Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis "Təhsil haqqında" qanun layihəsini qəbul etdi

Milli Məclis "Təhsil haqqında" qanun layihəsini qəbul etdi

20.06.2009 [11:31]

Bununla da cəmiyyətin narahatlığına son qoyuldu
Milli Məclisin dünənki iclasında “Təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Parlamentin spikeri Oqtay Əsədov 15 ildən sonra bu sənədin təkmil formada hazırlanmasını mühüm hadisə kimi qiymətləndirib: “Bəzi KİV-lər yazır ki, Milli Məclisin sədri “Təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə çıxarılımasına mane olur. Amma belə deyil. Bu sənədin hazırlanmasında həm parlament, həm də digər müvafiq dövlət qurumları zəhmət sərf edib”.
Layihə haqqında məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, ikinci oxunuşun müzakirələri zamanı millət vəkillərinin əksəriyyətinin qanun layihəsi ilə bağlı təklif - iradları olub və onlar ötən 6 ay ərzində ekspertlərin iştirakı ilə İşçi Qrupunda bir daha araşdırılıb: “Bu 6 aylıq zaman ərzində qanun layihəsi ilə bağlı Təhsil, Maliyyə, Ədliyyə, Səhiyyə, Xarici İşlər nazirlikləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən çox əsaslandırılmış tövsiyələr, təkliflər, rəylər almışıq və onların üzərində işləmişik. Bundan başqa, elm adamlarının, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, təhsil sahəsi ilə məşğul olan insanların rəylərini almışıq və onları da nəzərdən keçirmişik”.
Ş.Hacıyevin qeyd etdiyinə görə, Təhsil Nazirliyi qanun layihəsi ilə bağlı 26 maddə üzrə 80-ə yaxın təklif və tövsiyəsini irəli sürüb: “İşçi Qrupundakı ekspertlərin yaxından iştirakı ilə çox məhsuldar müzakirələr aparmışıq və həmin müzakirələrin nəticəsi olaraq Təhsil Nazirliyinin irəli sürdüyü təkliflərdən 60-nı tam, 10-nu isə qismən nəzərə almışıq. Ədliyyə Nazirliyi qanun layihəsi ilə bağlı 10 maddə üzrə 25-ə yaxın təklif verib ki, onlardan da 20-si məqsədəuyğun sayılıb. Maliyyə Nazirliyi 14 maddəyə 20 təklif verib. Bu təkliflər də əsasən təhsil müəssisələrinin statusu və təhsilin maliyyələşdirilməsi ilə bağlıdır. Həmin təkliflərdən 10-u tam, 5-i isə qismən nəzərə alınıb. Xarici İşlər Nazirliyi 7 maddəyə 15 təklif irəli sürüb və onlardan 10-nun qanun layihəsində nəzərə alınması məqsədəuyğun hesab edilib. Səhiyyə Nazirliyi əsasən Tibb Universitetində rezidentura təhsili ilə bağlı 3 təklif irəli sürüb və onların hamısı nəzərə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası isə 11 maddəyə 20 təklif irəli sürüb ki, həmin təkliflərdən də 10-u tam, 2-si qismən nəzərə alınıb. Onu da qeyd edim ki, bu yaxınlarda “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirələrə təqdim olunması və AMEA-nın təkliflərinin hamısının orada öz əksini tapması nəzərdə tutulur”.
Komitə sədri qanun layihəsinin detalları barədə məlumat verərək bildirib ki, ikinci oxunuşdan sonra, demək olar ki, sözügedən sənədin preambulasından tutmuş sonuncu - 47-ci maddəsinə qədər hamısı bu və ya digər dərəcədə dəyişikliklərə məruz qalıb: “Təxminən 10 maddəyə heç bir dəyişiklik olunmayıb. Qalanları isə, demək olar ki, dəyişdirilib. Məsələn, sonuncu dəyişikliklərə görə, təhsil müəssisələri mülkiyyət növünə görə 3 yerə bölünür. Yəni, dövlət təhsil müəssisələri,  bələdiyyə təhsil müəssisələri və özəl təhsil müəssisələri. Bu yerdə nəzərinizə çatdırmaq istəyirəm ki, təhsil müəssisələrinin təsisçiləri ilə bağlı qanun layihəsinə yeni müddəalar əlavə olunub. Bu əlavələrdən sonra xarici ölkələrin hüquqi və fiziki şəxslərinin də Azərbaycanda təhsil müəssisələrinin təsisçisi hüququna sahib olması mümkünləşəcək. Ancaq bir şərtlə ki, həmin xarici hüquqi və fiziki şəxslərin təsisçisi olduğu Azərbaycan məktəblərində müavin azərbaycanlı, eyni zamanda, məktəb kontingeintinin 80 faizi azərbaycanlı olsun. Qanun layihəsinə edilən son dəyişikliklərdən biri də təhsil müəssisələrinin lisenziya müddəti ilə bağlı məsələdir. Qanun layihəsində nəzərdə tutulur ki, dövlət təhsil müəssisələrinə lisenziyalar müddətsiz, bələdiyyə və özəl təhsil müəssisələrinə isə lisenziyalar 5 il müddətinə verilsin. Xarici hüquqi və fiziki şəxslərin təsisçisi olduqları məktəblərin isə lisenziya müddətinin 3 il olması nəzərdə tutulur”.
Ş.Hacıyevin bildirdiyinə görə, qanun layihəsində təhsilin 3 yaşdan başlaması nəzərdə tutulur. Daha doğrusu, 5 yaşına çatan uşaqların məktəbə hazırlığı icbari qaydada həyata keçiriləcək: “Qanun layihəsində ümumi təhsilin 3 səviyyədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarət olması öz əksini tapıb. Eyni zamanda, ötən müzakirələrdə gərginliyə səbəb olmuş bir məqamla - icbari təhsillə bağlı məsələyə də aydınlıq gətirilib. Yəni, indiki oxunuşda icbari təhsilin müddətləri göstərilməyib. Həmçinin, qanun layihəsində ali təhsilin 3 səviyyədən - bakalavriat, magistratura və doktoranturadan ibarət olması nəzərdə tutulub”.
Ş.Hacıyev ikinci oxunuş zamanı qanun layihəsində ciddi müzakirələrə səbəb olmuş 27-ci maddəyə - tələbə qəbulu və tələbələrin yerləşdirilməsi məsələsinə də aydınlıq gətirib: “Tələbə qəbulu ilə bağlı məsələ, demək olar ki, çox da dəyişikliklərə məruz qalmayıb. Biz də hesab edirik ki, tələbə qəbulu test üsulu ilə həyata keçirilməlidir, daha doğrusu, biliyin qiymətləndirilməsi test üsulu ilə olmalıdır. Ancaq bununla belə hesab edirik ki, ali və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyent həm təhsil müəssisəsini, həm də ixtisasını sərbəst seçmək hüququna malik olmalıdır. Yəni, test imtahanından keçən tələbə sərbəst şəkildə öz istədiyi təhsil müəssisəsində yerləşdirilməli və istədiyi ixtisasda oxumalıdır. TQDK-dan qanun layihəsinin 8 maddəsi üzrə rəy almışıq”.
O, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəyində üç maddə ilə bağlı narazılıq olduğunu, bunların da müzakirə olunaraq həll edildiyini açıqlayıb: “Bir maddəni tamamilə yenidən işlədik. İki maddə isə müvafiq icra hakimiyyətinin səlahiyyətləri ilə bağlıdır. Bunlar biliyin qiymətləndirilməsi və tələbə qəbulu, həm də abituriyentlər haqqında informasiya bazasının yaradılması barədə idi. Bu təklifləri razılaşdırdıq. TQDK təklif edirdi ki, qəbul prosesində heç kimə üstünlük verilməsin. Ancaq biz razılığa gəldik ki, müəyyən kontingentə - olimpiada, dünya yarışlarının qaliblərinə üstünlük verilsin. Burada müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunmuş yarışlardan və olimpiadalardan söhbət gedir. Bir təklif də orta məktəbdəki nəticələrin nəzərə alınması ilə bağlı idi. Avropada da bu var. Orta məktəbi bitirənlər üçün medallar olacaq. Ancaq onlara ali məktəblərə qəbulda heç bir üstünlük verilməyəcək. Məsələn, iki şəxs test imtahanında 600 bal toplaya bilər, o zaman ola bilər ki, medalı olana üstünlük verilsin”.
Komitə sədri deyib ki, ölkə Prezidenti qanunu təsdiq edərsə, yeni tədris ilindən tətbiq ediləcək. Ş.Hacıyev onu da bildirib ki, bundan sonra “Ali təhsil haqqında”, “Elm siyasəti haqqında”, “ümumi orta təhsil haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq: “Hazırda bu sənədlər üzərində iş gedir”.
Komitə sədrinin məlumatından sonra “Təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1183 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30