Azərbaycan 2017-ci ildə də uğurlu inkişafını davam etdirib
05.01.2018 [10:00]
Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi
Azərbaycan dünya üçün müəyyən çətinliklərlə səciyyələnən daha bir ili də uğurla başa vurdu. Belə ki, 2017-ci ildə respublikamız möhkəm daxili ictimai-siyasi sabitlik şəraitində xarici mənfi təsirlərə müqavimət gücünü daha da artırmağa nail oldu. Ötən ilin sosial-iqtisadi yekunlarına, yeni şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən prioritetlər üzrə əldə olunan nəticələrə istinadən demək mümkündür ki, ölkəmizdə xarici mənfi təsirlərin yaratdığı çətinliklər dövrü arxada qalıb və yeni inkişaf mərhələsi başlayıb. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ölkəmizin müsbət mənzərəsinə diqqət çəkərək bildirib: “İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi xalq-iqtidar birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır”.
Ölkədə aparılan ciddi islahatlar yaxşı nəticələr verir
Azərbaycan milli mənafenin maksimum dərəcədə təmin edilməsinə yönələn inamlı siyasətində ilk növbədə özünün güclü iqtisadiyyatına əsaslanır. Güclü iqtisadiyyat ölkənin qarşısında duran vəzifələrin həlli üçün fundamental amil rolunda çıxış edir. Əlamətdar haldır ki, milli iqtisadiyyatın sütunlarının möhkəmləndirilməsi və daha da şaxələndirilməsi istiqamətində artıq tarixə dönən 2017-ci ildə də çox fəal siyasət aparılıb. Bu konteksdə ölkəmizdə yeni iqtisadi şəraitə uyğun başlanan islahatların 2017-ci ildə də uğurla davam etdirilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə təsdiqlənən yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, sahibkarların vergi yükünün azaldılması yolu ilə büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Dövlət başçısının 2017-ci il 3 noyabr tarixində imzaladığı müvafiq Fərmana əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb.
Postneft dövrünün iqtisadiyyatına keçidlə bağlı reallaşdırılan islahatlar sırasında ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılmasına göstərilən davamlı səyləri xüsusi qeyd etmək lazımdır. Aydın məsələdir ki, güclü sərmayə təminatı olmadan qeyri-neft iqtisadiyyatı üzrə yeni layihələrin həyata keçirilməsindən də söhbət gedə bilməz. Prezident İlham Əliyev Azərbaycanda yeni şəraitdə sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə bir neçə Fərman imzalayıb. Dövlət başçısının imzaladığı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmana əsasən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Müvafiq təşviq mexanizminin işə salınması 2017-ci ildə respublikamızda sahibkarların investisiya fəallığını artırıb. Onlar ölkə miqyasında müxtəlif layihələrin reallaşdırılmasında məmnuniyyətlə iştirak edirlər. Ötən il özəl sahibkarlıq subyektlərinin investisiyaları hesabına respublikanın ayrı-ayrı bölgələrində çoxlu sayda yeni təsərrüfat subyektləri, sənaye müəssisələri açılıb.
Yeni nəsil iqtisadi islahatlar çərçivəsində həmçinin ölkəmizdə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə müəyyənləşdirilmiş qaydalar çərçivəsində ixrac təşviqinin ödənilməsi nəzərdə tutulub. Tətbiqinə başlanıldığı qısa müddətdə sahibkarlarda təşviq mexanizminə böyük maraq yaranıb. Bunun nəticəsidir ki, 2017-ci ildə respublikamızdan həm sənayedə, həm də aqrar sektorda ixracın həcmi əhəmiyyətli dərəcədə artıb. Ötən il ixrac təşviqi mexanizmindən bəhrələnən sahibkarlar öz məhsullarını ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxartmağa böyük səy göstəriblər.
Bundan başqa, 2017-ci il Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrasına başlanılması ilə əlamətdar olub. Strateji yol xəritələrinin uğurla icra edilməsi ölkəmizdə yeni şəraitdə yaranan çağırışlara uyğun olaraq reallaşdırılan islahatların səmərəliliyini daha da artırır. Qeyd edək ki, respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayır ki, bu da investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir. Prezident İlham Əliyev ölkədə reallaşdırılan islahatların əhəmiyyətinə diqqət çəkərək bildirib: “2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmişdir. Bunu beynəlxalq mötəbər təşkilatlar da qeyd edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir”.
Deyilənlərin təsdiqi olaraq 2017-ci ilin yekunlarına dair statistik göstəricilərə nəzər salaq. 2017-ci ildə iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artıb. Prezident İlham Əliyev ölkəmizin uğurlarının 2018-ci ildə daha da artacağına əminliyini ifadə edərək deyib: “Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, biz valyuta ehtiyatlarımızı artıra bilmişik, özü də böyük dərəcədə. Valyuta ehtiyatlarımız 4,5 milyard dollardan çox artmışdır. Bu da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir”.
Regionların sosial-iqtisadi inkişafı 2017-ci ildə də diqqət mərkəzində saxlanılıb
Hazırda bütün dünyada nümunə kimi qəbul edilən inkişafın Azərbaycan modelinin səciyyəvi cəhətlərindən söhbət açarkən ölkənin regionlarının tarazlı şəkildə inkişaf etdirilməsinin strateji kurs kimi müəyyənləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, artıq respublikamızda paytaxt Bakı ilə bölgələr arasında fərq minimuma enib, bütün bölgələrin sakinləri həm yüksək iş şəraiti, həm də bütün kommunal rahatlıqlarla təmin olunublar.
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası bölgələrimizin simasını dəyişdirib və yeni müsbət reallıqlar yaradıb. Nəzərdə tutulan genişmiqyaslı tədbirlərin reallaşdırılması sayəsində respublikanın regionları da iqtisadi güc amilinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Regionların sürətli inkişafı baxımından 2017-ci il də istisna təşkil etməyib. Ötən il regionların abadlaşdırılması, sosial infrastruktur quruculuğu, əhalinin kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması, iqtisadi aktivliyin artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. Əlamətdar haldır ki, ayrı-ayrı bölgələrdə istifadəyə verilən bir sıra təsərrüfatların, sənaye müəssisələrinin, sosial təyinatlı obyektlərin açılış mərasimində dövlət başçısı şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Bütövlükdə il ərzində respublikanın regionlarının inkişafından məmnunluq ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanın regionları bu il sürətlə inkişaf etmişdir. Mən bu il regionlara 30-dan çox səfər etmişəm. Hər yerdə quruculuq-abadlıq işləri göz oxşayır”.
2017-ci ildə neft-qaz sektorunda önəmli hadisələr baş verib
Müstəqillik illərində ölkəmizdə neft-qaz sənayesinin “Əsrin kontraktı” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. Ötən 23 il ərzində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından 436 milyon ton neft hasil edilib. Neft gəlirlərindən səmərəli istifadə edilməsi sayəsində respublikamızda bütün sahələrdə inkişaf təmin edilib.
Artıq tarixə dönən 2017-ci ildə də ölkənin neft-qaz sənayesində əlamətdar hadisələr baş verib. Bu kontekstdə ötən il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasının önəmini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
“Əsrin kontraktı”nda olduğu kimi, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Bəhs olunan Sazişin bir neçə parametrini sadalamaq kifayətdir ki, bu barədə konkret təsəvvür yaransın.
Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi uzunmüddətli dövrü əhatə edəcək. Sənədə əsasən, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Yeni Sazişə əsasən, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılıb və ölkəmizə çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
2017-ci ildə Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan daha bir qlobal layihənin - Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilib. Resurs mənbəyi Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağı olan Cənub Qaz Dəhlizi 6 ölkədən keçməklə Avropa İttifaqı ölkələrinədək uzanacaq. “Cənub Qaz Dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Layihənin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Yeni enerji dəhlizi 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq.
Cənub Qaz Dəhlizi layihəsi dörd hissədən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri daxildir. Bəhs olunan layihələrin önəminə diqqət çəkən Prezident İlham Əliyev deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir: “Bu il neft-qaz sektorunda tarixi hadisələr baş vermişdir. “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsi həll olundu. Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. Cənub Qaz Dəhlizinin icrası, demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir. Bu da tarixi hadisədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir”.
Azərbaycan regionda strateji nəqliyyat dəhlizinə çevrilir
Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən istifadə edərək regionun strateji əhəmiyyətli nəqliyyat dəhlizinə çevrilməyi hədəfləyib. Qeyd edək ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamızın ərazisində hər iki dəhliz üzrə müasir yol-nəqliyyat infrastrukturu quruculuğuna böyük diqqət göstərilir. İndiyədək Şərq-Qərb nəqliyyat dəhlizinin ayrı-ayrı seqmentləri, o cümlədən qədim İpək Yolunun bərpası üzrə böyük iş həcmi yerinə yetirilib. Ələtdə Xəzər hövzəsində yaradılan ən böyük ticarət limanı Şərq-Qərb dəhlizi üzrə yükdaşıma imkanlarına müsbət təsir göstərib. Gələcəkdə limanın inşası tam başa çatdıqdan sonra dəhliz vasitəsilə tranzit imkanları daha da genişlənəcək.
Eyni zamanda, Azərbaycan, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirib. İndiyədək Azərbaycan-Rusiya Federasiyası, Azərbaycan-İran İslam Respublikası dövlət sərhəddi avtomobil yollarının yenidən qurulması üzrə bir sıra layihələr uğurla tamamlanıb. Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb. Hazırda Yalama-Astara dəmir yol sahəsində Şimal-Cənub dəmir yol nəqliyyat dəhlizi ilə ilk mərhələdə hər il beş milyon tona qədər yük daşımaq mümkündür. Proqnozlara görə, növbəti mərhələdə bu yüklərin həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir.
Ölkəmizin tranzit imkanlarının artırılması baxımından 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da böyük əhəmiyyət daşıyır. Avropa ilə Asiya arasında ən qısa və etibarlı nəqliyyat bağlantısı olan bu yolun uzunluğu 850 kilometrdir ki, onun da 504 kilometri ölkəmizin ərazisindən keçir. BTQ vasitəsilə birinci mərhələdə ildə 5 milyon ton, növbəti mərhələdə isə 17 milyon ton yük daşınması nəzərdə tutulub. Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi səmərəliliyi kifayət qədər yüksəkdir. Yeni dəmir yolu bağlantısı ilə yüklər 16-18 saata daşınacaq. Bakı-Tbilisi-Qars vasitəsilə həmçinin cari ildən başlayaraq sərnişin daşımaları təmin ediləcək. İlkin mərhələdə BTQ ilə ildə 1 milyon sərnişin daşınacaq və sonrakı mərhələdə bu rəqəm 2 milyona çatdırılacaq. Prezident İlham Əliyev BTQ-ni tarixi layihə kimi səciyyələndirərək deyib: “...Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi Bakıda keçirilmişdir. Bu dəmir yolu layihəsi qitələri birləşdirir. Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər gətirəcək. Azərbaycan önəmli tranzit ölkəsinə çevrilir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini də qeyd etsək, görərik ki, Azərbaycan dünya miqyasında, - baxmayaraq ki, bizim açıq dənizlərə çıxışımız yoxdur, - strateji nəqliyyat mərkəzinə çevrilir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17

