartoqrafiya fəaliyyəti həmişə məxfi və yarımməxfi saxlanılır. Müharibə dövründə bu xəritələr “gizli” qrifi altında qorunub. Hərbi topoqrafiya daha çox kiçik miqyaslı olmaqla relyefi, coğrafiyanı yaxşı öyrənir və hərbçilərin hərəkəti üçün nəzərdə tutulur. Bütövlükdə rusların Qafqazda   xəritəçəkmə fəaliyyəti 1800-cü illərdən sonra başlayıb. Qafqazın xəritəsi 1903-cü ildə yaradılıb. Bu xəritəni isə general Əliağa Şıxlinski işləyib. Bu mənada bizim bəxtimiz gətirib. Məhz onun sayəsində toponim adlarında saxtalaşmaya yol verilməyib. Türkcə adlar olduğu şəkildə rəsmi qeydiyyata keçirilib.

 Hazırda Azərbaycan ərazisi 86,6 min kvadrat kilometr, Ermənistan ərazisi 29 min kavadrat kilometr təşkil edir. 1922-ci il, oktyabrın 25-də tərtib edilmiş sənədə əsasən, Azərbaycan ərazisi 7 milyon 989105 desyatindir ki, bu 87,189 kvadrat kilometr edir. Bu sənədə əsasən bizim 1000 kvadrat kilometrimiz   əlimizdən çıxıb. Və yenə həmin sənədə əsasən, bildirilir ki, keçmiş Qazax Qəzasından Ermənistana 379,489 desyatin, Zəngəzur Qəzasından 405 desyatin verilib. Bu ümumilikdə,  təxminən 10000 kvadrat kilometr  edir.

Belə çıxır ki, Ermənistanın Azərbaycanı guya dalana dirəmək məqsədilə tələb etdiyi 20-ci illərə dair xəritələrin açılması onun özü üçün cıxılmaz vəziyyət kimi bir fəlakətlə nəticələnəcək.  Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru hələ ötən il xəbərdarlıq etmişdi: “Bu xəritələr açılarsa, Ermənistan yenə 9000 kvadrat kilometrlik ərazinin ümidinə qalacaq”. Bəs onda bunlar oturduqları ağacı kəsməyə nə üçün bu qədər həvəs göstərirlər? Təbii ki, Ermənistanın doğru yola gəlməsini düşünmək sadəlövhlük olardı. Növbəti saxtalaşdırmanın astanasındayıqmı?

İlhamə

 

 

 

Paylaş
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30