Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İtirilmiş vaxtın adamı

İtirilmiş vaxtın adamı

09.04.2010 [10:18]

Elçin Mirzəbəyli: Gənclərin yaradıcılığa cəlb edilməsi üçün yaradıcı birliklərin fəaliyyəti stimullaşdırılmalıdır
Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində alıb. Daha sonra Sankt-Peterburqda oxuyub. Sənətşünaslıq namizədidir. Amma daha çox siyasətçi kimi tanınır. Eyni zamanda, media kapitanıdır.
“Cümə qonağı”mız “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylidir.
- 6-7-ci siniflərdə oxuyanda qəzetlərdə şeirlərim dərc olunurdu. İlk ən böyük-bir səhifəlik yazım 1984-cü ildə “Mədəniyyət və İncəsənət” qəzetində dərc olunub. Yazını qəzetə 10-cu sinifdə oxuyanda göndərmişdim. Amma elə alındı ki, yazım mən artıq I kursda oxuyanda çap olundu. O zaman heç kimə sübut edə bilmirdim ki, bu mənim yazılarımdı. Qısa zamandan sonra sübuta ehtiyac qalmadı. İmzam tanındı, institutun nəzdində ədəbi dərnək yaratdım, daha sonra həmin dərnəyə rəhbərlik etməyə başladım...
- XXI əsrin Azərbaycan ədəbiyyatını qəzetçilərin formalaşdıracağı deyilirdi. “Siyasi portretlər”in müəllifi, media kapitanı Elçin Mirzəbəyli isə əksinə ədəbiyyatdan qopub gəlib...
- Tamamilə doğrudur. çox gənc yaşlarımdan bədii yaradıcılığa başlamışam. AYB-nin, həmçinin, bu qurumun Gənclər Şurasının üzvüyəm. Amma ixtisasıma uyğun olaraq televiziyada çalışmışam. Qəzetçiliyə gəlincə, düşünürəm ki, hər iki sahənin əsasında oxşar prinsiplər dayanır. Təbii ki, televiziyanın texniki imkanları istisna olmaq şərtilə. Bununla belə, kağız mətbuatı televiziyadan çox-çox çətindir. çünki özünüifadə formaları tamamilə fərqlidir. Televiziyada özünüifadə üçün kifayət qədər yardımçı var-kadrlar, səs, musiqi effektləri ilə demək istədiyin sözün mahiyyətini tamaşaçıya çatdırmaq daha asandır. Yazılı mediada jurnalistin yeganə silahı sözdür. Deməli, daha məharətli olmaq lazımdır. Sözü zərgər dəqiqliyi ilə ölçüb-biçmək lazımdır ki, ona əlavə şərhlər verməyə imkan qalmasın.
- Ədəbiyyat, televiziya və yazılı mətbuat... Maraqlıdır, bir müstəvidən digərinə keçid nə ilə bağlı idi?
- Əslində, bunlar bir-biri ilə bağlı sahələrdir. Həm də tale məsələsi var. Mən bu sahələr arasında xüsusi seçim etməmişəm. Və ya qarşıma yazılı mətbuata gələcəm deyə bir məqsəd qoymamışam. Vəziyyət, hadisələrin axarı, tələbat və daha bir çox səbəblər olub ki, televiziyadan yazılı mətbuata gəlmişəm. Əslində, televiziyada bu gün hər hansı bir proqram hazırlamaq üçün elə bir sərhədlər yoxdur. Sadəcə olaraq, özüm bunu istəmirəm. Hesab edirəm ki, indiki fəaliyyətimin cəmiyyətə xeyiri daha çoxdur. Bəlkə də, maarifçi mediaya ehtiyac var, elə məsələlər var ki, onu cəmiyyətə məhz bizim formatımızda, bizim süzgəcdən keçirərək demək lazımdı. Burda özümü gərəkli hesab edirəm. Söhbət fərdi arzulardan getmir. Bir az pafoslu səslənməsin. Bu xalqın, dövlətin də müəyyən maraqları var. Odur ki, insan istər-istəməz bəzən fərdi maraqlarını qurban verməli olur. Bəlkə də, indiki şəraitdə yaradıcılığımda sərhədlər yaranır və ya özümü daha qabarıq şəkildə büruzə vermək üçün maneələrim ola bilər, bununla belə, hesab edirəm ki, bu sahədə daha çox lazımam. Ola bilsin ki, sabah daha çox lazım olduğum başqa bir müstəvi olsun və həmin o istiqamətdə də fəaliyyətimi davam etdirim.
- Elçin müəllim, bu gün mətbuatla televiziyanın ortaq missiyası olduğu kimi, ortaq problemləri də var. Yazılı mətbuat maarifçilik, efir məkanı təbliğat missiyasının öhdəsindən gələ bilmədiyi kimi, ortaq problemlərimizi də həll edə bilmirik. Sizcə, problem nədədir?
- Tamamilə razıyam. Əvvəla, problem bir yox, bir neçədir. Hər bir məsələ öz əlifbasından başlanır. Televiziyanın da öz əlifbası var. Əvvəla, burdan başlayaq. Deyirlər, televiziya “üç balina” üzərində dayanır. Bunlardan biri müəllif, ikincisi rejissor, digəri isə operatordur. Bu gün Azərbaycan televiziyalarında bu balans pozulub. Və hər kəs hesab edir ki, o “balinadır”. Nə qədər şablon səslənsə də, problemin kökü peşəkarlığa dirənir. Bu format dünyanın bütün ölkələrində özünün əsasını qoruyub saxladığı halda, bizim efir məkanımızda istisnalar olmaq şərtilə qalmaqdadır. Digər tərəfdən, mənəvi dəyərlərin tənəzzülə uğramasıdır. Bunu azadlıq kimi qələmə verməyə çalışırlar. Söhbət normal əxlaqi dəyərlərdən-bütün sivil cəmiyyətlərin əsasını təşkil edən dəyərlərdən gedir. Təəssüflər olsun ki, bu dəyərlərin mənimsənilməsi və yaxud Azərbaycan xalqının özünəməxsus olan mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində o sərhədlər pozulub.
- Bəs, yazılı medianın problemləri nədədir?
- Deyərdim ki, oxşar problemlərdir. Yenə də kökdə peşəkarlıq, həmin mətbuat orqanlarını idarə edən şəxslərin fərdi kefiyyətləri dayanır. Daha sonra cəmiyyətə verilən mesajların yanlışlığı. Təəssüflər olsun ki, müstəqillik dövründə Azərbaycan oxucusunun formalaşması prosesində kifayət qədər boşluqlar yarandı. Oxucunu formalaşdırmaq və yetişdirmək lazımdır. Bu gün Azərbaycan mətbuatının ən böyük problemlərindən biri də uşaq mediasının, mətbuatının olmamasıdır.
- Uşaq mətbuatı tez-tez örnək aldığımız sovet dövrünün özündə də çox deyildi.
- Sovet dövründə də zəif olub, etiraf etməliyik. Amma onların azyaşlılar və məktəblilər üçün nəzərdə tutulmuş nəşrləri var idi, özü də çox populyar və gərəkli nəşrlər idi.
- Əsrin ortalarına yazılı mətbuatın sıradan çıxacağını proqnozlaşdıranların əksinə, çox optimist görünürsünüz.
- Proqnozların özünü doğruladacağı həmişə mütləq deyil. Texniki tərəqqi formanı dəyişir, məzmunu və mahiyyəti dəyişmir. Media həmişə olub, sadəcə, forması dəyişib. Hazırkı dövrdə internet mediası inkişaf edib. Amma bununla yanaşı, kağız mediasının və kitabın öləcəyini hesab etmirəm. Teatrla bağlı bir nümunə gətirmək istərdim. Kino populyarlıq qazananda bir məsələ gündəmə gəlmişdi ki, teatr canlı ünsiyyət vasitəsi olaraq sıradan çıxacaq. Amma kino yarandı, inkişaf etdi, tamamilə fərqli formatlara qədəm qoydu, amma teatr hələ də qalır və hətta inkişaf edir.
Kitabla üz-üzə qalmaq, internetdən oxunan hər hansı bir yazıdan daha doğma olur. İnternet bir vərdişdir. Bütün dövrlərdə texnologiyanın pik dövrü olub. Kitabın gətirdiyi enerjini heç bir internet, heç bir texniki tərəqqi gətirə bilməz. Vaxt gələcək insanlar yenidən kitablara qayıdacaqlar. Necə ki, insan özünün ilkin mənşəyinə qayıdır həmişə. Bu qəzetçiliyin, medianın əlifbasıdır.
- Bayaq “peşəkarlıq problemini” xatırlatdınız. Bu problem uzun zamandır gündəmdə qalır. Bununla belə, bir neçə il əvvələ nəzər salanda fərqli mənzərənin şahidi oluruq. Artıq aparıcı qəzetlərin bir və ya bir neçə imzaya söykənmədiyinin şahidiyik. Deməli, bu problem də aradan qalxmaqdadır.
- Mən də bu qənaətdəyəm. Mətbuatda durulma prosesi gedir. Əslində, hər bir xalqın həyatında müəyyən mərhələlər olur. Və onun ayrı-ayrı sahələr üzrə təmsilçilərinin həyatında da. Amerika kimi bir dövlət belə böyük bir depressiya keçirib. Mediamızda da belə bir depressiyadan çıxma və durulma prosesi gedir. Amma buna uzun zaman lazımdır. Qısa müddət ərzində arzu etdiyimiz mediaya nail ola bilməyəcəyik. Bu tək bizdən və dövlətin dəstəyindən asılı olan bir proses deyil. Burada cəmiyyətin özünün iştirakından söhbət gedir. Bütövlükdə, Azərbaycan vətəndaşını oxumağa alışdırmaqdan söhbət gedir. Yəni, hər kəs səhər özü gedib köşklərdən qəzet almalı və oxumalıdır. Bu bir həyat tərzidir. Cəmiyyətdə mövcud olmağın və ya intellektuallığın yaşam tərzidir. Bunun üçünsə müəyyən qədər də zaman lazımdır. Amma bu prosesin mexanizmləri necə olmalıdır, hansı addımlar atılmalıdır, necə tənzimlənməlidir, hələ ki, bir ortaq rəy yoxdur. Ən əsası odur ki, bu məsələlərə konseptual yanaşma tərzi olsun. Yəni, burada aqressiya və ittihamlar ilə heç nəyə nail olmaq mümkün deyil. Bu problemləri aradan qaldırmaq üçün məqsəd olacaqsa inkişaf gedəcək. Və gedir də, sadəcə, bunu müəyyən qədər sürətləndirmək olar. Bu gün Azərbaycan mətbuatının aparıcı simaları bir yerdə otururlar, çox normal şəkildə bir çox problemləri anlaşıqlı şəkildə müzakirə edirlər. Halbuki, cəmi dediyiniz o bir neçə il əvvəl belə hadisələr ən azından sensasiya doğurardı. Bu sərhədlər götürülməli idi. Götürüldü. Media özü dəyişməli, təmizlənməli idi. Bu proses də baş verdi. Mənim düşüncəmə görə zaman-zaman problemlər həllini tapacaq.
- Şair Elçin baş redaktor Elçindən razıdırmı?
- İkinci birincinin vaxtını çox oğurlayır. Hamı bilir, gündəlik qəzet bütün enerjini bu istiqamətə sərf etmək məcburiyyətində olduğun üçün insanı “yeyir”. Amma buna baxmayaraq, yenə yazıram. Ən az bir imkan düşən kimi yazıram. İki gün vaxtım olsun ədəbi yaradıcılıqla məşğul olacam.
- Bəs vaxtını oğurladığınız şairin “Azadlıq marşı” yazdığı günlərini necə xatırlayırsınız?
- Azərbaycan xalqının milli azadlıq hərəkatı dövründə yazmışdım o marşı:
Dönmərik biz, dönmərik biz,
Haqq yolundan ey Vətən!
Dönmərik biz, dönmərik biz,
Gəlsə düşmən ey Vətən!
Qalx ayağa millət,
Boğmasınlar səsimizi!
Bir bayraq altında birləşdir bizi!
Şükür, bu böyük arzumuza çatdıq! Marşı 1989-cu ildə meydandaca yazmışam. Həm Heyratının, həm də Simayi-Şəmsi musiqisi əsasında bəstələnib. Düşündüm ki, musiqi bu muğamların üzərində qurulsa düzgün olar. İlk dəfə bu fikirlə bəstəkar Tofiq Quliyevin yanına getdim. Kömək etdi. İlk dəfə mən özüm, hazırkı Azərbaycan Dövlət Texniki Universitetinin önündə marşın əlyazmasını mitinqçilərə payladım və musiqisini oxudum. Dərhal səsimə səs verdilər. Musiqisi qan yaddaşımızdan süzülüb gəlir axı. Oradan da tələbələr ilə birlikdə meydana addımladıq. Beləcə mahnı məşhurlaşdı. Mən Sankt-Peterburqa oxumağa gedəndən sonra ölməz şairimiz Bəxtiyar Vahabzadə bu haqda dövlət televiziyasındakı çıxışında danışmışdı. Marş lentə alındı, sonra orta məktəb üçün musiqi dərsliyinə salındı. Və bu mənim yeganə marşım deyil. Sadəcə olaraq, ən məşhuru budur. Bundan başqa, milli ordu, daxili qoşunlarda, sərhəd qoşunlarında oxunan bir marşım da var.
Daha sonra türkçülük ilə bağlı Türkiyədə milliyyətçi kəsimin oxuduğu bir marş da var:
“Tanrıdan fərman, əlimdə Quran
Quralım Turan,
Böyük Türk eli!”
Prokurorluq işçilərinin marşının sözlərinin də müəllifi mənəm. Amma musiqisi rəhmətlik bəstəkar Hikmət Mirməmmədli və xanımı Nailə Mirməmmədliyə məxsusdur. 90-cı ilin hiti olan “ürəyim yanar” mahnısının da müəllifi mənəm. Mahnılarım var. Amma məşhurları çox azdır. Bəzən elə olub ki, ritmi mənə deyiblər və mən elə telefonda mətni yazıb vermişəm.
- Müsahibələrinizin birində rejissorluq ilə politologiyanı oxşar sahələr adlandırmışdınız. Mümkünsə bu gün dünyada və ölkədə baş verən siyasi hadisələri siyasi şərhçi kimi deyil, rejissor prizmasından təsvir edərdiniz.
- İlk sənətim rejissorluq olduğundan, bu təklifinizi məmnuniyyətlə qəbul edirəm. Amma mən, həm də politologiya üzrə ixtisaslaşmışam. Əslinə qalsa, yanaşma bir-birindən fərqlənməyəcək. çünki hər ikisinin əsasında analiz dayanır. Rejissor əsəri təhlil edir, politoloq isə dünyada baş verən prosesləri. Əgər yerləşdiyi məkandakı vəziyyətə, həmsərhəd ölkələrin siyasi vəziyyətinə nəzər salsaq, deyə bilərik ki, Azərbaycan kütləvi səhnələrin iştirakçısı deyil. Onu öz oyununu oynayan bir oyunçu hesab etmək olar. Həm də regionda aparıcı rola malik olan bir aktyordur. Regional müstəvidə əsas qəhrəman olan ölkəmizin sırasına, təbii ki, miqyas böyüdükcə, tamaşanın sərhədləri genişləndikcə, qoşulan qəhrəmanların sayı artır. Amma ən əsası odur ki, kütləvi səhnələrdən uzaqdır.
- Mətbuat, siyasət və ədəbiyyat. Ədəbiyyatadamı belə optimist baxırsınız?
- Yenə də mediada olan problemləri kitab sahəsinə də şamil edirəm. Elektron kitabxanalar yaradılır. Bu istiqamətdə müəyyən işlər görülür. Hesab edirəm ki, burada stimullaşdırıcı müəyyən addımların atılması lazımdır. Bəzən Yazıçılar Birliyindən çox şey umurlar. Ancaq AYB heç də ədəbi inqilab edəcək qurum deyil. Hazırkı format bu istiqamətdə hansısa addımların atılmasına imkan verməyəcək. Modelin özü dəyişməlidir. Yaradıcı birliklərin sayı artmalıdır. Əslində, biz bu mərhələni çoxdan keçməli idik. Gənclərin yaradıcılığa cəlb edilməsi üçün yaradıcı birliklərin fəaliyyəti stimullaşdırılmalıdır. Yazıçılar Birliyinin nəzdində hər hansı bir fond ola bilər. Yazıçılar Birliyi istiqamətləndirici forma yerinə yetirə bilər. Həmin o təşkilatların uğurlu layihələrini maliyyələşdirə bilər. Gənc yazarlarımızın əsərlərini tərcümə etdirərək dünya miqyasında tanıda bilər. Beynəlxalq əlaqələrini gücləndirər. Hesab edirəm ki, burada yaxşı yaradıcı bir insan, bacarıqlı yazıçı olmaqla yanaşı, həm də bir təşkilatçılıq bacarığı lazımdır. Söhbət quruma rəhbərlik edən şəxsdən və orada çalışan insanlardan getmir. Söhbət birliyin modelinin özündən gedir. Vaxtilə sovet dövrünün tələblərinə uyğun olaraq formalaşdırılmış bir qurum artıq cəmiyyət və onun tələblərinə uyğun addımlar ataraq kitabın biznesə çevrilməsi üçün işlər görə bilər. Kitab satışını dünya miqyasında təşkil etmək bacarığına yiyələnməliyik.
- Həmişə ədəbiyyat azad olmalıdır deyirik. Həm də tez-tez səsləndiririk ki, nə üçün Qarabağ həqiqətləri ilə bağlı ədəbiyyatlarımız yaranmır. Bu paradoks necə yaranır?
- Əslində, sizin dediyiniz məsələ həyati məsələlərdir. Bu Azərbaycan dövlətinin təməl prinsiplərini əhatə edən məsələlərdir. Bu bizim damarlarımızda axan qanın genetik yaddaşından irəli gələn məsələlərdir. Torpaq bütövlüyümüzdür. Torpağın bütöv deyilsə, vətəndaşın özü bütöv ola bilməz. Yarımçıq insan xoşbəxt cəmiyyət qura bilməz.
- Qarabağ məsələsi ilə bağlı şair Elçinin oxucuya təqdim etməyə nəyi var?
- Birbaşa Qarabağla bağlı deyil. Amma mənim şeirlərimin böyük əksəriyyətində, Dağlıq Qarabağ məsələsindən, türkçülükdən söhbət gedir. “Bütöv Azərbaycan” adlı bir poemam var, yenicə bitirmişəm. Poemanın bir hissəsi Dağlıq Qarabağ məsələsinə, Qarabağ mücadiləsinə, ərazilərimizin işğalına həsr olunub. Bir qədər bu məsələyə fərqli, Azərbaycanın bütövlüyü kontekstindən yanaşılıb.
- “Bu da bir görüşdü. Gəlməsəydim də olurdu. Yoxluğum nəyi dəyişəcəkdi ki?... Mən unudulmuş yolların qarışıq dalanlarından susaraq keçdim-bir sevgi, bir həsrət, bir ölüm pıçıltısıyla...
Mən bu dünyada Tanrının itirdiyi bir damla göz yaşıyam. Min ildir axtarır geriyə qaytarsın məni, tapa bilmir...
...Bu da bir ayrılıqdı... Getməsəydim də olardı. Getdim də, vardım da dünyanın itirilmiş vaxt axarına... Mən min yol “vida” deyib, min yol qovuşanların təşnəsiyəm.
Bu mən-itirilmiş vaxtın adamı...”
- Etiraf edim ki, çox duyğulandım. Uzun illərdir ki, ədəbiyyat adamı kimi yox, qəzetçi, politoloq kimi danışırlar mənimlə. Bu doğrudan da mənəm - şair Elçin Mirzəbəyli...
- Müsahibə üçün təşəkkür edirik!
Kəbutər HAQVERDİYEVA,
Turanə QADİRQIZI
Paylaş:
Baxılıb: 1070 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30