Şəfa Vəli: Mən Göyçəni xatirə-xatirə tanıyıram...
14.06.2024 [11:15]
Qərbi Azərbaycan oraları heç görməyən, bilməyən, yalnız böyüklərin xatirələrində dinləyib, ən yaxşı halda şəkillərdən tanıyan bir nəslin də ürəyinin qubarı, könlünün ən böyük həsrətidir. Bu həsrəti tez-tez dinlədiyim yaşıdlarımdan, nəsildaşlarımdan bilirəm. Onlardan biridir yazıçı, şair Şəfa Vəli... Göyçədən çıxanda 3 aylıq olan qızcığaz böyüyüb hər yerdə qürurla özünü “göyçəliyəm” deyə təqdim edən istedadlı şairə çevrilib. Onun bu Göyçə sevgisi, heç zaman görmədiyi torpaqların həsrəti mənim üçün hər zaman maraqlı olub. Bu marağın izinə düşüb AYB-nin üzvü, Prezident təqaüdçüsü şair, yazıçı Şəfa Vəlinin könül dünyasının qonağı oldum:
- Şəfa xanım, Göyçə sizin üçün nədir?
- Anamın göy üzlü “qaçaqaç dəftəri”... O dəftər indi məndədir. Az-az kompüterin yaddaşına köçürürəm. Anam orada Göyçə dərdini anladıb. Şair, yazıçı olsa da, həmin dəftərdə heç bir mübaliğəyə, heç bir yazıçı əlavəsinə yol verməyib. Yurdundan didərgin düşməyi necə varsa, o cür anladıb anam. Mənə aid doğum haqqında şəhadətnamədə Göyçə kəlməsi yoxdur... SSRİ siyasəti Göyçə sözünü unutdurmağa çalışırmış. Toponimlərimizin addım-addım erməniləşməsi gedirmiş. Amma SSRİ siyasətçiləri də, ermənilər də bir şeyi hesaba qatmayıbmış: insan ulu yurd yerinin nəinki adını, daşındakı mamırı da unutmaz! Necə ki, anam unutmadı, nənəm unutmadı... Necə ki, bu gün ürəklə “Göyçədənəm, Dərə kəndindən Anbardar Vəlinin nəvəsiyəm” deyəndə bütün göyçəlilərin üzündə doğma təbəssüm görürəm ha, bax eləcə, doğmadır Göyçə hamımıza. Hətta Göyçədə doğulmayan göyçəlilərə də...
- Elə bildim “Anamın boyat dərdi” deyəcəksiniz...
- O esse ilə müsabiqə qalibi olmuşam. Ədəbi mənada, essenin hekayəti budur. Mənəvi mənada isə anamın “ah”larıdır o esse. Bir gün anamgilə qonaq getmişdim. Anam əl-ayağa düşdü, quşəppəyi alıbmış, tez duz gətirdi, süfrə sərdi masaya, başladı hövlnak-hövlnak quşəppəyi ovxalamağa. Həvəslə anamın əllərinə baxır, quşəppəyinin suyunu buraxıb anamın əlini islatmasını gözləyirdim. İlk ovucu mən yemək istəyirdim. Elə quşəppəyinin suyu çıxmışdı, ətri otağı başına götürmüşdü ki, anam bir “ah” çəkdi, başını yelləyə-yelləyə oxumağa başladı: “Göyçə dərdim, boyat dərdim, boyat dərdim...” Yemədim o quşəppəyidən, kədərimi də götürüb qaçdım anamgildən. Boyat dərd... Dərdin bir ayrı cür doğmalaşmasıydı.
- Görəsən, ananıza həmin an Göyçəni xatırladan nə olmuşdu?
- Quşəppəyi. Ümumiyyətlə, istənilən nüansla Göyçəni xatırlamaq anamın adətidir. Məsələn, Səməd Vurğunun “Vaqif” poemasından bir misra yadına düşər: “Bizim bu dağların oğluyam mən də...” Misra dilinə gələr-gəlməz başlayar Göyçənin dağlarını xəyalən gəzməyə.
- Heç zaman görmədiyiniz Göyçə haqqında xatirəniz varmı?
- Çox... Qaçaqaç başlayanda mən 3 aylıq körpə olmuşam. Yolda bələkdə donmuşam. Sağ qalmağım möcüzə olub. Amma hər günümüz anamın, nənəmin bizə Göyçədən danışmasıyla keçib. Bu gün mən Göyçə mahalı Basarkeçər rayonu Dərə kəndindəki Səməd ağanın otaqlarını da, Çoban Ələsin “Məntəqə”sini də (Ələs Vəliyev ata babamdır), kəndin ortasından axan çayı da, Göyçə gölünün sahili boyunca uzanan dəmiryolunu da tanıyıram. Kəndimizdəki 8 illik məktəbi başa vuranların sonrakı 2 ili oxumaqçün qonşu Pəmbək kəndinə getdiyi yolla ata nənəmin dədə evinə doğru “yola qoyuluram” xatirələrdə. İnsan xarici görünüşü, yaxud istedadı necə miras alırsa valideynlərindən, xatirələri də miras ala bilir-mən bunu yaşayaraq öyrəndim.
- Bildiyim qədərilə Göyçənin təkcə yollarına deyil, mətbəxinə də çox yaxşı bələdsiniz. Göyçə mətbəxi haqqında nə danışa bilərsiniz?
- Bildiyim hər şeyi... Hətta bu yaxınlarda ağlıma gəlib ki, anamdan, nənəmdən, anamın bibilərindən öyrəndiklərimi yazım, kitabça halına salım. Bizdən sonrakılar o yeməkləri bişirməyəcəklər, çox güman. Barı, tarixdə qalsın...
- Niyə elə düşünürsünüz? Böyüklər sizə öyrətdiyi kimi, siz də özün??dən sonrakılara öyrədərsiniz.
- Öyrənmək istəməyən nəsil yetişir. Hər şeyi hazır istəyən... Bu, məni üzür. Bişirmək bir yana, indi hansı gənc qazayağı tanıyır ki, hələ gələ, ondan qızartma bişirə? Ana çaşırı çiy-çiy, körpə çaşırları yağda tovlayıb yeyirik. Sözə bax, “qızardırıq” demirəm ha, “tovlayırıq” deyirəm. “Tovlamaq”, bir növ, “başını aldatmaq” anlamına gəlir, deyilmi? Demək, körpə çaşırı tam qızartmaq, göyçəli təbirincə desəm, “öldürmək” olmaz, onu azacıq yağda yumşaltmaq, üzərinə zövqə görə sarımsaqlı və ya duzlu qatıq töküb yemək lazımdır. Bu deyimlər də itir yavaş-yavaş. Əzmə xəngəli nənəmdən öyrənmişəm. Hər il payız gələn kimi restoranlar reklama başlayırlar: “Xəngəl mövsümü gəldi!” Göyçəli üçün xəngəlin mövsümü yoxdur. Göyçəlinin evindən qurudulmuş qaşıqxəngəli, əriştə, xəngəl əksik olanda, elə bilir, aclıq düşür (gülür). Özüm beləyəm...
- Sizinlə danışdıqca belə başa düşürəm ki, Göyçəyə məxsus deyimlər də az deyil.
- Böyük insan Sədnik Paşa Pirsultanlı deyirdi ki: “Əsatirlər, əfsanələr mifologiyanın nilufərləridir”. Nilufərlər su üzündə üzür, biz onların saplağını da, kökünü də görmürük. Elə təəssürat yaranır ki, nə varsa, elə suyun üstündə üzənlərdir. Deyimlər də təfəkkürün nilufərləridir. Azərbaycanımızın başqa bölgələrinin deyimlərini öyrəndikcə, ən duru yanaşmanın bir Gədəbəydə, bir də Göyçədə olduğunu anladım. Biz o dumduru təfəkkürün nilufəri olan deyimlərimizi də unutmamışıq, min şükür!
- Göyçə həsrəti yaradıcılığınızda necə əks olunub?
- Dolğun cavab verə bilmərəm. Göyçə həsrətini anam qədər, nənəm qədər yaşaya bilmərəm, bu, dəqiqdir. Mən Göyçəni xatirə-xatirə tanıyıram axı... Bununla belə, miras aldığım o xatirələr elə tez-tez qarşıma çıxır ki yazılarımda. Xüsusən də, hekayələrimdə. Özün bilirsən də, son nöqtəni qoyanadək o əsər nəyinsə, kiminsə diqtəsiylə yazılır sanki. Sonra qayıdıb başdan-sona oxuyanda görürsən mətnin bətnindəkiləri. O batində çox rastlaşıram Göyçə dərdi, Göyçə həsrəti ilə...
- Göyçə haqqında şeir yazmısınızmı?
- Uşaq idim. “Novruz bayramı” şeirimə görə məktəbimizin bütün müəllimlərindən tərif almışdım. Müəllimlərimdən biri demişdi: “Göyçəlidir də, gör nə şair olacaq böyüyəndə!” Bu sözdən incimişdim... Uşaq ağlımla elə bilmişdim ki, bu söz göyçəli şairlərin hamısının xətrinə dəyər. Qəfildən demişdim: “Göyçəli şairlər çox, danammaram, Mən də şairlərdə final deyiləm”. Göyçəlilər sözün bədiiliyinə bələddirlər. Çünki həyatın, təbiətin ən bədii halını tanıyırlar, o cür yaşayır, hər şeyə olduğu kimi-ən saf halıyla yanaşırlar. Onların çəkdiyi məsəllər də qafiyəlidir, başlarına gələn adi həyati hadisələri belə, poetik çalarların bolluğuyla anladırlar. Başqa sözlə, Göyçə özü başdan-başa şeirdir göyçəlilər üçün.
- Göyçəyə qayıtsanız, -qayıdacağıq, buna əminəm!-nə edərsiniz?
- Göyçə gölünün sahilindən 5 ədəd yumru, balaca daş tapıb “Beş daş” oynayaram doğulduğum evin həyətində. Əmimgilin evinin 1-ci mərtəbəsindəki balaca bir otaqda dünyaya göz açmışam. O otağı təxəyyülümdə indiyədək min cür xəyal etmişəm. Həmin otağın qapısı açılan həyətdə əsl göyçəli uşaq kimi, ən azı, bircə gün yaşamaq istəyirəm: qaçmaq, yıxılmaq, qımı özəyi soyub yemək, cücələrə dən səpmək istəyirəm... Anam öz uşaqlığında nə edirdisə, onu etmək istəyirəm. Uşaqlığım Şəmkir rayonunun Ələsgərli kəndində (keçmiş Badakənd) keçib. Göyçəliyəm, kənd uşağı olaraq böyümüşəm, amma Göyçədə uşaq olmamışam. Onu istəyirəm...
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
