Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni xüsusi xidmət orqanlarının əlaltılarına çevrilən xəyanətkarlar anti-Azərbaycan fəaliyyətlərini indi də Moskvada davam etdirirlər

Erməni xüsusi xidmət orqanlarının əlaltılarına çevrilən xəyanətkarlar anti-Azərbaycan fəaliyyətlərini indi də Moskvada davam etdirirlər

12.12.2017 [09:59]

Yaxud Azərbaycan əleyhinə aqressiv fəaliyyətin Rusiya paytaxtında rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir
Yerləşdiyi regionun əsas siyasi-iqtisadi aktoru olan Azərbaycan hər zaman qonşu ölkələrlə (torpaqlarımızı işğal edən Ermənistan istisna olmaqla) münasibətlərin normal məcrada inkişaf etməsində, iqtisadi münasibətlərin yüksəlməsində maraqlı olduğunu nümayiş etdirir. Ölkəmizlə Rusiya arasında da yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur. Müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafı hər iki tərəfin maraqlarına tam cavab verir. İqtisadi sferada mövcud olan qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq bir sıra problemlərin həllində də tərəflərə eyni mövqedən çıxış etməyə imkan yaradır. Bununla yanaşı, Azərbaycan dövləti hər zaman Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb. Bir sözlə, Rusiya və Azərbaycan arasında, iki ölkənin rəhbərliyi arasında hər zaman qarşılıqlı anlaşma mühiti mövcuddur.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar keçiriblər. Azərbaycan KİV-ləri və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində hər zaman əlaqələrimizin ruhuna uyğun mövqe nümayiş etdiriblər. Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil.
Təəssüfləndirici haldır ki, zaman-zaman bir sıra qüvvələr iki ölkə arasındakı işgüzar, sağlam münasibətlərə kölgə salmağa cəhdlər göstərir. Xüsusilə, Rusiyanın müəyyən strukturlarına sızmış bəzi anti-Azərbaycan qruplar, erməni əsilli şəxslər Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Ən təhlükəlisi isə odur ki, erməni əsilli bu şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirmək niyyətini açıq şəkildə ortaya qoyur, bu istiqamətdə fəaliyyət göstərirlər.
Xatırlatmaq lazımdır ki, bir müddət əvvəl, Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılmışdı. Adıçəkilən şəxslər Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət edərək düşmənlərimizin yanında yer alır, onların mənafeyinə xidmət göstərirlər. Onların bu xəyanətkar addımlarına Azərbaycan ictimaiyyətinin, ilk növbədə, talışəsilli vətəndaşlarımızın reaksiyası, qınağı isə erməni xüsusi xidmət orqanları taktikalarını dəyişmək məcburiyyətində qoydu və həmin qurumların “fəaliyyəti” Yerevandan Moskvaya köçürüldü.
Yeri gəlmişkən, bu fəaliyyətlərdə adı keçən xəyanətkar F.Aboszadənin kimliyi Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Belə ki, hər zaman öz şəxsi mənafeyi üçün çabalayan bu xain AXC hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etmək üçün bütün vasitələrdən istifadə edib. Maraqlıdır ki, onun bu çabaları belə uğursuzluqla nəticələnib. Hətta “Politologiya” dərsliyi adıyla AXC-ni və onun sədrini öyən kitab yazması da “lazımınca” qiymətləndirilməyib. Mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasına çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflasa uğrayıb. Beləliklə, bütün kartları açılan, xəyanətləri ifşa olunan, Azərbaycan dövlətinə, mənsub olduğu xalqın, torpağın mənafeyinə xəyanət etmiş F.Aboszadə sonradan Rusiyaya sığınıb və hazırda erməni xüsusi xidmətlərinin, o cümlədən Rusiyanın bəlli çevrələrinin tapşırıqları əsasında fəaliyyət göstərir.
F.Aboszadənin xəyanətlərində ona ortaq olan, Azərbaycan dövlətinə və xalqına qarşı təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda “fəaliyyət”ini Yerevandan Moskvaya köçürüb. O da xəyanətkar Aboszadə kimi təxribatçı planlarını Rusiya paytaxtından həyata keçirməkdədir. Qeyd etmək lazımdır ki, bir müddət əvvəl bu şəxs öz əsl simasını və kimliyini açıq şəkildə büruzə vermişdi. Onun “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” “bəyanatı” bu adamın satqın, Vətən xaini olması faktını bir daha ortaya qoyur.
Bütün bunları sadalamaqla yanaşı, xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Eyni zamanda, bununla yalnız Azərbaycana deyil, Rusiyanın mənafelərinə də xəyanət edilir. Nə qədər gec deyil Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin, onu geostrateji əhəmiyyətli bölgələrdə daha çox təcrid etməsinin fərqində olmalıdır. Yəni ermənilərin, onların əlaltılarının məhz Rusiyanın maraqlarına qarşı olan addımlarının qarşısı qətiyyətlə alınmalıdır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 410 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30