Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyası siyasi sistemimizin sütunu, müstəqil Azərbaycan dövlətinin dayağıdır

Yeni Azərbaycan Partiyası siyasi sistemimizin sütunu, müstəqil Azərbaycan dövlətinin dayağıdır

21.11.2015 [09:27]

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir
Yeni Azərbaycan Partiyası (YAP) artıq 23 ildir ki, Azərbaycanın siyasi sistemində mövcud olmaqla sistemdaxili tarazlığı qoruyan əsas təsisatdır. Bununla bərabər, YAP 23 illik fəaliyyətində həm də onu göstərdi ki, birləşdirici, qoruyucu, mühafizə edici, ictimai ahəngdarlığı və milli həmrəyliyi təmin edici funksiyaları yerinə yetirir. Bir siyasi təşkilat və eyni zamanda, bütövlükdə cəmiyyətimiz üçün dediyimiz məsələlər olduqca vacibdir. Bu gün tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarmışdır.
Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi
Əlbəttə, belə böyük nailiyyəti qazanmaq heç də asan başa gəlməyib. Təkcə YAP-ın yarandığı dövrün siyasi, ictimai şərtlərinə nəzər salsaq, bu partiyanın, əslində, necə çətin və şərəfli inkişaf yolu keçdiyi daha aydın görünər. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev də partiyanın 2013-cü il iyun ayının 7-də keçirilən V qurultayında çıxışı zamanı həmin dövrün hadisələrini şərh edərək məhz belə bir məqamda YAP-ın yaranmasının tarixi hadisə olduğunu vurğulayıb: “1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Ovaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar, demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşlar. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Çünki ovaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin”.
YAP Azərbaycanda normal, demokratik siyasi sistemin formalaşmasına şərait yaratdı
Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan siyasi sisteminin sütunu olmaqla, həm də müstəqil Azərbaycan dövlətçiliyinin dayağıdır. Heç də təsadüfi deyil ki, Azərbaycan dövlətinin ötən 23 ildə qazandığı böyük nailiyyətlərdə YAP müstəsna rol oynayıb və hakim partiya olaraq bu gün də eyni missiya ilə çıxış edir. Ona görə də tam məsuliyyətlə deyə bilərik ki, partiyamız 1992-ci ildə yaradılarkən xalqımızın ondan gözləntilərini doğruldub. Prezident İlham Əliyevin sözügedən qurultayda çıxışı zamanı vurğuladığı kimi, “Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir”.
Eyni zamanda, YAP-ın yaranması Azərbaycanda yeni siyasi münasibətlərin, yeni siyasi sistemin də yaradılmasını şərtləndirdi. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. “Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur”, - deyə dövlətimizin başçısı qeyd edib.
Təbii ki, partiyamızın Sədrinin bu fikirləri ölkənin siyasi sisteminin təhlili baxımından olduqca vacib bir arqumentdir. Çünki, doğrudan da, 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi sistemi kortəbii şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini müəyyənləşdirəcək və siyasi sistemin monolitliyini təmin edəcək ideya və ideologiyalar yox idi. Bununla bərabər, siyasi mədəniyyət nümunəsi də yox idi. Çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin, ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda tərəddüdlər var idi, dəqiq, aydın fikir yox idi. Çünki Azərbaycan cəmiyyəti total, monoideoloji bir sistemin varisi idi. Məhz belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə daxil olması normal siyasi partiya və demokratik siyasi sistem haqqında təsəvvür formalaşdırmağa başladı. YAP lokomotiv siyasi güc olmaqla bərabər, sürətlə inkişaf etməyə başladı. Qısa müddətdən sonra hakimiyyətə gələn YAP ölkənin siyasi sisteminin formalaşmasında da güclü təsir göstərdi. Yəni özü inkişaf etdikcə, arxasınca məhz Azərbaycanın milli mentalitetinə, siyasi mədəniyyətinə uyğun olaraq yeni müxalif təşkilatlanmaların formalaşmasına da şərait yaratdı.
Bu vaxta qədər gizli qruplaşmalar şəklində eyni bir partiyanın daxilində müxtəlif istiqamətlərdə illeqal təşkilatlanan qurupların rəsmi şəkildə təşkilatlanmasına şərait yaradıldı. O vaxta qədər ofisləri olmayan, ayrı-ayrı mənzillərdə, ictimai iaşə obyektlərində toplaşan insanların müasir qərargahlara köçməsinə şərait yaradıldı. Beləliklə, sözün həqiqi mənasında, YAP Azərbaycanda normal, demokratik siyasi sistemin formalaşmasına şərait yaratdı. Əlbəttə ki, bütün bunları təhlil edərkən qarşımıza çıxan başqa bir məsələ Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə yeni mədəniyyət gətirməsi idi. Çünki əksər hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətin tərkib hissəsi hesab edilməklə, bəzi hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətlə eyniləşdirilir. Demokratik ölkələrdə hər bir halda hər hansı bir fərdin sosial-siyasi münasibətlərdə davranışları məhz mənimsədiyi siyasi mədəniyyətə söykənərək sərgilənir. Ona görə də, ölkədə tarixi keçmişimizə, milli mentalitetimizə uyğun olaraq normal siyasi mədəniyyətin formalaşması vacib məsələlərdən biri idi. Çünki məhz bu mədəniyyət Azərbaycan siyasi sisteminin gələcəyini və keyfiyyətini, yəni necəliyini müəyyənləşdirəcək əsas komponentlərdən biridir. Ona görə də YAP üzərinə düşən bu tarixi missiyanı da uğurla həyata keçirdi.
YAP milli maraqları təmsil edən monolit siyasi gücdür
YAP 22 ildir ki, hakimiyyətdədir. Yeni Azərbaycan Partiyasının 22 il hakimiyyətdə olması və hər keçən gün daha da güclənməsi partologiya tarixində az rast gəlinən nümunələrdəndir. Ənənəvi olaraq əksər cəmiyyətlərdə iqtidar partiyaları bir neçə ildən sonra səs itirməyə başlayırlar. Azərbaycanda isə bu baş vermədi. Hesab edirik ki, bunun əsas səbəbi ilk növbədə, YAP-ın qurucu liderinin və sonrakı 12 ildə isə hazırkı Sədrinin liderlik keyfiyyətləri ilə bağlıdır. Bir siyasi partiya üçün onun liderinin kim olması ən əsas məsələlərdən biridir. Çünki bildiyimiz kimi partiya bir liderin ətrafında birləşən üzvlərin cəmidir. Burada hər bir partiya üzvünün maraqları mövcuddur. Bu maraqlar bəzi hallarda ümumi, bir çox hallarda isə fərdi olurlar. Partiyanın siyasi sistemdə rolu isə ondan ibarətdir ki, bütün bu fərdi və kollektiv maraqları təmin edə bilsin. Əks təqdirdə, partiya dağıla bilər.
Amma Yeni Azərbaycan Partiyası təkcə bununla işini başa vurmuş hesab etmədi. YAP təkcə fərdi və ümumi maraqları deyil, eyni zamanda, Azərbaycan xalqının maraqlarını da təmin etməklə ildən-ilə öz üzvlərinin sayını artırmağı bacardı və keçirilən bütün seçkilərdə əhalinin daha çox faizinin səsini qazanmağı bacardı. Hesab edirik ki, məhz bu, partiyaların fəaliyyəti baxımından qiymətləndirilməsi vacib olan əsas məqamlardan biridir və bu, siyasi partiyalar tarixində yeni keyfiyyət dəyişikliyi kimi də qiymətləndirilə bilər. Yəni bu partiya təkcə üzvlərin, qrupların, ona simpatiyası olan və yaxud onun üzvü olan kollektiv marağı deyil, bütövlükdə xalqın marağını ifadə edir. Məhz YAP-ın hər seçkidə daha çox səs toplamasının əsas səbəbi də bundan ibarətdir. Bu gün Azərbaycan siyasi palitrasında YAP-la rəqabət aparacaq qüvvə yoxdur. Prezident, YAP-ın Sədri İlham Əliyev də bu məsələyə toxunaraq qeyd edib: “Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə, ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır. Ancaq, əlbəttə ki, siyasi mübarizə aparılır və aparılmalıdır”.
YAP Azərbaycan cəmiyyətinin, siyasi sisteminin, daxili sosial, etnik, mədəni və dini strukturlarının hamısını təmsil edəcək siyasi, mədəni keyfiyyətlərə sahibdir. Belə olmasa idi, zəngin daxili sosial-siyasi və milli-etnik struktura malik olan bir ölkədə bu qədər güclənmək olmazdı. Ona görə YAP milli maraqları təmsil edən monolit siyasi gücdür desək, yanılmarıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır”.
Partiyadaxili strukturlarda yeni keyfiyyət dəyişiklikləri YAP-ı daha da gücləndirdi
Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi palitrasında yer alan digər siyasi təşkilatlardan əsas fərqli cəhətlərindən biri də partiyamızın zaman-zaman Proqram və Nizamnaməsinə uyğun olaraq bir sıra struktur dəyişikliklərinə üz tutmasıdır. Bu dəyişikliklər, təkcə partiyanın həyatında baş verən dəyişikliklər deyil. Bu dəyişikliklər ilk növbədə, ölkənin siyasi sisteminin dəyişiklikləridir, sonra isə aldığı qərarlarla Azərbaycan xalqının müqəddəratına, taleyinə təsir edən addımlardır. YAP-ın V qurultayında partiyamızın fəaliyyətini təhlil edən cənab Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası 2003-cü ildə sınaq qarşısında qalmışdı: “2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik”.
Doğrudan da, bu xatırlatma Azərbaycan tarixinin olduqca mürəkkəb və taleyüklü bir dövrünün siyasi proseslərinin təhlilidir. 2003-cü ildə nə baş verdi? Cənab Prezident, partiyamızın Sədri belə qeyd edir ki, “2003-cü ildə, demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir”.
Hesab edirik ki, partiyanın fəaliyyətinin qiymətləndirilməsi baxımından partiya Sədrimizin bu fikirləri çox əhəmiyyətli fikirlərdir. Doğrudan da, əgər o mürəkkəb dövrdə Yeni Azərbaycan Partiyası lazımi siyasi uzaqgörənliyi təmin edə bilməsə idi, xalqın dəstəyini arxasında hiss edə bilməsə idi, məhz ümumxalq partiyası olması keyfiyyətini isbat edə bilməsə idi, 2003-cü ilin siyasi yekunundan sonra Azərbaycan xalqının taleyi fərqli istiqamətdə inkişaf edə bilərdi. Bugünkü inkişaf etmiş, dünyaya inteqrasiya edən, beynəlxalq təşkilatlara, Avropaya inteqrasiya edən, güclənən Azərbaycanın yerində 1992-ci illərdə baş verən hadisələrdəki kimi qarşılıqlı çəkişmə, xaos və bu kimi digər eybəcər gerçəkliklər içərisində olan başqa bir Azərbaycan olardı.
YAP Azərbaycanda neokonservatizmin təmsilçisidir
Biz bilirik ki, hər hansı partiyanın ümumxalq partiyası kimi səciyyələndirilməsinin özünəməxsus şərtləri var. Bu şərtlər yerinə yetirilməyənə qədər heç bir siyasi təşkilat haqqında bu sözü demək mümkün deyil. YAP-ın ümumxalq partiyasına çevrilməsi, heç şübhəsiz ki, ilk növbədə, onun qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki partiyamız yaranan zaman onun Proqram və Nizamnaməsini Ulu öndərimizin Özü yazmışdı. Əslində, bu Proqram və Nizamnamə Azərbaycan xalqının siyasi, iqtisadi maraqlarını, mədəni, milli-mənəvi dəyərlərini, bütövlükdə dövlətçilik maraqlarını qorumağı özündə ehtiva edən sənədlərdir. Məhz bu sənədlərdən irəli gələn tələblərin yerinə yetirilməsi zaman-zaman YAP-ı ümumxalq partiyası kimi səciyyələndirməyə gətirib çıxardı.
YAP elə bir siyasi təşkilatdır ki, burada Azərbaycan cəmiyyətinin bütün sferalarını təmsil edən üzvləri tapmaq olar. Azərbaycanın sosial iyerarxiyasının bütün təbəqələrinin nümayəndələrini YAP-da görmək mümkündür. Bu, partologiya tarixində mühüm bir hadisədir. Çünki müxtəlif partiyalar, əslində, müxtəlif ideologiyaların ətrafında cəmləşən insanların birliyidir. Amma məsələ ondadır ki, YAP-ın rəqiblərinin heç biri onun üzvlərini birləşdirəcək ideologiyaya sahib deyil. YAP isə bu mənada istisnadır, çünki siyasi terminlə onun səciyyəvi xüsusiyyətini izah etməyə çalışsaq, biz YAP-ı neokonservativ partiya kimi səciyyələndirə bilərik. Yəni, yeni mühafizəkar partiyadır. Çünki yenilikçi ideyalar partiyanın Proqram və Nizamnaməsindən partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında irəli sürülən tezislərdən irəli gəlir. Mühafizəkarlıq isə onun xalqa, millətə bağlılığından qaynaqlanır. Azərbaycan xalqının mədəniyyətinin, mənəviyyatının qorunmasından, onlara sahib çıxmasından, eyni zamanda, Azərbaycanda tarixən formalaşmış milli mədəni mühitin qorunmasından irəli gəlir. Ona görə də YAP-ı siyasi partiya kimi təsnifatlandırmağa çalışsaq, onu Azərbaycanda neokonservatizmin təmsilçisi kimi xarakterizə edə bilərik.
Beləliklə, müstəqil Azərbaycan dövləti ilə birgə addımlayan, dövlətimizin qazandığı uğurlarda böyük pay sahibi olan Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə Azərbaycan xalqının etimadını doğruldub. Lakin qarşıda hələ görüləcək işlər çoxdur. Bu uğurlara aparacaq formul da kifayət qədər aydındır. Prezident, YAP-ın Sədri İlham Əliyev deyib: “... Bizim gələcək inkişafımızla bağlı heç bir tərəddüdümüz, heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla, uğurla irəliyə gedəcəkdir. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir. Əminəm ki, biz buna nail olacağıq”.
Hikmət BABAOĞLU

Paylaş:
Baxılıb: 730 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31