Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tam müstəqil siyasət yürütdüyünə görə Azərbaycana müxtəlif yollarla təzyiq etməyə çalışırlar

Tam müstəqil siyasət yürütdüyünə görə Azərbaycana müxtəlif yollarla təzyiq etməyə çalışırlar

02.02.2016 [10:02]

Prezident İlham Əliyev: Bizim maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir
Azərbaycan xalqı tarix boyu daim müstəqillik arzusu ilə yaşayıb və buna nail olmaq üçün mübarizə aparıb, müxtəlif dövrlərdə çətin sınaqlardan keçib. Məlum olduğu kimi, 1991-ci ildə SSRİ-nin süqutu nəticəsində keçmiş ittifaq respublikaları özlərinin müstəqil dövlətlərini qurmaq üçün tarixi şans qazandılar və xalqımız da bu şansdan bəhrələnərək ötən yüzillikdə ikinci dəfə öz müstəqilliyini bərqərar etdi.
Lakin ötən müddət ərzində Azərbaycanın müstəqillik yolu heç də hamar olmayıb. Xüsusilə də müstəqilliyimizin ilk illərində bir tərəfdən AXC-Müsavat iqtidarının səriştəsizliyi, digər tərəfdən isə Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Azərbaycanın müstəqil dövlət kimi varlığına çox ciddi təhlükə yaranmışdı. Məhz belə bir ağır vəziyyətdə - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev ən doğru qərarlar qəbul edərək daxili sabitliyi təmin etməyə və tədricən ölkəni inkişafa istiqamətləndirməyə nail oldu. Son 12 ildə isə Azərbaycan xalqımızın Ümummilli liderinin ideyalarına sonsuz sədaqət nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik yolu ilə inamla irəliləyir.
Azərbaycan dünyada heç kimdən asılı olmayan müstəqil siyasət həyata keçirir
Hazırda Azərbaycanı qlobal məkanda dövlət kimi səciyyələndirən əsas cəhətlərdən biri ölkəmizin milli mənafeyə əsaslanan müstəqil siyasət yürütməsidir. Azərbaycan iqtidarı ölkənin strateji inkişaf hədəflərini məhz milli maraqlara uyğun müəyyənləşdirib və dövlətimizin, xalqımızın daha yüksək inkişafına nail olmaq üçün qətiyyətli siyasət həyata keçirir. Yeri gəlmişkən, Prezident İlham Əliyev cari il yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündəki nitqində ölkəmizin müstəqil siyasət həyata keçirdiyinə xüsusi diqqət çəkib. Dövlət başçısı müqayisə apararaq bildirib ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində bütün respublikalar müstəqillik əldə etmək üçün tarixi şans qazansalar da, bəzi ölkələr indiyədək xarici təsirlərdən yaxa qurtara bilməyiblər. Azərbaycanın isə tam müstəqil siyasət apardığını vurğulayan Prezident İlham Əliyev deyib: “1991-ci ildə Sovet İttifaqı dağıdıldı, bütün respublikalara sanki tarixi bir şans verildi ki, öz dövlətini qursunlar. Əgər bu gün biz keçmiş müttəfiq respublikaların indiki vəziyyətinə nəzər salsaq görərik ki, bəzi ölkələr bu günə qədər də xarici təsirdən yaxasını qurtara bilməmişlər. Azərbaycan isə müstəqil dövlətdir, güclü dövlətdir, uğurlu inkişaf yolunu keçən dövlətdir”.
Müstəqilliyinin ilk illərində gənc Azərbaycan dövlətinin qarşısında duran əsas prioritetlər sırasında ölkənin dövlətçiliyinin, suverenliyinin möhkəmləndirilməsi, siyasi təsisatlar qurulması, regional və qlobal miqyaslı təşkilatlarla əlaqələr yaradılması mühüm yer tuturdu. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi daxili və xarici çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatmağa nail olub. Hazırda gənc Azərbaycan dövləti dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlarla xoş niyyətə əsaslanan əlaqələr qurmağa müvəffəq olub. Ölkəmiz 2001-ci ildən Avropa Şurasında təmsil olunur. Sözügedən quruma üzvlük Azərbaycanı Avropa ilə yaxınlaşdırıb və mütərəqqi Avropa dəyərlərinin ölkəmizdə təşviq olunmasına imkan yaradıb. Eyni zamanda, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında fəal rol oynayaraq qurum ölkələri arasında əməkdaşlığın dərinləşməsinə özünün sanballı töhfələrini verir. Respublikamızın dünya ölkələri ilə əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr, eləcə də müxtəlif beynəlxalq təşkilatlarda üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsi qlobal miqyasda Azərbaycanın nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilib. Azərbaycanın qısa müstəqillik tarixində 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür. Ölkəmiz BMT TŞ-yə qeyri-daimi üzvlüyü dövründə iki dəfə quruma uğurla sədrlik edib.
Tarixi təcrübə göstərir ki, ideoloji həmrəyliyə malik olan, xalq-iqtidar birliyi yüksək səviyyədə təmin edilən ölkələr qarşıya qoyulan bütün hədəflərə müvəffəqiyyətlə çatırlar. Bu mənada bütün dünyada yeni inkişaf modeli kimi qəbul edilən və müstəqil siyasət kursu ilə seçilən respublikamızın nümunəsi daha xarakterikdir. Ölkəmizin inkişafını fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycan iqtidarı heç vaxt populist vədlərlə çıxış etmir və dövlət siyasətinin müəyyənləşməsində cəmiyyətdən gələn sifarişlər əsas götürülür. Respublikamızın heç bir ölkə və yaxud beynəlxalq təşkilat qarşısında hansısa öhdəliyi yoxdur. Azərbaycan iqtidarı ölkənin milli mənafeyinin maksimum dərəcədə qorunmasına yönələn müstəqil siyasətində əsas dəstəyi cəmiyyətdən, xalqdan alır. Məqsədyönlü siyasət sayəsində bərqərar olan möhkəm ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi ölkəmizə milli mənafeyə əsaslanan müstəqil siyasi kursu inamla həyata keçirməyə etibarlı zəmin yaradır. Son 12 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini məhz xəlqilik təşkil edib. Ötən illərin təcrübəsinə diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və ölkənin milli mənafeyi ilə səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Belə xəlqi siyasət isə ölkəmizin özünə olan inamını qat-qat artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.
Anti-Azərbaycan qüvvələr neftin ucuzlaşmasından sonra yaranmış müvəqqəti çətinliklərə sevinir və uydurmalar yayırlar
Sirr deyil ki, Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, dünyada etibarlı tərəfdaş imici qazanması dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimizin, əleyhdarlarımızın da əks-reaksiyalarına səbəb olur. Yəni ölkəmizin öz taleyinin sahibi olması və müstəqil siyasət həyata keçirməsi, qlobal miqyasda güclü suveren aktor kimi fərqlənməsi anti-Azərbaycan dairələrə heç də xoş gəlmir. Bədxahlarımız ölkəmizə qarşı zaman-zaman təzyiq mexanizmlərini işə salır, məqsədyönlü çirkin kampaniya təşkil edərək dünyada Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Sözügedən görüşdəki nitqində anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təzyiq cəhdlərinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas səbəbi də odur ki, biz həmişə özümüzü ləyaqətlə aparırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqlarını müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar”.
Əslində, islamofob və beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan dairələr Azərbaycana qarşı təzyiq kampaniyasını, necə deyərlər, arası kəsilmədən həyata keçirirlər. Azərbaycan cəmiyyəti “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, eləcə də ötən ilin yayında ölkəmizin uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunları ərəfəsində beynəlxalq erməni lobbi şəbəkəsi tərəfindən istiqamətləndirilən bu təzyiq kampaniyasının daha da şiddətli hal aldığının şahidi oldu.
Bəhs olunan qüvvələr, eyni zamanda, ötən ilin son ongünlüyündə manatın devalvasiyaya uğraması fonunda ölkəmizə qarşı anti-təbliğat kampaniyasını yenidən gücləndiriblər. Məlumdur ki, 2014-cü ilin yayından etibarən dünya birjalarında neftin kəskin şəkildə ucuzlaşması Azərbaycanın da valyuta daxilolmalarını azaldıb. Eyni zamanda, qlobal məkanda baş verən kataklizmlərin fonunda Azərbaycanın sıx tərəfdaşlıq münasibətlərində olduğu ölkələrin milli valyutaları kəskin ucuzlaşmaya məruz qalıb. Belə vəziyyətdə Azərbaycan manatının məzənnəsinin sabit saxlanılması ölkəmiz üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi. Buna görə də daxili makroiqtisadi sabitliyə yaranan xarici təhlükələri önləmək, ölkənin strateji valyuta ehtiyatlarının izafi xərclənməsinin qarşısını almaq, daxili istehsalı stimullaşdırmaq və rəqabətqabiliyyətliliyini artırmaq üçün milli valyutamızın “üzən məzənnə” rejiminə keçirilməsi qaçılmaz zərurət idi. Təbii ki, manatın məlum devalvasiyasından sonra ölkəmizdə yeni iqtisadi şərait yaranıb. Respublikanın yaranmış vəziyyətdən mümkün qədər az itkilərlə çıxmasını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Artıq manatın məlum devalvasiyası ilə bağlı ilk günlərdə yaşanan ajiotaj tam səngiyib. Ölkəmiz yaranmış vəziyyətə uğurla adaptasiya olunaraq yeni iqtisadi kursa istiqamətlənib. Respublikada istehlak bazarında hər hansı stress vəziyyəti müşahidə olunmur.
Beynəlxalq erməni lobbi şəbəkəsi və bu şəbəkənin təsiri altında olan qüvvələr isə qlobal təsirlərin nəticəsində Azərbaycanda yaranmış yeni şəraiti dünya ictimaiyyətinə, necə deyərlər, əyri güzgüdən təqdim etmək istəyirlər. Anti-Azərbaycan qüvvələr neftin ucuzlaşmasından sonra yaranmış müvəqqəti çətinliklərə sevinir və uydurmalar yayırlar. Buna diqqət çəkən Prezident İlham Əliyev bildirib: “...Yenə də erməni lobbisi bizi qaralamaq, ləkələmək, bizə şər-böhtan atmaq üçün durmadan çalışır. Anti-Azərbaycan qüvvələr onlara qoşulublar. Bizim müstəqil siyasətimizi həzm edə bilməyənlər də bizi ləkələyirlər. Ona görə bəziləri hesab edə bilər ki, Azərbaycanda vəziyyət çox ağırdır. Hətta bax, dünyada yaşanan böhranlı vəziyyətlə bağlı görün, indi Azərbaycan haqqında həqiqəti əks etdirməyən nə qədər yazılar gedir”.
“Financial Times” qəzetinin Azərbaycanın beynəlxalq maliyyə qurumlarından yardım istəməsi barədə xəbər yayması ölkəmizə qarşı qərəzli kampaniyadır
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycana qarşı başlanan yeni təzyiq kampaniyasında erməni lobbisinin, anti-Azərbaycan dairələrin xorunda bəzi nüfuzlu nəşrlər də yer almaqdadırlar. Məsələn, sözügedən görüşdəki nitqində Prezident İlham Əliyevin vurğuladığı kimi, “Financial Times” qəzeti guya Azərbaycanın beynəlxalq maliyyə qurumlarından yardım istəməsinə dair iki-üç məqalə dərc edib. Lakin bu tamamilə yalandır. Təəssüf doğuran haldır ki, həmin məqalələr ölkəmizdəki vəziyyəti doğru-düzgün əks etdirməkdən çox uzaqdır. “Financial Times” Azərbaycanın guya düşdüyü çətin maliyyə durumundan çıxmaq üçün beynəlxalq qurumlardan yardım istəməsi ilə bağlı iddiaları irəli sürərkən, təbii ki, heç bir fakta istinad etmir. Ölkəmiz maliyyə tranşlarının ayrılması ilə əlaqədar hansısa quruma müraciət ünvanlamayıb və buna heç ehtiyac da yoxdur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Son 12 ildə Azərbaycan ümumi daxili məhsul istehsalını 3 dəfədən çox artırmaqla dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Hazırda ölkəmiz 40 milyard dollardan artıq strateji valyuta ehtiyatlarına malikdir. Ölkənin xarici borclanması kifayət qədər aşağı səviyyədədir. Belə ki, hazırda Azərbaycanın ümumi daxili məhsulun cəmi 12 faizi həcmində xarici borcu var, halbuki bir sıra ölkələrdə bu göstərici hətta 100 faizi ötüb. Belə olan halda “Financial Times” hansı məntiqdən çıxış edir və yaxud kimlərin dəyirmanına su tökür? Prezident İlham Əliyev “Financial Times”ın məqalələrini Azərbaycana qarşı aparılan kampaniya kimi səciyyələndirib: “...Bu yalan məlumatı əgər Azərbaycanın hər hansı bir müxalifət saytı yazsa idi, buna biz heç fikir verməzdik, təəccüb etməzdik. Amma mötəbər, beynəlxalq aləmdə nüfuzlu mətbu orqan belə yalanları dərc edəndə, əlbəttə ki, sual yaranır: Nə üçün? Yəni, bu məsələni yoxlamaq üçün imkanınızmı olmamışdır? Yəni, bu, bizə qarşı növbəti bir kampaniyadır ki, göstərsinlər, Azərbaycanda hər hansı bir çətin vəziyyət yaranıbdır. Heç bir çətin vəziyyət yoxdur. Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir - istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun”.
100 və yaxud 150 nəfər cəmi bir gün ərzində hansısa narazılığını bildiribsə, bu, nə dərəcədə kütləvi etiraz sayıla bilər?
Lakin anti-Azərbaycan dairələrin “fəaliyyəti” heç də bununla tamamlanmır. Belə ki, bəzi xarici nəşrlər son günlərdə Azərbaycanla bağlı daha bir mövzuya öz səhifələrində çox məmnuniyyətlə yer ayırırlar: Guya milli valyutanın məlum devalvasiyasından sonra ölkəni kütləvi etirazlar bürüyüb. Görünür, bu qəbildən olan nəşrlər belə cəfəng iddialara öz səhifələrində yer ayırarkən erməni lobbisinin, anti-Azərbaycan dairələrin təmsilçilərinin yuxuyozmalarına və yaxud xam xəyallarına istinad ediblər. Bəli, manatın devalvasiyasından sonra ilk günlərdə ayrı-ayrı yaşayış məntəqələrində müəyyən ajiotaj müşahidə edildi, bəzi şəhərlərdə az sayda olan sakinlər istehlak bazarında sabotajçıların süni qiymət artımına etirazlarını bildirdilər. Ancaq bu kimi narazılıqlar çox lokal xarakter daşıdı, işbazların süni qiymət artımına yol vermələri hallarının qarşısı müvafiq qurumlar tərəfindən qətiyyətlə alındı və bununla da narazılıqlar səngidi. Bəs qeyd olunan nəşrlər ölkəmizin ayrı-ayrı şəhərlərində çox az sayda insanın sosial zəmində narazılığını hansı məntiqlə öz oxucularına kütləvi etiraz kimi təqdim edir? Bu məqama toxunan Prezident İlham Əliyev bəhs olunan nəşrlərin Azərbaycandakı hansısa etirazlarla bağlı yazdıqlarının mahiyyətinə diqqət çəkərək məntiqi sual verib: “İndi bir mövzunu da xarici mətbuat xüsusilə gündən-günə qabardır ki, Azərbaycanda kütləvi etirazlar baş veribdir. İndi sual olunur - bir gün əgər 100, ya 150 nəfər hər hansı bir etiraz edibsə, bu, nə dərəcədə kütləvi etiraz sayıla bilər?”
Əslində hər şey müqayisədə daha qabarıq şəkildə üzə çıxır. Və məhz bu baxımdan Prezident İlham Əliyev diqqəti Ermənistandakı vəziyyətə yönəldib: “Ermənistanda prezident seçkilərində saxtakarlığa görə müxalifət aylarla meydanlarda idi, polis onlara zor tətbiq edirdi, su ilə, qaz ilə onları dağıdırdı. Onlar meydanda kiçik çadırlar qurmuşdular. Bir dənə də olsun xarici mətbu orqan bunu işıqlandırmamışdır. Ondan sonra Ermənistanda “Elektromaydan” hadisəsi baş verdi. Aylarla insanlar meydanları zəbt etmişdilər. Bir dənə də olsun Qərb mətbuatında bu barədə heç bir məlumat getməmişdir. Yəni, bunu görmürsünüzmü? Azərbaycanda bir gün 150 nəfər unun bahalaşmasına görə etiraz edəndə bunu bunlar hər gün, necə deyərlər, çeynəyirlər və təqdim etmək istəyirlər ki, Azərbaycanda bax, vəziyyət belədir. Bu, nəyi göstərir? Yenə də bizə qarşı qərəzli mövqeyi. Anti-Azərbaycan qüvvələr, bizim inkişafımızı istəməyən, son illər ərzində inkişafımıza paxıllıq edənlər hesab edirlər ki, bax, indi bunlar nə isə əldə edə biləcəklər. Heç bir şey əldə edə bilməyəcəklər”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 681 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31