Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev sənətə və sənətkara layiqli qiymət verməyi bacaran dahi şəxsiyyət idi

Ulu öndər Heydər Əliyev sənətə və sənətkara layiqli qiymət verməyi bacaran dahi şəxsiyyət idi

29.08.2009 [10:21]

ömər Eldarov: Ulu öndər həddən artıq diqqətcil, adamı bir sözdən duyan, hətta deyərdim ki, qarşısındakı şəxsin ürəyindən keçənləri gözlərindən oxuyan mahir psixoloq, pedaqoq idi
- ömər müəllim, Ulu öndər Heydər Əliyevi necə xatırlayırsınız?
- Heydər Əliyev elə bir şəxsiyyət idi ki, gələcəyi aydınlığı ilə görürdü. O, sənətə və sənətkara layiqli qiymət verən humanist, alicənab şəxsiyyət idi. Ulu öndər Heydər Əliyevdən o qədər səmimiyyət, diqqət görmüşəm ki, sadalamaqla qurtarmaz. Onu bu xalqa sevdirən doğma Azərbaycanı varlığı qədər sevməsi və əziz tutması olub. Azərbaycanın bir dövlət olaraq formalaşması məhz Onun adı ilə bağlıdır. Respublika ərazisində baş verən hər bir yenilik, uğur Onun qədərsiz sevincinə səbəb olurdu. Bütün bunları öz taleyimdə çox görmüşəm. Əlimə tişə alıb müxtəlif fiqurlar, büstlər, monumental heykəllər ərsəyə gətirəndən heç vaxt özüm haqqında yüksək fikirdə olmamışam. Lakin əl işlərimə, əsərlərimə qədirbilən insanlar tərəfindən marağı, məhəbbəti görəndə daha da həvəslə işləmişəm. Memarlığı, təsviri və tişə sənətini incəliklərinə qədər duyan, yeri gələndə haqlı irad tutan, yaxud tərifləyən Heydər Əliyev, demək olar, hər bir yeni işimə baxış keçirər, münasibətini bildirərdi.
- Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevlə ilk görüşünüz neçənci illərə təsadüf edir?
- Ulu öndərlə ilk tanışlığım 1950-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərində olub. Mən orada Repin adına Ali Rəssamlıq İnstitutunda oxuyurdum. O vaxta qədər cəmi bir dəfə Bakıda təşkil olunan sərgidə “Pambıqçı” və “Neftçi portreti” əsərlərimlə iştirak etmişdim. ümumiyyətlə, Heydər Əliyev çox diqqətcil insan idi.
Bir dəfə qərib şəhərdə I Pyotrun monumental heykəlinə tamaşa edirdim. Bir nəfər hündürboy, gülərüz şəxs durduğum səmtə yaxınlaşdı. Məni çoxdan tanıyırmış kimi salam verib, əl uzatdı. Kefimi soruşdu, təhsilimlə maraqlandı. Bir müddət sözünə ara verəndən sonra dedi: “ömər, mənim adım Heydərdir. Sənin yaradıcılığına hörmətim var. çünki əmək adamlarının obrazlarını yaradırsan. Yaxşı edirsən. Ancaq unutma, halallıq, alın təri ilə qazanılan şöhrəti təsvir edirsənsə, bu, qondarma, uydurma elementlərdən uzaq olmalıdır. Sənin “Neftçi portreti” büstünə baxmışam. İlk baxışdan pis deyil. Amma xeyli tələsmisən. Su üzərində xarüqələr yaradan insanın baxışlarında tez sahilə çıxmaq, evinə, ailəsinin yanına tələsmək arzusu da var. Sən o həsrəti, niskili verə bilməmisən”.
Hələ o vaxt sənətşünas kimi irad tutan şəxslə mehriban, yenə görüşmək ümidi ilə sağollaşıb ayrıldım. Onun səsindəki qətiyyət, inamla dedikləri sözlər günlərlə yadımdan çıxmadı.
- Ulu öndərlə daha sonra harada və nə vaxt görüşdünüz?
- Bakı şəhər sovetinə deputat seçilmişdim. 1971-ci ilin yay aylarının birində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə deputatların hansısa vacib məsələnin müzakirəsi ilə əlaqədar görüşü keçirilirdi. Tədbir başa çatdı. Tanıdığım bir nəfər mənə yaxınlaşıb dedi: “Yoldaş Əliyev sizi gözləyir”. Getdim. Tarixi şəxsiyyətlə növbəti dəfə əl tutduq. O, “ömər, teleqramını aldım” - dedi. Heyrət məni bürüdü. Allahım, insanda bu qədər də yaddaş olarmış?! Axı, teleqramı ən azı iki il əvvəl göndərmişdim.
- Ulu öndər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu illərdə Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı üçün nə kimi imkanlar yaradıb?
- 1970-80-ci illər həqiqətən də, Azərbaycanın intibah dövrü oldu. öz adımdan deyə bilərəm ki, o dövrdə mənim üç sənət uğurum oldu. “Bacılar”, “Zamanın dörd rəngi” və tacik ədəbiyyatının banisi Sədrəddin Ayninin Düşənbə şəhərində ucaldılan monumental abidəsi tamaşaçı rəğbəti qazandı. “Bacılar”da halal əməyinə güvənən qızların obrazını verməyə çalışmışdım. “Zamanın dörd rəngi” mürəkkəb kompozisiyalı əsərimdə isə psixoloji məqamlara üstünlük vermişdim. Ağac üzərində oyma üsulu ilə işlədiyim həmin əsərdə dörd müxtəlif yaşlı qadın fiqurları təsvir etmişəm. Onların ümumi görünüşlərini bahar, yay, payız, qış fəsillərinə bənzətmişəm. Gənc qız rəqs etmək istəyir, ömrünün ahıl vaxtını yaşayan qadın isə büzüşüb... Əsər Vəcihə Səmədova adına sərgi salonunda nümayiş etdirilirdi. Ulu öndərimiz də yolüstü onu görməyə gəlmişdi. Təəssüratı qısa oldu, amma mənə xoş gəldi: “ömər Eldarovun qəhrəmanlarının hamısı gözəldir, xüsusən yaratdığı qadın obrazları daha gözəldir”.
S.Ayninin abidəsinə görə mən SSRİ Dövlət mükafatına layiq görüldüm. Rəhbər Heydər Əliyevdən yenə təbrik teleqramı aldım. üstündən bir az keçmişdi ki, unudulmaz şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə mənə respublikanın Xalq rəssamı fəxri adını verdilər. Xoşbəxtlikdən, qismət oldu ki, vəsiqəni Ulu öndərin özü təqdim etdi.
Sonra unudulmaz rəhbər Heydər Əliyev daha yüksək, ittifaq əhəmiyyətli vəzifəyə təyin olundu. Moskvaya gedəndən sonra da məni unutmadı. “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif ediləndə də, SSRİ Rəssamlar Akademiyasının həqiqi üzvü seçiləndə də ünvanıma təbrik teleqramı göndərmişdi. Onun yaxşılıqlarının əvəzini çıxmağa fürsət axtarırdım. Şükür, arzuma çatdım. SSRİ dönəmində belə bir ideya vardı. İki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülənlərin anadan olduqları diyarda büstü ucaldılırdı. Heydər Əliyevin də sinəsində iki qızıl ulduz parladı. Əlaqədar təşkilatların razılığı ilə Onun büstünü hazırlamağı şərəfli iş bilib öhdəmə götürdüm. 1982-ci ildə postamenti qranitdən, büstü mərmərdən hazırladığım abidə Naxçıvan şəhərində ucaldıldı.
Ulu öndər həddən artıq diqqətcil, adamı bir sözdən duyan, hətta deyərdim ki, qarşısındakı şəxsin ürəyindən keçənləri gözlərindən oxuyan mahir psixoloq, pedaqoq idi. Bəzən mənə elə gəlirdi ki, O, bütün Azərbaycan vətəndaşlarının hamısını tanıyır, hətta adlarını da bilir. Rəssamlar İttifaqının 600 nəfərdən artıq üzvü vardı. Onların hamısı Ulu öndərdən qayğı görmüşdü. Kiminə növbədənkənar maşın, mənzil, yaradıcılıq emalatxanası, kimilərə isə fəxri adlar vermişdi. Respublikaya rəhbərlik etdiyi illərdə məhz, Onun təşəbbüsü ilə Bakı şəhərində iki sərgi salonu fəaliyyətə başlamış, bir çox heykəllər, büstlər ucaldılmışdı. Əzim Əzimzadə adına rəssamlıq məktəbinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoji kollektivinə daim qayğı göstərərdi.
- Bir qədər Ulu öndərin hakimiyyətə ikinci qayıdışından sonrakı mərhələdən söhbət açaq...
- Mustəqilliyimizin ilk illərində baş vermiş hadisələr hər kəsin yaddaşındadır. Dövlətçiliyimiz məhv olmaq təhlükəsilə qarşı-qarşıya idi. Amma əməlilə xalqın məhəbbətini qazanmış Heydər Əliyev Azərbaycanı ikinci dəfə xilas etdi. Bu dövrdə də bizim görüşlərimiz, söhbətlərimiz olub. Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bir dəfə Ulu öndərlə yaradıcılıq emalatxanamda görüşdük. Onun vəfalı ömür-gün yoldaşı, mərhum Zərifə xanımın qəbirüstü abidəsi üzərində işləyirdim. Abidəyə diqqətlə baxdı. Bir qədər əvvəl sifətində olan xoş duyğulardan əlamət qalmadı. ürəyimdən keçdi ki, yəqin işi bəyənməyib. Nə biləydim ki, son dərəcə kövrək ürəkli şəxsiyyət ötən illəri, həyat yoldaşı ilə birgə ömür sürdükləri anları xatırlayıbmış. Bir qədər fasilədən sonra “Sağ ol, ömər, sən Zərifə xanıma ikinci ömür vermisən” dedi.
Bilirsiniz, bəzən düşünürəm ki, əgər Ulu öndərin bütün müsbət cəhətlərini bir kənara qoysaq, təkcə möhkəm yaddaşını, güclü hafizəsini götürsək, görəsən dünyada Onun bu keyfiyyətinə uyğun kimisə tapmaq olarmı? Buna inanmıram. 1997-ci ildə, 70 yaşım tamam olanda Heydər Əliyev Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə idi. Gecə yarısı telefonuma zəng gəldi, dedilər ki, möhtərəm Prezident sizinlə danışacaq. Bir neçə saniyədən sonra 50 ilə yaxın taleyimə işıq saçan böyük şəxsiyyətin səsi eşidildi. Məni ürəkdən təbrik etdikdən sonra tişəni əlimdə bərk saxlamağı məsləhət gördü. Sonra məni “İstiqlal” ordeni ilə təltif etdiyini bildirdi. Sevincimin həddi-hüdudu yox idi. Tanıdığım gündən Ondan gördüyüm yaxşılıqlar, diqqət, qayğı kino lenti kimi gözlərim önündə canlandı. Bütün bunları unutmaq, yaddan çıxarmaq mümkün deyil.
Zaman keçdi, bir dəfə məni Onun qəbuluna dəvət etdilər. Görüşümüzdə Ulu öndər Heydər Əliyev dəvətinin səbəbini deyəndə özümü itirərək sevincimi gizlədə bilmədim. Dedi ki, Bakıda Rəssamlıq Akademiyası yaratmaq istəyir. Bu təşəbbüsə münasibətimi soruşdu. Mənim isə həqiqətən ürəkdən sevinməyə əsasım vardı. çünki, yarım əsrdən artıq vaxt ərzində həmkarlarımın ali təhsil almaq üçün nə kimi əziyyətlər çəkdiklərini görmüşdüm. Moskvaya, Leninqrada, Gürcüstana gedir, rəssamlıq üzrə ali məktəblərə, akademiyalara qəbul olunurdular. İndi bu xoşbəxtlik özümüzə qismət olacaqdı. ümummilli liderimiz fərəhimi görüb, “hə”, “yox”umu dinləmədən fikrini qəti bildirdi. “Səni akademiyanın rektoru təyin edirəm. Münasib olan yerdən bina ayrılması, orada lazım olan avadanlıqların təchizatı üçün Nazirlər Kabinetinə tapşırıq vermişəm. özün də çalışqan ol. Kadrların seçilməsinə laqeyd münasibət bəsləmək olmaz. Unutma ki, Bakı Rəssamlıq Akademiyasının ilk rektoru sənsən. Gələcək uğurlar da, qüsurlar da sənin adınla bağlanacaq...”.
Artıq bir neçə ildir ki, Rəssamlıq Akademiyası unudulmaz şəxsiyyətin tövsiyəsinə uyğun fəaliyyət göstərir. Təəssüf ki, nailiyyətimizi Ulu öndər görmədi. Lakin ümummilli məhəbbətimiz əbədidir, işıqlı obrazını hər gün yaddaşımızda, gözlərimiz önündə canlandırırıq.
Heykəltəraşlar adətən sevdiyi insanların obrazını yaradır. çünki müraciət etdiyi qəhrəmanın əməlini, arzularını, ideyalarını illər boyu canında, qanında yaşadır, sonra mərmərə, qranitə, misə danışır. Əgər onun əl işi uğurlu alınarsa, demək, mövzu ürəyincədir. Fəxri Xiyabanda Ulu öndərin möhtəşəm abidəsini mən yaratmışam. çalışmışam ki, fundamental abidədə tarixi şəxsiyyətin ömrü ərzində örnək olası ictimai-siyasi fəaliyyətini qabarıq təsvir, tərənnüm edim. Heykələ diqqətlə baxanda görmək mümkündür ki, artıq xatirəyə çevrilən, daşlaşmış obraz yenə də canlıymış kimi özünün arzuladığı, illərboyu qətiyyətlə mübarizə apardığı işıqlı sabahlara inamla boylanır. Onun əsasını qoyduğu dövlət, dövlətin getdiyi uğurlu, nurlu yolda Azərbaycan Prezidentimiz İlham Əliyevin rəhbərliyilə inamla addımlayır. ölkəmiz günü-gündən inkişaf edir, çiçəklənir. Biz sənətkarlar da bu inkişafın bəhrələrini, uğurlarını yüksək qiymətləndiririk... Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev bizə böyük diqqət və qayğı göstərir.


Paylaş:
Baxılıb: 1294 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30