Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yeni və ən müasir standartlara cavab verən məktəblər tikilib

Azərbaycanın regionlarında yeni və ən müasir standartlara cavab verən məktəblər tikilib

17.09.2015 [10:05]

Son 12 ildə ölkəmizdə 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib ki, bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyası ilk növbədə sosial məzmunu ilə fərqlənir. Düşünülmüş səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının artması, maliyyə imkanlarının genişlənməsi sosialyönümlü layihələrin və proqramların həyata keçirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə son 12 ildə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması və respublikanın bütün regionlarında məktəb tikintisinin geniş vüsət alması isə xüsusilə diqqətəlayiqdir.
Azərbaycan maddi kapitalın intellektual sərvətə çevrilməsi yolunu seçib
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə təhsillə bağlı hədəf belə müəyyənləşdirilib: Azərbaycanda təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Qeyd edək ki, ölkəmizdə təhsil sahəsində qarşıya qoyulan hədəf real zəminə əsaslanır. İlk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, ələlxüsus da gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.
Azərbaycanda təhsilin inkişafı, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsi, paytaxt və iri şəhərlərlə bərabər, regionlarda da mükəmməl infrastruktur bazasının yaradılması həm də ölkənin güclü iqtisadi potensialı ilə şərtlənir. Hazırda Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi respublikada iri sosial layihələri reallaşdırmağa, o cümlədən də bütün ölkə boyu təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir. Ölkəmizin, xalqımızın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə respublikanın iqtisadi kapitalının, maddi resurslarının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çox haqlı olaraq ölkəmizdə təhsil sahəsinə investisiyalar yönəldilməsi dünyanın inkişaf etmiş ölkələri sırasında yer tutmağı qarşısına məqsəd qoyan Azərbaycanın gələcəyinə yönəldilən sərmayələr kimi qiymətləndirilir. Prezident İlham Əliyev Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimindəki çıxışında bununla bağlı fikirlərini ifadə edərək vurğulayıb: “Hər bir ölkənin, dövlətin gələcəyi və bu günü onun intellektual potensialından asılıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir”.
Yeni məktəblərin inşası ölkədə təhsilin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır
Əlamətdar haldır ki, ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsi üçün davamlı olaraq zəruri tədbirlər görülür. Bu kontekstdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsini, ölkənin bütün regionlarında məktəb tikintisinin geniş vüsət almasını xüsusi vurğulamaq lazımdır. Tam əminliklə demək mümkündür ki, son 12 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Təkcə onu vurğulamaq kifayətdir ki, haqqında bəhs olunan dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisi ilə bağlı geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb.
Yuxarıda qeyd olunan Dövlət proqramlarının icrası nəticəsində son 12 ildə ölkəmizdə 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib ki, onların da böyük əksəriyyəti respublikanın regionlarının payına düşür. Bunun nəticəsində ölkəmizdə təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Qəzalı məktəblərin təmiri proqramı çərçivəsində böyük iş həcmi yerinə yetirilib
Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 12 ildə respublikanın regionlarında çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib. Prezident İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb və həmin sərəncamlara uyğun olaraq qəzalı məktəblərin yenilənməsinə böyük məbləğdə vəsait ayrılıb. Məsələn, dövlət başçısının “Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında” 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” 23 iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb.
Bütün bunlar respublikamızda təhsil sektorunda ağrılı məsələlərdən olan qəzalı məktəblər probleminin həllinə güclü təkan verib. Qeyd etmək xoşdur ki, ölkənin bir sıra bölgələrində əvvəllər mövcud olan qəzalı məktəblərin yerində indi müasir, hər cür müasir standartlara cavab verən, yaraşıqlı məktəb binaları ucalır.
Heydər Əliyev Fondu ölkəmizdə məktəb tikintisinə sanballı töhfələr verir
Respublikamızda Ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələrinin əhəmiyyətindən söhbət açan Mehriban Əliyeva vurğulayıb: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”.
Son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” layihələri uğurla reallaşdırılmaqdadır. 2014-cü ilin əvvəlində isə Heydər Əliyev Fondu yeni layihəsini - “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını cəmiyyətə təqdim etdi.
Ümummilli liderin adını daşıyan Fond 2005-ci ildə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin həyata keçirilməsinə start verib. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində indiyədək ölkəmizdə 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud yenidən qurulub. Bu məktəblər respublikanın bütün bölgələrini əhatə edir və onlardan hər biri ən müasir standartlara cavab verir.
Regionlarda şagirdlər Bilik gününü yeni məktəb binalarında qarşılayıblar
Son illərdə Azərbaycanın regionlarında şagirdlərin Bilik gününü yeni tikilən və yaxud əsaslı şəkildə yenidən qurulan məktəblərdə qarşılamaları bir növ ənənə halını alıb. Bu cəhətdən cari il də istisna olmayıb. Sentyabrın 15-də Neftçala rayonunun Aşağı Surra kənd tam orta məktəbinin müəllim və şagird kollektivi Bilik gününü əsaslı təmirdən çıxan binada qarşılayıb. Bu münasibətlə məktəbdə təşkil olunan mərasimdə bildirilib ki, dövlət başçısının tapşırığı ilə təmir olunan 810 yerlik məktəb binası üçün 10 əlavə sinif otağı da tikilib. Məktəbdə fənn kabinetləri, laboratoriyalar, kompüter otağı, kitabxana, akt zalı fəaliyyət göstərəcək. Təhsil ocağında ayrıca havalandırma, soyutma və istilik sistemi qurulub, həyətində abadlıq işləri aparılıb. Müasir tələblər əsasında yenidən tikilən məktəbdə tədris prosesinin yüksək səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb.
Bilik günü münasibətilə Göyçay rayonunun məktəblərində də tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər ölkəmizdə və o cümlədən Göyçayda təhsilin inkişafına göstərilən dövlət qayğısından, əldə olunan uğurlardan danışıblar. Qeyd edilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illər ərzində Göyçayda 12 yeni məktəb binası tikilib, 10 məktəb binası isə əsaslı təmir olunub. Nəticədə 10 minə yaxın şagirdin təhsil şəraiti yaxşılaşıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1234 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30