2015-ci ildə də Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirib
13.01.2016 [09:27]
Prezident İlham Əliyev: 2015-ci ildə bütün geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir
Son illərdə dünyada müşahidə edilən sosial-iqtisadi böhranlar, siyasi kataklizmlər milli dövlətlərin qarşısına yeni çağırışlar qoyub, ölkələrin iqtisadi təhlükəsizliyinin təmin olunması məsələsi daha da aktuallaşıb. Bu baxımdan artıq tarixə dönən 2015-ci ili ölkəmiz üçün uğurlu saymaq mümkündür. İl ərzində respublikamız öz iqtisadiyyatını 1,1 faiz genişləndirməyə nail olub. Düzdür, iqtisadi artım tempi əvvəlki illərlə müqayisədə aşağı düşüb. Ancaq regionda və qlobal miqyasda geosiyasi gərginliklərin artması, iqtisadi tənəzzül meyillərinin güclənməsi kimi amillərin qlobal iqtisadiyyata sıx inteqrasiya edən respublikamıza təsirini də diqqətdən qaçırmaq olmaz. Azərbaycan dünya üçün çətin keçən 2015-ci ildə qeyd olunan iqtisadi artıma, həmçinin büdcə-fiksal dayanıqlığına, ölkənin makroiqtisadi sabitliyinə xarici təzyiqlərin artdığı, valyutadaxilolmalarının kəskin azaldığı bir şəraitdə nail olub ki, bu da düşünülmüş məqsədyönlü siyasətin bəhrəsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev cari il yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bütövlükdə 2015-ci ildə də respublikamızın uğurla inkişaf etdiyini, qarşıda duran bütün vəzifələrin icra edildiyini nəzərə çatdıraraq dünyada yaşanan gərginliklər fonunda ölkədə iqtisadi inkişafın təmin olunmasını böyük nailiyyət kimi səciyyələndirib: “2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”.
Qeyd edək ki, Azərbaycanın iqtisadi sahədə uğurları beynəlxalq səviyyədə də etiraf olunur. Beynəlxalq iqtisadi və maliyyə qurumlarının öz hesabatlarında Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək dəyərləndirmələri bunun təsdiqidir. Prezident İlham Əliyev qlobal miqyasda ölkəmizin uğurlarının yüksək dəyərləndirilməsindən məmnunluğunu ifadə edərək bildirib ki, biz bundan sonra daha səmərəli işləməliyik: “Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. ...Aparıcı reytinq agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi təsdiq ediblər. Bu, doğrudan da çox böyük nailiyyətdir. Ancaq biz daha da səmərəli işləməliyik və hansı sahədə qüsur varsa, o qüsurlar, nöqsanlar aradan qaldırılmalıdır”.
Təbii ki, beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan da dünyada yaranan yeni çağırışlara uyğun olaraq bir sıra hədəflər müəyyənləşdirib. Ölkəmizin qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır.
Vəzifə neftdən asılılığı minimum səviyyəyə endirməkdən ibarətdir
İqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycanın qlobal risklər şəraitində belə öz iqtisadi potensialını artırması və yeni uğurlara nail olması ilk növbədə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun artım dinamikasının ümumi inkişafı üstələməsi son 3 ildə daha intensiv hal alıb. Əgər 2013-cü ildə respublikanın büdcəsində qeyri-neft sektorunun payı 26 faiz idisə, cari ildə bu rəqəmin 35 faizə çatacağı proqnozlaşdırılır. Rəqəmlərdən də göründüyü kimi, təkcə son 3 ildə dövlət büdcəsində qeyri-neft sektorunun payı təxminən 10 faiz-bənd artıb. İqtisadiyyatda və eləcə də büdcə gəlirlərinin formalaşmasında enerji sektorundan asılılığın aradan qaldırılması baxımından bu, kifayət qədər əhəmiyyətli göstəricidir. 2015-ci ilin büdcə gəlirlərinin strukturunda qeyri-neft sektorundan daxilolmalar əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən il qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 694 milyon manat və ya 9,5 faiz çoxdur. 2015-ci ildə vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5 faiz təşkil etməklə əvvəlki ildəki müvafiq göstəricini 6,5 faiz-bənd üstələyib.
Rəqəmlərdən də göründüyü kimi, ÜDM-in strukturunda, ölkənin maliyyə təminatının güclənməsində qeyri-neft iqtisadiyyatının xüsusi çəkisi son illərdə əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev isə neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin olunması ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik”.
İl ərzində qeyri-neft sənayesinin 8,4 faiz artması çox sevindirici amildir
Ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyan yeni paradiqmaları sırasında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən yeni sənaye quruculuğu siyasəti xüsusilə fərqlənir. Ötən il ölkəmizdə qeyri-neft sənayesi 8,4 faiz genişlənib ki, bu da kifayət qədər yüksək göstəricidir. Sənaye quruculuğu sahəsində belə yüksək nailiyyətin əldə olunması respublikamızda bu sahənin inkişafına göstərilən yüksək siyasi iradənin ifadəsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna verilən böyük önəmi təsdiqləyir. Qeyd olunan Sərəncama uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb.
Qeyd edək ki, Azərbaycanda sənayeləşmə ölkənin güclü potensialına əsaslanır. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, infrastruktur təminatının möhkəmləndirilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, möhkəm daxili sabitlik və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir.
Bütün bu potensialdan səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində Azərbaycan son illərdə sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə respublikamız təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə, yeni istehsal sahələri yaradılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2015-ci ilin əvvəllərində 50 faizədək yüksəlib. 2004-2015-ci illərdə respublikamızda tikinti materialları istehsalı 2,5, elektrik avadanlıqları istehsalı 2,1, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 20-dən çox obyektdə isə işlər davam etdirilir.
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Ölkəmizin regionlarında yeni sənaye mərkəzlərinin formalaşması həm iqtisadi, həm də sosial baxımdan xüsusi önəm daşıyır. Məlumdur ki, uzun illər ərzində ölkəmizin sənaye potensialı əsasən Bakı, Sumqayıt və müəyyən qədər də Gəncə şəhərində cəmləşib. Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəfə əsasən gələcəkdə Gəncə şəhəri bütövlükdə Cənubi Qafqazın üçüncü böyük sənaye mərkəzinə çevriləcək. Eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir. Hazırda bu məqsədlə zəruri tədbirlər görülür. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2015-ci ildə yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı artıq uğurlu fəaliyyətə başlayıb.
Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyətə malikdir. Bu Sərəncam sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib.
Son illərdə qeyri-neft sənayesində məhsul istehsalının genişlənməsi, ölkədə yeni sənaye xəritəsinin formalaşması, əsasən də innovativ sənaye quruculuğuna böyük önəm verilməsi kifayət qədər müsbət tendensiyalardır. Bu o deməkdir ki, respublikamızda yeni sənaye quruculuğu siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyev ötən il qeyri-neft sənayesində 8,4 faiz artıma nail olunmasını ölkəmizin əsas nailiyyətlərindən biri kimi səciyyələndirərək bunun aparılan siyasətin nəticəsi olduğunu vurğulayıb: “...Sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”.
Xarici sərmayələrin qeyri-neft sektoruna cəlb olunması təmin edilməlidir
Möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, mükəmməl qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, respublikada yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində ölkədə iqtisadi fəallıq artıb, respublikamızda yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Ötən 12 il ərzində ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən 200 milyard dollardan çox investisiya qoyulub. Ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artması tendensiyası həmçinin qlobal miqyasda ciddi maliyyə və likvidlik problemi yaşandığı 2015-ci ildə davam edib.
Son illərdə Azərbaycanın bir tərəfdən fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir: “Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir”.
Əlamətdar haldır ki, bu gün iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar yatıran xarici ölkələr arasında yüksək inkişaf səviyyəsinə çatmış Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 12 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi məhz Avropa İttifaqı ölkələrinin payına düşür.
İndiyədək ölkəmizə qoyulan xarici sərmayələr daha çox həcmdə enerji sektoruna yönəldilib. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin ölkə olması baxımından bu təbiidir. Ancaq ölkəmizin qeyri-neft sektorunda da böyük investisiya cəlbediciliyi var. Buna görə də perspektivdə xarici sərmayələrin neftdənkənar iqtisadiyyata istiqamətləndirilməsi hədəflənib. Azərbaycanda xarici sərmayələrin yüksək səviyyədə qorunduğuna diqqət çəkən Prezident İlham Əliyev investisiyaların qeyri-neft sektoruna yönəldilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. “Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır”.
Qeyri-neft sektorunun inkişafı 2016-cı ildə də iqtisadi sahədə əsas prioritet olacaq
Qlobal iqtisadiyyatı təhlil edən ekspertlər və nüfuzlu beynəlxalq maliyyə qurumları iqtisadi aktivliyin azalmasının və digər böhran meyillərinin cari ildə də davam edəcəyini proqnozlaşdırırlar. Dünyanın aparıcı güc mərkəzlərinin siyasi ambisiyaları, iqtisadi rıçaqlardan bir-birlərinə qarşı təzyiq vasitəsi kimi istifadə etmələri, o cümlədən də nefti manipulyasiya predmetinə çevirmələri qlobal iqtisadiyyatda mənfi təzahürlərin getdikcə artmasını şərtləndirir. Geosiyasi gərginliklərin artması onu deməyə əsas verir ki, dünya ölkələri yaxın perspektivdə iqtisadi çətinliklərdən yaxa qurtara bilməyəcəklər. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu 2015-ci ilin qlobal iqtisadi artım tempi üzrə 3,8 faizlik artım proqnozunu azalmağa doğru dəyişərək yaxın gələcəkdə 2,4 faiz təşkil edəcəyini proqnozlaşdırıblar ki, bu da 2014-cü illə müqayisədə 1 faiz azalma deməkdir. Nüfuzlu beynəlxalq maliyyə qurumlarının bu kimi proqnozları qlobal iqtisadiyyat üçün həyəcan siqnalıdır. Dünya birjalarında “qara qızıl”ın kəskin dəyər itirməkdə davam etməsi isə istehsalı və ixracı neft amili ilə bağlı olan ölkələrin iqtisadi perspektivləri üçün əlavə risklər yaradır. Belə şəraitdə hər bir ölkə daha praqmatik iqtisadi siyasət aparmalı və neftdənkənar sahələrin inkişaf etdirilməsini önə çəkməlidirlər. Ölkəmizin də cari ildə iqtisadi inkişaf hədəfləri qlobal miqyasda meydana çıxan yeni çağırışlara uyğun olaraq daxili makroiqtisadi sabitliyi təhdid edən amillər nəzərə alınmaqla müəyyənləşdirilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2016-cı ildə ölkənin iqtisadi inkişaf templəri daxili resurslar, düşünülmüş siyasət və struktur islahatları hesabına təmin edilməlidir: “Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52

