NATO-nun yeni təhlükəsizlik fəlsəfəsi
06.08.2026 [09:40]
Qərbin strategiyası necə dəyişir?
XXI əsrin ilk rübü başa çatarkən beynəlxalq münasibətlər sistemi yenidən fundamental transformasiya mərhələsinə daxil olur. Son otuz il ərzində qlobal təhlükəsizlik arxitekturasını müəyyən edən əsas prinsiplər artıq əvvəlki kimi işlək görünmür. “Soyuq müharibə”nin başa çatmasından sonra formalaşmış və Qərbin strateji üstünlüyünə əsaslanan təhlükəsizlik modeli Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik, Çin-ABŞ rəqabətinin dərinləşməsi, süni intellekt və kibertexnologiyaların hərbi tətbiqinin sürətlənməsi fonunda ciddi sınaq qarşısındadır. Bu səbəbdən Ankara NATO Sammitini yalnız növbəti diplomatik toplantı kimi qiymətləndirmək doğru olmaz. Bu sammit əslində NATO-nun növbəti onilliklər üçün strateji transformasiyasının siyasi manifesti kimi çıxış edir.
1949-cu ildə yaradılmış NATO tarixində bir neçə dəfə fundamental dəyişikliklər yaşayıb. İlk mərhələ Sovet İttifaqının çəkindirilməsi idi. 1991-ci ildən sonra Alyans Balkanlarda, Əfqanıstanda və terrorizmlə mübarizə əməliyyatlarında fəaliyyət göstərən ekspedisiya təhlükəsizlik modelinə keçdi. Lakin 2022-ci ildən sonra başlayan geosiyasi dəyişikliklər NATO-nu üçüncü transformasiya mərhələsinə gətirib. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, Alyans artıq yalnız hərbi ittifaq kimi fəaliyyət göstərmir, sənaye, texnologiya, logistika və iqtisadi dayanıqlığı özündə birləşdirən kompleks təhlükəsizlik sistemi qurmağa çalışır.
Ankara Sammiti çərçivəsində aparılan müzakirələrin mərkəzində məhz bu məsələ dayanırdı. NATO Baş katibi Mark Rutte sammit ərəfəsində müdafiə sənayesində “inqilab” zərurətindən danışaraq Alyansın yalnız daha çox vəsait xərcləməsinin yox, həm də daha sürətli istehsal etməsinin vacibliyini vurğuladı. Onun fikrincə, mövcud təhlükəsizlik mühiti müdafiə sənayesinin genişləndirilməsini və innovasiyanın sürətləndirilməsini tələb edir.
Bu yanaşma təsadüfi deyil. Ukrayna müharibəsi NATO ölkələrinə çox mühüm bir həqiqəti göstərdi. Müharibələr yalnız orduların hazırlıq səviyyəsi ilə yox, iqtisadiyyatın istehsal qabiliyyəti ilə də müəyyən olunur. İlk aylarda artilleriya sursatı, hava hücumundan müdafiə sistemləri və digər hərbi təchizat üzrə istehsal gücünün yetməməsi Avropa ölkələrinin uzun illər müdafiə sənayesinə kifayət qədər investisiya qoymadığını üzə çıxardı. “Reuters”-in müdafiə üzrə tanınmış jurnalistləri Andrew Gray və Sabine Siebold qeyd edirlər ki, Ankara Sammitinin əsas gündəmi məhz müdafiə istehsalının genişləndirilməsi, sənaye potensialının artırılması və üzv dövlətlərin daha böyük maliyyə öhdəlikləri götürməsi idi.
Burada diqqətçəkən başqa mühüm məqam müdafiə xərclərinə yanaşmanın dəyişməsidir. Uzun illər NATO daxilində əsas meyar ümumi daxili məhsulun 2 faizinin müdafiəyə ayrılması idi. Lakin təhlükəsizlik mühitinin dəyişməsi nəticəsində Alyans daha iddialı hədəflər müəyyən etməyə başlayıb. Yeni yanaşmaya əsasən üzv dövlətlərin 2035-ci ilədək ÜDM-in 5 faizinə qədər müdafiə və təhlükəsizliklə əlaqəli xərclər həyata keçirməsi nəzərdə tutulur. Bu modelin 3,5 faizi birbaşa hərbi ehtiyaclara, 1,5 faizi isə kritik infrastruktur, kibertəhlükəsizlik, logistika, innovasiya və dayanıqlıq kimi sahələrə yönəldilməlidir.
Bu rəqəmlər ilk baxışda sadəcə büdcə göstəricisi kimi görünə bilər. Əslində isə onlar Qərbin təhlükəsizlik fəlsəfəsində baş verən ən böyük dəyişikliklərdən birini əks etdirir. NATO artıq təhlükəsizliyi yalnız tank, təyyarə və raketlə ölçmür. Limanların mühafizəsi, enerji şəbəkələrinin dayanıqlığı, fiber-optik rabitə xətləri, peyk sistemləri, mikroçip istehsalı, süni intellekt infrastrukturu və kibermüdafiə də eyni təhlükəsizlik konsepsiyasının tərkib hissəsi hesab edilir.
Bu dəyişiklik təsadüfi deyil. Müasir müharibələr göstərdi ki, dövləti zəiflətmək üçün artıq yalnız hərbi hücum kifayət etmir. Enerji sisteminə qarşı kiberhücum, limanların fəaliyyətinin dayanması, peyk rabitəsinin pozulması və ya kritik istehsal zəncirinin qırılması da strateji nəticələr doğura bilər. Buna görə NATO təhlükəsizlik anlayışını genişləndirərək iqtisadi dayanıqlığı və texnoloji üstünlüyü kollektiv müdafiənin ayrılmaz elementi kimi qəbul etməyə başlayıb.
Bu proses ABŞ-ın strateji yanaşması ilə də sıx bağlıdır. Vaşinqton Avropanın təhlükəsizliyindən imtina etmir, lakin qitə dövlətlərinin öz müdafiəsinə daha çox sərmayə yatırmasını tələb edir. “Associated Press”-in NATO üzrə təcrübəli jurnalisti Lorne Cook yazır ki, ABŞ administrasiyası Avropa müttəfiqlərinin müdafiə yükünü daha çox öz üzərinə götürməsini Alyansın uzunmüddətli dayanıqlığının əsas şərtlərindən biri sayır.
Bu yanaşma Avropa daxilində də ciddi müzakirələr doğurur. “Financial Times” son təhlillərində qeyd edir ki, Avropa artıq ilk dəfə real şəkildə ABŞ-dan daha müstəqil müdafiə imkanlarının formalaşdırılması barədə düşünməyə başlayıb. Bunun səbəbi Vaşinqtondan uzaqlaşmaq deyil, təhlükəsizlik risklərinin çoxalması fonunda öz hərbi potensialını artırmaq zərurətidir. Eyni zamanda qəzet vurğulayır ki, yaxın perspektivdə ABŞ-ın texnoloji və hərbi imkanlarını tam əvəz etmək Avropa üçün real görünmür.
Ankara Sammitinin ən mühüm nəticələrindən biri də məhz budur: NATO artıq klassik hərbi ittifaqdan daha geniş təhlükəsizlik platformasına çevrilir. Burada söhbət yalnız kollektiv müdafiədən getmir. Alyans müdafiə sənayesini, texnologiya siyasətini, logistikanı, kritik infrastrukturun qorunmasını və innovasiya ekosistemini vahid təhlükəsizlik sisteminin elementləri kimi qəbul edir. Bu, NATO tarixində ən ciddi konseptual dəyişikliklərdən biridir.
Alyansın yeni iqtisadi strategiyası
Ankara NATO Sammiti ətrafında aparılan müzakirələrin böyük hissəsi müdafiə xərclərinin artırılması üzərində cəmləşsə də, bu qərarın arxasında duran strateji məntiq daha mürəkkəbdir. Məsələ yalnız Alyansın hərbi imkanlarının genişləndirilməsi deyil. Əslində, NATO daxilində baş verən dəyişikliklər transatlantik münasibətlərin yeni iqtisadi modelə keçidini göstərir. ABŞ artıq Avropaya əvvəlki kimi yalnız təhlükəsizlik təminatçısı kimi yanaşmır; Vaşinqton Avropanın daha çox məsuliyyət daşıyan, daha çox istehsal edən və daha çox investisiya yatıran strateji tərəfdaşa çevrilməsini istəyir. Bu yanaşma son illər təkcə respublikaçı yox, demokrat administrasiyalar dövründə də müxtəlif formalarda ifadə olunub. Fərq yalnız ritorikadır; strateji istiqamət isə böyük ölçüdə dəyişməyib.
“Soyuq müharibə”nin başa çatmasından sonra Avropa uzun müddət “sülh dividendi” adlandırılan iqtisadi üstünlükdən istifadə etdi. SSRİ-nin dağılması ilə genişmiqyaslı quru müharibəsi riski azaldığından, bir çox ölkə müdafiə büdcəsini tədricən azaldıb, həmin vəsaitləri sosial təminata, səhiyyəyə, təhsilə və infrastruktur layihələrinə yönəltdi. Almaniya, İtaliya, Belçika və digər dövlətlər üçün bu model iqtisadi baxımdan səmərəli görünürdü. ABŞ isə Avropadakı hərbi bazalarını saxlayır, nüvə çəkindirməsini təmin edir və NATO-nun əsas hərbi yükünü daşımağa davam edirdi.
Lakin Ukrayna müharibəsi bu balansı dəyişdirdi. Müharibənin ilk mərhələlərində Avropa dövlətlərinin sursat ehtiyatlarının sürətlə tükənməsi, artilleriya mərmiləri istehsalının tələbatı ödəyə bilməməsi və bir sıra kritik sistemlər üzrə ABŞ-dan asılılıq NATO daxilində ciddi narahatlıq yaratdı. “Reuters”-in müdafiə məsələləri üzrə jurnalistləri yazırlar ki, Ankara Sammitinə qədər aparılan danışıqlarda əsas məqsədlərdən biri Avropanın müdafiə sənayesinin istehsal gücünü artırmaq və uzunmüddətli hərbi hazırlıq üçün dayanıqlı sənaye bazası yaratmaq idi.
Bu kontekstdə müdafiə xərclərinin artırılması barədə qəbul edilən qərar yalnız hərbi qərar deyil, eyni zamanda iqtisadi qərardır. NATO-nun 2025-ci ildə Haaqa Sammitində razılaşdırdığı və Ankara Sammitində də əsas istiqamət kimi təsdiqlənən yanaşmaya görə, üzv dövlət 2035-ci ilədək ümumi daxili məhsulun 5 faizi qədərində müdafiə və təhlükəsizliklə bağlı investisiya həyata keçirməlidir. Dediyimiz kimi, bunun 3,5 faizi klassik müdafiə ehtiyaclarına, 1,5 faizi isə kritik infrastrukturun qorunması, kibertəhlükəsizlik, hərbi mobillik, müdafiə sənayesinin inkişafı və cəmiyyətin dayanıqlığı kimi istiqamətlərə ayrılmalıdır.
Bu rəqəmlərin arxasında daha geniş iqtisadi strategiya dayanır. Müasir hərbi sənaye artıq yalnız tank və döyüş təyyarəsi istehsal edən müəssisələrdən ibarət deyil. Beşinci nəsil döyüş təyyarəsinin hazırlanması yüzlərlə şirkətin, onlarla universitetin, minlərlə mühəndisin və proqram təminatı üzrə mütəxəssisin iştirak etdiyi mürəkkəb istehsal zənciridir. Eyni vəziyyət hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, peyk rabitəsi və kibertexnologiyalar üçün də keçərlidir. Bu səbəbdən müdafiə sənayesinə yatırılan investisiya yalnız hərbi potensialı artırmır; o, ölkənin elmi-tədqiqat potensialını, yüksək texnologiyalar sektorunu və sənaye məhsuldarlığını da gücləndirir.
Məhz buna görə NATO-nun Baş katibi Mark Rutte müdafiə nazirlərinin 2025-ci il iclasında, daha sonra Ankara Sammiti ərəfəsində “müdafiə sənayesində inqilab” ifadəsini işlədərək əsas problemin təkcə maliyyə çatışmazlığı deyil, istehsal sürəti olduğunu vurğulamışdı. Onun fikrincə, Alyans kifayət qədər sürətli istehsal edə bilməzsə, ayrılan əlavə vəsait də gözlənən nəticəni verməyəcək.
Burada diqqətçəkən başqa bir məsələ ABŞ-ın iqtisadi maraqlarıdır. Bəzən belə iddia olunur ki, Vaşinqton Avropanın müdafiə xərclərini yalnız Amerika silahlarını satmaq üçün artırır. Bu yanaşma həddindən artıq sadələşdirilib. Doğrudur, Lockheed Martin, RTX, Northrop Grumman, General Dynamics kimi ABŞ şirkətləri artan müdafiə sifarişlərindən iqtisadi fayda əldə edir, lakin ABŞ-ın strateji marağı bundan daha genişdir. Vaşinqton istəyir ki, NATO-nun Avropa qanadı böhran zamanı ABŞ-dan tam asılı qalmasın. Güclü Avropa müdafiə sənayesi ABŞ üçün rəqib deyil, əksinə, Alyansın ümumi dayanıqlığını artıran amildir. Bu səbəbdən son illərdə ABŞ rəsmiləri Avropanın müdafiə istehsalını artırmasını tənqid etmək əvəzinə, onu təşviq etməyə başlayıblar.
Bununla yanaşı, Avropanın qarşısında mühüm struktur problemləri qalır. “Financial Times” qeyd edir ki, qitə müdafiə xərclərini artırsa da, istehsal sistemi hələ də parçalanmış vəziyyətdədir. Müxtəlif ölkələr oxşar silah sistemlərini paralel şəkildə inkişaf etdirir, satınalma mexanizmləri fərqlənir və müdafiə bazarı tam inteqrasiya olunmayıb. Bu isə istehsalın maya dəyərini artırır, innovasiyanın yayılmasını ləngidir. Qəzetin təhlilinə görə, Avropa müdafiə sahəsində daha böyük muxtariyyət əldə etmək istəyirsə, yalnız büdcələri deyil, sənaye idarəçiliyini də dəyişməlidir.
Ankara Sammitində Türkiyənin xüsusi çəkisi məhz bu kontekstdə artdı. Son on beş ildə Ankara müdafiə sənayesini milli inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevirdi. Pilotsuz uçuş aparatları, elektron mübarizə sistemləri, raket texnologiyaları, hərbi gəmiqayırma və aviasiya layihələri Türkiyəyə yalnız yeni ixrac bazarları açmadı, həm də NATO daxilində onu mühüm sənaye tərəfdaşına çevirdi. “Reuters” qeyd edir ki, sammit zamanı Türkiyə ilə bağlı sanksiyaların yumşaldılması, müdafiə əməkdaşlığının genişləndirilməsi və F-35 proqramı ilə bağlı siyasi dialoqun yenidən gündəmə gəlməsi də məhz bu dəyişən geosiyasi reallığın nəticəsi kimi qiymətləndirilir. Bununla belə, F-35 məsələsi üzrə yekun qərar hələ qəbul edilməyib, qərarın taleyi gələcək danışıqlardan asılı olacaq.
NATO qarşıdakı onillikdə yalnız hərbi ittifaq kimi fəaliyyət göstərməyəcək. Alyansın prioritetləri sırasında müdafiə sənayesinin modernləşdirilməsi, texnoloji innovasiyanın sürətləndirilməsi, kritik infrastrukturun qorunması və iqtisadi dayanıqlığın artırılması xüsusi yer tutur. Bu dəyişiklik beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. XXI əsrdə təhlükəsizlik anlayışı iqtisadiyyat, texnologiya və sənaye siyasətindən ayrılmır, əksinə, bu sahələr bir-birini tamamlayan vahid strateji sistemə çevrilir.
Türkiyə NATO-nun periferiyasından strateji mərkəzinə doğru
Beynəlxalq münasibətlərdə dövlətin gücü yalnız hərbi büdcə, iqtisadi göstəricilər və ya əhali sayı ilə müəyyən edilmir. Tarix göstərir ki, bəzi dövlətlər coğrafi mövqelərinə, siyasi çevikliklərinə və strateji qərarvermə qabiliyyətlərinə görə qlobal siyasətdə öz iqtisadi imkanlarından qat-qat böyük rol oynaya bilir. Türkiyə son iyirmi ildə məhz belə dövlətlərdən birinə çevrilib. Ankara NATO daxilində artıq yalnız cənub cinahını qoruyan üzv ölkə kimi deyil, Avropa, Qara dəniz, Yaxın Şərq, Cənubi Qafqaz və Şərqi Aralıq dənizini birləşdirən geosiyasi qovşaq kimi qiymətləndirilir.
Bu dəyişiklik təsadüfi deyil. Soyuq müharibə dövründə Türkiyənin əsas funksiyası Sovet İttifaqının cənub sərhədlərinin nəzarətdə saxlanması idi. 1952-ci ildə NATO-ya qəbul edilən Türkiyə Alyansın ən şərqdə yerləşən üzvü kimi Qərbin təhlükəsizlik strategiyasında mühüm yer tuturdu. Lakin SSRİ dağıldıqdan sonra uzun müddət belə hesab edilirdi ki, Türkiyənin strateji əhəmiyyəti müəyyən qədər azalacaq. Hadisələrin sonrakı inkişafı bunun tam əksini göstərdi.
XXI əsrin ilk rübündə baş verən geosiyasi proseslər Türkiyənin əhəmiyyətini daha da artırdı. Qara dənizdə təhlükəsizlik balansının dəyişməsi, Yaxın Şərqdə silahlı münaqişələrin genişlənməsi, enerji marşrutlarının şaxələndirilməsi, Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşması və Çinlə Avropa arasında alternativ ticarət marşrutlarının inkişafı Ankaranı Avrasiyanın ən mühüm tranzit və təhlükəsizlik mərkəzlərindən birinə çevirdi.
ABŞ-ın tanınmış strateqi və keçmiş dövlət katibi Henri Kissincer hələ illər əvvəl yazırdı ki, coğrafiya dövlətlərin dəyişdirə bilmədiyi yeganə strateji amildir. Onun fikrincə, Avrasiya məkanına nəzarət edən əsas keçid nöqtələri qlobal siyasətin taleyini müəyyən edir. Bu yanaşma bu gün də aktuallığını saxlayır. Türkiyə Bosfor və Dardanel boğazlarına nəzarət etməklə Qara dənizi Aralıq dənizi ilə birləşdirən yeganə dövlət olaraq qalır. Bu, yalnız ticarət baxımından deyil, hərbi-strateji baxımdan da əvəzolunmaz üstünlükdür.
1936-cı ildə imzalanmış Montrö Boğazlar Konvensiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Konvensiya Türkiyəyə boğazlar üzərində müəyyən nəzarət səlahiyyətləri verir və müharibə şəraitində hərbi gəmilərin keçidini tənzimləmək hüququ tanıyır. Ukrayna müharibəsi başlanandan sonra Ankara məhz bu konvensiyanın müddəalarına əsaslanaraq boğazlardan yeni hərbi gəmilərin keçidini məhdudlaşdırdı. Bu qərar beynəlxalq hüquq çərçivəsində qəbul olunsa da, onun geosiyasi təsiri son dərəcə böyük idi. NATO da, Rusiya da göstərilən hüquqi mexanizmi nəzərə almağa məcbur oldu.
Ankaranın artan əhəmiyyəti yalnız coğrafiya ilə izah edilə bilməz. Əgər 1990-cı illərdə Türkiyə əsasən xarici silah tədarükündən asılı idisə, bu gün tamamilə fərqli mənzərə yaranıb. Son iyirmi ildə ölkə müdafiə sənayesinə sistemli şəkildə investisiya qoyaraq daxili istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. ASELSAN, ROKETSAN, TUSAŞ, HAVELSAN, Baykar və digər şirkətlər artıq yalnız Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməklə kifayətlənmir, onlarla ölkəyə müdafiə məhsulları ixrac edir.
Türkiyə Müdafiə Sənayesi Agentliyinin (SSB) məlumatına görə, ölkənin müdafiə və aviasiya sənayesi ixracı son illərdə rekord səviyyələrə yüksəlib və müdafiə məhsulları artıq Türkiyənin yüksək texnologiyalı ixracının əsas istiqamətlərindən birinə çevrilib. Bu inkişaf NATO daxilində də diqqətlə izlənir. “Reuters” və digər beynəlxalq agentliklər qeyd edir ki, pilotsuz uçuş aparatları sahəsində əldə olunan uğurlar Türkiyənin Alyans daxilində texnoloji nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Burada xüsusi vurğulanmalı məqamlardan biri də NATO-nun hərbi potensialı daxilində Türkiyənin yeri ilə bağlıdır. Tez-tez “Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir” ifadəsi işlədilir. Əslində, bu ifadəyə ehtiyatla yanaşmaq lazımdır. NATO rəsmi olaraq üzv dövlətləri “birinci”, “ikinci” və ya “üçüncü” ordu kimi təsnif etmir. Bununla belə, açıq mənbələrdəki məlumatlar göstərir ki, Türkiyə şəxsi heyətin sayı baxımından Alyansın ən böyük silahlı qüvvələrindən birinə malikdir və ABŞ-dan sonra ən böyük daimi hərbi kontingentlərdən biri hesab olunur. Bu amil Ankaranın NATO-nun əməliyyat planlaşdırılmasında xüsusi rol oynamasına səbəb olur.
ABŞ ilə münasibətlər isə daha mürəkkəb xarakter daşıyır. Son on ildə Vaşinqton və Ankara arasında müəyyən fikir ayrılıqları ortaya çıxıb. S-400 zenit-raket sistemlərinin alınması, Suriya siyasəti, F-35 proqramı və digər məsələlər ikitərəfli münasibətlərdə gərginlik yaradıb. Bununla belə, beynəlxalq siyasətdə strateji maraqlar taktiki fikir ayrılıqlarından daha uzunömürlü olur. “Brookings Institution”-un eksperti Amanda Sloat və “Council on Foreign Relations”-ın Türkiyə üzrə tədqiqatçısı Steven A. Cook təhlillərində vurğulayırlar ki, ABŞ və Türkiyə arasında fikir ayrılıqları ciddi olsa da, hər iki tərəf NATO çərçivəsində əməkdaşlığın strateji əhəmiyyətini qəbul edir. Onların qiymətləndirməsinə görə, Qara dəniz, Yaxın Şərq, enerji marşrutları və regional təhlükəsizlik məsələləri Vaşinqtonla Ankara arasında dialoqun davam etməsini zərurətə çevirir.
Bu baxımdan Ankara Sammiti mühüm siyasi siqnal verdi. Sammit göstərdi ki, ABŞ Türkiyəni alternativi olmayan strateji tərəfdaş kimi görməyə davam edir. Bu, bütün fikir ayrılıqlarının aradan qalxdığı anlamına gəlmir. Lakin geosiyasi reallıq hər iki ölkəni əməkdaşlığı davam etdirməyə sövq edir. Bu proses Azərbaycanın mövqeyinə də birbaşa təsir göstərir.
Azərbaycanla Türkiyə arasında münasibətlər klassik müttəfiqlik çərçivəsini xeyli aşır. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki ölkənin təhlükəsizlik, müdafiə, enerji, nəqliyyat və xarici siyasət sahələrində koordinasiyasını daha yüksək səviyyəyə qaldırdı. Bu tərəfdaşlıq fonunda Azərbaycanın Orta Dəhliz, Trans-Xəzər nəqliyyat marşrutu və Avropanın enerji təhlükəsizliyi üçün artan əhəmiyyəti Türkiyənin NATO daxilində yüksələn rolu ilə qarşılıqlı şəkildə tamamlanır.
Əgər XXI əsrin geosiyasətində əsas rəqabət enerji, logistika və texnologiya üzərində gedəcəksə, Türkiyə və Azərbaycan bu prosesdə yalnız regional deyil, Avrasiya miqyasında strateji əhəmiyyət daşıyan aktorlar kimi çıxış edəcək. Məhz bu səbəbdən Ankara Sammiti yalnız NATO-nun daxili toplantısı kimi yox, həm də Qara dənizdən Xəzər hövzəsinə qədər uzanan geniş geosiyasi məkanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Kəramət QƏNBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının müəllimi,
beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxGündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48

