Azərbaycanın regionlarında yeni sənaye mərkəzləri yaranır
09.09.2015 [10:12]
Bölgələrdə açılan müasir sənaye müəssisələri ölkənin iqtisadi potensialının artmasında, yerlərdə əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır
Müasir dövrdə sənayeləşmə hər bir ölkənin ümumi inkişafını səciyyələndirən əsas amillərdən biri qismində çıxış edir. Bu mənada Azərbaycan Respublikasında sənayeləşmənin strateji hədəf kimi müəyyənləşdirilməsi və bu istiqamətdə məqsədyönlü institusional islahatlar həyata keçirilməsi, zəruri təşkilati-texniki tədbirlər görülməsi, maliyyə təminatının gücləndirilməsi nikbinlik doğurur. Azərbaycanda sənaye quruculuğu istiqamətində dövlətin yüksək siyasi iradə nümayiş etdirməsinin təzahürü olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunub. Respublikamızda sənaye quruculuğuna göstərilən diqqət öz bəhrəsini verməkdədir. Azərbaycanda yeni sənaye parklarının, müasir istehsal müəssisələrinin fəaliyyətə başlaması, bir sıra məhsullara olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac potensialının ilbəil genişlənməsi fonunda sənayeləşmənin ölkəmizin müasir mənzərəsini səciyyələndirdiyi daha qabarıq şəkildə nəzərə çarpır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda sənayeləşmənin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb: “...Sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq”.
Azərbaycanda sənayeləşmə ölkənin güclü potensialına əsaslanır
Qeyd edək ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu reallaşdırmaq üçün real zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, makroiqtisadi sabitlik, infrastruktur təminatının möhkəmləndirilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, möhkəm daxili sabitlik, uğurla reallaşdırılan Dövlət proqramları və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir.
Bütün bu potensialdan səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində Azərbaycan son illərdə sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycan Respublikasında sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə respublikamız təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 20-dən çox obyektdə isə işlər davam etdirilir.
Ölkəmizdə 2014-cü ilin və cari ilin birinci yarısının uğurlu göstəriciləri sırasında sənaye sahəsində qazanılan yüksək nəticələri xüsusi vurğulamaq gərəkdir. Ümumiyyətlə, Azərbaycan Respublikasında “Sənaye ili” bir sıra istehsalatların yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Belə ki, Azərbaycanda “Sənaye ili” çərçivəsində 230-dan çox sənaye müəssisəsi yaradılıb, 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə cari ilin ilk 6 ayında sənaye sahəsində qazanılan uğurları yüksək qiymətləndirib: “Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.
Sənayenin regional strukturunun formalaşdırılması ilə ölkədə sənayeləşmə siyasətində yeni mərhələ başlayıb
Məlum olduğu kimi, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasında ölkənin bütün regionlarının tarazlı inkişafının təmin olunması əsas hədəflərdən biridir. Bu strateji kursa uyğun olaraq respublikanın bölgələrində aqrar sektorun inkişafının güclü şəkildə dəstəklənməsi ilə paralel olaraq regionlarda yeni sənaye məhəllələrinin yaradılması da diqqəti çəkir. Sözügedən sahədə əldə olunan ilkin nəticələrə əsasən demək mümkündür ki, artıq ölkəmizdə sənayeləşmə paytaxtdan və digər iri şəhərlərdən regionlara doğru genişlənməkdədir. Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin regionlarında yeni sənaye məhəllələrinin yaradılmasına start verilməsi ilə Azərbaycanda sənayeləşmənin yeni mərhələsi başlayıb. Məlum olduğu kimi, dövlət başçısının yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə sənaye quruculuğunun yeni istiqaməti barədə fikirlərini ifadə edərək deyib: “Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq. Burada yerli icra orqanlarının nümayəndələrinin də böyük dəstəyinə ehtiyac vardır”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında bölgələrin ənənələrinə, xammal potensialına uyğun olaraq yeni sənaye müəssisələrinin yaradılması ilə bağlı konkret müddəalar öz əksini tapıb. Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin cari il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı da mühüm əhəmiyyət daşıyır. İlk növbədə onu vurğulamaq lazımdır ki, dövlət başçısının Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması ilə bağlı ayrıca Sərəncam imzalaması ölkəmizdə müasir sənaye quruculuğunun dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı imzaladığı Sərəncam sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi daşıyır. Sərəncama əsasən, Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə əlaqədar ayrı-ayrı mərkəzi icra orqanlarına müvafiq tapşırıqlar verilib. Dövlət başçısının imzaladığı Sərəncamda bildirilir ki, kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq.
Yeni sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. İqtisadiyyat və Sənaye Nazirliyi isə Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin edəcək. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi də dövlət başçısının imzaladığı Sərəncamla İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb.
Ölkədə sənayenin yeni regional strukturunun formalaşması möhkəm hüquqi baza ilə tənzimlənir
Ölkəmizdə sənayenin yeni səmərəli regional strukturunun formalaşdırılmasında Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yaradılan möhkəm hüquqi bazanın mühüm rol oynadığını xüsusi vurğulamaq lazımdır. Son illərdə respublikamızda sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Bundan başqa, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.
Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülüb.
Göründüyü kimi, ölkəmizdə son illərdə sənaye inkişafı və sənayenin yeni səmərəli regional strukturunun formalaşması güclü şəkildə təşviq olunur və bu məqsədlə möhkəm hüquqi bazanın yaradılması təmin edilir. Bu və digər amillər isə, öz növbəsində, sənayenin yeni səmərəli regional strukturunun formalaşması üçün münbit zəmin qismində çıxış edir.
Respublikanın bir neçə şəhəri regional sənaye mərkəzinə çevriləcək
Eyni zamanda, Azərbaycanın regionlarında yeni sənaye mərkəzlərinin formalaşması da xüsusi önəm daşıyır. Məlumdur ki, uzun illər ərzində ölkəmizin sənaye potensialı əsasən Bakı, Sumqayıt və müəyyən qədər də Gəncə şəhərində cəmləşib. Prezident İlham Əliyev nitqində regionlarda yeni sənaye mərkəzlərinin yaradılması ilə bağlı hədəfləri açıqlayıb. Dövlət başçısı gələcəkdə Gəncə şəhərinin bütövlükdə Cənubi Qafqazın üçüncü böyük sənaye mərkəzinə çevriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev vurğulayıb ki, eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir. Hazırda bu məqsədlə zəruri tədbirlər görülür.
Bütün bu deyilənlərdən əlavə, yaxın gələcəkdə Azərbaycanın müxtəlif regionlarında yeni texnoparkların, sənaye klasterlərinin, nəhəng istehsal obyektlərinin yaradılması nəzərdə tutulub. Burada metallurgiya kompleksinin tikintisini xüsusi qeyd etmək lazımdır. Bu, Azərbaycan üçün yeni sənaye sahəsi olacaq. Əlamətdar haldır ki, ölkəmizdə metallurgiya kompleksinin bütün tsiklini təşkil etmək üçün zəruri xammal bazası və resurs mənbəyi vardır.
Yeni müəssisələr hesabına respublikanın sənaye xəritəsi daha da zənginləşir
Regionlarda yaradılan yeni sənaye müəssisələri hesabına son illərdə respublikamızın sənaye xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Regionlarda yaradılan yeni sənaye müəssisələri böyük müvəffəqiyyətlə fəaliyyət göstərir və ölkənin iqtisadi potensialının artmasına sanballı töhfələr verir. Bu sırada Qazax sement zavodunu da nümunə göstərmək mümkündür. Yeni müəssisənin tikintisi çərçivəsində Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol və bu yolun kənarı ilə zavoda dəmir yolu, həmçinin, 110 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilib. Bundan başqa, su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunub. Layihəyə əsasən, müəssisənin gündəlik istehsal gücü 2500 ton klinker və ildə 1 milyon ton sementdir. Zavodda bir neçə markada sement istehsal olunur. Bununla əlaqədar uyğunluq sertifikatları alınıb. Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanılması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir. Zavodun avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılıb və ən müasir avadanlıqla təchiz edilib. Müəssisənin idarə edilməsi mərkəzi nəzarət otağından həyata keçirilir. Bütövlükdə zavodun ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılıb. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ilin sentyabrında Gədəbəydə istifadəyə verilən “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodu da ən müasir standartlar səviyyəsində qurulub. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalıb. Bu məqsədlə anbar tikilib və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib.
Zavodda istifadə olunan avadanlıqlar xaricdən gətirilib. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub.
Azərbaycanın regionlarında aqrar-sənaye komplekslərinin yaradılması da geniş vüsət alıb
Ölkədə sənayenin yeni regional strukturunun formalaşdırılması həmçinin bölgələrdə müasir aqrar-sənaye komplekslərinin yaradılmasına da geniş təkan verib ki, bunun da nəticəsində hazırda əsas ərzaq məhsullarına olan tələbat sırf daxili istehsal hesabına ödənilir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu və digər bu qəbildən olan istehsal obyektləri tikilib istifadəyə verilib. Təkcə son illərdə Abşeron rayonunda “Milla” süd məhsulları və dondurma istehsalı zavodlarının, Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması kompleksinin tikintisi başa çatdırılıb. Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni limonad, su, kompot və mürəbbə sexi tikilib.
Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi ilə əlaqədar bölgələrdə yeni yaradılan aqrar-sənaye komplekslərinin bir çoxunun açılışında şəxsən iştirak edib və sahibkarlara dəyərli tövsiyələr verib. Ötən il Ağdaşda dövlət başçısının iştirakı ilə “Gilan” yem emalı zavodu istifadəyə verilib. Təxminən 8 hektar ərazidə yaradılan zavoda iki fabrik daxildir. Birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem və 20 ton açıq yemdir. İkinci fabrikdə isə saatda 45 ton preslənmiş yem, açıq halda da 55 ton məhsul istehsal etmək mümkündür. Birnövbəli iş rejimində zavodda, ümumilikdə, 210 min ton yem istehsal olunacaqdır.
Son illərdə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən aqrar-sənaye komplekslərindən biri də “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksidir. Ümumi dəyəri 25 milyon manat olan müəssisə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıtda istifadəyə verilən “Sağlam qida” aqrar-sənaye kompleksi isə 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarətdir. Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir. Kompleksin ümumi dəyəri 28,9 milyon manatdır ki, onun da 10 milyon manatını Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit təşkil edir.
Regionlarda sənaye inkişafının hərəkətverici qüvvəsi ixrac potensialıdır
Son illərdə ölkədə sənayenin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən, 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində yaradılan yeni sənaye müəssisələri hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın ödənilməsi tam təmin olunub, hətta ölkəmizin böyük ixrac potensialı da yaranıb. Azərbaycan sementə, gipsə, hörgü bloklarına, metal konstruksiyaya, boya və sair məhsullara olan tələbatını artıq daxili istehsal hesabına tam təmin edir. Məsələn, ölkədə sement istehlakı 4,4 milyon ton olduğu halda, ölkə üzrə istehsal gücü 5,2 milyon tona çatdırılıb. Bentonit istehlakı cəmi 8 min ton olduğu halda, 85 min ton bu növ məhsul buraxılır və 72 min ton ixrac olunur, istehsal gücü isə təxminən 250 min tona bərabərdir. Gips istehsalı 58 min ton daxili tələbata qarşı 193 min ton təşkil edir, potensial isə bundan da çoxdur. Eyni zamanda, Azərbaycan beton bloklara, borulara, bir sıra metal konstruksiyalara, poladdan uzun yayma məhsullara olan tələbatını da sırf daxili istehsal hesabına ödəyir.
Ölkənin regionlarında sənayenin belə sürətli inkişafı böyük perspektivlər vəd edir. Mütəxəssislərin qənaətinə görə, bu cür inkişaf templəri ilə Azərbaycan cəmi bir neçə ildən sonra daxili bazarı daha çox adda məhsulla tam təmin edəcək. Buna görə də indidən ixrac yönümlü məhsulların istehsalı və yeni bazarlara çıxmaq barədə düşünmək lazımdır. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinin ixrac potensialı ilə bağlı olduğunu vurğulayaraq deyib: “Gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq. İxrac potensialı yaratmaq olar və yaradırıq”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxAnalitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

