Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Koronavirus pandemiyası ilə bağlı vaxtında görülən tədbirlər sayəsində Azərbaycan minimum itki verib

Koronavirus pandemiyası ilə bağlı vaxtında görülən tədbirlər sayəsində Azərbaycan minimum itki verib

04.06.2020 [09:33]

Prezident İlham Əliyev: Pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb
Artıq bir neçə aydır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə əksər dünya dövlətlərinin gündəliyinin əsas məsələsinə çevrilib. Dünyada ciddi səhiyyə və sosial-iqtisadi problemlərin yaranmasına səbəb olan pandemiyanın yayılma arealının məhdudlaşdırılması, onun fəsadlarının aradan qaldırılması məqsədilə həm qlobal, həm də milli səviyyələrdə tədbirlər görülür. Bu baxımdan, Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Respublikamız COVİD-19-a ilk yoluxma faktı qeydə alındıqdan etibarən özünün bütün imkanlarını pandemiyaya qarşı mübarizəyə səfərbər edib.
Azərbaycanın pandemiyaya qarşı gördüyü mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Hər bir ölkə koronavirus pandemiyasına qarşı mübarizədə fərqli yanaşma sərgiləyir. Respublikamıza gəldikdə isə, ölkəmiz pandemiya şəraitində də özünün nümunəvi sosial siyasətinə sadiqlik nümayiş etdirir. Azərbaycan hökuməti respublikanın daxili imkanlarına əsaslanaraq pandemiyaya qarşı mübarizədə səmərəli nəticələrin əldə olunmasına hədəflənən və müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı tədbirlər həyata keçirir. İnsanların həyatının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi ölkəmizin COVİD-19 pandemiyasına qarşı mübarizə gündəliyində əsas yeri tutur. Başqa sözlə desək, Azərbaycan dövləti pandemiya şəraitində də ənənəsinə sadiq qalaraq öz vətəndaşının yanında olmaq, onların qayğısına qalmaq nümunəsi sərgiləyir.
Respublikamızda pandemiya şəraitində Prezident İlham Əliyevin tapşırığına əsasən ən yaxşı və ən müasir texniki təchizata malik səhiyyə müəssisələri insanların sağlamlığının qorunmasına cəlb olunub. Ölkə üzrə belə xəstəxanaların sayı 20-dən çoxdur. Mütəxəssislərin də bildirdikləri kimi, pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında xəstəliyin erkən mərhələdə aşkarlanması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə paytaxt Bakıda və bölgələrdə qısa müddətdə 23 laboratoriya yaradılıb və dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla təchiz edilib ki, bunun da sayəsində testlərin yüksək səviyyədə və dəqiqliklə keçirilməsi təmin olunur. Yeri gəlmişkən, respublikamız adambaşına düşən testlərin sayına görə dünya miqyasında ön sıralarda yer alır.
Hazırda respublikamızda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində səhiyyə infrastrukturunun genişləndirilməsi həyata keçirilir. Artıq paytaxt Bakıda və bölgələrdə 10 modul tipli xəstəxananın tikintisinə başlanılıb. Artıq modul tipli ilk xəstəxananın inşası tamamlanaraq Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Eyni zamanda, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində respublikamıza xaricdən ən müasir tibbi avadanlıqların gətirilməsi təmin edilir. Dövlət başçısının 9 aprel 2020-ci il tarixində “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncamla sənəddə qeyd olunan məqsədlərdən ötrü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat vəsait ayrılıb. Müvafiq səhiyyə tədbirlərinin görülməsi üçün daha 150 milyon manat vəsaitin ayrılması da nəzərdə tutulub.
Ölkəmizdə pandemiya şəraitində, həmçinin əhatə dairəsi kifayət qədər geniş olan sosial tədbirlər həyata keçirilir. Onlardan yalnız bəzilərini sadalamaq kifayətdir ki, vəziyyət barədə konkret təsəvvür yaransın. Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib, eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Respublikamızda pandemiya şəraitində dövlətdən 190 manat məbləğində sosial yardım alan insanların sayı Prezident İlham Əliyevin təşəbbüsü ilə 200 mindən 600 minə çatdırılıb. Ölkəmizdə 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunub və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Respublika üzrə 90 min ödənişli ictimai iş yerlərinin açılması istiqamətində müvafiq qurumlar tərəfindən intensiv iş aparılır.
Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində reallaşdırılan bütün bu kimi tədbirlər Azərbaycan cəmiyyəti tərəfindən yüksək dəyərləndirilir. Bu günlərdə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən dövlət başçımızın ünvanına çoxsaylı minnətdarlıq məktubları daxil olur. Həmin məktublarda vətəndaşlar onların sağlamlığının və sosial müdafiəsinin qayğısına qaldığına görə Prezident İlham Əliyevə minnətdarlıq hisslərini ifadə edirlər.
Eyni zamanda, pandemiya ilə mübarizədə ölkəmizin nümunəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bunu pandemiya şəraitində Azərbaycanın sıx əməkdaşlıq etdiyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəyərləndirməsindən də görmək mümkündür. Yeri gəlmişkən, Azərbaycanda pandemiyaya qarşı həyata keçirilən tədbirlərə beynəlxalq səviyyədə yüksək qiymət verildiyinə iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da xüsusi diqqət çəkilib. Videokonfransda bildirilib ki, Azərbaycan hökuməti tərəfindən pandemiya əleyhinə görülən qabaqlayıcı tədbirlər, ölüm hallarının aşağı səviyyədə olması və aparılan test sayının artması onu nümayiş etdirir ki, ölkədə səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir. Prezident İlham Əliyev isə deyib: “Əlbəttə ki, pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur”.
Respublikamız pandemiya dövründə 30 ölkəyə humanitar dəstək göstərib
Koronavirus pandemiyasının dünyanın 200-dən çox ölkəsini əhatə etməsi və qlobal miqyasda böyük fəsadlara yol açması bu problemlə mübarizədə beynəlxalq həmrəyliyin aktuallığını daha da artırıb. Ekspertlərin də qeyd etdikləri kimi, COVİD - 19 pandemiyası qlobal səciyyə daşıyıdığına görə ona qarşı mübarizədə beynəlxalq səylər əlaqələndirilməlidir. Çox sürətlə yayılan bu xəstəlikdən dünya ölkələri yalnız əməkdaşlıq vasitəsilə, bir-birlərinə kömək göstərməklə xilas ola bilərlər.
Deyilənlər baxımından Azərbaycanın mövqeyi təqdirəlayiqdir. İndiyədək Azərbaycan Prezidenti pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsini özündə ehtiva edən bir sıra təşəbbüslər irəli sürüb. Dövlətimizin başçısının təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, eləcə də Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşlərinin keçirilməsi respublikamızın nümunəvi səviyyədə olan həmrəyliyinin bariz təzahürüdür. Bəhs olunan Zirvə görüşləri göstərdi ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın dəyişməz mövqeyini bir daha nəzərə çatdıran Prezident İlham Əliyev “Bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq bizim öhdəliyimizdir. Hər iki Zirvə görüşü uğurla keçdi. Sizə deyə bilərəm ki, biz nəinki təkcə koronavirusla mübarizə sahəsində fikir mübadiləsi apardıq, eyni zamanda, qarşılıqlı dəstək göstərdik. Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfranslar keçirilmişdir”, - deyə vurğulayıb.
Azərbaycanın pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan təşəbbüsləri ÜST-ə və ehtiyacı olan ayrı-ayrı ölkələrə göstərdiyi paraktiki köməklə tamamlanır. Videokonfransda Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanın da qeyd etdiyi kimi, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması təqdirəlayiq haldır. Azərbaycanın beynəlxalq səviyyədə göstərdiyi humanitar dəstəyin əhatə dairəsinin kifayət qədər geniş olduğuna diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir”.
Videkonfransda dövlətimizin başçısı, həmçinin “Bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər”, - deyə bildirib. Şübhə yoxdur ki, qlobal həmrəyliyin güclənməsi pandemiyaya qarşı mübarizənin səmərəliliyini daha da artıracaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30