Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Regional güc mərkəzi olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Regional güc mərkəzi olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

09.01.2016 [12:40]

Prezident İlham Əliyev: 2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır
Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə hakimiyyətin həyata keçirdiyi siyasətin, mövcud idarəetmə mexanizmi və prinsiplərinin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün idarəetmə mexanizminin formalaşdırılmasıdır. Məhz XXI əsrdə uğurlu milli inkişaf strategiyaları bu komponentləri özündə ehtiva edir...
Bu kontekstdə hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi tərəqqinin davamlı xarakter daşıdığı Azərbaycanda həyata keçirilən siyasət real strateji və konseptual əsaslara söykənir. Bu baxımdan, xarici siyasər kursu xüsusi əhəmiyyət daşıyır. Çünki milli maraqlara və qlobal çağırışlara əsaslanan müstəqil xarici siyasət kursu həm ölkənin suverenliyinin qorunmasına, həm də beynəlxalq mövqeyinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Bu, eyni zamanda, Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirir, ölkəmizin regional və qlobal əhəmiyyətli layihələrdə uğurla iştirakına imkan yaradır.
Ümumiyyətlə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Daxili siyasəti tamamlayan müstəqil xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir
Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir.
Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Qeyd etdiyimiz kimi, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir.
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi...
Beləliklə, Azərbaycan özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Həm də ölkəmizin milli maraqlarına uyğun olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir.
Eyni zamanda, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Eyni zamanda, müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar kimi çıxış edir.
Azərbaycan regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynayır
Ümumiyyətlə, Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurmasını xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, bütün bunlar, eyni zamanda, Azərbaycanın üstün beynəlxalq nüfuza sahib olması gerçəkliyini növbəti dəfə nümayiş etdirdi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamlara toxunaraq deyib ki, 2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır: “Mənim xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir. 2015-ci ildə rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdə olmuşam, 20 xarici səfər həyata keçirmişəm və bu il Azərbaycanda 15 dövlət və hökumət başçısı rəsmi və qeyri-rəsmi səfərlərdə olmuşlar”.
Azərbaycan beynəlxalq münasibətlərin milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarıdır
Bütövlükdə, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Eyni zamanda, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik inkişafa malik olan ölkə kimi tanınır. Ölkəmizdə keçirilən bütün seçkilərdən sonra Qərbin aparıcı təsisatları Azərbaycanın demokratik inkişaf kursuna sadiq qaldığını əminliklə ifadə edirlər.
Digər tərəfdən, regionda, bütövlükdə Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir.
Azərbaycanın səmərəli xarici siyasət kursundan bəhs edərkən ölkəmizin ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da xüsusilə qeyd edilməlidir. Belə ki, ayrı-ayrı ölkələrlə ticari-iqtisadi əlaqələrin dinamik templə davam etdirilməsi siyasi münasibətlərin inkişafına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxşaxəli münasibətlərdə təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir.
Müstəqil Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır
Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış edir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.
Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir
Bununla yanaşı, Azərbaycan sivilizasiyalararası dialoqa da mühüm töhfələr verir. Ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir.
Qeyd etmək lazımdır ki, dünyada baş verən proseslər də onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.
Beləliklə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır”.
Heç bir kənar qüvvə Azərbaycanın müstəqil mövqeyinə, qətiyyətli siyasi iradəsinə təsir edə bilməz
Təəssüf ki, bəzi hallarda Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bir sıra xarici dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də, mötəbər beynəlxalq tədbirlər ərəfəsində ölkəmizin nüfuzuna zərbə vurmaq istəyən qüvvələr transmilli media vasitəsilə “qara piar” kampaniyasına istinad edirlər. Biz bunu ilk Avropa Oyunları ərəfəsində də müşahidə etdik. Proseslərin gedişatı göstərdi ki, kampaniyanın arxasında islamofob, ermənipərəst və anti-Azərbaycan dairələr, o cümlədən erməni lobbisi durur. Bu proseslərin fonunda Qərbdəki müəyyən dairələr Azərbaycana qarşı “qara piar” və təzyiq kampaniyasında xüsusi fəallıq nümayiş etdirdilər. Aydın oldu ki, “demokratiya”, “insan hüquqları” kimi məfhumları istismar mexanizminə çevirən həmin qüvvələr müstəqil siyasət həyata keçirən Azərbaycanın suveren mövqeyini, davamlı nailiyyətlərini həzm edə bilmirlər. Onlar müxtəlif anti-Azərbaycan dairələrlə sinxron hərəkət etməklə yanaşı, “beşinci kolon”un da xidmətlərindən istifadə etməyə çalışırlar.
Nəticə etibarilə, həmin dairələr nəzərə almalıdırlar ki, Azərbaycanın öz inkişaf yolu var və ölkəmiz hər hansı bir qurum və ya ölkədən asılı deyil, müstəqil siyasi iradə əsasında daxili və xarici strateji kursunu davam etdirir. Ölkəmiz əleyhinə qərəzli bəyanatların verilməsi, transmilli media vasitəsilə “qara piar” kampaniyasının aparılması kimi vasitələr isə heç bir təsir qüvvəsinə malik deyil. Çünki müstəqil siyasət həyata keçirən Azərbaycan bütün hallarda öz inkişaf yolunda irəliləyir və anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri iflasa məhkumdur. Eyni zamanda, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək mümkün deyil. Bu səylər nə Azərbaycanın beynəlxalq mövqeyinə, nə də uğurlu xarici siyasətinə təsir edə bilər. Dövlətimizin başçısı bununla bağlı qeyd edib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz: “Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır”.
Ona görə də, yaxşı olar ki, regional güc mərkəzi kimi çıxış edən Azərbaycana qarşı adekvat yanaşma ortaya qoyulsun, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əməl edilsin. Məhz Azərbaycan prinsipial mövqe əsasında müstəqil daxili və xarici siyasətini davam etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcək”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 753 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31