Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Geosiyasi din” faktoru, yaxud din amili islamafob mərkəzlərin geosiyasi oyunlar vasitəsi kimi...

“Geosiyasi din” faktoru, yaxud din amili islamafob mərkəzlərin geosiyasi oyunlar vasitəsi kimi...

11.11.2015 [10:14]

Və ya Sabunçu olayları dinin necə siyasi-ideoloji təsir vasitəsinə çevrildiyinə, din pərdəsi arxasında gedən proseslərin kimlər tərəfindən, necə idarə edildiyinə və digər məsələlərə dair bir sıra məqamları yenidən aktuallaşdırdı

 

Qərbin “xristian klubu”nun siyasətində Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamafob və neomüstəmləkəçi meyillər artmaqdadır
Məlum olduğu kimi, noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən verilən məlumata görə, bundan dərhal sonra özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə, iki polis əməkdaşı bədən xəsarəti alıb. Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb və hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilib.
Beləliklə, Sabunçu hadisələrinin timsalında - dindən siyasi-ideoloji vasitə kimi istifadə edilməsi reallığı fonunda bir sıra məqamlar yenidən aktuallaşır. Bu baxımdan, belə olayların kökü və mahiyyətini daha yaxşı anlamaq üçün bir sıra məqamlara nəzər yetirmək gərəkdir. Bu kontekstdə dinin necə siyasi-ideoloji təsir vasitəsinə çevrildiyi, din pərdəsi arxasında gedən proseslərin kimlər tərəfindən və necə idarə edildiyi və digər məsələlərə dair kompleks amillərə diqqət yetirilməlidir...
Qərbin “xristian klubu”nun - islamafob dairələrin “din” ssenariləri və strateji planları: müsəlman coğrafiyası hədəf kimi
Bəllidir ki, din mənəvi dəyərlər və inanclar sistemi olsa da, müasir dövrdə ən çox spekulyasiyaya və manipulyasiyaya məruz qalan məfhum kimi çıxış etməkdədir. Bu spekulyasiyalar əsasən siyasi müstəvidə qeydə alınır, çünki fərqli siyasi qüvvələr bir çox hallarda dindən korporativ maraqların təmin olunması üçün vasitə kimi istifadə edirlər. Xüsusilə də, müəyyən dövlətlərin və kəşfiyyat orqanlarının dəstəyi ilə bəlli dini-ideoloji cərəyanların nümayəndələri fərqli ölkələrdə fəaliyyət göstərərək ictimai-siyasi platformada təmsil olunurlar. Əlbəttə ki, bu kontekstdə müəyyən təbliğat işləri aparılır, xüsusilə də sosiumun ən dinamik təbəqələri hədəf kütləsi kimi seçilirlər.
Hazırkı dönəmdə müsəlman Şərqində cərəyan edən proseslər din və dini amil məsələsini xüsusilə aktuallaşdırıb. Qərbin “xristian klubu”nun - islamafob dairələrin ssenariləri və strateji planları əsasında İslam dini timsalında “barbar” imicinin formalaşdırılmasına yönəlik hərəkətlər, bu çərçivədə ayrı-ayrı təşkilatların “radikal İslam” təmsilçisi şəklində təqdim edilməsi kimi məsələlər ayrıca vurğulanmalıdır. Həmin reallıqlar, öz növbəsində, bir sıra məqamları ortaya çıxarır. Məhz bu baxımdan, “din” məfhumunu faktiki təsir və təzyiq vasitəsinə çevirən Qərbin mövqeyi və siyasətinə ayrıca nəzər yetirmək gərəkdir. Belə ki, nəhəng geosiyasi vahid olan SSRİ-nin süqutundan sonra formalaşmış təkqütblü dünya nizamında yeni strategiya ilə çıxış edən Qərb dövlətləri İslam dünyasına və müsəlman ölkələrinə qarşı düşmən münasibəti göstərməyə başladı, “terrorla mübarizə” və “demokratik standartların tətbiqi” adı altında onların daxili işlərinə müdaxilələri gücləndirdi. Xüsusilə də dini-etnik amillərdən istifadə edilməklə “parçala, hökmranlıq et” taktikasına istinad olundu, müxtəlif coğrafi regionlarda və ölkələrdə xaotik proseslərə rəvac verildi. Və hazırkı reallıq ondan ibarətdir ki, Qərbin müsəlman Şərqində müdaxilə etdiyi ölkələr xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altına düşməsi, qaçqınlar problemi və s. ilə üz-üzə qalıblar.
Bu kontekstdə müşahidə edilən tendensiya odur ki, Qərbin siyasətində Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamafob və neomüstəmləkəçi meyillər artmaqdadır. Xüsusilə də, hegemon güclərin müsəlman dünyasına qarşı ekspansionalist siyasəti kontekstində işğal və ya birbaşa müdaxilədən öncə ölkə daxilindəki ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaq istinad olunan əsas üsullardır. Bununla yanaşı, muzdlu terrorçulardan həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edilərək tamamilə xaos mühiti formalaşdırılır. Ən əsası isə Qərbin bu strateji planları əsasında sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübuta yetirir ki, nəhəng güc mərkəzləri din amilindən özlərinin geosiyasi maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədirlər. Bu siyasət çərçivəsində mövcud olan başlıca məqsədlərdən biri müsəlman coğrafiyasında təhlükəsizlik balansını pozmaqla idarə edilən xaosun formalaşdırılmasıdır. Milli-etnik strukturların dağıdılması, milli, dini zəmində konfrantasiyaların yaradılması Qərbin hegemonluğa söykənən xaos fəlsəfəsinə xidmət edir. Buradan çıxış edərək, eyni zamanda, İslam dininə yönəlmiş antitəbliğata xidmət edən imic formalaşdırmağa çalışılır. Müxtəlif texnoloji vasitələrdən, həmçinin transmilli mediadan istifadə edilərək müsəlman dünyasına qarşı “qara piar” kampaniyası aparılır. Bu zaman əsas götürülən strateji məqam müsəlmanların barbar obrazında təsvir edilməsi, dolayısıyla, İslam dininə yönələn və rəğbət bəsləyən insanlar arasında ictimai şüurun manipulyasiya edilməsidir. Və bu çərçivədə Qərbin müsəlman xalqlar və dövlətlərə qarşı irticaçı, islamafob mövqeyi güclənməkdədir
İslamafob və imperialist mərkəzlərin yeni strateji texnologiyası: dinin siyasiləşdirilməsi
Şübhəsiz, Qərbin “xristian klubu”nun islamafob, imperialist mərkəzlərin bu kontekstdə istinad etdiyi yeni strateji texnologiya dinin siyasiləşdirilməsidir. Əlbəttə, reallıq odur ki, dinin siyasiləşdirilməsi, yaxud dindən siyasi vasitə kimi istifadə olunması kifayət qədər təhlükəli nəticələr vəd edir. Birincisi, dini təriqət və qruplaşmaların siyasi proseslərə qoşulması həm cəmiyyət daxilində, həm də bu zəmində xaotik proseslərin yaranmasını şərtləndirir. İkincisi, bu zaman milli maraqlar yox, dini-ideoloji cərəyanların tələbləri əsas götürülür.
Bu gün müsəlman Şərqində din pərdəsi arxasında cərəyan edən proseslər həmin coğrafiyada milli dövlətçiliyin sıradan çıxarılması, xaos platformasının formalaşdırılması kimi neqativ nəticələrlə xarakterizə olunmaqdadır. Həmin coğrafi məkanda beynəlxalq terror şəbəkəsinin elementləri olan radikal-ekstremist dəstələrin (“Cəbhət əl Nüsra”, “Boko Haram”, “Əl Qaidə”, İŞİD, “Ləşkəri Taiba”, “Taliban” və digər bu kimi təşkilatlar) xidmətlərindən, ilk növbədə, milli dövlətlərin “anarxiya aparatı”na çevrilməsi məqsədilə istifadə edilir. Həmin dövlətlər öz müstəqillikləri və funksionallıqlarını itirməklə de-fakto xaotik proseslər “istehsal edirlər” və burada dini ayrı-seçkilik və separatizm, məzhəblərarası savaş kimi amillər ön plana çıxır.
Görünən odur ki, həmin strateji planlar digər coğrafi məkanlarda da bir sıra ölkələr üçün nəzərdə tutulub və bu, bəzi dövlətlərdə cəmiyyət daxilində rüşeym halındadır. Əlbəttə, bu mərhələdə dinin siyasiləşdirilməsinin, yaxud dindən siyasi vasitə kimi istifadə olunmasının qarşısının alınması üçün kifayət qədər effektiv tədbirlər görmək mümkündür. Bunlar sırasında, ilk növbədə, etiqad azadlığına dair təkmil qanunvericiliyin yaradılması lazımdır. İkincisi, milli təhlükəsizliyin tərkib hissəsi olan dini təhlükəsizliyin təmin olunması, müxtəlif təriqət və cərəyanların fəaliyyətinə qanunlar çərçivəsində nəzarətin həyata keçirilməsi vacibdir. Üçüncüsü, din-dövlət münasibətləri yalnız konstitusion normalar və yerli qanunvericilik çərçivəsində tənzimlənməlidir. Dördüncüsü isə, islamafob və imperialist mərkəzlərin din pərdəsi arxasında siyasi-ideoloji həmlələrini dəf etmək, müdafiə mexanizmi formalaşdırmaq üçün xarici amil məsələsini neytrallaşdırmaq gərəkdir. Bu, ilk növbədə, müstəqil siyasət yeritməklə yanaşı, ölkənin milli maraqları və cəmiyyətin milli dəyərlərini mühafizə etməyi tələb edir.
Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir
Bu kontekstdə vurğulamaq gərəkdir ki, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Eyni zamanda, ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.
Sabunçu olayları göstərdi ki, Azərbaycan da islamafob mərkəzlərin və radikal-ekstremist qüvvələrin diqqətindən kənarda deyil
Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti fundamental mahiyyət kəsb edən qanunlar çərçivəsində vətəndaşlarının dini etiqad azadlığını ən yüksək səviyyədə təmin etməkdədir. Belə ki, bu məsələdə dövlətin və aidiyyəti strukturların mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından, o cümlədən dini etiqad azadlığından ictimai asayişə, ən əsası, milli maraqlara zidd olmamaq şərti ilə yararlana bilər.
Təəssüflər olsun ki, bütün bu pozitiv məqamlara baxmayaraq, Azərbaycan da islamafob mərkəzlərin diqqətindən kənarda deyil. Eyni zamanda, din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən bir sıra müsəlman ölkələrinin də müəyyən maraq və müdaxilələri aydın sezilir. Məhz bu çərçivədə müəyyən hərəkətlənmələrə, qanunazidd və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə uyğun olmayan təxribatçı hərəkətlərə də rast gəlinir. Bu baxımdan əminliklə söyləmək olar ki, Sabunçu rayon Polis İdarəsinə hücum edənlər də dindarlar deyil, dini-ekstremist qruplaşmaların Azərbaycandakı nümayəndələridir. Onları himayə edən imperialist mərkəzlərin başlıca məqsədi, heç şübhəsiz, beynəlxalq terror şəbəkəsinin Suriya ssenarisini Azərbaycanda həyata keçirməkdir.
Amma bütün hallarda, Azərbaycan radikal-ekstremist qrupların xaos yaratmaq cəhdlərinə imkan verməyəcək!
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 655 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31