Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Siyasi partiyalar haqqında yeni qanun partiyaların inkişafına xidmət etməlidir

Siyasi partiyalar haqqında yeni qanun partiyaların inkişafına xidmət etməlidir

30.03.2009 [11:34]

Bahar Muradova: Ona görə, bu məsələni gündəlikdə saxlamaq və yeni layihənin üzərində ciddi şəkildə işləmək çox vacibdir
Siyasi partiyalar haqqında yeni qanunun işlənib hazırlanması və partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi gündəmin çoxdankı mövzularındandır. Bu haqda cəmiyyətdə gedən müzakirələr zamanı irəli sürülən təkliflərin yeni qanuna daxil edilməsi də istisna deyil. Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova ilə söhbətimiz bu haqdadır:
- Siyasi partiyalarla bağlı qanunvericilik aktının yeniləşdirilməsi, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsilə bağlı mövqeyimizi dəfələrlə ortaya qoymuşuq. ümumi rəyimiz belədir ki, siyasi partiyalar hansısa prinsiplərə uyğun olaraq dövlət tərəfindən maliyyələşməlidir. Bu prinsiplər nə olacaq, mən indidən onu söyləyə bilmərəm, ancaq hər kəs ehtimallara söykənərək mövcud reallıqları dəyərləndirərək, bununla bağlı fikirlərini ifadə edə bilər. Onu qeyd edim ki, burada beynəlxalq təcrübə də az rol oynamır. Biz də bir hakim partiya və onun təmsilçiləri olaraq düşünürük ki, ilk növbədə dövlət maliyyələşməsi olmalıdır. İkincisi isə belə hesab edirik ki, bu dövlət maliyyəşməsi ucdantutma hamıya şamil edilə bilməz və edilməməlidir. Bunun üçün müvafiq kriteriyalar olmalıdır, siyasi təşkilatların, partiyaların seçkilərdə iştirakı, əldə etdikləri səslərin faizlə göstəricisi, onların Azərbaycan ərazisindəki struktur şəbəkəsi, üzvlərinin sayı, parlamentdə təmsilçiliyi və s. nəzərə alınmalıdır.
- Maliyyələşdirmə hansı istiqamətdə aparılacaq, bu maliyyə hansı məqsədlərə xərclənməlidir?
- Bu gün Azərbaycanda, sadəcə, adını elan etmiş 100-dən çox partiya var və bu baxımdan, heç şübhəsiz ki, onların hamısı ucdantutma maliyyələşdirilə bilməz. Mənə elə gəlir ki, bunu ciddi siyasi partiyalar da qəbul etməz, razı olmazlar. Maliyyələşmə nədir? Maliyyələşmə, fəaliyyəti stimullaşdıran bir amildir. Əgər maliyyələşmə olacaqsa, partiyalar da bu maliyyəni əldə etmək uğrunda hansısa kriteriyalara cavab vermək zorunda qalacaqlar və məhz bu müəyyənləşdirilmiş kriteriyalara cavab verən siyasi qüvvələr də həmin maliyyəni əldə edəcəklər. Bu isə sonda nəticə etibarilə dövlət maliyyələşməsi əldə edən həmin siyasi partiyaların, təşkilatların inkişafına, onların fəallaşmasına gətirib çıxaracaq. ümumiyyətlə, bu məsələ özlüyündə Azərbaycanda siyasi partiyaların yerinin və rolunun artırılmasına yönələn bir məsələdir. Bildiyiniz kimi, bu ilin büdcəsində belə bir məsələ nəzərdə tutulmadı. Ən azı ona görə ki, “Siyasi partiyalar haqqında” qanun yenidən işlənməlidir və onu da qeyd etmək istəyirəm ki, bu barədə ən müxtəlif fikirlər, təkliflər mövcuddur. Bu qanun elə bir qanundur ki, burada maraqlı tərəflər də çoxdur, fikirlər də çox müxtəlifdir. Bunların hamısını bir araya gətirmək, əksəriyyəti razı sala biləcək normaları, qaydaları müəyyənləşdirmək özü çətin bir prosesdir. Ona görə, bu məsələni gündəlikdə saxlamağı və bu məsələnin üzərində işləməyi çox vacib hesab edirəm.
- Hazırda yeni qanun layihəsi, dövlət maliyyələşdirilməsi ilə bağlı məsələ üzərində hansısa işlər gedirmi?
- Əlbəttə, elə bu məsələ ilə bağlı ictimai müzakirələrin aparılması özü bir iş deməkdir. İctimai müzakirələrdə ən müxtəlif normalar necə olmalıdır, bununla bağlı fikirlər səslənir, biz də, təbii ki, qanunu işləyərkən mütləq bunları nəzərə alırıq və alacağıq. Yəni, bu təkliflər toplanır, onlar nəzərdən keçirilir, məqbul olanlar nəzərə alınır. Bu baxımdan, yəqin ki, nə vaxtsa belə bir qanun layihəsi mütləq parlamentin müzakirələrinə çıxarılacaq.
- Yeri gəlmişkən, siyasi partiyaların dövlət qeydiyyatına alınması məsələsi ilə də bağlı siyasi dairələrdə, təşkilatlarda müzakirələr aparılır. Məsələn, bəzi siyasi partiyalar dövlət qeydiyyatına alınmaq üçün tələb olunan 1000 nəfərlik imzanın artırılaraq 5 minə, 10 minə çatdırılmasını təklif edirlər. Bu təklifi ortaya qoyarkən həmin dairələr bunu siyasi meydanın “cırtdan partiyalardan”, “ailə partiyalarından”, “qohum-əqraba partiyalarından” təmizlənməsi naminə səsləndirdiklərini bildirirlər. Bəs, siz bu haqda nə deyərdiniz?
- Bilirsiniz, mən desəm ki, partiyaların dövlət qeydiyyatına alınması üçün tələb olunan rəqəm 1000 nəfərlik imza yox, 2000 və ya 5000 olmalıdır, o zaman dərhal müxalifət partiyalarının bir çoxu başlayıb deyəcək ki, iqtidar siyasi partiyaları ortadan çıxarmaq üçün rəqəm müəyyənləşdirib, yaxud müəyyənləşdirmək niyyətindədir. Ona görə, bu məsələ ilə bağlı indi hər hansı konkret bir rəqəm söyləmək istəmirəm. Bu müvafiq qurumların səlahiyyətinə aid olan bir məsələdir. Daha doğrusu, bu məsələ yeni hazırlanacaq qanun layihəsində öz əksini tapa bilər və yaxud tapacaq. Eyni zamanda, çoxminli partiya olduğumuz üçün bizim bu məsələ ilə bağlı hər hansı bir problemimiz və narahatçılığımız da yoxdur. Ancaq şəxsən mən özlüyümdə burada ciddi şərtlərin qoyulmasının tərəfdarıyam. Bəli, onun tərəfdarıyam ki, - sizin də dediyiniz məqamların aradan qalxması üçün - hansısa ciddi şərtlər qoyulmalıdır.
- ümumiyyətlə, belə fikirlər də səslənməkdədir ki, Azərbaycanda da bir sıra aparıcı Qərb ölkələrində olduğu kimi, iki və yaxud üç partiyalı sistemə keçməyin zamanıdır...
- Azərbaycanda iki və yaxud üç partiyalı sistemi süni şəkildə yaratmaq mümkün deyil. Gərək cəmiyyət özü o hala gəlsin, daha doğrusu, siyasi partiyalar xarakterinə, ideoloji yönümlərinə, məqsədlərinə, fəaliyyət prinsiplərinə görə o qədər təmərküzləşsinlər ki, onlar gəlib sonda iki və üç partiya olmaq həddinə çatsınlar. Qeyd edim ki, biz hələ bu partiyaların bir-birinə yaxınlaşması prosesini də müşahidə etmirik. Əslində, bu gün Azərbaycanda daha çox partiya yaratma prosesi gedir. Görünür, bu proses özünün hansısa pik nöqtəsinə çatmalıdır ki, sonda oradan geriyə qayıtma da olsun. Belə demək mümkünsə, onlar, nəhayət, anlasınlar ki, bu qədər çox sayda partiya yaratmaq, sadəcə, çox sayda adamların özünü partiya sədri elan etməsindən başqa bir şey demək deyil. ümumiyyətlə, bu partiyaların yaradılması, elan olunması kimlərinsə partiya sədri olduğunu nəzərə çatdırmağı özündə daha çox ehtiva edir, nəinki yeni bir siyasi qüvvənin meydana gəlməsini. Ona görə, mən hələ burada təmərküzləşmə prosesini görmürəm, hələ ki, bu düşərgədə daha çox parçalanma gedir. İndi gözləyək, görək, bu proses nə vaxt başa çatacaq. Eyni zamanda, bir daha qeyd edirəm ki, bu məsələni süni şəkildə reallaşdırmaq da düzgün deyil. Bunu ilk növbədə siyasətə qoşulan, siyasətlə məşğul olan insanlar özləri düşünməlidirlər. Onların adına bu və ya digər siyasi partiyaya üz tutan Azərbaycan vətəndaşları dərk etməlidirlər ki, bu qədər geniş spektrdə partiyalaşma düzgün deyil, onlar heç olmasa ideologiyalarına görə təmərküzləşməli, cəmləşməlidirlər, onlar ya sağçı, ya solçu, ya da mərkəzçi olmalıdırlar. Bu gün o qədər çox tərəflər var ki, çoxları özlərini sağçı elan edir sol fəaliyyət göstərir, solçu elan edir sağ fəaliyyət göstərir və sair. Bu gün özünü elan edən partiyalar var ki, heç elan etdikləri ideyalara, məqsədlərə uyğun fəaliyyət göstərmirlər. Bu cəhətdən də problemlər var. Ona görə də, düşünürəm ki, siyasi partiyaların təmərküzləşməsi prosesini biz hələ, deyəsən, çox gözləməli olacağıq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1366 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30