Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Abşeron küləyinin cazibəsi

Abşeron küləyinin cazibəsi

14.01.2022 [10:21]

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq

Mübariz

Müasir dövlət kimi inkişaf edən Azərbaycanda  “yaşıl iqtisadiyyat” quruculuğuna xüsusi diqqət göstərilir. Təsadüfi deyildir ki,  respublikamızda 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün müəyyənləşdirilən beş milli prioritetdən biri məhz  təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Ölkəmizdə postmüharibə dövrü kimi səciyyələndirilən yeni mərhələdə belə bir mühüm strateji kursun müəyyənləşdirilməsi isə heç də təsadüfi deyildir. Respublikamız bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Azərbaycan bu imkanlardan bəhrələnməklə özünün enerji təhlükəsizliyini daha da möhkəmlətmək məqsədi güdür.

Xatırladaq ki, Azərbaycan yaradılan güclü infrastruktur sayəsində özünün enerji müstəqilliyini tam təmin edib. Hazırda respublikamız elektrik enerjisinə olan daxili tələbatını sırf yerli istehsal hesabına ödəyir, həmçinin xeyli həcmdə elektrik enerjisini ixraca yönəldir.

Enerji potensialının gücləndirilməsinə doğru daha bir addım

Azərbaycanda ölkənin enerji potensialının gücləndirilməsinə doğru  daha bir mühüm addım atılıb. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bunu əlamətdar hadisə kimi dəyərləndirib. Yeni stansiyanın inşasının önəminə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir”.

Qeyd edək ki, təxminən bir il bundan əvvəl Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında stansiyanın tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Bununla da faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilib. Ötən bir il ərzində inşaat işlərinə başlanılması ilə bağlı fəal iş aparılıb və zəruri hazırlıq tədbirləri görülüb. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Onun istehsal gücü 240 meqavatdır. Bu infrastruktur obyekti həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin ölkəmizin təbii qaza qənaətlə bağlı planlarında olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması baxımından da bu stansiyanın çox böyük əhəmiyyəti olacaq.

Azərbaycanın yüksək investisiya cəlbediciliyi

Bəhs olunan stansiyanın investoru qismində bütün dünyada tanınan və bu sahədə böyük təcrübəsi olan Akvopao şirkəti çıxış edir. Akvopao enerji sahəsində dünyanın ən böyük şirkətidir. Verilən məlumata görə, indiyədək şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Bu rəqəm Akvopaonun potensialı və enerji sektorunda necə güclü mövqeyə malik olduğunu əyani şəkildə təsdiqləyir.

Bəs dünyaca məşhur olan bu şirkəti Azərbaycanın bərpa olunan enerji sektoruna böyük həcmlərdə sərmayə yönəltməyə sövq edən amillər hansılardır? Əlbəttə ki, ölkəmizin zəngin bərpa olunan enerji resurslarına malik olması burada öz sözünü deyib. Digər bir mühüm amil isə Azərbaycanın dünyada böyük nüfuz qazanması və yüksək investisiya cəlbediciliyinə malik olması ilə bağlıdır. Sirr deyil ki, investorlar öz sərmayələrini heç vaxt küləyə vermirlər. Onlar daim axtarışlar, təhlillər, monitorinqlər aparırlar və bütün bunların nəticəsində də investisiya coğrafiyalarını müəyyənləşdirirlər. Azərbaycanın investisiya iqlimi çox müsbətdir. Ölkədə uzunmüddətli sabitlik, iqtidar-xalq həmrəyliyi təmin olunub, infrastruktur təminatı yüksək səviyyədədir, qanunvericilik bazası sərmayələrin qorunmasına güclü hüquqi əsaslar yaradır. Bütün bunların üzərinə dövlətin ölkənin investisiya cəlbediciliyinin artırılmasına göstərdiyi ardıcıl siyasi iradəni də əlavə etsək, mənzərə barədə konkret təsəvvür yaranar. Belə bir irihəcmli infrastruktur obyektinin inşasına xarici sərmayə qoyuluşunun qlobal pandemiya şəraitində həyata keçirilməsi də diqqət çəkən məsələdir. Hazırda bütün dünyada investisiya qoyuluşu üçün amillər mənfidir və şirkətlər öz sərmayələrini bu və ya digər ölkəyə çox ehtiyatla yönəldirlər.  Bütün bunlara baxmayaraq, qardaş Səudiyyə Ərəbistanının şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib.  Ölkəmizin sərmayə mühitinin kifayət qədər cəlbedici olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdirki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir”.

Bəs nə üçün Səudiyyə Ərəbistanının şirkəti?

Azərbaycanın bərpa olunan enerji sektoruna Səudiyyə Ərəbistanının şirkətinin sərmayə yönəltməsi də diqqət çəkən məsələdir və bu heç də təsadüfi deyildir. Azərbaycanın bu ölkə ilə siyasi dialoqu yüksək səviyyədədir. Prezident İlham Əliyev çıxışında Səudiyyə Ərəbistanı Krallığına səfərlərini, Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayıb. Bunlar iki ölkə arasında  dostluq və qardaşlığın təzahürüdür. Eyni zamanda, iki ölkə  bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Vurğulandığı kimi, iqtisadi sahədə çox böyük perspektivlər var. İki ölkə birlikdə energetika sahəsində OPEC+ formatında fəal çalışır. Deyə bilərik ki, OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən ölkələrin səyləri ilə neftin qiymətini sabitləşdirmək mümkün olub.

Təbii ki, xalqımız Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.”Mən şadam ki, bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri vardır. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Digər ölkələr və şirkətlər üçün yeni imkanlar

Prezident İlham Əliyev çıxışında diqqəti 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpa olunan enerji potensialına yönəldib. Bildirildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. “Aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər”, - deyə dövlətimizin başçısı qeyd edib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilər Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edilib. İndiyədək bu ərazilərdə dövlət başçısının iştirakı ilə bir necə elektrik stansiyası bərpadan sonra istifadəyə verilib. Həmçinin yeni layihələr də uğurla icra olunur.  Prezident İlham Əliyev potensial investorlara çağırış edərək bildirib: “Bir sözlə, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu, gözəl göstəricidir. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq vardır. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir”.

Paylaş
Baxılıb: 162 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31