Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 33 mənim dönüşüm oldu

33 mənim dönüşüm oldu

02.03.2022 [11:23]

Əvvəli ötən sayımızda...

Niyə məhz İsa peyğəmbərin yaşında oyandım, onu da bilmirəm

Onun öz qarşısına tutduğu qalın zirehin, sərt qadın obrazının arxasında əslində çox fərqli biri var. Çox gözəl, çox ağıllı, çox bilgili və dünyanı fərqli rənglərlə görməyi bacaran adil bir qadın. Müsahibim tanınmış rejissor Mehriban Ələkbərzadədir. Çoxları çətin insan hesab edir onu. Mehriban xanım isə doğru deyilən nədirsə, onunla yaşamağa çalışır. Bəlkə bu dünyada çətin olan elə doğruluqdur, ədalətdir?

İlhamə  HƏKİMOĞLU

Bir qədər aralandı, sonra geri döndü, tərcüməçiyə dedi ki, yuxarıdan mənə xəbər gəlir, onu bu qadına deməliyəm. Maraqsız olsa belə, deməsinə icazə verdim. Həyatımda ən açıq tablonu cızdı. Dedi, vaxt gələcək ətrafında  heç kim, bir canlı, bir ot qalmayacaq, torpaq kimi quruyub çat verəcək, amma sonda Tanrının ona rəhmi gələcək, yenidən yaşıllanacaq. Ağacla müqayisə etmişdi məni. O zaman anlamadım onu, müəyyən yaş dövrünü proqnoz etmişdi. Həmin yaşda onun dediklərini yaşadım. Ətrafımdakı hər kəsdən zərbəni zərbə dalınca aldım, məyusluq yaşadım.  O zaman həmin hindunu xatırladım. Hərdən insanın çakraları açılır və o impulslar verilir. İnanmamışdım, inandım. Var belə şeylər. Alın yazısı varsa, onu oxumaq da olar. Mistikadır, amma maraqlıdır. Bildiyim bir şey var. İnsan içində patoloji nifrət saxlamamalıdır, kiminsə sənə patoloji nifrətinin yaranmasına da imkan vermək olmaz. Bu enerjidir və günün birində mütləq şəkildə özünü büruzə verir. Ən azından travmalar şəklində.

- Adamlar var, onlar üçün həyat yuxudan durmaq və yatmaq arasında keçir. İçində yaşadıqları baramadan kənarda bir dünyanın  olmasının fərqində olmurlar. Elə asandır yaşamaq, ya belə? Ağıl bəzən imtahandır?

- Bu bəlkə də onun xoşbəxtliyidir. Bax, məni indi heç nə qane eləmir. Heç nə. Belə yaşamaq çətindir. Halbuki, ən kiçik şeylərlə xoşbəxt olmaq olar axı.

- Sizi məmnun etmək bu qədər çətindirsə, aktyorlarınızın sizdən tərif alması da müşkül iş olmalıdır. Tərif ala bilirlər sizdən?

- Tam yox, bəzi məqamları tərifləyirəm. Tam razı qalanda gedib ya başını sığallayıram, ya boynunu tuturam, ya dəsmal atıram üstünə, nəsə edirəm. Yəni, o qədər də qəddar deyiləm (gülür).

- Bu xarakter sizə müəlliminiz Mehdi Məmmədovdan keçmiş olmaya?

- Yox. Mehdi müəllim davranışlarında xəsisliklə özünü büruzə verən, qapalı adam idi. Ondan heç nə götürmək olmazdı. Maraqlı düşünə bilən və maraqlı görünmək istəyən adam idi. Rejissor kimi mənə Tofiq Kazımov daha yaxın idi.

- Mehdi müəllim sanki daha çox görüntü yaradırdı.

- O da var. Onu daha yaxından tanıyan adamlar deyir ki, o daha çox elə görünürdü. Amma dərin adam idi. Onun mühazirələrinə laqeyd qalmaq mümkün deyildi.

- Tamaşa zamanı istədiyiniz alınmayada aktyorlarınıza əsəbləşir və ya sərt reaksiya göstərirsiniz? 

- Olur.

-  Belə çıxır ki, siz də onların azadlığını əlindən alırsınız. Halbuki azadlıq sizin özünüzə hər şeydən daha qiymətlidir.

-  Bu tənbeh və ya iraddır. Başqa şəkildə istədiyimi necə ala bilərəm?

- HəsənağaTurabovla bağlı bir xatirənizdə demişdiniz ki, bir seçim anında sizi yox, dostunu seçməli olmuşdu. İndi ayağınızı  yerə daha bərk basa bilən, müəyyən məqama çatmış bir şəxs kimi eyni səhvi siz  də edirsiniz?

- O səhv deyildi, o, dostluğa verilən dəyərin gücüydü. Mən nəyin bahasına olursa olsun, ədaləti heç nəyə qurban verə bilmərəm. Həmin dostumdan  üzr istəyərəm, amma kiminsə, layiq olduğu, zəhmət çəkib qazandığı pilləyə başqasını çıxartmaram. Bunu əsla etmərəm. Özüm bahasına belə. İnsan yaradır, canından qanından verir. Sən özündən kəsib, bir şey düzəldirsən, onu da sənin əlindən alıb başqasına verirlər. Dözülməzdir, buna getməmişəm.

- Buna görə yəqin çoxları ilə üz- göz olmuşunuz?

- Əlbəttə. Bəs düşməni necə qazanırıq? Dost düşmənə çevrilir. Amma mənim də prinsiplərim var. Keçə bilmərəm. Məsələn, bir tələbəm var. Xətrini çox istəyirəm. O dərəcədə çox ki, evimə buraxa biləcəyim çox az sayda insanlardan biridir. Evimə buraxaram, qarşısına çay qoyaram, bu da mənim üçün böyük şeydir (gülür).  Amma o rejissor ola bilməz, mən ona qiymət yaza bilmərəm. İnsan kimi sevdiyim birinə mən güzəştə getmirəm. Özümə deyirəm “etmə bu pisliyi”, amma alınmır.

- Rejissor olmaq üçün nə lazımdır sizcə?

- İntellektlə bərabər, dünyanı başqa bucaqdan görmək qabiliyyəti, hamının görmədiyini görə bilmək. Ən primitiv məqamda ən gözəl şeyi görməlidir. Məsələn, Elçinin hekayələri var, məni ən valeh edən şey nədir bilirsiniz? Hər gün gəlib keçdiyin yolda bir it sülənir və heç kim o itə fikir vermir. Elçin isə məhz o itin üzərinə işıq salır, onun daxili monoloqunu da verir, ayağının altındakı yaranı da göstərir, o yaranı hansı şəraitdə aldığını da. Sən əhəmiyyətsiz halda yanından keçdiyin canlının nə böyüklükdə faciə yaşadığını görürsən. Rejissor da belə görməyi bacarmalıdır. Məlum hadisəni başqa rakursdan görməlidir. Bu yoxdursa, kimin tələbəsi olsa da, nə qədər oxusa da, savadlı olacaq, rejissor olmayacaq. Neçə ildi qəbul komissiyasının sədriyəm, güzəştə gedə bilmirəm. Sıfır yazdığım uşaqlar olub. Kimlər ki, qiymət alıblar əvvəl-axır, onlardan rejissor çıxacaq. O işığı görmüşəm.

- Sadəcə zamana ehtiyac var?

- Hə, zamana ehtiyacı olmayan heç nə yoxdur, bu həyatda.

- Zaman tanrının insana verdiyi həm dost, həm düşmən...

- Zaman çox amansızdır. Amma onun da öz gözəlliyi var. Bir də gözümü açdım ki, 33 yaşım var. Niyə məhz İsa peyğəmbərin yaşında oyandım, onu da bilmirəm. 33 mənim dönüşüm oldu.

- Adətən deyirlər, ikinci ömür 40-dan sonra başlayır.

- 40-dan sonra ağrıları daha çox hiss etdim, Demirəm mən buluddan nəm qapıram. Yox. Məni ağlayan görmək olmaz.

- Ağlamırsınız, ya göz yaşlarınızı kiminsə görməsini istəmirsiniz?

- Ağlaya bilmirəm. Mən oynamağın, maskalanmağın tam əleyhinəyəm. Məsələn, söhbətimiz alınmaya  bilərdi, danışmayacaqdım. Adam var onunla bir  kəlmə kəsirəm boğuluram. Davam etmirəm. Məni nəyəsə məcbur da etmək olmaz. Hamıya yaxşı olan adamlardan qorxmaq lazımdır. Hamıya yaxşı olmaq imkansızdır. Ümumiyyətlə, nəyinsə xatirinə istəmədiyim heç nəyi etmirəm. İstədiyim şeylərdə isə düşünürəm. Mən heç vaxt məhkumluğu özümə rəva  görmədim. Heç nəyi etməyə məhkum deyiləm. Ən rahat yol imtinadır. Hər çətin vəziyyətdən mütləq bir çıxış yolu var. Ən böyük azadlıq imtinalardan başlayır. Amma azadlıq da əxlaqsızlıq, özbaşınalıq deyil. İnsan azad olmalıdır.

- Mehriban xanım, müasir yazıçılarımızın sizi heyran qoyan, heyrətləndirən pyeslərinə rast gəlirsiniz?

-  Dramaturji anlamda heyrətləndirmək Caviddən, Cabbarlıdan, Mirzə Cəlildən sonra çox çətindir. Elçin bir az fərqlidir, onun komediyaları mənlik deyil, amma roman müəllifi kimi əvəzi yoxdur. Dramaturji anlamda “Qatil” pyesi etalondur. Heç nə yazmayıb, bircə “Qatil”i yazmış olsa belə, bəs idi. Bu, əlbəttə, mənim yanaşmamdır. Müasir dramaturgiyada Afaq Məsud, Kamal Abdulla, İlqar Fəhmi, İsmayıl İman kimi adları qeyd edə bilərəm. Maraqlı müəlliflərdir. Bu isimlərin hər birinin arxasında ciddi beyin məhsulu  durur. Elə müəllif var ki, sənə hazır material gətirir, deyir dəyişmək olmaz. Onda mən işləyə bilmirəm. Bitkin nümunədirsə, ayrı məsələ. Amma müəlliflər səhnəni bilmirlər, daxili monoloqu bilmirlər, o zaman yenidən işləməli olursan və ya deyirsən, o özü yazır. Bu anlamda İlqar Fəhmi ilə işləmək  rahatdır .

- Klassik əsərlərin remix versiyasının işlənməsinə necə baxırsınız?

- Film versiyasında normal qəbul etmirəm, amma teatr versiyasını  mütləq etmək lazımdır. Məsələn, Cabbarlının əsərlərinə baxanda görürsən ki, nə qədər yenilik etmək, yeni məntiqi vurğularla işləmək olar. Yeni nəslə ötürmək üçün yeni məntiqi baxış bucağından işləmək vacibdir, əks halda klassika arxaik təfəkkür olaraq qalacaq. Bir var köhnəlmiş nəyisə təzələyirsən, bu başqa şeydir, seriallarda bunu etmək olar. Bir də sən müəllifin kimliyini, məqsədini saxlamaqla, yeni məntiqi vurğularla əsəri yaşadırsan. Cabbarlı proletariat dövrünün yazarıydı, söz düşəndə deyirlər ki, əsərləri köhnəlmiş ideyalardır, lakin fərqli yöndən baxanda görürsən ki, Cabbarlı qədər bu günlə səsləşən dramaturq yoxdur. Haqverdiyevin “Qacar”dan sonra “Yeməmisən qaz ətini, görməmisən ləzzətini” adlı kiçik bir pyesi var. İlk baxışda primitiv görünür, ikiarvadlı bir kişinin müflis olması, ikiarvadlılığın qınanması aspektindən təqdim olunur. Öncə düşündüm ki, “Qacar”ı yazan bir beyin ailə tandemində önəmsiz bir şeyi niyə yazsın? Halbuki əsəri bir də oxuyanda görürsən ki, bir qadının  iqtisadi məsələlərdə kişiyə necə ağıllı yol göstərə biləcəyindən danışır. Yetər ki, sən bunu görəsən. İstənilən əsərin bugünkü zaman açarını tapmaq olar. Rejissor müasirlik etməyi bacarmalıdır.

- Hədəflərinizə çatmısınız?

- Yox. Amma hədəflərimi açıqlamayacam. Bu yolda hərəkət azadlığımı əlimdən almasınlar deyə.

Paylaş:
Baxılıb: 929 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30