Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Müharibə davam edərsə, sanksiya genişlənərsə...

Müharibə davam edərsə, sanksiya genişlənərsə...

03.03.2022 [10:34]

Günel Abbasla

“Məclisdən kənar” söhbətlər

Müsahibimiz 84 saylı Füzuli seçki dairəsinin deputatı Vüqar Bayramovdur. V.Bayramov Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq, əmək və sosial siyasət komitələrinin üzvüdür.

Müharibə Rusiyaya iqtisadi baxımdan baha başa gəlir

- Vüqar müəllim, hazırda Rusiya və Ukrayna arasında davam edən müharibənin bir günü Rusiyaya neçəyə başa gəlir?

- Müharibənin bir günü yalnız Rusiyanın hərbi itkiləri ilə yekunlaşmır. Konflikt davam etdiyinə görə bir tərəfdən də Rusiyanın hərbi xərcləri var. Rusiyaya tətbiq edilən sanksiyalar onun iqtisadiyyatına müharibədə olan itkilərindən daha çox zərər vurur. Hazırda Rusiyanın aparıcı şirkətlərinin səhmlərinin dəyəri 40-60% arasında ucuzlaşıb. Nəzərə alsaq ki, aparıcı şirkətlərin dəyər itirməsi və rublun ucuzlaşması 10 milyard dollarla hesablanan xərclərdir. Eləcə də dolların Rusiyadan çıxarılması ilə bağlı məhdudiyyətlər tətbiq olundu və Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 8.5-dən 20%-ə qədər artırdı. 2 dəfədən çox artım Mərkəzi Banklar tarifində çox nadir addımdır. Amma bu da rublun dəyər itirməsinin qarşısını almadı.

Hətta Rusiyanın özündə rublla bağlı həm rəsmi, həm də bazar məzənnəsi formalaşıb. Bazar məzənnəsi ilə rəsmi məzənnə arasında kəskin fərq var. Baxmayaraq ki, hazırda rəsmi məzənnə bir dollar üçün 110 rubl ətrafında dəyişir. Ancaq bazar məzənnəsi 150-160 rubla qədər yüksəlib. Yəni dəymiş ziyan kifayət qədərdir. Mövcud sanksiyalar paketi müharibədən sonra da qalarsa, Rusiya iqtisadiyyatına ziyan vurmağa davam edəcək. Ona görə də müharibə Rusiyaya iqtisadi baxımdan baha başa gəlir və ciddi itkilər yaradır.

Kəskin azalmalar baş verəcək

- Rubl aşağı düşür, hazırda 40% azalıb. Bu, Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

- Rusiya bir tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Digər tərəfdən, Rusiya Azərbaycan idxalında ən böyük idxalçı tərəfdaş ölkələrdən biridir. Azərbaycan idxal etdiyi məhsulları daha çox Rusiyadan idxal edir. Bura xüsusən sənaye və bir sıra ərzaq məhsulları aiddir. Rusiya həm də Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşıdır. Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının 32.3%-i Rusiya bazarına göndərilir. Biz xarici ticarət balansına baxsaq, Rusiyanın idxalda birinci olduğunu görəcəyik. İxracatda öndə olmasa da, qeyri-neft ixracında birincidir. Bu konteksdən nəzərə almalıyıq ki, sanksiyalar Rusiya iqtisadiyyatının zəifləməsi ilə yanaşı, digər ölkələr ilə xarici ticarət əməliyyatlarına da təsir göstərəcək. Yenə də Rusiyanın Azərbaycanın ümumi iqtisadiyyatındakı payı 4.1% olduğuna görə ölkəyə daxil olan valyutanın həcmində kəskin azalmalar baş verməyəcək.

Çünki Azərbaycan ixracatının 96%-ə yaxını digər ölkələrin payına düşür. Qeyri-neft ixracatının ümumilikdə 1/3-ni Rusiyanın təşkil etdiyinə, rubl dəyərsizləşdiyinə və Rusiyada alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə, Azərbaycanın Rusiyaya göndərilən ixracı azalacaq. Azərbaycanın kənd təsərrüfatı məhsullarının 80%-i Rusiya bazarına göndərilir. Ümumi ölkəyə daxil olan valyuta həcmində kəskin azalma proqnozlaşdırılmır. Əksinə, neftin dünya bazarındakı qiymət artımı Rusiya ilə daxil və xaricolmaları konpensasiya edəcək. Yenə də qeyri-neft sektoru üzrə valyuta daxilolmalarında azalmalar gözləniləndir.

Digər məqam da Rusiyada yaşayan azərbaycanlıların göndərdiyi vəsaitdir. Bir ilə nəzər yetirsək, Rusiyadan 1 milyard dollar daxil olub. Bu məbləğdə də azalmalar olacaq. Çünki orada yaşayan azərbaycanlıların gəlirlərində də azalma olcaq ki, bunu da Rusiyanın iqtisadi durumundakı zəifləmə şərtləndirir. Eləcə də 10000 dollardan artıq vəsaiti Rusiyadan çıxarmaq olmayacaq. Rusiyanın aparıcı bankları SWİFT-dən uzaqlaşdırıldığından əməliyyatlarda çətinliklər olacaq.

Mənzil bazarına maraq azalacaq

- Nəzərə alsaq ki, Rusiyada azərbaycanlılar çoxdur və Azərbaycanda, xüsusilə də Bakıda mənzillərin qiymət məzənnəsi çox vaxt bu amillə tənzimlənir. Bu gün Rusiya iqtisadiyyatının tənəzzülü, oradakı soydaşlarımızın biznes imkanlarının zəifləməsi Azərbaycandakı mənzil bazarına necə təsir edəcək?

- Azərbaycandakı mənzil bazarında Rusiyada yaşayan azərbaycanlıların payına nəzər yetirsək, fərqli tendensiyadır. 2014-ci ilə qədər Azərbaycanın mənzil bazarındakı payı kifayət qədər çox idi. Qeyd etdiyim tarixə qədər mənzillər hesabına olan artımlar hətta dollarla hesablanırdı. Bu, Rusiyada yaşayan azərbaycanlılarla bağlı idi. 2014-cü ilin sonlarında neftin qiyməti azalanda 2015-ci ildə manat iki dəfə dəyər itirdi. Nəticədə Rusiyada yaşayan azərbaycanlıların paytaxtdakı mənzillərə marağı azaldı. Çünki 2015-ci ilə qədər bu, kommersiya məqsədi daşıyırdı.

Vətəndaş mənzil alıb müəyyən müddətdən sonra satıb daha çox gəlir əldə edirdi. Sonradan bu proses əvvəlki kimi əlverişli olmadı. Bu gün mənzil alıb sonra satmaq istəsəniz, daha ucuz qiymətə satacaqsınız. Rusiyada yaşayan azərbaycanlıların Bakıdakı mənzil bazarında aparıcı olduqları deyilsə də, reallıq belə deyil. Bu baxımdan, birbaşa mənzil alınması üçün gələn vəsaitin həcmində də kəskin azalmalar var. Əvvəl hər 10 mənzilin 7-sini Rusiyada yaşayanlar alırdısa, indi bu rəqəm 3-2 nəfərə qədər azalıb. Kəskin azalma əvvəlcədən müşahidə olunduğuna görə, mənzil bazarına ciddi təsirlərin olacağı gözlənilmir. Ancaq sözsüz ki, bu maraq bir az da azalacaq.

Rusiya qadağa qoyub...

- Ermənilər Rusiyadakı bizneslərini ölkələrinə köçürmək üçün məsləhətçilər axtarır. Azərbaycanlılar öz bizneslərini ölkəmizə gətirəcəklərmi?

- Rusiyada tətbiq edilən qadağalardan biri də biznesin köçürülmələrindən ibarətdir. Rusiya tətbiq edilən sanksiya fonunda orada olan biznesin, hətta Rusiya şirkətlərindəki səhmlərə yönəldilən xarici vəsaitin ölkədən çıxışını qadağa edir. Ona görə də Mərkəzi Bankın atdığı addımlardan biri də məhz həmin vəsaitlərin ölkədən çıxışının bloklanması idi. İndiki halda məsləhətçilər olsa belə, biznesin çıxarılması xeyli çətindir.

Rusiya da əks istiqamətdə sanksiyalar tətbiq edir. Alternativ olaraq Qərbin və digər ölkələrin Rusiya birjalarında və ya şirkətlərin səhmlərindəki vəsaitləri dondurur. O baxımdan əvvəlki dövrlərdə də çağırış edirdik ki, bizim fermerlər Rusiya bazarı ilə yanaşı, digər bazarlara da məhsul göndərsinlər. Cənab Prezidentin də bu məsələlərlə bağlı çağırışları və tövsiyələri var. Fermerlərlə görüşlərimizdə də bunun üçün çalışırıq. Ümumiyyətlə, bir bazardan asılı olmaq yaxşı hal deyil. Rusiyada yaşayan azərbaycanlıların öz bizneslərini transfer etməsini tövsiyə etmişik. Görünən odur ki, şərqi Avropa ölkələrinə biznesin bir hissəsini çıxarıblar, ancaq əsas vəsait yenə də Rusiyadadır.

Müharibə neft bazarında köpüklər yaradıb

- Neftin qiyməti son 12 ildəki rekord rəqəmə qalxıb. Bu artım Azərbaycan iqtisadiyyatında özünü necə göstərəcək? Proses davamlı olacaq, yoxsa müharibə ilə əlaqədardır?

- Neftin qiymətinin artmasının müharibə ilə birbaşa əlaqəsi var. Müharibə başlayandan kəskin artımlar qeydə alınır. Hətta bu proses vəziyyət gərginləşəndən hiss olunur. Ancaq artımlar müharibədən sonra daha da intensivləşdi. Gözlənilir ki, müharibə davam edərsə, sanksiya genişlənərsə, neftin qiymətindəki artım da davam edəcək.

Rusiya dünyada ən çox neft hasil edən 3 ölkədən biridir. Bazarda “OPEC+”-un əməkdaşı kimi böyük paya malikdir. Əsas çaşqınlıq ondan ibarətdir ki, Rusiyaya tətbiq olunan sanksiyalar enerji sektorunu əhatə edərsə, mavi qazı çıxarmaqda çətinlik olarsa, neftin qiyməti də kəskin artacaq. Artımların davam edəcəyi gözlənilir, ancaq neftin psixoloji faktorlardan asılı olaraq qiymətinin artması arzuolunan deyil. Neft ölkələri üçün gəlirli olsa da, bu proses dayanıqlı deyil. Çünki bu təcrübəni biz 2012-2014-ci illərdə baş tutan sanksiyalar zamanı müşahidə etmişik.

Hazırda müharibə neft bazarında köpüklər yaradıb. Böyük risk ondan ibarətdir ki, köpüklər partlaya və neftin qiyməti kəskin ucuzlaşa bilər. Hələlik müharibə və sanksiyalar davam etdiyinə görə belə bir hal gözlənilmir. Hətta müharibə bitsə belə, sanksiyalar davam edəcək. Azərbaycan neft hasil edən ölkədir, ötən ay gündəlik neft hasilatı 700 000 barel olub. Bizim üçün neftin dünya bazarında qiymətinin artması iqtisadi baxımdan məqbuldur. Ancaq Azərbaycan neftin qiymətinin stabil və uzunmüddətli olması üçün daha dayanıqlı qiymətə maraqlı olan ölkədir.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 891 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30