Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Əsl sənətkar tamaşaçını öz arxasınca aparmalıdır

Əsl sənətkar tamaşaçını öz arxasınca aparmalıdır

11.07.2009 [09:59]

Ramiz Əzizbəyli: Azərbaycan kinosu can verən əjdahaya bənzəyir, sadəcə, yarasını sarımaq lazımdır
Bugünkü müsahibimizi Azərbaycan kino tarixində öz dəst-xətti ilə seçilən sənət fədaisi adlandırsaq, heç də yanılmarıq. çünki 61 illik ömrünün 53 ilini sənətə həsr etməklə milli kino sənayesinin inkişafında müstəsna xidmətlər göstərib. “Pirverdinin xoruzu”, “Bəxt üzüyü” və “Yalan” kimi möhtəşəm filmlərin müəllifidir. Beləliklə, rubrikamızın budəfəki qonağı Xalq artisti Ramiz Əzizbəylidir.
- Bir müddət əvvəl cərrahiyyə əməliyyatı keçirmisiniz. özünüzü necə hiss edirsiniz, səhhətiniz necədir?
- Uzun sürən xəstəlikdən sonra yenicə yataqdan qalxmışam. Ağır cərrahiyyə əməliyyatı keçirmişəm. Rusiyada, İranda və Türkiyədə əməliyyat olunmağım məsləhət görülmüşdü. Bakıda və İstanbulda tibbi müayinədən keçdim. Və cərrahiyyə əməliyyatının mütləq olduğu deyildi. Həkimə gec müraciət etdiyim üçün bir əməliyyatı iki dəfə keçirməli oldum. İki ay yarım müddət ərzində 30 kilo arıqlamışam. Hələ qanım da durulmayıb, əvvəlki çəkimi yığa bilməmişəm. Ona görə də, özümü yaxşı hiss etmirəm. Yenidən əməliyyat olunmalıyam.
ötən il 60 illik yubileyim qeyd olunacaqdı. Elə gətirdi ki, xəstəliyim yubileyimə təsadüf etdi. Amma 60 illiyimdə mənə Xalq artisti fəxri adını verdilər. Bu, dövlətin mədəniyyət xadiminə göstərdiyi ehtiramdır. Dövlətimiz tərəfindən mənə mənzil də verilib. Bunlar hamısı insanı yaşamağa daha da həvəsləndirir. Gərək mən də öz yaradıcılığım ilə dövlətin qayğısına yaxşı mənada cavab verim. Kinorejissor olaraq cavabım çəkdiyim kinolardan ibarət ola bilər.
- Ramiz müəllim, film çəkmək asandır, yoxsa filmə çəkilmək?
- Hər ikisi əziyyət tələb edən işdir. Amma filmə çəkilmək çəkməkdən qat-qat asandır. Filmə çəkilənlərin başı üzərində film çəkən kimi ağıl sahibi dayanır. Nizamlayıcı rejissoru isə beş manat pul verəndən sonra beş min adam qınayır ki, bu nə filmdir çəkmisən?
- Dublyaj işinin çətinliyi nədən ibarətdir?
- Artıq 22 ildir ki, dublyaj etmirəm. Azərbaycanda dublyaj sahəsinin incəliyini bilən, uşağı uşaq səsi ilə səsləndirən Ramiz Əzizbəylidir. Məndən əvvəl isə uşaq səslərini incə səs ilə aktrisalar dublyaj edirdi. Azərbaycanda ilk dəfə uşaq dilinin dialoqunu ekranda quran da mən olmuşam. Hələ “Pioner” qəzetində şeirlərim, məqalələrim çıxanda deyirdilər ki, bu uşağın qələmi var.
- İndi niyə dublyaj etmirsiniz?
- Yəqin bahalı sənətkaram. Vaxtilə keçmiş Yuqoslaviya, Almaniya, Belarus, Ukrayna, Rusiya mütəxəssislərinin dəvəti ilə rus dilində dublyaj edən aktyorlardan olmuşam. Bilirsiniz, dublyaj sənət deyil. Sadəcə olaraq, istedadlı aktyorların işsiz qaldığı vaxtda 5-3 manatlıq qazanc yeridir. Bir də böyük mənada Azərbaycan dilinin təbliği üçün gözəl meydandır.
- ümumiyyətlə, telekanallarda nümayiş olunan əcnəbi filmlərin dublyajı sizi qane edirmi?
-  Xeyr. Nə bədii tərcüməsi xoşuma gəlir, nə redaksiya işi, nə də sinxron mətnin nizamlanması. Aktyorların səsinin yazılış qaydası və Azərbaycan dilinə yazıldıqdan sonra aparılan montaj işi də düzgün olmadığı üçün məni qane etmir.
- çəkdiyiniz “Yalan” filmi təqdim olunduqdan sonra yaradıcılıq işi ətrafında çoxlu söz-söhbətlər dolaşdı. Kimi filmdə texniki, kimi də yaradıcı qüsurların olduğunu iddia etdi. Sizcə, filmə bu cür münasibət bəslənilməsi nə ilə bağlı idi?
- Doğrudur, “Yalan” filmi ətrafında çoxlu qərəzli məqalələr yazıldı. çox fikirlər səsləndi. Məncə məqsəd qalmaqal yaratmaq idi. “Yalan” filmi müharibə fonunda sadə bir Azərbaycan ailəsinin keçirdiyi iztirabı, övladı şəhid olandan sonra valideynlərin düşə biləcəyi depressiyanın nəticələrini əks etdirirdi. Sonradan mərdlik və iradə göstərən Azərbaycan kişisi depressiyadan çıxmağa müvəffəq olur. Vətən uğrunda bir oğul şəhid verməyinə baxmayaraq, kiçik oğlunun da əlinə silah verərək onu da Vətən yolunda fəda etməyə hazır olduğunu nümayiş etdirir. Məncə bu filmi beynəlxalq kinofestivallara göndərmək lazım idi.
Bu gün tamaşaçının nəbzini tutmaqdan danışırlar. Heç də tamaşaçının nəbzini tutmaq lazım deyil. Əsl sənətkar tamaşaçını öz arxasınca aparmalıdır. Sənətkar nurdur, işıqdır. Xüsusilə də, kino rejissoru. İnsanlar onun ardınca getməlidirlər.
- Azərbaycan kinosunun problemi nədir? Nə üçün daha nüfuzlu beynəlxalq film festivallarına çıxa bilmirik? Potensialımız yoxdur, yaxud maddi bazamız zəifdir?
- Vaxtilə Nəsrəddin Tusi riyazı məsələlərin həllini tapanda nə ingilis milləti, nə də onun əlifbası var idi. özümüzə sual verməliyik, necə oldu ki, ingilis gəlib bizləri keçdi? Harada büdrədik, nəyi səhv etdik?
Dünyada il ərzində üç minə yaxın kinofestival keçirilir. Təəssüf ki, hələ Azərbaycan kinosu belə mötəbər müsabiqələrdən kənarda qalır.
- Müasir filmlərin fərqliliyi nədədir?
- Bizlər sovet kino məktəbi keçmişik. Keçmiş filmlərə baxanda, vicdan, Vətən, ailə anlayışları görünür. Mən də işimi bu amillərin üzərində qurmuşam. İndi çox zaman bunlardan imtina edirlər. Əvəzində qısa yubkalı qadınlardan filmlər çəkməyə üstünlük verirlər. Bu, işin ucuzuna getmək deməkdir.
Bütün vizual sahələrin başında kino dayanır. Məhəmməd Peyğəmbər (s.ə.s) şəkil çəkməməyi, şəkildən ehtiyatlı olmağı buyurub. Bunun elmi ilə məşğul olan Ramiz Əzizbəyli özündən asılı olmadan vizual sənətin nökərinə çevrilib. Heç zaman da sənətindən üz döndərməyib. Əslində, kino dövrün reallıqlarını əks etdirməlidir. Başqa çür buna nə baxan var, nə də pul xərcləyən.
- Nəsillərin mübarizəsi bütün dövrlərdə olub, olacaq da. Sizcə, bu mübarizə qısqanclıqdan irəli gəlir?
- Sənət baxımından heç kim mənimlə mübarizə apara bilməz. Gecə-gündüz mütaliə ilə məşğulam. Dünya kinosunu araşdırıram ki, nə vaxtsa təzə kino çəksəm geriləməyim.
Bu gün Azərbaycanda tanınan və sevilən Xalq artistlərindən 32 nəfəri Ramiz Əzizbəylinin tələbəsidir. çoxu da film çəkəndə müraciət edib, nəyi, necə edəcəklərini soruşurlar. 1991-ci ildən bu yana ən böyük tamaşaçı rəğbəti qazanan film “Bəxt üzüyü” olub. Artıq “Bəxt üzüyü” filmi haqqında danışmaqdan yorulmuşam.
Filmlərimdə mentalitetdən harada istifadə etmək lazım gəldiyini bilirəm. Hətta “Uçastkovı” Sedaya yaxınlaşanda Rasimin papağı, qeyrəti yerə düşür. (“Bəxt üzüyü” filmi). Bu, rejissor tapıntısıdır. Orada artıq-əskik bir şey göstərməmişəm. Azərbaycan kənd qadınının sağlamlığını, çoxuşaqlılığın səbəbini də Söylüdə göstərmişəm. Altı uşaq anası olan Söylü, birinə də boylu olduğu halda “kravat”ın üstündən salto gedir. İndiki müasirləri tənqid etmək istəmişəm ki, özünüzü qoruyun, sabah siz də ana olacaqsınız. Azərbaycanda bu amilləri yaza biləcək kinoşünas lazımdır. Bunları görə bilmədiklərindən də, heç kim yaza bilmir.
-  Hesab edirsiniz ki, Azərbaycanda kino tənqidçisi, kinoşünas yoxdur?
- Bir-iki nəfəri çıxmaq şərtilə demək olar ki, peşəkar kino tənqidçilərimiz yoxdur.
- Dövlətin mədəniyyət sahəsinə diqqət və qayğısı haqqında nə deyə bilərsiniz?
- Bu gün dövlətimizin mədəniyyət sahəsinə ayırdığı diqqət və qayğı artmaqdadır. Mən də dövlətdən şikayətçi deyiləm. Dövlət mədəniyyət sahəsində çalışanlara böyük dəstək olur.
Vaxtilə Respublika Sarayında Əliağa Vahidi oynayan zaman Ulu öndərimiz Heydər Əliyev məni və Əminə Yusifqızını göstərib demişdi ki, qoruyun, bunlardan yoxdur. Mən isə heç vaxt Onun bu sözündən istifadə etməmişəm. Bilirsiniz, hazırda Azərbaycanda kino sənətini bilən təxminən 15 nəfər peşəkar var. Bu insanlar kino işinə fəhləlikdən başlayıblar. Kino “motor” və ya “stop” demək deyil. Kino böyük bir sənayedir. Kino texnikadır, kinolentin tərkibini bilməyən, işığı düzgün qurmayan kinorejissoru aldadırlar. Peşəkar adamı isə aldada bilmirlər.
- 18 ildir ki, film çəkmirsiniz, necə film çəkmək istərdiniz?
- çəkmək istədiyim kinolar çoxdur. Hər bir janrda işləməyə də hazıram. Amma təhqir yeri olmayan komediya janrına üstünlük verərdim. Həm də qlobal problemlərin yaratdığı stressi insanların üzərindən qismən də olsa, atmaq üçün bir az ruh yüksəkliyi vermək istərdim. “Pirverdinin xoruzu” filmindən sonra mənə keçmiş Yuqoslaviyadan təkliflər gəlmişdi. Azərbaycanda yeni çarli çaplinin doğulduğunu demişdilər. “Pirverdinin xoruzu” hələ sovetlər dövründə beynəlxalq müsabiqədə rejissor işinə görə baş mükafat almışdı. Sonradan hər il bu film beynəlxalq festivallara fəxri qonaq kimi çağırılırdı. Hətta əcnəbi prodüsserlərdən biri 10 dəqiqəlik kino çəkmək üçün 1 milyon pul da təklif etmişdi.
- Bəs, nə üçün çəkmədiniz?
- Filmin ssenarisi mənliyimə zidd olduğu üçün imtina etdim.
- Azərbaycan kino sənayesinin vəziyyətini necə dəyərləndirirsiniz?
- Bilirsiniz, əvvəllər Bədii Şura adlanan qurum Azərbaycan Kinostudiyasının özündə idi. İndi kinostudiya fabrikə bənzəyir. Prodüsser mərkəzinə çevrilərək müasirləşir. Bu, düzgün addımdır. Dünya kino biznesinə uyğunlaşmaq lazımdır. Amma dünya kinosunun özündə belə kino çəkənin şəriki mütləq dövlət olmalıdır.
Azərbaycanda heç vaxt kino sənətinin olmadığını demək yanlışdır. Böyük milli kino məktəbimiz olub. Amma indi Azərbaycan kinosu can verən əjdahaya bənzəyir. Onun ölməyinə imkan verməmək, sadəcə, yarasını sarımaq lazımdır. Bu sahədə olan hər bir sənət adamı bir qayda olaraq milli kinomuzun inkişafı uğrunda çalışmalıdır.
- Eyni aktyorlarla işləyən rejissorlara münasibətiniz necədir?
- Belələrini rejissor adlandırmazdım. Həmişə Rasim Balayevi, Həsən Məmmədovu çəkən rejissor, rejissor deyil. Onlar aktyorun şöhrəti arxasında gizlənən rejissorlardır.
- Hansı aktyorlarla işləmək istərdiniz?
- Ssenaridən asılıdır. Əsasən azərbaycanlı aktyorlar ilə işləmək istərdim. İndi kino peşəkarları da azdır. Bəzi aktyorlarımız kinoya az çəkildiyi üçün bu sahənin dilini bilmirlər. Azərbaycanda kino laboratoriyasının sirri tam olaraq açılmadığından çoxu kinonun nə olduğunu bilmir. Kino elə bir aləmdir ki, onun dünya boyda auditoriyası var. Bir disk ilə bütün dünyanı dolaşaraq, filmini, Vətənini tanıda bilərsən. Əgər vaxtilə “20 Yanvar” və “Xocalı Faciəsi” ilə bağlı kadrlar çəkilməsəydi, bu gün xalqımızın başına gətirilən müsibətləri sənədli film halına salıb dünyaya tanıda bilməzdik. Günahsız olduğumuzu heç bir dövlətə sübut edə bilməzdik. Fikir verin, xarici filmlərin çoxunda yüksək nöqtələrdən planlar çəkirlər. Bu isə çəkilişin aparıldığı şəhərin, ölkənin təbliği xarakterini daşıyır, tamaşaçı baxan kimi hadisələrin hansı ölkədə cərəyan etdiyini bilir.
- Maraqlı müsahibə üçün təşəkkür edirik!
TuranƏ
Paylaş:
Baxılıb: 1343 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30