Senzurasız 28 il...
06.08.2026 [10:30]
Azərbaycanda azad mətbuat dönəmi
Azərbaycanda 6 avqust əlamətdar bir gündür. Tarixin bu günündə - 1998-ci il avqustun 6-da Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb və bununla da milli mətbuatımızın tarixində keyfiyyətcə yeni bir dönəmin əsası qoyulub.
Müstəqilliyinin birinci onilliyində belə bir mühüm sənədin imzalanması Azərbaycanın və onun dövlət başçısının demokratiyaya sözdə deyil, əməldə sadiqliyinin təsdiqi idi. Həmin vaxtdan bəri respublikamızda söz azadlığı yüksək səviyyədə təmin edilir və üzərində hər hansı bir nəzarət mexanizmi olmayan azad mətbuat uğurla inkişaf edir. Bu gün Azərbaycan jurnalistlərinin peşəkarlığı yüksək səviyyədədir. Ölkəmizdə ənənəvi çap mediası dövlət dəstəyi ilə qorunur, eyni zamanda onlayn medianın inkişafı üçün geniş imkanlar yaradılır.
Milli mətbuat ənənələrinə xəyanət - AXC-“Müsavat” iqtidarının saxta demokratiyası
Hər hansı bir ölkədə mətbuat azadlığı ilə siyasi rejimin mahiyyəti arasında bağlılıq olduğunu heç kəs inkar edə bilməz. İdeoloji cəmiyyətlərdə mətbuat orqanları, jurnalistlər öz fəaliyyətlərini bir qayda olaraq siyasi strukturlardan gələn tezislər əsasında qururlar. Azərbaycanın da 70 il ərzində tərkibində olduğu keçmiş ittifaq dövlətinin nümunəsi hələ yaddaşlardan silinməyib. Həmin dönəmdə mərkəzi hakimiyyətin müəyyənləşdirdiyi siyasi kursa uyğun gəlməyən ideyalar irəli sürməsinə və yaxud fikirlər səsləndirilməsinə qətiyyən imkan verilmirdi. Bəlli siyasi kursun təbliği qəzet və jurnalların, televiziya və radionun bir nömrəli vəzifəsi idi. Təbii ki, belə vəziyyətdə azad mətbuatdan bəhs etmək də absurddur.
Nə qədər qəribə görünsə də Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda keçmiş sovet rejiminin “mətbuat üzərində basqı” ənənəsi qorunub saxlanıldı. Xüsusilə də 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının bəhs olunan ənənələrdən, necə deyərlər, ikiəlli yapışması son dərəcə təəccüblü idi. Məsələ burasındadır ki, meydan hərəkatı dönəmində həm AXC-nin, həm də “Müsavat”ın təmsilçiləri mitinqlərdə insanlara demokratiya dərsi verməyə çalışırdılar, o dövrdəki hakimiyyəti mətbuat üzərində senzuraya görə ən kobud ifadələrlə qınayırdılar.
Fəqət həmin qüvvələr hakimiyyətə gəldikdən sonra demokratik dəyərlərdən çox uzaq olduqlarını ortaya qoydular. Aydın şəkildə görünürdü ki, onlar özlərini demokrat libasına bürünmüş kimi göstərsələr də, əslində, düşüncə, dünyagörüşü etibarı ilə bütünlüklə keçmiş sovet ideologiyasının təsirlərindən qurtula bilməyiblər. Heç bir idarəçilk təcrübəsi olmayan, hakimiyyətə korporativ maraqlarının təmin olunması naminə gələn bu adamlar düşünürdülər ki, iqtidar mənsubu hakimi-mütləqdir, onların sözünün qarşısında başqa söz demək, fərqli fikir bildirmək olmaz. Bu əqidə ilə də AXC-“Müsavat” iqtidarının təmsilçiləri milli mətbuata, jurnalistlərə total hücuma başladılar. Həmin dövr nazirlərindən birinin qəfildən studiyaya girməsi və efiri kobudcasına pozması hələ də kədərli ironiya ilə xatırlanır. Jurnalistlərin döyülməsi, təhqirlərə məruz qalmaları, şantaj edilmələri adi hala çevrilmişdi. AXC-“Müsavat” hakimiyyətinin mətbuata, jurnalistikaya münasibəti totalitar rejimlərdəki yanaşmadan fərqlənmirdi. Həmin dövrdə imzalanan mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam dövlət sirrinin qorunmasından çox, ovaxtkı hakimiyyətin əməllərini gizlətmək məqsədi daşıyırdı. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan ümumi qanunsuzluq və özbaşınalıq mühiti eyni zamanda, media sahəsində neqativ halların artmasına səbəb olmuşdu, geniş yayılan reketçilik isə jurnalist peşəsinin nüfuzuna mənfi təsir göstərirdi. 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə, həqiqətin xalqa çatdırılması bu qüvvələrin siyasi iflasına gətirib çıxaracaq.
Heydər Əliyevin qətiyyətli siyasi iradəsi - sözə azadlıq verilməsi
Azərbaycan xalqı AXC-“Müsavat” iqtidarının yarıtmaz fəaliyyətinə cəmi 1 il dözdü. 1993-cü ilin yayında ölkəmizi vətəndaş müharibəsinin astanasına gətirib çıxaran bu rejim tarixin arxivinə qovuşdu və böyük siyasətçi Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdı. Böyük idarəçilk təcrübəsinə malik olan Heydər Əliyev aldığı müdrik qərarlarla qısa müddətdə Azərbaycanda həyatı normal məcraya yönəltməyə müvəffəq oldu.
Həmçinin Onun sayəsində jurnalistlər ordusu da keçmiş diletant rəhbərliyin mətbuat ənənələrimizə münasibətdə məqsədli şəkildə yol verdiyi xəyanətdən qurtuldu. Heydər Əliyev mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. Xatırladaq ki, Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda Azərbaycan dilli mətbuatın inkişafını həmişə diqqət mərkəzində saxlamışdı. Məhz Onun qayğısı sayəsində 1969-1982-ci illərdə Azərbaycanda yüksək peşəkarlığa malik jurnalistlər pleyadası formalaşmışdı. Heydər Əliyev həmin dövrdə vaxtaşırı respublikamızda nəşr olunan qəzet və jurnalların kollektivləri ilə görüşür, jurnalistlərə öz tövsiyələrini verir, onları Azərbaycan dilinin incəliklərini qorumağa, zəngin mədəniyyətimizi təbliğ etməyə çağırırdı. Bəhs olunan illərdə respublika rəhbərliyinin KİV təmsilçilərinə qayğısı da çoxşaxəli idi.
Heydər Əliyev mətbuat üzərində siyasi nəzarətin mövcudluğunun nə demək olduğunu hamıdan yaxşı bilirdi. Elə Onun Özü də AXC-“Müsavat” iqtidarı dönəmində mətbuat səhifələrində əsassız hücumlara məruz qalmışdı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda yeniliklər dalğası həmçinin milli mətbuatımızı əhatə etdi. Onun səyləri sayəsində mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə təkan verdi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı. “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”, - deyə Əsas Qanunumuzda vurğulanıb. Heydər Əliyevin 1998-ci ilin 6 avqustunda imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım odu. Məhz bu fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. Eyni zamanda, 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı.
Bir sözlə, ölkəmizdə azad sözün inkişafı tarixi məhz 1998-ci ilin 6 avqustundan başlayır. Ümummilli Liderimiz Heydər Əliyev yuxarıda bəhs edilən fərmanla Azərbaycanda demokratik prinsiplərin, azad sözün qorunması istiqamətində bir tarix yaratdı. Bundan başqa, mətbuatda dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosesi asanlaşdırıldı. 2000-ci ilin mart ayında Heydər Əliyevin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Bütün bunlar, çox doğru olaraq Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, mətbuat təmsilçiləri Heydər Əliyevin hərtərəfli diqqət və qayğına cavab olaraq Onu “Jurnalistlərin dostu” seçiblər.
Milli mətbuatımızın qarşısında açılan yeni dövr
Ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu media siyasəti sonrakı mərhələdə də eyni ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyevin aldığı qərarlar milli mətbuatımızın inkişafına həm hüquqi, həm də texniki və institusional baxımdan güclü şəkildə təkan verib. O cümlədən 2005-ci ildə milli mətbuatın yaranmasının 130 illiyi ilə əlaqədar 140-dan artıq mətbuat işçisi Prezidentin sərəncamı ilə fəxri adlara və digər mükafatlara layiq görülüb. Həmin dövrdə dövlətimizin başçısının təşəbbüsü ilə “Əməkdar jurnalist” fəxri adı da bərpa edilib. Azərbaycan Prezidentinin 2006-cı il 8 fevral tarixli sərəncamı isə mətbuat üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu sənədə əsasən, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan bütün borcları tamamilə silindi. 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Qanun vətəndaşların informasiyaya çıxış hüququnu genişləndirdi. 2010-cu ildə qəbul edilən “Elektron media haqqında” Qanun isə müasir texnologiyaların tətbiqi ilə medianın daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaratdı. 2018-ci il 16 iyul tarixli sərəncamla ölkədə nəşr olunan qəzetlərə dövlət tərəfindən böyük maliyyə dəstəyi göstərildi.
Ümumiyyətlə, respublikamızda azad mətbuata dövlət qayğısının əhatə dairəsi çox genişdir. O cümlədən qabaqcıl dünya təcrübəsi və müasir çağırışlar nəzərə alınmaqla hazırlanan “Media haqqında” Qanunun qəbul edilməsi ilə milli mətbuatımızın qarşısında yeni dövr açılıb. Qısa müddətdə Media Reyestrinin yaradılması da böyük uğurdur.
Azad Şuşada dünya mediası ilə açıq dialoq
Bu gün Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. Əlamətdar haldır ki, milli mətbuatımız çağırışlara həmişə yüksək səviyyədə - peşəkarlıqla və operativliklə cavab verir. Vətən müharibəsi günləri mətbuatımız üçün də bir sınaq dövrü oldu. Bir çox jurnalistlər həmin günlərdə qələmi süngü ilə əvəzlədilər. Arxa cəbhədə fəaliyyət göstərən jurnalistlər isə yüksək həmrəylik və vətənpərvərlik nümunəsi ortaya qoydular.
Postmüharibə dövründə azad Şuşada qlobal meda forumlarının keçirilməsi Azərbaycan mediasının tarixində əlamətdar hadisədir. Bu forumlarda dünya mediası ilə açıq dialoq aparılır ki, bu da müstəqil Azərbaycanın demokratiyaya sadiqliyini əyani şəkildə təsdiqləyir. I Şuşa Qlobal Media Forumu 2023-cü il iyulun 21-də “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı təşkil olunub. İlk forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Forum çərçivəsində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda aktual müzakirələr aparılıb.
2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu iştirak edib. Forum çərçivəsində müxtəlif mövzularda 4 panel sessiya təşkil olunub.
Sayca üçüncü forum 2025-ci il 19-21 iyul tarixlərində Xankəndi və Şuşa şəhərlərində keçirilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzularını əhatə edən III Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri iştirak ediblər.
İyulun 13-14-də baş tutan IV Şuşa Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Foruma dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxslər qatılıb. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də beynəlxalq təşkilatların nümayəndələri təmsil olunublar. Panel müzakirələrdə medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu, ictimai etimadın bərpası, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi mühüm mövzuların müzakirələri aparılıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25

