Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Manatın devalvasiyasına səbəb qlobal miqyasda baş verən hadisələrdir

Manatın devalvasiyasına səbəb qlobal miqyasda baş verən hadisələrdir

14.01.2016 [09:34]

Ekspertlərin fikrincə, dünyadakı siyasi, eləcə də hərbi qarşıdurmalar və neftin kəskin ucuzlaşması Azərbaycanın milli valyutasının devalvasiyaya uğramasını şərtləndirirdi
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə milli valyutaların xarici valyutalar qarşısında öz dəyərini itirməsi bir sıra ölkələrdə ciddi fəsadlara yol açmaqdadır. Azərbaycan dövləti isə bunun qarşısını almaq üçün qısa zaman kəsiyində effektiv tədbirlər görərək bu prosesdən minimal itki ilə çıxmağı planlaşdırıb. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən ölkəmizdə 2015-ci il dekabrın 21-dən etibarən “üzən məzənnə” rejiminin tətbiqinə başlanılması da bu qəbildən olan tədbirlərdəndir. Mərkəzi Bankın yaydığı bəyanatda yeni məzənnə siyasətinə keçidlə bağlı qərarın uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsi nəzərə alınaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə qəbul edildiyi bildirilir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, dünyada iqtisadi böhranın yaranmasının mühüm səbəblərindən biri də son illərdə ayrı-ayrı güc mərkəzlərinin siyasi ambisiyalarını təmin etmək üçün əllərindəki iqtisadi rıçaqları bir-birlərinə qarşı təzyiq vasitəsi kimi istifadə etmələrindən irəli gəlir. Qlobal iqtisadi fəallığın aşağı düşməsinin əsas səbəbləri məhz siyasi amillərlə bağlıdır. Milli valyutamız olan manatın ötən ilin son ongünlüyündə devalvasiyaya uğraması da birmənalı şəkildə daxili amillərlə deyil, makroiqtisadi sabitliyə yaranan xarici təhdidlərlə əlaqədardır. Daha doğrusu, dünyanın beynəlxalq iqtisadi, eləcə də siyasi münasibətlər müstəvisində baş verən hadisələr manatın devalvasiyasını qaçılmaz etdi. Bunun səbəbi Azərbaycandan kənarda yaranmışdır.
Ekspertlər də devalvasiyanın səbəblərini məhz bu cür izah edirlər. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Musa Quliyev bildirib ki, manatın devalvasiyasının dünyada baş verən iqtisadi səbəblərlə yanaşı, bir sıra hərbi və siyasi səbəbləri də var. Millət vəkili həmin faktorların da problemin yaranmasında özünü açıq şəkildə göstərdiyini dilə gətirib: “Burada Səudiyyə Ərəbistanının, İranın, eləcə də ABŞ-ın maraqları var. Bütün bu maraqlar isə birlikdə bugünkü neftin qiymətinin kəskin azalması faktını ortaya çıxarır. Eyni zamanda, Rusiyada, Ukraynada baş verən konfliktlər, eləcə də Avropa dövlətlərinin Rusiyaya müəyyən sanksiyalar tətbiq etməsi, ABŞ-ın da bu məsələyə qoşulması öz təsirini göstərir. O cümlədən, dünyanın ən böyük neft idxalçılarından olan Çində və Hindistanda iqtisadiyyatın səngiməsi neftə olan tələbin azalmasına gətirib çıxarıb. Yəni artıq neftin təklifi tələbi üstələyir. Neftin qiymətinin aşağı düşməsi isə dünya iqtisadiyyatına, ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsir edir, iqtisadiyyatı neftdən asılı olan ölkələrdə daha kəskin şəkildə özünü göstərir”.
M.Quliyev son bir ildə qonşu dövlətlərdə də analoji halın yaşandığını, milli valyutaların kəskin devalvasiyaya uğramasını diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiyada milli valyuta son bir ildə 150, Qazaxıstanda 100 faizə yaxın devalvasiyaya uğrayıb, Türkiyədə 1 dollar 3 lirə həddindədir. Dünya iqtisadiyyatının böyük bir hissəsini təşkil edən Çin yuanı 2 dəfə devalvasiyaya uğrayıb. Bütün bunlar hamısı iqtisadiyyatı dünya iqtisadiyyatına bağlı olan Azərbaycanın da öz maliyyə siyasətinə dəyişiklik etməsini zəruriləşdirmişdir, devalvasiyanı qaçılmaz faktora çevirmişdir. Manatın devalvasiyasının arxasında milli istehsalın inkişaf etdirilməsi məqsədi də dayanır. Bu, ölkənin xarici bazarlarda rəqabət qabiliyyətini gücləndirir. Musa Quliyev deyib ki, əgər manat devalvasiyaya uğramasa, manat öz əvvəlki vəziyyətində qalsa, Azərbaycan malları xarici bazarlarda satılmayacaq: “Birmənalı şəkildə, manatın devalvasiyasının dünyada gedən proseslərlə əlaqəsi var və bu addım milli iqtisadiyyatımızı qorumaq üçün ən ciddi tədbirlərdən biridir. Təbii ki, bununla bağlı ölkədə yeni iqtisadi situasiya yaranıb və bu situasiyadan çıxmaq üçün mühüm tədbirlər görülür, ölkə Prezidentinin son müşavirədə qeyd etdiyi strateji məqamlarla bağlı işlər aparılır. Bu isə nəticə etibarı ilə əhalinin devalvasiyadan ciddi şəkildə əziyyət çəkməməsinə şərait yaradacaq”.
Milli Məclisin üzvü Xanhüseyn Kazımlı da Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə bağlı olduğunu və qlobal müstəvidə baş verənlərin ölkəmizə təsirsiz ötüşmədiyini bildirib. Onun sözlərinə görə, milli valyutanın devalvasiyaya uğramasında neftin qiymətinin ucuzlaşması ilə yanaşı, dünya miqyasında baş verən bir sıra siyasi hadisələrin də mühüm rolu var: “Manatın digər valyutalar qarşısında devalvasiyaya uğramasının arxasındakı səbəblərin sırasında neftin qiymətinin ucuzlaşması ilə yanaşı, ayrı-ayrı ölkələrin, dünyanın siyasi güc mərkəzlərinin siyasi ambisiyaları və qarşıdurmaları dayanır. Əslində, bu gün dünya birjalarında neftin qiymətinin aşağı salınmasına süni cəhdlər olunur ki, bunun da arxasında neft ölkələrinin iqtisadiyyatına birbaşa təsir etmək niyyəti dayanır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi də birbaşa bizim ölkəmizin də milli gəlirlərinin aşağı düşməsinə səbəb olur. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir və baş verənlər bizim də iqtisadiyyatımıza mənfi təsirini göstərir. Amma ölkə Prezidentinin də çıxışında göstərildiyi kimi, manatın devalvasiyası ilə bağlı hər hansı süni ajiotajın yaradılmasına yol verilməyəcək. Dövlətimiz mənfi tendensiyaların aradan qaldırılması yönündə mühüm addımlar atır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov isə deyib ki, hazırda dünyada baş verən qlobal iqtisadi proseslər və dünya valyuta bazarlarındakı son tendensiyalar bir çox ölkələrin milli valyutalarının dəyərdən düşməsinə səbəb olmaqdadır. Onun sözlərinə görə, dünya iqtisadiyyatının iqtisadi-maliyyə proseslərinin idarə olunmasından daha çox siyasi spekulyasiyaların təsirinə düşməsi və qlobal güclərin siyasi təzyiqlərini valyuta sektoruna yönləndirməsi əksər ölkələrin maliyyə-bank-valyuta sisteminin ciddi məzənnə dəyişikliklərinə uğramasına səbəb olub. Belə şəraitdə dünyada mal və xidmətlərin qiymətlərinin, o cümlədən neftin qiymətinin kəskin azalması bir sıra valyutaların, həmçinin xammal ixrac edən ölkələrin milli valyutalarının ucuzlaşmasını dərinləşdirib.
“Baş verən tendensiyalar, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb. Bu proseslər bütün enerji ixracatçılarının, o cümlədən MDB-nin əksər ölkələrinin valyuta bazarlarına da təsir edib. Bu region ölkələrinin əksəriyyəti pul siyasətinə yenidən baxmağa məcbur olub. Əksər ölkələr yeni pul islahatları - devalvasiya həyata keçirmək məcburiyyətində qalıblar. Regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib və neftin qiymətinin kəskin aşağı düşməsi xarici valyuta gəlirlərinin və tədiyə balansının profisitinin əhəmiyyətli azalmasına gətirib çıxarıb. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq ötən ilin fevral ayında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu. Lakin 2015-ci ilin ikinci yarısından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi və 1 barel neftin 37 ABŞ dollarına enməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli dərəcədə artırdı”, - deyən Aydın Hüseynov vurğulayıb ki, Azərbaycan hökuməti xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə 2015-ci il dekabrın sonunda “üzən məzənnə rejimi”nə keçilməsi barədə qərar qəbul etdi.
Millət vəkili deyib ki, hazırda Azərbaycan hökuməti pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirir: “Mərkəzi Bankın bəyan etdiyi kimi, 2016-cı ildə məzənnə siyasəti “üzən məzənnə rejimi”nin tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönələcək. Eyni zamanda, bank sektorunda maliyyə sabitliyinin qorunması da mühüm hədəflərdən biridir. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlılığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görüləcək. Maliyyə infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 698 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31