Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 31 mart azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları tarix kimi yadda qalıb

31 mart azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları tarix kimi yadda qalıb

31.03.2009 [16:18]

91 il öncə ermənilərin bolşeviklərin dəstəyi ilə Azərbaycanda həyata keçirdiyi soyqırım nəticəsində 50 mindən artıq insan qətlə yetirilib
Bu gün 1918-ci il mart ayının 31-də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın ildönümüdür. 91 il öncə mart ayından etibarət başlayaraq ermənilər bolşeviklərin köməyi ilə bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. O günlərdə ermənilər tərəfindən edilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı qətlə yetirilib. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Haxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər tərəfindən 50 min azərbaycanlı qətlə yetirilib. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) vəhşicəsinə öldürülüb. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. Lakin bu dəhşətli hadisələr uzun illər öz layiqli qiymətini almayıb, əksinə, müxtəlif vasitələrlə ört-basdır edilib. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev o dəhşətli faciədən 80 il sonra 31 mart hadisələrinə lazımi hüquqi qiymət verib və bu hadisələri soyqırım adlandırıb. Bugünkü Dəyirmi Masamızın qonaqları millət vəkilləri Musa Quliyev (Urud), Aydın Mirzəzadə, tarix elmlər doktoru, professor Musa Qasımlı, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri çingiz Bayramovla 1918-ci il mart hadisələrinə yenidən işıq tutmağa çalışdıq.
- İstərdik əvvəlcə 1918-ci il mart soyqırımına yenidən nəzər salaq və bununla bağlı bütün qonaqlarımızın fikirlərini öyrənək. Musa müəllim, ilk olaraq sizdən başlayaq. 31 mart soyqırımında Azərbaycan ermənilərlə qonşu olmağın, yoxsa türk olmağın bədəlini ödədi?
Musa Quliyev (Urud): Məncə, hər ikisi. Mən belə başa düşürəm ki, 31 mart soyqırımına böyük bir erməni məsələsi və Şərq kontekstində baxılmalıdır. ümumiyyətlə, bu, erməni-türk, erməni - Azərbaycan məsələlərinin ümumi kontekstinin bir tərkib hissəsidir. Bu bir həqiqətdir ki, XIX əsrin ortalarından başlayaraq erməni məsələsi gündəmə gələndən ilk öncə erməni faktorundan Osmanlı imperiyasının içəridən dağıdılması üçün istifadə olunub. Amma XIX əsrin sonları, XX əsrin əvvəllərindən başlayaraq bu məsələ Qafqaza transformasiya olundu. 1905-ci ildə Rusiyanın Yaponiyada müharibəyə qoşulması, bundan sonra isə bolşevik hərəkatının başlaması nəticəsində Rusiyanın zəifləməsi fonunda daşnaklar böyük qırğınlara imza atmağa başladı. 1905, 1918 və sonrakı dövrlərdə də bu hadisələrin davam etməsi göstərir ki, ermənilərin bu məsələlərdə bir çox məqsədləri var. Bu məqsədlərdən biri və bəlkə də birincisi, Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaqdır. Və buna nail oldular.
Qeyd etmək istəyirəm ki, qırğınlar təkcə Bakıda baş verməmişdi. Bu hadisələrin miqyası daha geniş olmuşdu və demək olar ki, Azərbaycanın bütün qəzalarını - Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Gəncə, Naxçıvan və s. əhatə edirdi. Təkcə həmin dövrdə Göyçə və Zəngəzurda 600 min azərbaycanlı deportasiya olunmuş və qətlə yetirilmişdi. Zəngəzurda yaşayan 50 min azərbaycanlıdan 1918-ci ilin sonlarında bir nəfər belə qalmamışdı. Heç şübhəsiz ki, bu hadisələrin ən gərgin yaşandığı yer Bakı şəhəri idi. Mən belə düşünürəm ki, ermənilər Bakını özlərinə paytaxt etmək istəyirdilər. Bakıda yaşayan azərbaycanlıları qırmaq, ora erməniləri yerləşdirmək planı var idi.
- Bəllidir ki, 1918-ci il hadisələri birdən, təsadüfən ortaya çıxmayıb. Bundan əvvəl hələ XIX əsrin sonlarında, 1905-ci ildə də buna bənzər hadisələr yaşanmışdı...
M.Q. Baxın, bu hadisələrin kökü Rusiyanın Qafqaza gəlməsinə qədər gedib çıxır. Belə bir məşhur deyim var ki, Rusiyanın Qafqaza gəlməsi ilə Qafqazda yaşayan xalqların ənənəvi nisbəti dəyişdi. Rusiya Türkmənçay və Gülüstan müqavilələrindən sonra İranda və Türkiyədə yaşayan ermənilərin bir hissəsini Qafqaza, daha dəqiq desək, Azərbaycana köçürdü. Burada Rusiyanın öz məqsədi var idi. Belə ki, Rusiya həm İranla, həm də Türkiyə ilə sərhədlərində xristian bir “bufer” yaratmaq istəyirdi, eyni zamanda, ermənilərin də öz məqsədləri var idi. Bilirsiniz ki, XIX əsrdə çox qısa müddətdə - 1840-cı illərdə 9 il mövcud olan erməni vilayəti yaradıldı, sonra isə qubernatorluqlar yaradılmağa başladı və Zəngəzur, Qarabağ, Yelizavetpol quberniyalarının bir çox vilayətlərinə ermənilər köçürüldü. Ondan sonra da 1918-ci ildə münbit şərait yaranan kimi ermənilər öz məkrli planlarının ikinci hissəsinə start verdlilər. Bu zaman ermənilər bolşeviklərlə birləşdilər. Bakı hadisələri, xüsusilə 1918-ci ilin fevral, mart aylarında Bakıda baş verən hadisələr, heç şübhəsiz ki, bolşevik Şaumyanla ermənilərin birgə fəaliyyəti nəticəsində yaşanmışdı.
- Aydın müəllim, Azərbaycan torpaqlarını azərbaycanlılarsızlaşdırmaq hansı məqsədə xidmət edirdi - tamamilə məhv etmək, yoxsa sadəcə, qorxu yaratmaq? Yaxud da burada başqa niyyətlər də var idi?
A.M. 1918-ci ilin martında azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması əslində azərbaycanlıların müstəqillik mübarizəsinə qarşı yaradılmış ən böyük sədlərdən biri idi. Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarının parçalanması, burada süni surətdə ermənilərin yerləşdirilməsi, Azərbaycan ziyalılarının önə çıxmasına imkan verilməməsi ilk növbədə azərbaycanlılara öz milli kökünü, tarixini unutdurmaq məqsədi daşıyırdı. Ancaq bununla belə, istənilən imperiyanın sonu olduğu kimi, çar imperiyasının da 1917-ci il oktyabr çevrilişi ilə süqutu start götürdü və həmin dövrdə indiki Azərbaycan ərazisində ziyalıların müstəqil Azərbaycan uğrunda mübarizəsi başladı. Əsas məqsəd tarixi Azərbaycan torpaqlarının gələcək Azərbaycan dövlətinin tərkibində saxlanması və azərbaycanlıların layiq olduqları hüquqlarının əldə edilməsi idi. Ancaq bununla belə, ona qədər ermənilər və onları dəstəkləyən müəyyən dairələr tərəfindən bu müstəqil Azərbaycan dövlətinin yaradılmasına qarşı maneələr, bir çox problemlər yaradılırdı. Bunların ən birincisi isə ermənilərin istifadə etdikləri soyqırım taktikası idi. Ayrı - ayrı bölgələrdə əsasən dinc, silahsız azərbaycanlıları qətlə yetirməklə ilk növbədə Azərbaycan xalqının gözünü qorxutmaq, bu torpaqları gələcək erməni dövlətinin tərkibinə salmaq və yaxud azərbaycanlıları ikinci tip vətəndaşlar kimi bu gələcək konfederasiyanın tərkibində saxlamaq məqsədi güdürdülər. Bilirsiniz ki, Bakıda bolşeviklərə rəhbərlik etmiş Stepan Şaumyan Bakıya çox gec bir zamanda - 1915-ci ildə gəlmişdi.
- Amma sadəcə  2 il sonra o, Bakı Sovetinin sədri seçilir...
A.M. Şaumyan real hakimiyyəti ələ almağa çalışırdı. O zaman Şaumyan Bolşevik Partiyasının üzvü olsa da, daşnaklarla sıx əlaqə saxlayırdı, onlar vasitəsilə yerli əhalini qırır, azərbaycanlıları sıxışdırır,  ən əsası isə “azərbaycanlıların Bakını paytaxt etməsinə imkan verməyəcək” şüarı və devizi altında fəaliyyət göstərirdi. Bakı sovetinin boşluğu, ən əsası isə dəstəyi sayəsində həm Bakıda, həm də bölgələrdə bir sıra qırğınlar həyata keçirildi. Bu qırğınlar məqsədli surətdə edilirdi. Həmin qırğınlar sayəsində azərbaycanlıları öz torpaqlarından didərgin salmağa çalışırdılar. Aydın məsələdir ki, burada məqsəd keçmiş çar imperiyasını yeni formalaşmış sahədə saxlamaq, Qafqazı xristian bölgəsinə çevirməkdən ibarət idi.
Bir məsələni də qeyd etmək istəyirəm ki, həmin dövrdə Azərbaycan ziyalıları və ictimaiyyət nümayəndələri buna qarşı çox böyük mübarizə aparırdılar. Onlar bu mübarizədə həm öz daxili imkanlarından istifadə edirdilər, həm də Osmanlı imperiyasından yardım alırdılar. Qeyd edim ki, bu gün bizim hamımızın 1918-ci il mart qırğınlarına bariz nümunə kimi tanıdığımız Quba şəhərində olan soyqırımında minlərlə azərbaycanlı vəhşicəsinə öldürülmüş və su quyularına doldurulmuşdu. İş burasındadır ki, həmin soyqırımları ilə bağlı 1920-ci ildə bolşeviklər Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra istintaq işi aparılır və 5 səhifəlik istintaq işinin sonu bir cümlə ilə yekunlaşırdı: “Bu məsələnin araşdırılması xalqlar arasındakı dostluğa mane olacaq deyə cinayət işini bağlamaq və bu məsələni tarixin arxivinə atmaq lazımdır”. Göründüyü kimi, əsas məqsəd bu torpaqları azərbaycanlılarsızlaşdırmaq, onun mənəvi sərvətlərinə sahib olmaq, gələcək Ermənistan dövlətini Azərbaycan torpaqları hesabına yaratmaq idi. Düzdür, bunun bir hissəsinə nail oldular və Azərbaycanın tarixi torpaqları olan İrəvan ərazisində Ermənistan dövləti yaradıldı. Eyni zamanda, sonrakı Azərbaycan Respublikasında bir çox mühüm postları da tutdular. O dövrlərdə 1920-21-ci illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi Anastas Mikoyan, 1926-29-cu illərdə Mirzoyan, 1932-ci ildə Rubenov familiyalı əslən erməni olan bolşeviklər idi ki, bu da Azərbaycanı azərbaycanlılarsızlaşdırmaq istiqamətində böyük bir addım idi.
Eyni zamanda, bolşevik hökuməti də bu siyasətdə maraqlı idi. Onlar Azərbaycan xalqının layiqli övladlarının önə çıxmasının qarışısını almaq istəyirdilər. Bir məsələni də qeyd edim ki, 1918-19-cu illərdə azərbaycanlılara qarşı soyqırım siyasətində fəal iştirak edən Mikoyan sonradan SSRİ rəhbərliyində mühim postlarda olmuş, hətta bir arada SSRİ dövlətinin başçısı vəzifəsinə qalxmışdı.
M.U. Bütün bu soyqırım siyasətində bir məqam həmişə diqqəti cəlb edib. Ermənilər bu məsələlərdə həmişə vahid şəkildə birlikdə iştirak ediblər. Burada həm kilsənin, həm bolşeviklərin, daşnakların, erməni ictimai təşkilatlarının bu və ya başqa formada rolu olub. 1918-ci ilin yayında Türkiyədən gələrək Naxçıvanın bir hissəsini işğal edən Andranik bolşevik Şaumyana teleqram vurur. O yazırdı ki, bundan sonrakı fəaliyyət istiqamətində təlimatlar gözləyir. Şaumyan isə bu barədə Leninə teleqram vurur. Lenin cavabında bildirir ki, bolşevik partiyası sizin bu fəaliyyətinizi alqışlayır. Bu siyahını genişləndirmək də olar - Lalayan, Mikoyan, Hamozaps. Ermənilərin ideoloji, əqidə fərqlərindən asılı olmayaraq, hamısı eyni istiqamətdə fəaliyyət göstərib.
- Musa müəllim, bu tarixi hadisələri araşdıran bir tarixçi alim kimi, sizin də dəyərləndirmələriniz həm bizim, həm də oxucularımız üçün maraqlı olardı...
Musa Qasımlı: 1918-ci ilin martından danışarkən tarixçilər prosesin inkişaf mərhələsini yaddan çıxarırlar. 1918-ci ilin martı ümumi prosesin kuliminasiya nöqtəsi idi. Əsas odur ki, azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımın fəlsəfəsinin arxasında nə dayanıb? Bunun təşkilati, ideoloji əsasları və nəticəsi var. İdeoloji əsas ən əvvəl çar Rusiyasının isti dənizlərə çıxmaq istəyindən başlanır. çar Rusiyasının öz istəyini həyata keçirmək üçün əlində bir alətə ehtiyacı vardı. Bu etibarlı alət mütləq Şərq xalqlarının arasından seçilməli idi. Səbəb isə uyğunlaşma və regionun nəbzini tez tutmaqdan ibarət idi. Bu isə ancaq ermənilər ola bilərdi. İkinci mərhələdə isə konkret olaraq təşkilatlanma məsələsi prioritet kimi qəbul edildi. 1828-ci ildə Azərbaycan əraziləri İranla çar Rusiyası arasında bölüşdürüldükdən sonra Şimali Azərbaycana müxtəlif xalqların nümayəndələri köçürülməyə başladı. Onların arasında almanlar, ruslar, hətta müəyyən miqdarda polyaklar da vardı. Ən əsas isə ermənilər çoxlu sayda Azərbaycan torpaqlarında məskunlaşdırıldı. Bəzən bizim tarixçilər ifrata vararaq Qafqazda, ümumiyyətlə, erməni adlı millətin olmamasını irəli sürür. Amma bu, düz deyil. çarizmin Azərbaycanı işğalına qədər Qafqazda təxminən 300 min erməni yaşayırdı. Onlar əsasən, ticarətlə məşğul olan və muzdla işləyən işçi qüvvələr idi. çarizmin yerləşdirmə siyasətindən sonra onların sayı 1 milyon 300 min nəfərə çatdı. Bu, arxiv sənədlərində də var. Təşkilatlanma mərhələsi çarizmin xüsusi xidmət orqanları, jandarm idarələri tərəfindən həyata keçirildi. Maraqlıdır ki, köçürülən ermənilər azərbaycanlıların yaşadığı münbit torpaqlarda yerləşdirilirdi. Yerləşdirmənin ardından isə azərbaycanlıların hesabına ermənilərin varlandırılması prosesinə başlanıldı. Bu isə sosial milli ziddiyyətlərin kəskinləşməsinə yol açdı. Beləliklə də, ideoloji “əsaslar” pulla üst-üstə toplanaraq silahlı dəstələrə, terror qruplarına çevrilməyə başladı. Ermənilər öz ideologiyalarını özləri hazırlamayıblar, sadəcə, çar Rusiyasının ortaya qoyduğu sənədi icra ediblər. Nəticələr isə göz önündədir: qırğınlar, kütləvi qətliamlar və deportasiyalar. 1828-ci ildən 1918-ci il Oktyabr inqilabına qədər olan müddəti ideoloji təbliğat və yerləşim mərhələsinə şamil etmək olar. Ən kritik anlarda inqilab dövründə azərbaycanlıların kütləvi qırılması prosesinə start verildi. ABŞ arxivlərində işləyərkən maraqlı bir kitaba rast gəldim. Orada 1905-ci ildə baş verən qırğınlar haqda bəhs olunurdu. Kitab Londonda nəşr olunub. Bir şəkil veriblər və altından yazıblar: “Tatarların öldürdüyü ermənilər”. Maraqlı burasıdır ki, şəkildəki meyitlərin hamısı kəfənə bürünmüşdü. Amma bu faktdır ki, ermənilər ölülərini kəfənə bükmürlər. Demək bu, ictimai rəyi çaşdırmaq üçün hazırlanan və tamamilə yalan olan informasiyalardır. Mən I Dünya Müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətini araşdırdığım üçün bəzi məqamlara rast gəlmişəm. Erməni terror dəstələri Anadoluda hazırlanıb. Nəzərə alsaq ki, həmin dövrdə sözügedən ərazi Rusiyanın nəzarəti altında olub, rus konsulları tərəfindən cəza dəstələrinin hazırlanması elə də çətinlik törətməməli idi. Tiflisdə Qriboyedov küçəsində erməni komitəsi yerləşirdi. Bütün planlar orada hazırlanırdı. Bakıda isə keçmiş Torqovı küçəsi ilə Qoqol küçəsinin kəsişməsində erməni mərkəzi fəaliyyət göstərirdi. Azərbaycan Dövlət Tarix Arxivində də bu barədə sənədlər mövcuddur ki, Azərbaycanda yaşayan ermənilər bu mərkəzə nə qədər pullar köçürüblər. Qətliamı həyata keçirən terror dəstələri məhz həmin maliyyə vəsaiti hesabına hazırlanırdı. Burada ən əsas məqamlardan biri də terrorun coğrafiyasıdır. Adətən, ermənilərin həyata keçirdiyi soyqırımları Şimali Azərbaycanla məhdudlaşdırırıq. Amma, bu coğrafiya bir ucu Anadolu, bir ucu Cənubi Azərbaycan olmaqla böyük bir ərazini əhatə edib. Hətta deyərdim ki, Cənubi Azərbaycanda törədilən qətllər kütləviliyinə görə xüsusilə seçilirdi. Kütləviliyinə görə digər ən böyük qətllər isə İrəvan quberniyasında və Borçalıda həyata keçirilib. İngilis mənbələrində də qeyd olunur ki, Rusiyada bolşeviklərin hakimiyyətə gəlişindən 1918-ci ilin martına qədər olan dövr ərzində İrəvan quberniyasında 199 Azərbaycan kəndi yerlə-yeksan olunub. Əhalisi isə 135 min nəfər olub. İngilis arxivlərində qeyd olunur ki, 1918-20-ci illər arasında 250 müsəlman kəndi İrəvan quberniyasında yerlə-yeksan olunub. Bu, təkzibolunmaz faktlardır. ABŞ arxivlərində işləyərkən maraqlı bir siyahı ilə tanış oldum.
- Nə siyahı idi o?
M.Q. Həmin siyahıda 1918-ci ildə Qars müsəlmanlarının ermənilərin həyata keçirdiyi qətliama etiraz əlaməti olaraq ABŞ prezidenti V.Vilsona müraciəti qeyd edilmişdi. Sənədin üstündə əvvəlcə qeyd olunub ki, istifadəsinə icazə verilmir, amma sonradan həmin o qeydin üstündən xətt çəkilib. Gürcü və rus mənbələrində hətta daşnak hökumətinə aid sənədlər yer alır ki, İrəvan quberniyasında azərbaycanlılara qarşı hansı üsulla soyqırım həyata keçirilib. Hətta qeyd olunur ki, Zəngəzur quberniyasının bir kəndindən götürülən ərzaq məhsulları ilə ölkənin əhalisini aclıqdan qurtarmaq mümkündür. Bir daşnak polis sahə rəisi yazır ki, mən kəndə girəndə ulaşan sahibsiz itləri gördüm. İnsanlar hamısı qaçmışdı. Daşnak yazır ki, bu itləri müsəlmanların olduğu üçün quyular qazıb diri-diri basdırmaq lazımdır: “Mən elə də etdim”. Bakıda törədilən mart qırğını isə zirvə nöqtəsi sayılır. Bəzən bu soyqırımda qətlə yetirilənlərin sayını 8 min kimi qeyd edirlər. İngilis arxivlərində qeyd edilir ki, mart qətliamında 25 min azərbaycanlı Bakı və Bakıətrafı ərazilərdə qətlə yetirilib. özü də qətllər olduqca qeyri-insani, vəhşi şəkildə həyata keçirilib. Bu qətliamların törədilməsində, Bakı faciəsinin baş verməsində əsas iki məqsəd vardı: 1. Azərbaycanın istiqlalına gedən yolun kəsilməsi; 2. Bakını və Abşeronu türklərdən təmizləmək. Allaha şükürlər olsun ki, Azərbaycanın istiqlalına gedən yol dayanmadı. Həmin dövrdə, hətta bolşevik Rusiyasının Bakının Rusiyaya birləşdirilməsinə dair qərarı vardı.
- Rauf müəllim, buyurun, siz də fikirlərinizi bölüşün.
Rauf Zeyni: Bunu birmənalı olaraq qeyd etmək lazımdır ki, 1918-ci ilin mart qırğınlarında ermənilər bolşeviklərin və mərkəzi hakimiyyətin köməyindən istifadə etmişdi. Adi bir fakta müraciət etmək bunu təsdiq edir. 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərir, bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaradır və martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlayır. Tarixi sənədlərdə göstərilir ki, Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” Partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib.
Qırğınlara gəlincə isə, onu demək istəyirəm ki, üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiribdir. Və bu barədə təkcə bizim arxivlərimizdə, tarix kitablarımızda deyil, beynəlxalq aləmdə də kifayət qədər məlumatlar var, hər kəs bu hadisələr haqqında məlumatlıdır. Məsələn, həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz ev-eşiyindən zorla qovulub.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilib, qarınları yırtılmış 57 azərbaycanlı qadının meyiti tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.
üstəlik, daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirib. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilib.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.
Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib. 1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib.
- Təmraz müəllim, əsrin əvvəllərində yaşanmış bu qətliamlar əsrin sonlarında davam etdi. Şübhəsiz ki, bunu təsadüf adlandırmaq olmaz...
Təmraz Tağıyev: Ermənilərin törətdikləri soyqırımlar böyük bir planın ayrı-ayrı hissələrini təşkil edir. Ən əsası qeyd etmək lazımdır ki, erməni vandalizmi, türklərə qarşı aparılan soyqırım, Azərbaycan torpaqlarının işğalı prosesi XX əsrin bir çox dövrlərində təkrarlandı. ötən əsrin son onilliyində baş verənlər də bir növ 1918-ci il ideologiyasının davamı kimi dəyərləndirilməlidir. Sadəcə, ermənilər 80-ci illərin əvvəllərində ulu öndərimiz Heydər Əliyevin Sovet İttifaqının rəhbər strukturlarında təmsil olunmasından çəkindikləri üçün sakit oturdular. ümummilli liderimiz Heydər Əliyevin məqsədli şəkildə vəzifədən kənarlaşdırılmasının ardından ermənilər öz məkrli planlarını həyata keçirməyə başladılar. İlk öncə Dağlıq Qarabağda başlanan təmizləmə prosesi sonradan Qərbi Azərbaycana keçdi. 1988-90-cı illərdə ermənilərin törətdikləri vəhşiliklər bugünkü nəslin yaddaşındadır. Tarixdə  görünməyən vəhşilik və qəddarlığı ermənilər həyata keçirirdi. Bu bir fakt idi ki, ermənilərin yeganə qorxuları ulu öndərimiz Heydər Əliyevdən idi. Hətta Yerevanda keçirilən mitinqlərdən birində Dəmirçiyan bildirmişdi ki, biz bir az tez başladıq, Heydər Əliyev hələ sağdır. Ulu öndərin hakimiyyətə qayıdışı ermənilərin planlarını əməlli-başlı alt-üst etdi. ümummilli liderimiz Heydər Əliyev 1918-ci il mart soyqırımına aid Sərəncamı ilə tarixin qan yaddaşına dönmüş bu hadisəyə siyasi qiymət verdi. Bu, çox böyük bir addım idi. Məhz bu sənədin ardından tarixçilərimiz mart soyqırımı haqqında araşdırmalar aparmağa başladılar. Qeyd etmək lazımdır ki, Azərbaycan həqiqətlərinin dünyada yayılması, ermənilərin törətdikləri qanlı faciələrin dünya ictimaiyyətinə çatdırılmasında da ümummilli liderimiz Heydər Əliyevin xüsusi əməyi var. Qeyd etmək lazımdır ki, bir sıra aparıcı dövlətlərdə Azərbaycan diasporunun yaradılması istiqamətində ulu öndərimizin gördüyü işlər öz bəhrəsini verdi.
İsmayıl Ağayev: Ermənilərin törətdiyi vəhşiliklər haqqında danışmaq şəxsən mənim üçün çox ağırdı. çünki ictimai fəaliyyətimlə yanaşı, mən bu dərdi birbaşa çəkən bir nəslin nümayəndəsiyəm. Bizim ailəmiz bir əsrdə üç dəfə ata-baba yurdlarından köç etməyə məcbur olublar. Beynəlxalq Diaspora Mərkəzi ən əsası öz fəaliyyətini soyqırımları, deportasiya həqiqətlərini dünyaya çatdırmaq istiqamətində qurur. Biz həm Azərbaycanda, həm də sərhədlərimizdən kənarda beynəlxalq diaspora təşkilatları ilə əlaqələr qurur, fəaliyyət dairəmizi genişləndiririk. Bəzi mənbələrdən 1914-15-ci illərdə ermənilərin İqdır ərazisində yaşayan azərbaycanlılara qarşı törətdikləri vandalizmlə bağlı məlumatlar əldə etmişik. Məlum olub ki, hətta həmin illərdə Qurban bayramı günü ermənilər kəndlərə soxularaq gənclərin başını kəsib, valideynlərini təhqir ediblər. Azərbaycan ictimaiyyəti bundan xəbərsizdir. İqdırda onlarla məzarlıqlar var ki, erməni vandalizminin bariz sübutudur. Biz bu faktlarla bağlı bir videokaset də hazırlamışıq və yaxın zamanlarda bu kaset yayılacaq. Təəssüflər olsun ki, Türkiyənin özündə bir çox insanın bu faktlardan xəbəri yoxdur. Mən deyəndə ki, İqdırda, Qarsda 50 minə yaxın Azərbaycan türkü şəhid edilibdi, onlar bu haqda məlumatsız olduqlarını dilə gətirirlər. Bu məsələlərlə bağlı işlərə ciddi fikir verilməlidir.
çingiz Bayramov: Məsələlərə bir az qlobal yanaşmaq lazımdır. Ermənilər XX əsrin əvvəllərində sadiq Osmanlı təbəssi idi. Andranik özü Osmanlı Ordusunun paşası idi. Hörmətli professorumuz olduqca gözəl vurğuladı ki, söhbət Rusiyanın öz planlarını həyata keçirmək istəyində ermənilərdən istifadə etməsindən gedirdi. O baxımdan, ermənilərə verilən plan “uğurla” icra olundu. Onlar türk millətinə qarşı soyqırım həyata keçirirdi və türksüz Qafqaz siyasəti yürüdürdü. Baxın, hətta II Dünya Müharibəsi dövründə Krım tatarlarının, Ahıska türklərinin öz dədə-baba torpaqlarından qovulması rus imperiyasının türk millətinə qarşı həyata keçirdiyi şovinizm siyasətinin bariz nümunəsi idi. Sizi inandırıram ki, əgər Bakının nefti olmasaydı və bu neft də müharibədə həlledici rol oynamasaydı, azəri türklərini də çoxdan Orta Asiyanın çöllərinə sürgün etmişdilər. Bu siyasət ardıcıl olaraq həyata keçirilib və sonuncu mərhələ 1988-ci ildə reallaşdırılıb. Sevindirici haldır ki, ulu öndərimiz Heydər Əliyev baş verənlərə siyasi-hüquqi qiymət verdi və soyqırım statusunda tanınmasına yol açdı. Biz bu addımı davamlı etməliyik və bütün dünyada yaymalıyıq. çünki, 31 mart soyqırımı tək azərbaycanlılara yox, bütün dünya türklərinə qarşı aparılan soyqırımdır. Bu gün təmsil olunduğum qeyri-hökumət təşkilatı bu istiqamətdə bəzi addımlar atır. Biz XX əsrin son onilliyində dədə-baba yurdlarından - Qərbi Azərbaycandan didərgin salınmış insanların hüquqlarını qorumaq üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməliyik. Bütün QHT-lər öz güclərini səfərbər edib bu fəaliyyətə imza atmalıdırlar.

(ardı növbəti sayımızda)
Aqşin ŞAHİNOÄžLU
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1330 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30