Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / ATƏT regionunda münaqişələr azalmaq əvəzinə artan sürətlə inkişaf edir

ATƏT regionunda münaqişələr azalmaq əvəzinə artan sürətlə inkişaf edir

21.07.2010 [04:29]

Bahar Muradova: ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri kompromisə çağırmaqdansa, qeyri-konstruktiv Ermənistana təzyiqlər göstərməlidir
Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:
- Bahar xanım, məlum olduğu kimi, iyulun 17-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Bu görüş və onun nəticələri haqqında sizin mövqeyiniz necədir?
- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən gözləntilər çox idi. çünki indiyə qədər münaqişənin sülh yolu ilə həlli istiqamətində böyük yol qət edilib və eyni zamanda, bu görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin toplanıtısı çərçivəsində keçirilib. Bütün bunlar həmin görüşün önəmini artıran məqamlar idi. Amma hər zaman olduğu kimi, bu dəfə də gözləntilər özünü tam doğrultmadı. çünki erməni tərəfi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirdi və yenə də razılaşdırılmış məqamlardan geri çəkilməklə, birgə bəyanatın elan olunmasına müqavimət göstərməklə bu görüşün əhəmiyyətini kifayət qədər azaltdı. Bununla belə, məsələnin ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində gündəlikdə olması və həmsədr ölkələrin xarici işlər nazirlərinin bəyanatı ümumilikdə müsbət haldır. Baxmayaraq ki, görüş və bəyanat problemin həllinə ciddi təsir göstərən hal olmadı, amma hər halda danışıqlar predmeti olaraq bu məsələ gündəmdə oldu.
- Həmsədr ölkələrin təmsilçilərinin Almatı bəyanatı digər son bəyanatlarla müqayisədə bir qədər sönüklüyü ilə fərqlənir. Bəyanatda işğal faktoruna toxunulmasa da, güc tətbiq etməmək tövsiyəsi daha qabarıq görünür. Necə hesab edirsiniz, bundan sonra Azərbaycan hansı addımlar atmalıdır?
- Azərbaycanın hansı addımlar atacağı ilə bağlı Prezident İlham Əliyev dəfələrlə bəyanat verib. Son vaxtlar dövlət başçısının bəyanatları göstərir ki, Azərbaycan, bütün bu səylər səmərə vermədiyi təqdirdə lazım olan addımı atacaq və ölkəmizin belə bir hüququ da var. Bu hüququ heç kim bizim əlimizdən almayıb. Bizə həm BMT-nin, həm də digər beynəlxalq təşkilatların müvafiq sənədləri bu hüququ verir. Burada söhbət Helsinki Yekun Aktının müvafiq maddələrindən də gedir. Həmsədr dövlətlərin prezidentlərinin bəyanatında bu sənədin müddəaları sadalanır. Biz bu sənədə sadiqliyimizi bəyan edirik. çünki heç bir dövlətin ərazisinə göz dikməmişik, Azərbaycan daxilində üzləşdiyimiz problemin həlli ilə bağlı hər hansı variantı seçməkdə haqqımız olduğunu bəyan edirik. Azərbaycan Prezidentinin mövqeyi də bunu ifadə edir. Ona görə də, düşünürəm ki, tərəflər məsələyə öz maraqları prizmasından yanaşsalar da, prosesi irəliyə aparmaq məsuliyyətini üzərində daşıyan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflər arasında “bərabər hüquqlar” ifadəsini bəyanata daxil etməklə işğalçı ilə işğala məruz qalanı bərabərləşdirmək cəhdlərini göstəriblər. Yenilənmiş Madrid prinsipləri bizi tam qane etməsə də, onu qəbul etmişik və biz bu mövqeyimizdə qalırıq. Ermənistan tərəfindən də bu münasibəti gözləyirik. Həmsədrlər lazım olan vacib addımları atmalıdır. Onlar tərəfləri kompromisə deyil, qeyri-konstruktiv olan tərəfi konstruktivliyə meyilləndirməyə çalışmalıdır.
- Sülh danışıqlarının intensiv xarakter aldığı və müəyyən irəliləyişlərin olduğu bir zamanda Ermənistan birdən-birə mövqeyini sərtləşdirdi. Sizcə, burada işğalçı dövlətə xarici qüvvələrin təsiri amili nə dərəcədə rol oynayır?
- Ermənistanın danışıqlar prosesini pozması birinci dəfə deyil. Dəfələrlə proqnozlar verilib ki, ümidlərin ən çox artdığı zamanda Ermənistan daha artıq bu ümidləri öldürən addımları atmağa “qadir” ölkədir. Biz bunun növbəti dəfə şahidi olduq. Bilirsiniz ki, Türkiyə - Ermənistan sərhədlərinin açılması ilə bağlı da proqnozlar verilirdi ki, sərhədlər açılarsa, münaqişənin həllinə töhfə verə bilər. Amma bu da iflasa uğradı və elə Ermənistan öz marağında olan bu məsələdə belə qeyri-ardıcıl mövqe, siyasət yürüdür. Ermənistanın heç zaman verdiyi vədə, imzaladığı sənədə sadiq olduğunu görməmişik. Almatı görüşü də bunun davamıdır. Ermənistan ondan konkret mövqe gözlənildiyi məqamlarda ciddi addımlar atmaqdan çəkinir. Əgər bu addımı atsa, gərək güc yolu ilə əldə etdiyi bütün mövqeləri əlindən versin. Bu da Ermənistana sərf etmir, ona görə də, bunu etməyəcək. Əgər beynəlxalq güclər işğalçı dövlətə qarşı ciddi mövqe sərgiləməsələr Ermənistan bu mövqeyini hələ uzun müddət davam etdirəcək. çünki Ermənistan hakimiyyəti danışıqlar prosesini danışıqlar xatirinə aparır, status-kvonu saxlamağa çalışır, ölkə daxilində aşağı olan nüfuzunu yüksəltmək istəyir. Amma Sarkisyan hakimiyyəti indiki şəraitdə konkret addımlar atsa, müxalifətin və diasporun təpkisinə məruz qalacaq. Bu halda, Sərkisyan hakimiyyətini itirə bilər. Belə bir qorxu olduğu üçün Ermənistan rəhbərliyi ciddi addımlar atmayacaq. Bunu mən ATƏT çərçivəsində fəaliyyət göstərən şəxs kimi də deyirəm. çünki mən ATƏT-in ən müxtəlif rəsmiləri ilə görüşürəm. Təşkilatın Parlament Assambleyasının son sessiyasında da qurumun sədri, digər ölkələrin nümayəndələri, bu prosesə töhfə vermək istəyən insanlarla görüşdə onların hər biri Ermənistanın hər hansı ciddi qərar verə biləcəyindən ehtiyatlandığını bildirir və hətta bəziləri “müdrik” tövsiyələr də verirdilər ki, Ermənistan hökuməti öz ölkəsində ciddi nüfuza və dəstəyə malik olmadığı üçün Azərbaycan bütün məsuliyyəti öz üzərinə götürərək regionda lider dövlət kimi problemin həllinə töhfə verməlidir. Amma bu töhfənin nədən ibarət olması haqqında konkret fikir söyləyə bilmirlər və ya demək istəmirlər. çünki bilirlər ki, onların düşündükləri bizim tərəfimizdən qəbul olunmayacaq. Qurumun yay sessiyasında Ermənistan nümayəndələri ilə öz aramızda olan söhbətlər zamanı belə qənaətə gəldim ki, onlar güzəştə getmək fikrində deyillər. Ermənilər Qarabağın heç zaman Ermənistana birləşdirilməyəcəyini başa düşsələr də, Azərbaycanın tərkibində olmasını da istəmirlər. Onlar bu məqsəd üçün nə lazımdırsa, etməyə hazırdırlar.
- Bahar xanım, Minsk qrupunun vasitəçiliyi ilə problemin həlli uzanmaqdadır. Məsələnin BMT Təhlükəsizlik Şurasının müstəvisinə çıxarılması hansı nəticələr verə bilər?
- Düşünmürəm ki, hazırda bu məsələ BMT-nin müstəvisindən düşüb. Dağlıq Qarabağ problemi BMT və digər bütün beynəlxalq təşkilatların müstəvisində olan məsələdir. çünki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, son illər Baş Assambleyanın sessiyalarında sənədlər də qəbul olunub. Yəni bu məsələ BMT-nin gündəliyindədir. Nəzərə almaq lazımdır ki, Minsk qrupunu BMT yaradıb və münaqişənin həlli ilə məşğul olmaq mandatını ona verib. Hesab etmirəm ki, münaqişənin həlli məsələlərini ATƏT-dən alıb BMT-yə vermək mümkün olsun və mən bunu məqsədəuyğun saymıram. Bu, daha çox vaxtın uzanmasına gətirib çıxaracaq. Sadəcə, bütün müstəvilərdə paralel şəkildə iş getməlidir. Hansı ki, hazırda bu formada işləyirik. Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmur. Bununla belə, Təhlükəsizlik Şurasının bu məsələyə xüsusi olaraq qayıtması və yeni qətnamə qəbul etməsi yaxşı olardı. Amma onun icrası mexanizmləri də göstərilmədir. Təkcə bəyan etmək və tövsiyə vermək yetərli deyil. Bu sənəd nəticəsində işğalçı qüvvələr torpaqlarımızdan çıxmasa, bu, növbəti yerinə yetirilməyən beşinci qətnamə olacaq.
- Sizcə, hazırkı mandat davam etməlidir? Əgər bu formatda danışıqlar nəticə vermirsə, Minsk qrupunun vasitəçiliyinin müsbət nəticələr verəcəyi şübhə doğurmurmu?
- Düşünürəm ki, ötən müddət ərzində tərəflər bütün variantlar ətrafında kifayət qədər danışıblar. Hər kəs qarşı tərəfin nə istədiyini gözəl bilir. Nəyisə daha artıq öyrənməyə, mənimsəməyə ehtiyac yoxdur. Bu istiqamətdə kifayət qədər yol qət edilib və bundan imtina da düzgün olmazdı. çatışmayan yeganə cəhət Ermənistana beynəlxalq təzyiqlərin olmamasıdır. Təəssüf ki, həmsədr dövlətlər tərəfindən Ermənistan işğalçı kimi deyil, bərabərhüquqlu tərəf kimi qəbul olunur. Əgər mənim ərazim işğal olunubsa, necə bərabərhüquqlu ola bilərik? Helsinki Yekun Aktında göstərilən maddələr bu sənədi bərabər şəkildə, ona eyni dərəcədə riyaət edən ölkələr arasındakı münasibətlərə şamil olunmalıdır. Amma təcavüzkar dövlətə qarşı başqa sanksiyalar qəbul edilməlidir. Beynəlxalq dairələr ya mövcud olan mexanizmlərdən çıxış edərək təzyiq göstərməlidirlər, ya da yeni mexanizmlər haqqında düşünülməlidir. çünki dünyada, o cümlədən regionumuzda təkcə Qarabağ deyil, digər münaqişə ocaqları da mövcuddur. ATƏT regionunda münaqişələr azalmaq əvəzinə artan sürətlə inkişaf edir. çünki hər hansı problem həllini tapmır. Bu mənada ATƏT-in Avropa məkanında bir təşkilat kimi öz üzərinə götürdüyü təhlükələri önləmək missiyasını yerinə yetirmədiyi ortaya çıxır. Biz bu fikri qurumun Parlament Assambleyasının sessiyalarında da söyləmişik. Bu təşkilat təcavüzkara və təcavüzə məruz qalana olan münasibəti ortaya qoymalıdır. Düşünürəm ki, çatışmazlıq burdadır. Azərbaycan öz iqtisadi, hərbi qüdrətini artırır və öz ərazisində sülhü təmin etməyə cavabdehlik daşıdığına görə, dövlətimizin beynəlxalq hüquq prinsiplərindən çıxış edərək öz daxilində hansısa tədbirlər keçirməyə haqqı var və bu haqqı da açıq şəkildə bəyan edir. Hesab edirəm ki, bu il ərzində keçiriləcək ATƏT-in zirvə sammiti çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı müvafiq sənədin qəbuluna nail olmaq lazımdır. çünki bu sammitdə Əfqanıstan, Qırğızıstan məsələlərinin müzakirə olunacağı artıq məlumdur. Amma eyni zamanda, ATƏT regionunda mövcud olan bəzilərinin “dondurulmuş”, bəzilərinin isə “vaxtı uzadılmış” adlandırdığı münaqişələr mövcuddur və onlar da sammitin gündəliyinə daxil edilməlidir. Bu məsələlərlə bağlı ATƏT-in qarşıda atacağı addımlara dair ciddi sənədlər qəbul olunmalıdır. Azərbaycan tərəfi də bu sənədlərin qəbulu üçün lazım olan addımları atmalıdır.
- Ermənistan işğalçılıq siyasətini dava etdirsə də, dünya birliyi buna göz yumur. Əvəzində isə Azərbaycana öz torpaqlarını hərbi yolla azad etməməyi tövsiyə edir. Əgər ölkəmiz torpaqların azad olunması üçün hərbi yola əl atsa, onda beynəlxalq təzyiqlərlə üzləşmək ehtimalı ola bilərmi?
- Hesab edirəm ki, bu məsələ ciddi şəkildə dəyərləndirildikdən sonra müvafiq addımlar atılmalıdır. Azərbaycanın iqtisadi gücünü nəzərə alsaq, bu amil torpaqlarımızın azad olunması üçün yetərlidir. Amma beynəlxalq dairələrin, ayrı-ayrı ölkələrin hansı addımlar atması ehtimalına gəlincə, bu istiqamətdə ciddi təhlilə ehtiyac var. Dünyada bu münaqişələri yaradan, onun vaxtını uzadan beynəlxalq dairələr istədiyi təqdirdə hansısa problemi həll etməyə qadirdirlər. çox istərdim ki, həmin güclər bu münaqişələrin onların maraqlarına xidmət etdiyi düşüncəsindən geri çəkilsinlər. Görsünlər ki, münaqişələr həll olunmadıqca dünyada rahat, əmin-amanlıqla yaşamaq getdikcə daha da çətinləşir. Bu hal beynəlxalq münasibətlərdə hamıya problemlər yaradır. Ona görə də, Qafqazda, eləcə də, digər yerlərdəki münaqişələr həll edilməlidir. Bunun üçün beynəlxalq dairələr özündə güc tapmalıdır.

Paylaş:
Baxılıb: 1006 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30