Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın qlobal gündəliyi - verilən mesajlar...

Azərbaycanın qlobal gündəliyi - verilən mesajlar...

06.08.2026 [11:50]

Bakı sülhün, əməkdaşlığın və inkişafın beynəlxalq platforması kimi

Prezident İlham Əliyevin bu ilin 6 ayında səsləndirdiyi prioritetlər...

Dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunan, multikultural dəyərlərə hörməti ilə seçilən Azərbaycan müasir dünyada qlobal dialoqun inkişafında hər zaman əhəmiyyətli rol oynayır. Geosiyasi gərginliyin artdığı, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, miqrasiya, dini radikalizm və mədəniyyətlərarası qarşıdurmaların dünya gündəmini müəyyənləşdirdiyi bir dövrdə Azərbaycan konstruktiv təşəbbüsləri ilə seçilən ölkələrdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizi təkcə Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının etibarlı tərəfdaşı və mühüm dialoq platformasına çevirib.

Son illər Azərbaycanda keçirilən beynəlxalq sammitlər, qlobal forumlar, yüksək səviyyəli konfranslar və müxtəlif beynəlxalq təşkilatların toplantıları göstərir ki, Bakı artıq regional paytaxt statusunu aşaraq qlobal əhəmiyyətli qərarların müzakirə olunduğu mühüm siyasi, iqtisadi və humanitar mərkəzə çevrilib. Bu proses son 6 ayda da davam edib. Bu tədbirlərdə müzakirə olunan məsələlər yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir. Mədəniyyətlərarası dialoqdan enerji təhlükəsizliyinə, yaşıl inkişafdan şəhərsalma strategiyalarına qədər geniş spektri əhatə edən tədbirlər ölkəmizin qlobal proseslərə təsir imkanlarının artdığını nümayiş etdirir.

Azərbaycanın təşəbbüsü ilə formalaşan əməkdaşlıq platformaları ölkəmizin sülhə, qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasətinin məntiqi nəticəsidir. Tolerantlıq və multikulturalizm ənənələrinin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilməsi, müxtəlif din və mədəniyyət nümayəndələrinin dinc yanaşı yaşadığı bir cəmiyyət modelinin formalaşdırılması Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. Bununla yanaşı, ölkəmiz qlobal enerji təhlükəsizliyinin mühüm bir parçası kimi çıxış etməklə etibarlı tərəfdaş statusunu təsdiqləyir, yaşıl enerji gündəliyinin təşviqinə mühüm töhfələr verir və işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi müasir bərpa və quruculuq layihələri ilə yeni inkişaf modelini dünyaya nümayiş etdirir. Bütün bunlar göstərir ki, Bakı bu gün təkcə Azərbaycanın paytaxtı deyil, qlobal dialoqun, əməkdaşlığın və davamlı inkişaf ideyalarının formalaşdığı mühüm beynəlxalq mərkəzlərdən birinə çevrilib.

Bakıdan dünyaya çağırış: dialoq, əməkdaşlıq və ortaq məsuliyyət

Müasir beynəlxalq münasibətlər sistemində qarşıdurmaların, geosiyasi gərginliyin və qlobal risklərin artdığı bir şəraitdə dövlətlərin verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə son illərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər vasitəsilə dünyaya mühüm mesajlar təqdim edir. Bakıda keçirilən qlobal forumlar, beynəlxalq konfranslar və yüksək səviyyəli görüşlər yalnız diplomatik platforma deyil, həm də sülh, əməkdaşlıq və qarşılıqlı etimadın təşviq edildiyi mühüm dialoq məkanına çevrilib.

Bu mesajların əsas xüsusiyyəti onların nəzəri yanaşmadan deyil, Azərbaycanın real siyasi təcrübəsindən qaynaqlanmasıdır. Müxtəlif mədəniyyətlər, dinlər və siyasi baxışlar arasında körpü rolunu oynayan Azərbaycan çoxtərəfli əməkdaşlığın praktik modelini nümayiş etdirir. Məhz buna görə də Bakıda səsləndirilən çağırışlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər göstərir ki, qlobal problemlərin həlli qarşıdurmadan deyil, dialoqdan, etimaddan və ortaq məsuliyyətdən keçir. Bu yanaşma ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirməklə yanaşı, Bakını qlobal fikir mübadiləsinin və konstruktiv əməkdaşlığın aparıcı mərkəzlərindən birinə çevirir. Məsələn, ilin ilk rübündə Bakıda baş tutan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev Azərbaycanın müasir tarixində yaşadığı təcrübələri dünya ilə bölüşdü. Dövlət başçısı bildirdi ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik. Dövlət başçısı deyib: “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur.

- Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

- Üçüncü təcrübə isə sülh təcrübəsidir - sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur...”

Bakı qlobal enerji əməkdaşlığının mərkəzinə çevrilib

Sirr deyil ki, enerji təhlükəsizliyi iqtisadi məsələ olmaqla yanaşı, həm də beynəlxalq təhlükəsizlik və siyasi sabitliyin əsas sütunlarından birinə çevrilib. Məhz belə bir şəraitdə Azərbaycanın təşəbbüsü ilə formalaşan əməkdaşlıq platformaları müxtəlif maraqlara malik dövlətləri ortaq məqsəd ətrafında birləşdirən səmərəli dialoq mühiti yaradır. Bakı bu gün yalnız enerji resurslarını dünya bazarına çıxaran paytaxt deyil, eyni zamanda enerji siyasətinin gələcəyinin müzakirə olunduğu, strateji qərarların və uzunmüddətli tərəfdaşlıqların formalaşdığı beynəlxalq mərkəz kimi çıxış edir.

Azərbaycanın ardıcıl və etibarlı tərəfdaş kimi nümayiş etdirdiyi mövqe, həyata keçirdiyi iri enerji layihələri və çoxtərəfli əməkdaşlığa verdiyi töhfələr ölkənin qlobal enerji arxitekturasında rolunu daha da gücləndirib. Bakı platformasında aparılan müzakirələr göstərir ki, enerji təhlükəsizliyinin təmin olunması yalnız resursların mövcudluğu ilə deyil, dövlətlər arasında etimadın, koordinasiyanın və qarşılıqlı məsuliyyətin möhkəmləndirilməsi ilə mümkündür. Bu baxımdan, Azərbaycan enerji diplomatiyasını praktik nəticələrə çevirən və beynəlxalq əməkdaşlığı təşviq edən etibarlı aktor kimi öz mövqeyini getdikcə daha da möhkəmləndirir. Bu ilin ilk rübündə Bakıda baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: “Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq.

Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq.

Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq”.

Eyni fikirləri bu ilin iyununda Bakıda baş tutan Bakı Enerji Həftəsinə də şamil etmək olar. Enerji həftəsi ərzində beynəlxalq enerji sektorunu təmsil edən fərqli şirkətlər, qruplar özlərinin təcrübələrinin mübadiləsinə nail olur, yeni təcrübələr qazanılır. Bu da Bakının qlobal enerji dialoquna mühüm bir töhfəsidir. Təsadüfi deyil ki, Bakı Enerji Həftəsi ilçə bağlı Prezident İlham Əliyevə məktubunda ABŞ Prezidenti Donald Tramp bu tədbirin əhəmiyyətini xüsusi qeyd edib. Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu: “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub. Bu bir daha göstərir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir”.

WUF13: Dayanıqlı inkişaf gündəliyində Bakının yeri

Azərbaycan paytaxtı bu ilin mayında Ümumdünya Şəhərsalma  Forumuna   (WUF13) ev sahibliyi etdi. Mayın 17-dən 22-dək davam edən tədbir Azərbaycan paytaxtının böyük miqyaslı beynəlxalq forumları qəbul etmə qabiliyyətini nümayiş etdirməklə yanaşı, urban idarəetmə sahəsində yeni yanaşmaların tətbiqi üçün real platforma kimi yadda qaldı. Tədbirə ev sahibliyi ölkəmizin inklüzivlik, əlçatanlıq və dayanıqlı inkişaf prinsiplərinə verdiyi önəmi də ortaya qoydu. Qeyd edək ki, BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən forum şəhərlərin gələcəyi, inklüziv inkişaf, iqlim dəyişikliklərinə uyğunlaşma və sosial ədalət kimi aktual məsələlərin müzakirə olunduğu beynəlxalq dialoq məkanıdır. Eyni zamanda, forum yalnız fiziki məkanın təşkilini deyil, həm də sosial ədalət, bərabər iştirak və universal dizayn prinsiplərinin inteqrasiyasını nümayiş etdirir. Ümumdünya Şəhərsalma Forumunun paytaxtımızda keçirlməsinə qərar verilməsi isə beynəlxalq birliyin ölkəmizə olan böyük inamının daha bir ifadəsi kimi yadda qaldı. Belə ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq urban siyasəti və qlobal əməkdaşlıq proseslərində artan rolunun göstəricisidir. Bu kontekstdə Bakı həm Şərq, həm də Qərb şəhər inkişaf modellərinin kəsişməsində yerləşən dinamik urban mərkəzi kimi təqdim olunur. Azərbaycan unikal şəhərsalma təcrübəsinə malik olan ölkədir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub: “Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk”.

Dövlət başçısı qeyd etdi ki,  Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir: “Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq”.

Beləliklə, 180-dən çox ölkədən onminlərlə insanın tədbirdə iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu bir daha təsdiqlədi - tədbirin yekununda isə  “Global South NGO Platform”un təşəbbüsü və təşkilatçılığı ilə WUF13-lə bağlı “Bakı Bəyannaməsi” hazırlandı. “Bakı Bəyannaməsi”ni 103 ölkədən 569 QHT təmsilçisi imzaladı.  WUF13 çərçivəsində Bakıda toplaşan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Azərbaycanı WUF13-ün uğurlu təşkilinə, beynəlxalq şəhər dialoquna və əməkdaşlığa verdiyi mühüm töhfə münasibətilə təbrik etdilər. Bəyanatda qeyd olundu ki, forumun tarixində ilk dəfə keçirilən Liderlər Sammiti şəhər inkişafını yeni siyasi müstəviyə qaldıraraq, beynəlxalq gündəliyin prioritetləri sırasına daxil etdi. “Dünyanın müxtəlif yerlərində urbisid, kultursid və ekosidin təzahür etdiyi bir dövrdə Azərbaycanın postmünaqişə dövründəki bərpa və yenidənqurma təcrübəsi beynəlxalq ictimaiyyət üçün vacib metodoloji nümunədir. Bu xüsusda biz “Azərbaycan təcrübəsi”nin dünyanın postmünaqişə bölgələrinin yenidən qurulmasında beynəlxalq etalon və bu sahədə forumlarda əsas istinad kimi qəbul olunmasını təklif edirik”,-deyə vurğulanan bəyanatda bildirilib ki, WUF tarixində ilk dəfə Bakıda keçirilmiş QHT Forumu WUF prosesində vətəndaş cəmiyyətinin iştirakı üçün yeni bir mərhələdir.

Bakı qlobal həmrəyliyin ünvanına çevrilir

Beləliklə, son altı ayda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bir daha sübut etdi ki, Bakı artıq yalnız regional diplomatiyanın deyil, qlobal əməkdaşlıq və dialoqun aparıcı mərkəzlərindən biridir. Dünyada geosiyasi qarşıdurmaların, enerji böhranlarının, iqlim dəyişikliklərinin və təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə Azərbaycanın verdiyi mesajlar praktik təcrübəyə, etibarlı tərəfdaşlığa və məsuliyyətli siyasətə əsaslanır. Məhz buna görə də Bakıda keçirilən forumlar və beynəlxalq toplantılar təkcə fikir mübadiləsi üçün platforma deyil, həm də yeni əməkdaşlıq mexanizmlərinin formalaşdığı mühüm siyasi məkan kimi çıxış edir.

Azərbaycanın təşəbbüsü ilə keçirilən Qlobal Bakı Forumu, Cənub Qaz Dəhlizi Məşvərət Şurası, Bakı Enerji Həftəsi və Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlər ölkəmizin beynəlxalq gündəliyin əsas istiqamətlərində fəal rol oynadığını nümayiş etdirdi. Bu tədbirlər vasitəsilə Bakı sülhün, enerji təhlükəsizliyinin, yaşıl inkişafın, dayanıqlı şəhərsalmanın və çoxtərəfli əməkdaşlığın təşviq olunduğu etibarlı platformaya çevrildi.

Ən önəmlisi isə odur ki, Azərbaycanın təqdim etdiyi model nəzəri çağırışlardan deyil, real nəticələrdən qaynaqlanır. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, enerji diplomatiyasında etibarlı tərəfdaş kimi qazandığı nüfuz, multikultural dəyərlərə sadiqliyi və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti ölkəmizin qlobal etimad kapitalını daha da artırır. Bu gün Bakı təkcə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhər deyil, həm də müxtəlif maraqları uzlaşdıran, dialoqu təşviq edən və ortaq məsuliyyət anlayışını gücləndirən strateji mərkəzdir. Bütün bunlar göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu bundan sonra da yüksələcək, Bakı isə qlobal əməkdaşlığın və yeni təşəbbüslərin formalaşdığı əsas ünvanlardan biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Senzurasız 28 il...

06 Avqust 10:30

Analitik

7-ci görüş...

06 Avqust 10:14

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31