Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Hər vəchlə insanı sevmək...

Hər vəchlə insanı sevmək...

25.10.2013 [11:47]

Dahi Hüseyn Cavidin əsərlərində göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir
Oktyabrın 24-də Azərbaycanın və Türk dünyasının böyük şairi Hüseyn Cavidin anadan olmasından 131 il ötdü. Hüseyn Cavid nəinki Azərbaycanın, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz Sevgi adamıdır.
Onun əsərlərində göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir. Necə deyərlər hər vəchlə insanı sevmək çağırışı...
Məlum olduğu kimi, 1937-ci ilin qorxunc repressiyaları ilk növbədə aydınların sıradan çıxarılmasına, ümumən millətimizin sarsıdılmasına yönəlmişdi. Bunun ilk zərbəsini alanlardan biri də Hüseyn Cavid oldu. O, həmin il iyunun 4-də həbs edilərək Sibirə sürgün edildi. 1941-ci il dekabrın 5-də soyuq rus çöllərində, İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat etdi.
Alimlər, düşüncə adamları ta yaranışından bu günə qədər nə insanı bütöv bir varlıq kimi izah etmək arzusundan vaz keçiblər, nə də onu tam mənası ilə çox zaman aça biliblər. Hüseyn Cavid də əlinə qələm aldığı gündən bu ziddiyyət barədə düşünmüş, onun sirrini açmağa çalışmışdır. Hüseyn Cavid bir tərəfdən yaratdığı əsərlərdəki qəhrəmanlarının daxili dünyasını, digər tərəfdənsə insanın daxili ilə zahiri arasındakı ziddiyyətləri təhlil və izah etməyə çalışmadan insanı özünə təqdim etməyə calışır, yaratdığı böyük obrazlar vasitəsilə buna nail olurdu. Məhz buna görədir ki, onun qəhrəmanları sona kimi öz ağrı və acılarının səbəbini gizli saxlayır, tez-tez “mən kiməm” sualına “bir heçəm” cavabını alsa da, durmadan vurnuxur, özünü sağa - sola vurur, hətta heçliyin özündə belə bir işıq ucu tapmağa çalışır.
Cavidin qəhrəmanları ən çətin ziddiyyətlər və düşüncələr fonunda özləri ilə baş-başa qalırlar, bu da hər halda dahi mütəfəkkirin bir üslub formasıdır. Cavidə görə, insan öz ikili dünyasında hiss və ağıldan eyni dərəcədə asılıdır. Bu cütlük eyni dərəcədə insanı məyus edir, ümidsizliyin dərin uçurumlarına yuvarlayır, nəticədə insan başdan-ayağa tənhalığa qərq olur.
“Tənhalıq - insanın özünü axtarması və özünü tapmamışdan keçirdiyi məqamların ən dəhşətlisidir” - desək, bəlkə də yanılmarıq. İnsan nə qədər özünü sağa - sola vurursa vursun, nə qədər dəyişilib başqalaşmağa can atırsa atsın, onun içindəki hisslər, arzular, istəklər, sevgi, nifrət və etirazlar qətiyyən dəyişmir. Burda da insanın ziddiyyətinin şahidi oluruq: bir tərəfdən tabular yaradan İnsan, digər tərəfdən həmin tabulara etiraz əlaməti kimi nifrəti və qəzəbi yaradır.
Hüseyn Cavidin qəhrəmanlarının əksəriyyətində daxili aləmlə əməllər arasında eynilik yoxdur. Bu baxımdan, dramaturqun “İblis” dramındakı Arif obrazı olduqca səciyyəvidir. Arif “İblisə uymuş bəşəriyyəti” lənətlərkən özü ən dəhşətli formada İblisə uyur...
Hüseyn Cavid insanın insanlar arasında tənhalığı və keçirdiyi daxili təlatümlər fonunda qəhrəmanlarına elə bir müqəddəslik bəxş edir ki, onun qəhrəmanlarını günahlandırmaq mümkün olmur. Onun incətəbiətli bir qadını cinayətkara çevirməsi ilk baxışda insanda ikrah hissi doğurur, amma həmin qəhrəmanları qınaya bilmirsən, çünki, onların hamısı öz əzablarının odunda yanaraq təmizlənirlər.
Hüseyin Cavidin qəhrəmanlarının demək olar ki, hamısında özünəqapanma, dünya ilə əlaqələrini kəsmək, düşüncə və əməllərində qeyri-sabitlik var olsa da, eyni zamanda, onların içindəki insana məhəbbət bütün bunları ört - basdır etməkdədir.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, dünya romantizminin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi kimi qəbul olunan Hüseyn Cavidin yaradıcılığı həmişə ədəbiyyatımızın qayğıkeşi, geniş ədəbi duyumu olan Ümummilli lider Heydər Əliyevin də diqqət mərkəzində olub. 1982-ci ildə Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən gətirilməsi və onun doğma Naxçıvan torpağına qovuşması, bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm məqbərənin tikilməsi Ulu öndər Heydər Əliyevin böyük qəhrəmanlığı, təkcə Cavidə yox, ümumilikdə Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə tarixi ehtiramı idi. Ümummilli liderimiz 1995-ci ildə Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiş müşavirədə demişdir: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır”.
Həqiqətən də, Hüseyin Cavid 1937-1957-ci illərdə - siyasi bəraət alana kimi təqribən 20 il Azərbaycan xalqı onu öz qəlbində yaşatdı. Yalnız Stalinin vəfatından sonra bu dahi sənətkarın zəngin və möhtəşəm yaradıcılığı ədəbi-nəzəri fikrin diqqətini cəlb etdi. 1960-cı ildə akademik Məmməd Cəfərin “Hüseyn Cavid” monoqrafiyası ilə Hüseyn Cavid yaradıcılığının tədqiqinin ikinci mərhələsi başlandı. Birinci mərhələ (1920-1937) ədibin həbsi ilə başa çatmış, daha doğrusu, yarımçıq qalmışdı.
Ümummilli liderin həmin çıxışında tənqidi bir məqam da var: “Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib”.
Göründüyü kimi, Ulu öndər Heydər Əliyev 1981-ci il qərarına böyük önəm verir, fəqət onun vaxtında həyata keçirilməməsinə dönə-dönə təəssüflərini bildirirdi. Nəhayət Ulu öndər 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində demişdi: “Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, “Mömünə Xatun” abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır”.
Ümummilli liderimiz Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, romantik şair və filosof Hüseyn Cavid haqqındakı aşağıdakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.
Göründüyü kimi, Hüseyn Cavidin ədəbi-tarixi mövqeyinə verilən bu konseptual dəyərdə böyük romantik şair və filosofun yaradıcılığına xas bir neçə cəhət öz ifadəsini tapır: o, ədəbiyyat və mədəniyyətimizi ucaldır; yaratdığı əsərlər milli sərvətimizdir; əsərləri bu günün və gələcəyin dərs kitabıdır; ideyaları azadlıq və müstəqilliyə xidmət edir; o, böyük yaradıcılıq iradəsi nümayiş etdirərək millətinə sadiq olub, onu sevib və onun qarşısında çox böyük xidmət göstərib.
Və sonda, bu gün Hüseyin Cavid deyəndə, heç şübhəsiz onu elə öz misraları ilə xatırlamaq yerinə düşər:
Mən fəqət hüsnü-xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm.
Oktay

Paylaş:
Baxılıb: 1286 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30